AZE | RUS | ENG |

Almaniyada “əsrin məhkəmə”si başlayıb

Almaniyada “əsrin məhkəmə”si başlayıb
Prosesin iki il davam edəcəyi və 85 məhkəmə iclasının keçiriləcəyi gözlənilir


Almaniya hüquq tarixinin ən böyük cinayət işlərindən olan Miliyyətçi Sosialist Gizli Təşkilatıyla bağlı Münhendə məhkəmə prosesi başlayıb. 2000-2007-ci illər arasında səkkizi türk olmaqla 10 nəfəri öldürməkdə və 30 nəfəri yaralamaqda ittiham olunan radikal sağçı “Nasional sosialist gizli təşkilatı”nın (NSU) məhkəmə prosesi ən qalmaqallı məhkəmə prosesi sayılır. Məhkəmə dinləmələri ərəfəsində təhlükəsizlik qaydaları gücləndirilib. 50-dən çox media qurumunun iştirak edəcəyi NSU prosesindən əvvəl alman polisi geniş təhlükəsizik tədbirləri həyata keçirib. Belə ki, təqribən 500-dək polis əməkdaşı ərazidə asayişin keşiyini çəkir. Lakin buna baxmayaraq, məhkəmə önündə türk icmaları aksiyalar keçiriblər, “Ədalətə şans”, “Onlar bu qədər insanı necə öldürə biliblər?” şüarları səsləndiriblər. Aksiya iştirakçıları alman hakimiyyət orqanlarının uzun müddətdir ki, davam edən məsuliyyətsizliklərindən də hiddətlərini gizlətməyiblər. Polis orqanlarının bu quldur dəstəsini 10 il ərzində tapa bilməməsindən, eləcə də ilk istintaq zamanı şübhələrin türklərin üzərinə düşməsindən narazılıqlarını bildiriblər. Məhkəmə önündə polislə iki türk fəalı arasında qarşıdurma da yaşanıb. Onlar məhkəmə zalına daxil olmaq istəsələr də, polis buna mane olub. Həmin şəxslər ərazidən uzaqlaşdırılan zaman “Alman polisləri - faşistlərə yardım edənlər” deyə qışqırsalar da, polis onları həbs etməyib. Məhkəmə prosesi həftədə üç dəfə keçiriləcək. Bu müddət ərzində 488 səhifəlik ittiham dinləmələrinə qulaq asılacaq, 600 şahidin ifadələri dinləniləcək. Prosesin 2014-cü ilin yanvarında başa çatacağı gözlənilir. 85 məhkəmə iclasının keçiriləcəyi qeyd edilir. İttihamçı tərəfi 49, müttəhimləri isə 12 vəkil müdafiə edəcək. Qeyd edək ki, məhkəmə prosesi üç həftə bundan əvvəl başlamalı idi, lakin Konstitusiya Məhkəməsinin qərarı ilə təxirə salınmışdı. Buna səbəb Türkiyə KİV-lərinin akkreditasiyanın ləğv olunması idi. Onları məhkəmə prosesinə buraxmamışdılar. Nəticədə Münhen məhkəməsi yenidən qərar çıxararaq, onların məhkəməyə buraxılması barədə qərar qəbul etmişdi. Türk siyasətçiləri məhkəmə prosesinə müşahidəçi qismində təşrif buyurublar. Prosesin istintaqı zamanı alman xüsusi xidmət orqanları kəskin tənqid atəşinə tutulmuşdular. Bəlli olub ki, hərəkətlərini düzgün koordinə etməmələri səbəbindən onlar neofaşistlərin yerini müəyyən edə bilməyiblər. Bundan əlavə, bir sıra xüsusi xidmət orqanları bu işlə bağlı bir çox sənədləri yandırıblar. Nəticədə Almaniyada xüsusi xidmət orqanlarının yenidən qurulması məsələsi ortaya çıxdı. Bir neçə yüksək rütbəli əməkdaş işdən qovuldu, eləcə də neonasistlərin vahid reyestr xidməti yaradıldı. Məlumat üçün bildirək ki, NSU-nun qurucuları Uşe Mundlos və Uşe Böhnhardt 2011-ci ildə intihar etsə də, digər üzv Beyte Jape təslim olub. Almaniyada neonasist bölmənin üzvü olmaqda suçlanan xanım Beyte Jape irqi əsaslarla qətl törətməkdə ittiham edilir. 38 yaşlı bu qadın 10 adam öldürən Milli Sosialist Anderqraund (NSU) təşkilatının üzvü olmaqda suçlanır. Təqsirli bilinsə, xanım Beyte ömürlük həbs cəzası ala bilər. Onun vəkilləri qətl ittihamlarını rədd edirlər. Ümumiyyətlə, yeddi il ərzində baş verən cinayətlərə laqeyd və səhlənkar münasibət alman ədalətinə olan inamı xeyli sarsıdıb. 3 irqçi alman tərəfindən yaradılan terror təşkilatının tarixi 1990-cı illərə qədər uzanır. 1998-ci ildə ilk terror aktını həyata keçirən və daha sonra gizli fəaliyyətə keçən üç faşist haqqında illərlə məlumat əldə etmək mümkün olmayıb. “Tənqidçilər hakimiyyəti sağçı ekstremistlərin cinayətlərinə göz yummaqda suçlayıblar” - deyə BBC-nin Berlindəki müxbiri Steve Evans deyib. Rəsmilər bunu inkar edirlər. NSU üzvlərinin məhkəməsi ətrafında hadisələr alman cəmiyyətində sarkazm doğurmağa başlayır. Almaniyanın “Die Zeit” qəzeti belə hesab edir ki, dinləmələrin uzadılması müttəhimlərin xeyrinə ola bilər: “Ola bilsin ki, bu, Betaya xoş gələcək”. Yeri gəlmişkən, Almaniyanın “Bertelsmann” fondu ölkədə islam dini ilə bağlı sorğu keçirib. “Deutsche Welle”nin məlumatına görə, 14 min respondent arasında aparılan sorğunun nəticələrinə görə, hər 2 almandan biri İslam dinini təhlükə kimi dəyərləndirir. Respondentlər hesab edirlər ki, islam liberal Qərb cəmiyyətinin bir hissəsi ola bilməz. Tədqiqatı aparanlardan biri, professor Detlef Pollak islama qarşı mənfi münasibəti müsəlmanlarla sıx əlaqənin olmaması ilə izah edib. Professorun fikrincə, Almaniyanın şərqində islama mənfi münasibət daha da qabarıqdır. Çünki həmin ərazidə yaşayanların cəmi 2 faizini müsəlmanlar təşkil edir. Almaniya Mərkəzi Müsəlmanlar Şurası isə islama qarşı mənfi münasibətdə kütləvi informasiya vasitələrini günahlandırır. Sorğu digər Qərbi Avropa ölkələrinə nisbətən Almaniyada müsəlmanlara qarşı daha aqressiv münasibətin olduğunu üzə çıxarıb. Qərb ekspertləri qeyd edir ki, Almaniya hələ də miqrantların və onların ailə üzvlərinin hüquqlarını qoruyan beynəlxalq konvensiyanı ratifikasiya etməyib: “Ölkədə insan haqlarının müdafiə mexanizmlərinin effektiv işləməsi üçün hüquqi baza yaradılmır və nəzarət olunmur. Xüsusilə də yerli qanunverici orqanlar bu sahədə heç bir iş görmürlər. Almaniyanın irqi ayrı-seçkiliklə mübarizə strategiyası yoxdur. Yerli polis öz işində etnik diskriminasiyaya yol verir. İrqi zəmində törədilmiş cinayətlər lazımınca araşdırılmır”. Sənəddə qeyd olunur ki, əmək mühacirləri işə düzəlmək istəyəndə hətta peşəkarlıq səviyyələri yüksək olsa belə, süni yaradılmış əngəllərlə üzləşirlər: “Onlar yaşadıqları yerlərdə almanlardan daha çox kirayə haqqı verməyə məcbur edilirlər. Uşaqlarının təhsil almaq hüquqları, xüsusilə də əgər onlar alman dilini bilmirlərsə, kobud şəkildə pozulur. Onlar məktəbdə müəllimlər tərəfindən ayrı-seçkiliyə məruz qalırlar. Müsəlman və türk mühacirlər bu cür problemlərdən daha çox əziyyət çəkirlər. Mühacir qadınların vəziyyəti daha da ağırdır: onlar işə düzəlməkdən tutmuş, sosial xidmətlərə qədər bütün sahələrdə ayrı-seçkiliklə üzləşirlər”. Kamran

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9288
GEL 1 1 Gürcüstan larisi 0.6337
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2567
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1842
CHF 1 1 İsveçrə frankı 1.6988
KWD 1 1 Küveyt dinarı 5.6004
TRY 1 1 Türkiyə lirəsi 0.311