• cümə, 29 Mart, 15:23
  • Baku Bakı 14°C

Almaniyanın nüfuzlu institutunun nümayəndə heyəti BAMF-da olub

17.09.14 18:32 1052
Almaniyanın nüfuzlu institutunun nümayəndə heyəti BAMF-da olub
Bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) qərargahında Almaniyanın nüfuzlu Helmut Şmit adına Beynəlxalq Siyasət İnstitutunun nümayəndə heyəti ilə fondun rəhbərliyi arasında görüş keçirilib. Fondun sədri Umud Rəhimoğlu qonaqlara BAMF-ın fəaliyyət istiqamətləri, bu qurumun Azərbaycandakı vətəndaş cəmiyyəti sektorunun formalaşmasındakı rolu haqqında geniş məlumat verib. Fondun mətbuat xidmətindən “Kaspi” qəzetinə daxil olan məlumatda bildirilir ki, qonaqlara təşkilatın 20 illik fəaliyyətini əks etdirən videoçarx da təqdim olunub: “Umud Rəhimoğlu BAMF-a BMT-nin İqtisadi və Sosial Şurasının yüksək məşvərətçi statusunun verilməsinin xüsusi əhəmiyyət daşıdığını, bu amilin fondun beynəlxalq miqyasda geniş fəaliyyət göstərməsinə geniş imkanlar açdığını qonaqların diqqətinə çatdırdı”. Nümayəndə heyətinin rəhbəri, Helmut Şmit adina Beynəlxalq Siyasət institutunun rektoru August Pradetto öz növbəsində belə bir görüşün baş tutmasına görə minnətdarlığını bildirib. Cənab Pradetto, əsas məqsədlərinin Dağlıq Qarabağ münaqişəsi və bu münaqişənin tənzimlənməsində vətəndaş cəmiyyəti təmsilçilərinin oynadığı rol barədə geniş məlumat toplamaq olduğunu söyləyib.
Nümayəndə heyətinin üzvlərinin həm Qarabağ münaqişəsi, həm də rəhbərlik elədiyi təşkilatın fəaliyyəti barədə suallarına cavab verən U.Rəhimoğlu Azərbaycanın münaqişənin həllində həmişə dialoqa üstünlük verdiyini, sülhə can atdığını bəyan edib. Bununla belə bizim doğma torpaqlarımızda, yaşadığımız evlərdə işğal nəticəsində yerləşən əli silahlı ermənilərlə danışığın mümkünsüzlüyünü də xüsusi vurğulayıb. Qarabağ münaqişəsinin alovlanması tarixindən açıq qarşıdurmalara keçən müddətədək sovet rəhbərliyinin xalqımıza qarşı törətdiyi cinayətlər, həm Ermənistandan qaçqın düşən, həm də işğal olunmuş torpaqlarımızdan məcburən çıxarılan azərbaycanlıların üzləşdiyi ağrılı hadisələr haqda qonaqlara geniş məlumat verilib.
Azərbaycanın müstəqilliyinin ilk illərində üzləşdiyi bu ağrılı-acılı hadisələrin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində beynəlxalq media strukturları ilə sıx əməkdaşlıq edən BAMF-ın oynadığı rol vizual olaraq, tarixi videokadrlar vasitəsilə qonaqlara təqdim edilib. U. Rəhimoğlu qonaqlara bildirib ki, məhz ünsiyyət, dialoq ölkə və insanlar haqqında obyektiv və ədalətli informasiyaların yayılmasında, məqalələrin hazırlanmasında əsas rol oynayır.
Görüşdən sonra BAMF-ın qərargahı ilə tanış olan Almaniyadan olan nümayəndə heyətinin üzvləri görüşdə əldə etdikləri təəssürat və məlumatları öz həmkarları ilə bölüşəcəklərinə söz veriblər.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər