AZE | RUS | ENG |


Almaniyanı Azərbaycana dəyişən gənc - Portret

Almaniyanı Azərbaycana dəyişən gənc - Portret
O, tarixi vətəninə rəqib kimi də gəlib


Bir neçə həftə öncə AFFA Azərbaycan yığmasının azarkeşlərini sevindirən məlumat yaydı. Məlumatda Almaniyanın U-17 yığmasında çıxış edən həmyerlimiz Renat Dadaşovun millimizdə oynamaq istəyilə bağlı AFFA-ya müraciət etdiyi bildirilirdi. Məlumatda o da vurğulanırdı ki, FİFA Renatın Azərbaycan yığmasının şərəfini qorumaq üçün heç bir maneənin olmadığını təsdiqləyib. Almaniyada böyük perspektiv vəd edən hücumçunun doğma vətənini seçməsi gözlənilməz olduğu qədər, həm də sevindirici idi. Ötən il Bakıda təşkil edilən 17 yaşlılar arasında Avropa çempionatında Almaniya millisinin heyətindəki çıxışı ilə səviyyəsinə şübhə yeri qoymayan, alman futbol məktəbinin yetirməsi olan, üstəlik millimizin həmişə axsadığı mövqedə - hücumçu kimi çıxış etməsi onun yığmamız üçün nə qədər vacib bir tapıntı olduğunu göstərir. Bu yazıda sizə gənc hücumçu, Almaniyanı vətəninə - Azərbaycana dəyişən Renat Dadaşovdan bəhs edəcəyik.  
 
Valideynlərin yox, qardaşın yolu ilə  

Renat Dadaşov 1999-cu il, mayın 17-də Darmştadt əyalətinin kiçik şəhəri Rüdeshaymda, azərbaycanlı ailəsində dünyaya göz açıb. O, dünyaya gələndə valideynləri artıq 2 il idi Azərbaycanı Almaniyaya dəyişmişdilər. Onun atası Oleq vaxtilə su polosu, anası isə həndbolla məşğul olub. Ata-ana hər ikisi idmançı olanda, çox vaxt uşaqların da seçimi fərqli olmur. Renat da valideynləri kimi topa üstünlük verir. Ancaq o, topa əllə yox, ayaqla zərbə vurmağı üstün tutur - böyük qardaşı Rüfət kimi. Renat dünyaya gələndə onun özündən 8 yaş böyük qardaşı Rüfət artıq "Veen” və "Maynts”ın futbol akademiyalarında dünyanın bir nömrəli idman növünün sirlərinə yiyələnirdi. Qardaşının top qovmasını izləyə-izləyə böyüyən Renatda da bu idman növünə maraq yaranır. O da qardaşı kimi futbolda ilk addımlarını "Veen” komandasında atır. Ancaq Renatın səviyyəsi daha güclü futbol məktəbinə malik komandada oynamağa imkan verirdi. Bir neçə il "Veen”də çıxış edən yeniyetmə hücumçu 2013-cü ildə - 14 yaşında bu komandanı Frankfurt "Ayntraxt”ına dəyişir.
 
Millimizlə ilk tanışlıq 

Renat millimizin aşağı yaş qruplarının diqqətini hələ 2014-cü ildən çəkib. Çoxları onun bu il millimizdə debüt edəcəyini düşünsə də, o, artıq yığmamızda oynamaq şərəfinə nail olub. 2014-cü ildə 16 yaşadək futbolçulardan ibarət yığmamızın Almaniyada təlim-məşq toplanışı keçirilir. Frankfurtda keçirilən toplanışa dəvət olunan oyunçular arasında Renat da yer alır. O, futbolun sirlərinə yiyələndiyi "Veen”in U-17 komandası ilə yoldaşlıq oyununda yığmamızda debüt edir. Renatın millimizdəki debütü uğuru alınır. O, millimizin 2:1 hesablı qələbəsinə bir qolla töhfə verir. Millimizin məşqçiləri Renatın çıxışından razı qalır və onun adı yayda Bakıda təşkil ediləcək 4-cü "Caspian Cup” turniri üçün açıqlanmış heyətə daxil edilir.

Renat millimizin Qırğızıstana qarşı oyununda (0:0) start heyətində yer alır və fasilədə əvəzlənir. Dadaşov yığmamızın Əfqanıstana qarşı ikinci oyununda da start heyətində yer alır. 57 dəqiqə meydanda qalan Renat, millimizin böyük hesablı qələbəsinə (6:1) 1 qolla töhfə verir. Bu, Renatın yığmamızda vurduğu ilk və hələ ki, yeganə qoldur. "Ayntraxt”ın hücumçusu yığmamızın turnirdə Gürcüstana qarşı oyununda da start heyətində şans qazanır və bu dəfə daha çox, 73 dəqiqə oynamaq fürsəti əldə edir. Bu, hücumçunun yığmamızda keçirdiyi son oyun olur. 
 
Almaniya millisinin azərbaycanlı "qol silahı” 
 
"Ayntraxt”da oyunu ilə diqqətləri özünə çəkən Renat, Almaniya millisinin məşqçilərinin də nəzərindən yayınmır. O, Almaniyanın U-16 millisinə dəvət alır. Çox az adam tapılar ki, Almaniya kimi nəhəng futbol ölkəsinin dəvətinə "yox” desin. Elə Renat da almanlara müsbət cavab verir. "Panzerlər”in 16 yaşadək futbolçulardan ibarət yığmasında 5 oyun keçirən Dadaşov, bu matçlarda 4 qola imza ataraq, alman futbol mütəxəssislərinin rəğbətini qazanır. Artıq ondan ağızdolusu danışır, gələcəkdə əsas millinin "qol silahı” kimi görürdülər. U-16-dakı uğurlu çıxışı bir yaş böyüklərdən ibarət yığmanın qapılarını da Renatın üzünə açır. 
 
Vətəndə rəqib kimi

Renat Almaniya U-17-in heyətində də qollarını sıralayır. İş elə gətirir ki, Dadaşov yenidən ölkəmizə - vətəninə qayıtmalı olur. Ancaq bu dəfə millimizin oyunçusu kimi yox, rəqib kimi. O, ötən il Bakıda təşkil edilən 17 yaşadək futbolçular arasında Avropa çempionatında Almaniya millisinin əsas "qol silahı” idi. Renat Almaniya millisinin heyətində ölkəmizə gəlməklə həm də Bakıda yaşayan, çoxdandı görmədiyi qohumları ilə görüşür. Onun sözlərinə görə, qohumlarının demək olar hamısı Bakıda yaşayır. Renat qohumlarının Avropa çempionatı zamanı Almaniya millisinə azarkeşlik etdiklərini, hətta oyunlara bu yığmanın forması və şərflərində gəldiklərini deyir. Elə yerli azarkeşlər tərəfindən də Dadaşova simpatiya hiss olunurdu. Hətta Almaniya millisinin oyunundan öncə azarkeşlər üzərində "Renat Dadaşov, evə xoş gəlmisən” yazılmış böyük banner də açmışdılar. Renat qitə birinciliyində 3 dəfə fərqlənir. Bunlardan  xüsusilə, 1/4 finalda Belçikaya vurduğu qol xüsusi əhəmiyyət kəsb edirdi. Belə ki, "panzerlər” məhz Renatın vurduğu qol sayəsində "qırmızı iblislər”i məğlub edərək (1:0) yarımfinala vəsiqə qazandı. Burda isə həmyerlimizin komandasını son illərdə Avropada "at oynadan” ispan yeniyetmələr gözləyirdi. Renat bu oyunda da dinc dayanmır. O, matçda hesabı açsa da, almanlar ispan həmyaşıdları ilə görüşdən məğlub ayrılırlar - 1:2.
 
"Yox” deyə bilmədim”

Avropa çempionatından sonra azərbaycanlı azarkeşlər Renatı bir qədər unutdu. Ta ki, AFFA-nın məlum açıqlamasına kimi. Federasiyanın saytında yer alan açıqlamadan bir gün öncə Renat karyerası ilə bağlı daha bir mühüm qərar vermişdi. O, 2014-cü ildən çıxış etdiyi "Leyptsiq”i tərk edərək, Frankfurt "Ayntraxt”ına yollanır.

O ki qaldı Renatın niyə millimizi seçməsinə, özü yerli mətbuata açıqlamasında buna belə aydınlıq gətirir: "Danışıqlar bir qədər olar başlamışdı. Millidə çıxış etmək istədiyimi soruşdular, bu dəfə artıq "yox” deyə bilmədim. Mənə hər dəfə "düşün, düşün” deyirdilər. Nəticədə Azərbaycan millisində oynamağı qətiləşdirdim. Azərbaycan millisinin heyətində dünya çempionatına qatılmaq istəyirəm”. Almanlar perspektivli hücumçunu dilə tutmağa çalışsa da, Renat qərarından dönməyib – "Azərbaycan millisində oynayacağam” deyib. 
 
Azərbaycan bayraqlı buts

Renat artıq mart ayında millimizdə debüt edə bilər. Təbii ki, bunun üçün millimizin baş məşqçisi Robert Prosineçki ona dəvət göndərməlidir. Xorvat mütəxəssis isə yığmaya oyunçu seçimi məsələsində bir xeyli həssasdır. Təsadüfi deyil ki, Renatın qardaşı Rüfət məhz Prosineçki millimizə baş məşqçi təyin olunduqdan sonra millidən ayrı düşüb. Səbəb isə onun Almaniyanın regional liqasında oynamasıdır. Belə olduğu halda, Prosineçkinin yığmanın qarşıdakı oyunlarında "Ayntraxt”ın U-19 komandasında top qovan oyunçuya dəvət göndərib-göndərməyəcəyi maraq doğurur. Renat isə artıq özünü milliyə hazırlayır. Gənc hücumçu U-19 Bundesliqasının oyunlarına üzərində Azərbaycan bayrağı həkk olunmuş buts ilə çıxır. Maraqlıdır ki, Prosineçki şans verəcəyi təqdirdə, Dadaşov əsas yığmanın heyətində ilk rəsmi oyununu Almaniya millisinə qarşı keçirə bilər. Belə ki, əsas millimiz martda DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Renatın doğulub boya-başa çatdığı ölkənin yığması ilə  qarşılaşacaq.  
 
Ailə sevgisi, qardaş məsləhəti

Renat ailəsinə çox bağlıdır. Valideynləri onun bütün oyunlarını izləməyə çalışırlar. Özünün sözlərinə görə, ata və anası onun hər oyununu izləmək üçün 400 km yol qət etməkdən çəkinmirlər. Yuxarıda Renatın futbolu seçməyində qardaşı Rüfətin böyük rolu olduğunu vurğuladıq. Elə futbolçu kimi yetişməyində də Rüfətin az əməyi olmayıb. Belə ki, Renat hələ çox kiçik olarkən özündən 8 yaş böyük qardaşı və onun dostları ilə oynayaraq, "bərkiyib”. O, tez-tez qardaşının məsləhətlərinə də ehtiyac duyur. Elə milli seçimilə bağlı da Rüfətdən məsləhət alan Renat, böyük qardaşından bu cavabı eşidib : "Əgər sən Azərbaycan millisində ürəkdən oynamaq istəyirsənsə, buna razılaş”. O, qardaşını çox sevir və onun barəsində "biz bir ürək kimiyik” deyir. Renat "Real”ın fransalı hücumçusu Kərim Benzema və "Mançester Yunayted”in isveçli forvardı Zlatan İbrahimoviçin oyununu bəyənsə də, kumiri qardaşı Rüfət Dadaşovdur.   
   
Portret

Yüksək fiziki göstəricilərə, dəqiq zərbəyə, "ikinci mərtəbə”də oynamaq qabiliyyətinə malik olan Renatda bir hücumçuya lazım olan bütün keyfiyyətlər var. Onun işlək ayağı sağdır. Renat sırf hücumçudan başqa, cinah yarımmüdafiəçisi kimi də çıxış edir. Ancaq onun əsas mövqeyi hücumun sivri ucudur. Daim öz üzərində çalışan Renatda ada, şöhrətə meyllilik yoxdur. Elə Almaniya millisinə "yox” deyərək, doğma vətənini seçməsi buna əyani sübutdur. Şöhrətə meylli olmayan insanın isə "ulduz xəstəliyi”nə tutulmaq ehtimalı azdır. Renat ailəsinə bağlıdır. Ailəsinə bağlı olan insan, vətəninə də bağlı olur. Bütün bu amilləri nəzərə alaraq, onun gələcəkdə millimizə çox böyük xeyir verəcəyini düşünmək olar. Cəmi 17 yaşı olan hücumçunun öz sözünü deyəcəyi zaman hələ irəlidədir.
 
   
 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.7027
GBP 1 İngilis funt sterlinqi 2.2128
TRY 1 Türk lirəsi 0.4760
KWD 1 Küveyt dinarı 5.6080
SEK 1 İsveç kronu 0.1949
EUR 1 Avro 1.9047
CHF 1 İsveçrə frankı 1.7467
USD 1 ABŞ dolları 1.7023