Almaniyada dizel yanacağı ilə işləyən avtomobillər ucuzlaşdı
Cari ilin fevral ayından etibarən dizel mühərrikli avtomobilləri
idarə etmək səlahiyyəti Almaniya vətəndaşlarının öz ixtiyarına verilib. Bundan
sonra Almaniyada dizellə işləyən avtomobillərin qiyməti kəskin şəkildə enib.
Buna vətəndaşların dizellə işləyən köhnə avtomobilləri dəyər-dəyməzinə satması
da səbəb olub. Əslində, qiymətləri ucuzlaşan maşınları almaq arzusunda
olanların sayı heç də az deyil. Bu avtomobillərin böyük əksəriyyəti Rumıniya,
Çexiya, Polşa və Ukraynaya gedir. "Deutsche
Welle” qeyd edir ki, yaxın illərdə
Almaniyada təbiəti zəhərləyən avtomobil dizellərindən «qurtulmaq» tendensiyası
güclənəcək. Ələlxüsus nəzərə alsaq ki, Şərqi Avropa ölkələri ekoloji tələblərlə
bağlı qaydaları sərtləşdirməyi planlaşdırmırlar, onda bu ölkələrin
vətəndaşlarının belə avtomobilləri almaqda davam edəcəklərini proqnozlaşdırmaq
olar. Proqnozlara görə, Rusiya çətin ki,
alman dizel avtomobillərinin böyük bazarına çevrilsin. Buna səbəb isə gömrük
rüsumlarının yüksək olmasıdır. Almaniyada belə maşınlar ucuzlaşmaqda davam
edərsə, onların Azərbaycanın maşın bazarında peyda olma ehtimalları da yox
deyil. Bu versiya nə qədər realdır və tendensiya avtomobil bazarında qiymət
ucuzlaşmasına gətirib çıxara bilərmi?
Avtomobillər üzrə ekspert Eldəniz Cəfərovdeyir ki, dizel
mühərrikli avtomobillər hal-hazırda Azərbaycana ikinci əl olaraq gətirilir:
"2019-cu ildə bu prosesin daha da sürətlənməsi gözlənilir. Çünki növbəti ildən
başlayaraq müxtəlif Avropa ölkələrindən dizel mühərrikli avtomobillərin ölkəyə
daxil olması artacaq. Çünki Avropa ölkələrinin bir qismində artıq 2019-cu ildən
başlayaraq həmin avtomobillərə yüksək vergi qoyulacaq. Həmçinin, insanlar da bu
avtomobildən imtina etməyə başlayacaqlar. Yüksək ehtimalla, ikinci əl dizel
mühərrikli avtomobillər keçmiş SSRİ ölkələrinə gətiriləcək və satılacaq.
Kütləvi axın olduqdan sonra dizel avtomobillərinin sayı artacaq, bazarda təklif
çoxalacaq. Hal-hazırda dizel avtomobilləri benzinlə işləyən maşınlardan baha
qiymətə satılır. Amma bu proses getdikcə bazarda stabilləşməyə səbəb olacaq.
Bununla da avtomobillərin qiyməti eyniləşəcək. Hətta ikinci əl dizel
mühərrikləri nisbətən baha qiymətə satılacaq. Amma bu proses ilk növbədə Avropadan
başlamalıdır. Yəni proses birdən-birə ola bilməz. Mərhələli formada - Almaniyadan
Şərqi Avropa ölkələrinə, daha sonra keçmiş SSRİ ölkələrinə satılacaq.
Düşünmürəm ki, bu hal avtomobil sektorunda maşınların ucuzlaşmasına gətirib
çıxarsın. Çünki ümumilikdə ölkədə olan avtomobillərin sayı o qədər də çox
deyil. Ölkədə hər yüz nəfərə düşən avtomobil sayı 15-dir. Əgər hər yüz nəfərdən
50 nəfərində maşın olsaydı, o zaman ucuzlaşma ola bilərdi. Bakı paytaxt şəhər
olduğuna görə bizə elə gəlir ki, Azərbaycanda avtomobil sayı həddən artıqdır.
Amma əslində bu heç də belə deyil. 10 milyon əhali nisbətində avtomobillərin
sayı o qədər də çox deyil. Bu baxımdan ölkədə avtomobilə tələbat var. Həmçinin,
parkinq məsələlərində də müəyyən problemlər var. Bir çox obyektlərin parkinqi
yoxdur və ümumilikdə dayanacaqların sayı
azdır. Şəhərdə əksər insan öz avtomobilini küçə və dayanacaqda saxlayır.
Əslində parkinq məsələsi həll olunarsa, bu sıxlıq da aradan götürülər. Ona görə
də hər hansı ucuzlaşmanın ola biləcəyini gözləməyin”.
Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanlı deyir
ki, Azərbaycanda maşın bazarı məhdud bir bazardır: "Almaniyanın
isə avtomobil bazarı həddən artıq böyük və genişdir. Bu elə bir təsəvvür
yaratmamalıdır ki, Almaniyada imtina olunan hər bir avtomobil birbaşa
Azərbaycan bazarına gətiriləcək. Digər tərəfdən, avro-standartların tətbiqi
məsələsi var. Bu standartların tətbiqindən sonra artıq 2005-ci ilə qədər
istehsal olunmuş Almaniya avtomobillərinin Azərbaycana girişi qadağan olunub.
Müvəqqəti istifadə üçün kimsə gətirə bilər. Amma uzunmüddətli, daimi istifadə
üçün belə avtomobillər ölkəyə gətirilə bilməz. Hesab edirəm ki, bu tendensiya
Azərbaycanda ciddi dəyişiklik yaratmayacaq. Xüsusilə Azərbaycanın avtomobil
alıcılarının əksəriyyətinin benzinlə işləyən avtomobilə marağı daha böyükdür.
Bu baxımdan düşünürəm ki, bazarda əhəmiyyətli bir dəyişiklik olmayacaq”.
Ekspert
vurğuladı ki, hal-hazırda avtomobil bazarında ötən illərlə müqayisədə dizel
yanacağı ilə işləyən avtomobillərə nisbi olaraq tələbat artımı var: "Bu tələbat elə də böyük deyil. Səbəb isə
son iki il ərzində Azərbaycanda benzinin qiymətinin həddən artıq bahalaşması
ilə bağlıdır. Əvvəllər 92 markalı
benzinin qiyməti dizel yanacağı ilə eyni idi. Sonradan qiymətlərdə bahalaşmalar
oldu. Eyni zamanda premium markalı yanacağın da qiymətində bahalaşma oldu. Bu
baxımdan dizel yanacağı ilə işləyən avtomobillərə ehtiyac artdı. Bəzi şirkətlər
və avtomobildən gəlir qazanan şəxslər dizel yanacağı ilə çalışan maşınlara
üstünlük verməyə başladılar. Nəticədə bazarda tələbat artdı. Amma ümumilikdə,
bu tendensiyanın bazarda əhəmiyyətli dəyişikliyə səbəb olacağını gözləmirəm. Demək
olmaz ki, bazar iştirakçıları bütövlükdə dizel yanacağı ilə işləyən avtomobillərdən
istifadə edəcəklər”.
Şəbnəm Mehdizadə