Almaniyalı alimlər AzTU-da
Almaniyanın Brandenburq Texniki Universitetinin (BTU) bir qrup alimi
martın 12-dən Azərbaycan Texniki Universitetində (AzTU) səfərdədir.
Səfər çərçivəsində qonaqlarla AzTU-nun professor-müəllim heyətinin və
tələbələrin görüşü keçirilib.
Görüşdə AzTU-nun prorektoru, professor İlham Pirməmmədov AzTU ilə
Almaniya universitetlərinin əməkdaşlıq əlaqələrindən danışıb. Prorektor
bildirib ki, AzTU-nun Almaniyanın bir neçə universiteti ilə birbaşa, bir neçə universiteti
ilə də müxtəlif layihələr çərçivəsində əməkdaşlıq əlaqələri mövcuddur.
Öz növbəsində AzTU ilə əməkdaşlıqdan məmnun olduqlarını bildirən
professor Silvo Simon və professor Peter Biegel ERASMUS+ layihəsi çərçivəsində,
həmçinin BTU-da son illər həyata keçirilən elmi-texniki yeniliklər haqqında
görüş iştirakçılarına məlumat veriblər.
Bundan əlavə, görüşdə iki universitet arasında əməkdaşlığın müxtəlif
istiqamətləri müzakirə olunub. Qonaqlar AzTU-nun "Nəqliyyat” və "Maşınqayırma”
fakültələrinin tələbələrindən ibarət komandanın "Ecoshell Marafon” beynəlxalq
yarışmasında təmsil olunmasını təklif ediblər. Bildirilib ki, bununla bağlı BTU
azərbaycanlı tərəfdaşlarına hər cür dəstək göstərməyə hazırdır.
"Ecoshell Marafon” beynəlxalq yarışması tələbələrin özləri tərəfindən
hazırlanan avtomobillərin yarışmasıdır. Burada tələbələrin texniki-praktik
biliklərə yiyələnməsi ilə yanaşı, həm də, innovativ texnologiyanın
formalaşdırılması üçün əlverişli mühit yaradılır.
Qeyd edək ki, almaniyalı nümayəndə heyətinin səfəri martın 16-a kimi
davam edəcək. Səfər çərçivəsində, qonaqlar AzTU-da müxtəlif
seminarlara, müzakirələrə və görüşlərə qatılmaqla yanaşı universitetin fakültə
və kafedraları ilə də tanış olacaqlar. Bundan əlavə, almaniyalı elm adamlarının
ölkəmizin görməli yerlərinə gəzintisi, həmçinin zavod və müəssisələrə səfərləri
də təşkil olunacaq.