• çərşənbə axşamı, 23 aprel, 10:49
  • Baku Bakı 20°C

Almaniyada uşağın sərbəstliyini dəstəkləyirlər - Həmyerli

01.08.16 10:58 5813
Almaniyada uşağın sərbəstliyini dəstəkləyirlər  - Həmyerli
Hesab edir ki, insan yaşından asılı olmayaraq, hər zaman öyrənməlidir. Bu qaydaya əməl edir və dayanmadan özünü inkişaf etdirir. Müsahibimiz Almaniyada psixoloq kimi çalışan həmyerlimiz Aynur Abbasovadır. Aynur Abbasova Almaniya vətəndaşı olan azərbaycanlı ilə ailə quraraq 6 il əvvəl bu ölkəyə gedib. Azərbaycanda müxtəlif beynəlxalq və yerli QHT-lərdə psixoloq kimi uşaq və yeniyetmələrlə işləyib. Amma Almaniyaya gedəndə bütün karyerası sıfırlanıb. Orada 1,5 ilini alman dilini öyrənməyə sərf edəndən sonra karyera yolunda ilk addımlarını atmağa başlayıb. Ardını öz dilindən oxuyaq...

- Arzum Almaniyada öz peşəm üzrə işləmək idi. Lakin onlarda tamamilə başqa bir sistemdir. Etiraf edim ki, bu peşə ailəsinə daxil olmaq üçün mənim biliklərim kifayət deyildi. Fikirləşdim ki, sıfırdan başlayım. Mənim tələbə olmaq imkanım var idi və təcrübəçi kimi haradasa işləyə bilərdim. Xeyli klinika və mərkəzə CV-mi (avtobioqrafiyamı) göndərdim. Cəmi iki yerdən müsbət cavab aldım. Dusseldorf Evangelik Xəstəxanasında Uşaq və gənclər psixiatriya şöbəsində iki həftəlik ilk təcrübəmi keçdim. Psixoloqların necə işləməsi mənim üçün maraqlı oldu. Sonra Essen şəhərində LVR Klinikasının Uşaq və gənclər psixiatriya şöbəsində 6 aylıq təcrübə imkanı qazandım. Elə orada gənclərin məktəbdən yayınması ilə bağlı layihədə kiçik elmi işçi kimi çalışmaq təklifi aldım. Burada test materialları ilə tanış oldum. Bu, mənim üçün yeni idi. Çünki Azərbaycanda işlədiyim 10 ildən çox müddətdə sözügedən materiallardan istifadə olunduğunu görməmişdim. Günortaya kimi təcrübəçi kimi işləyir, günortadan sonra layihədə işimi davam etdirirdim. 6 aylıq təcrübəm 8 aya kimi uzadıldı və bu müddət ərzində həm təcrübə qazandım, həm də işlədim.
Sonra özümü daha da inkişaf etdirmək, əmək bazarında iş tapa bilmək üçün intensiv olaraq 6 ay ailə terapiyası üzrə kurs keçdim və bir il Duysburq şəhərində Katolik Xəstəxanasının nəzdində Sosial Pediatrik Mərkəzdə psixoloq kimi işlədim. Amma aldığım 6 aylıq kurs kifayət etmirdi. Buna görə sistem ailə terapiyası üzrə kursa getdim, hazırda da davam edirəm. Amma bu kursu bitirdikdən sonra da dayanmaq olmaz, daim özümü inkişaf etdirməliyəm ki, Almaniyada iş tapa bilim. Azərbaycandan geri qayıdandan sonra Bohum şəhərində Məktəb Psixoloqları Konsultasiya Mərkəzində işimə davam edəcəm. Əsas işim məktəblilər, müəllimlər və valideynlərlə olacaq.


- Sözügedən cəmiyyətə inteqrasiya olmaq üçün almanlar miqrantlara kömək edirlərmi?
- Bu, Almaniyada ən çox müzakirə edilən məsələdir. Almanlar hesab edirlər ki, Almaniyaya – onların evinə gələn insanlar bu evin qaydalarına, adət-ənənələrinə hörmət etməli və maraq göstərməlidirlər. Məncə, tamamilə normal və təbii arzudur. Eyni zamanda, onlar Almaniyaya gələnlər üçün pulsuz dil kursları, inteqrasiya olunmaları üçün digər kurslar təşkil edirlər. Almaniyada yalnız işsiz adamlar deyil, həkimlər, müəllimlər, uğurlu karyera quran insanlar könüllülük işinə çox maraq göstərirlər və könüllü olaraq miqrantların alman cəmiyyətinə inteqrasiyasına kömək edirlər. Amma miqrantlar Almaniyada özlərini həmişə yad kimi hiss edirlər. Bu hisslər onlara yəqin göydən düşmür. Deməli, hansısa səbəblər var. Almaniyada böyük bir araşdırma aparılıb və rəsmi nəticələr də açıqlanıb. Araşdırmanın nəticəsində bəlli oldu ki, xarici vətəndaşlar, yaxud alman adı və soyadı olmayan Almaniya vətəndaşları tərəfindən şirkətlərə göndərilən CV-lər heç birinci turdan da keçmir, heç bu CV-lərə baxılmır da...
Alman cəmiyyətində də radikallar, sağçılar, millətçilər var. Lakin dediyim kimi, könüllü olaraq miqrantlara əllərindən gələn yardımı etməyə hazır olan almanlar da var.
Almaniyada insanları ən çox iş yeri ilə təmin edən qurumlar kilsələrdir. Kilsələr yığılan pullarla klinikalar, bağçalar, məktəblər açırlar. Hətta kilsənin belə bir hüququ var ki, Almaniya hökumətinin sığınacaq vermədiyi qaçqınlara sığınacaq versin. Arzulayardım ki, Azərbaycanda da məscidlərimiz cəmiyyətin həyatında fəal rol oynasın. Necə ki, kilsə məktəblər, xəstəxanalar, bağçalar tikir. Almaniyada kilsə vergisi var. İnsanlar öz gəlirlərindən könüllü surətdə kilsəyə müəyyən faiz ödəyirlər. Kilsə təhsil ocaqları tikməklə yanaşı, orada çalışanların da maaşını verir. Amma insanlar bəzən bu vergini ödəməkdən imtina edirlər. Məsələn, bir dəfə məlum oldu ki, baş keşiş insanlar tərəfindən verilən vergi ilə öz otağını ən son dəbdə təmir etdirib, mebellər aldırıb. Bu zaman çoxları həmin kilsəyə vergi ödəməkdən imtina etdi.

- Aynur xanım, son olaraq bir almanı necə xarakterizə edərdiniz?
- Alicənab, təmizliyi sevən və sərhədlərini bilən. Onlar heç vaxt kiminləsə münasibətdə şəxsi sərhədi keçməzlər.
Lalə MUSAQIZI






banner

Oxşar Xəbərlər