• cümə, 29 Mart, 01:31
  • Baku Bakı 7°C

Almaniyada dizel yanacağı ilə işləyən avtomobillər ucuzlaşdı

10.04.18 10:00 2914
Almaniyada dizel yanacağı ilə işləyən avtomobillər ucuzlaşdı
Cari ilin fevral ayından etibarən dizel mühərrikli avtomobilləri idarə etmək səlahiyyəti Almaniya vətəndaşlarının öz ixtiyarına verilib. Bundan sonra Almaniyada dizellə işləyən avtomobillərin qiyməti kəskin şəkildə enib. Buna vətəndaşların dizellə işləyən köhnə avtomobilləri dəyər-dəyməzinə satması da səbəb olub. Əslində, qiymətləri ucuzlaşan maşınları almaq arzusunda olanların sayı heç də az deyil. Bu avtomobillərin böyük əksəriyyəti Rumıniya, Çexiya, Polşa və Ukraynaya gedir. "Deutsche Welle” qeyd edir ki, yaxın illərdə Almaniyada təbiəti zəhərləyən avtomobil dizellərindən «qurtulmaq» tendensiyası güclənəcək. Ələlxüsus nəzərə alsaq ki, Şərqi Avropa ölkələri ekoloji tələblərlə bağlı qaydaları sərtləşdirməyi planlaşdırmırlar, onda bu ölkələrin vətəndaşlarının belə avtomobilləri almaqda davam edəcəklərini proqnozlaşdırmaq olar. Proqnozlara görə, Rusiya çətin ki, alman dizel avtomobillərinin böyük bazarına çevrilsin. Buna səbəb isə gömrük rüsumlarının yüksək olmasıdır. Almaniyada belə maşınlar ucuzlaşmaqda davam edərsə, onların Azərbaycanın maşın bazarında peyda olma ehtimalları da yox deyil. Bu versiya nə qədər realdır və tendensiya avtomobil bazarında qiymət ucuzlaşmasına gətirib çıxara bilərmi?
Avtomobillər üzrə ekspert Eldəniz Cəfərovdeyir ki, dizel mühərrikli avtomobillər hal-hazırda Azərbaycana ikinci əl olaraq gətirilir: "2019-cu ildə bu prosesin daha da sürətlənməsi gözlənilir. Çünki növbəti ildən başlayaraq müxtəlif Avropa ölkələrindən dizel mühərrikli avtomobillərin ölkəyə daxil olması artacaq. Çünki Avropa ölkələrinin bir qismində artıq 2019-cu ildən başlayaraq həmin avtomobillərə yüksək vergi qoyulacaq. Həmçinin, insanlar da bu avtomobildən imtina etməyə başlayacaqlar. Yüksək ehtimalla, ikinci əl dizel mühərrikli avtomobillər keçmiş SSRİ ölkələrinə gətiriləcək və satılacaq. Kütləvi axın olduqdan sonra dizel avtomobillərinin sayı artacaq, bazarda təklif çoxalacaq. Hal-hazırda dizel avtomobilləri benzinlə işləyən maşınlardan baha qiymətə satılır. Amma bu proses getdikcə bazarda stabilləşməyə səbəb olacaq. Bununla da avtomobillərin qiyməti eyniləşəcək. Hətta ikinci əl dizel mühərrikləri nisbətən baha qiymətə satılacaq. Amma bu proses ilk növbədə Avropadan başlamalıdır. Yəni proses birdən-birə ola bilməz. Mərhələli formada - Almaniyadan Şərqi Avropa ölkələrinə, daha sonra keçmiş SSRİ ölkələrinə satılacaq. Düşünmürəm ki, bu hal avtomobil sektorunda maşınların ucuzlaşmasına gətirib çıxarsın. Çünki ümumilikdə ölkədə olan avtomobillərin sayı o qədər də çox deyil. Ölkədə hər yüz nəfərə düşən avtomobil sayı 15-dir. Əgər hər yüz nəfərdən 50 nəfərində maşın olsaydı, o zaman ucuzlaşma ola bilərdi. Bakı paytaxt şəhər olduğuna görə bizə elə gəlir ki, Azərbaycanda avtomobil sayı həddən artıqdır. Amma əslində bu heç də belə deyil. 10 milyon əhali nisbətində avtomobillərin sayı o qədər də çox deyil. Bu baxımdan ölkədə avtomobilə tələbat var. Həmçinin, parkinq məsələlərində də müəyyən problemlər var. Bir çox obyektlərin parkinqi yoxdur və ümumilikdə dayanacaqların sayı azdır. Şəhərdə əksər insan öz avtomobilini küçə və dayanacaqda saxlayır. Əslində parkinq məsələsi həll olunarsa, bu sıxlıq da aradan götürülər. Ona görə də hər hansı ucuzlaşmanın ola biləcəyini gözləməyin”.
Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanlı deyir ki, Azərbaycanda maşın bazarı məhdud bir bazardır: "Almaniyanın isə avtomobil bazarı həddən artıq böyük və genişdir. Bu elə bir təsəvvür yaratmamalıdır ki, Almaniyada imtina olunan hər bir avtomobil birbaşa Azərbaycan bazarına gətiriləcək. Digər tərəfdən, avro-standartların tətbiqi məsələsi var. Bu standartların tətbiqindən sonra artıq 2005-ci ilə qədər istehsal olunmuş Almaniya avtomobillərinin Azərbaycana girişi qadağan olunub. Müvəqqəti istifadə üçün kimsə gətirə bilər. Amma uzunmüddətli, daimi istifadə üçün belə avtomobillər ölkəyə gətirilə bilməz. Hesab edirəm ki, bu tendensiya Azərbaycanda ciddi dəyişiklik yaratmayacaq. Xüsusilə Azərbaycanın avtomobil alıcılarının əksəriyyətinin benzinlə işləyən avtomobilə marağı daha böyükdür. Bu baxımdan düşünürəm ki, bazarda əhəmiyyətli bir dəyişiklik olmayacaq”.
Ekspert vurğuladı ki, hal-hazırda avtomobil bazarında ötən illərlə müqayisədə dizel yanacağı ilə işləyən avtomobillərə nisbi olaraq tələbat artımı var: "Bu tələbat elə də böyük deyil. Səbəb isə son iki il ərzində Azərbaycanda benzinin qiymətinin həddən artıq bahalaşması ilə bağlıdır. Əvvəllər 92 markalı benzinin qiyməti dizel yanacağı ilə eyni idi. Sonradan qiymətlərdə bahalaşmalar oldu. Eyni zamanda premium markalı yanacağın da qiymətində bahalaşma oldu. Bu baxımdan dizel yanacağı ilə işləyən avtomobillərə ehtiyac artdı. Bəzi şirkətlər və avtomobildən gəlir qazanan şəxslər dizel yanacağı ilə çalışan maşınlara üstünlük verməyə başladılar. Nəticədə bazarda tələbat artdı. Amma ümumilikdə, bu tendensiyanın bazarda əhəmiyyətli dəyişikliyə səbəb olacağını gözləmirəm. Demək olmaz ki, bazar iştirakçıları bütövlükdə dizel yanacağı ilə işləyən avtomobillərdən istifadə edəcəklər”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər