AZE | RUS | ENG |

Almaniya hökumətindən konkret mövqe

Almaniya hökumətindən konkret mövqe
AFR hökuməti Ermənistan silahlı qüvvələrinin nəzarətində olan Dağlıq Qarabağ regionu və yeddi ətraf rayonu Azərbaycanın bir hissəsi hesab edir

Bu yaxınlarda Almaniyada Bundestaqın sağçı radikal AfD fraksiyası AFR hökumətinə "Almaniya-Ermənistan münasibətləri” mövzusunda kiçik sorğu göndərib. Həmin sorğuda Dağlıq Qarabağla bağlı bəzi suallar yer alıb. Almaniya mediasının yaydığı xəbərə görə, AFR hökumətinin sözügedən sorğuya cavabı birmənalı olub. Hökumət sorğuya cavabın girişində xüsusi olaraq vurğulayıb ki, "Almaniya-Ermənistan münasibətləri” anlayışı ilə AFR və Ermənistan Respublikası arasındakı münasibətlər başa düşülməlidir. Qeyd olunub ki, AFR hökuməti Ermənistan silahlı qüvvələrinin nəzarətində olan Dağlıq Qarabağ regionu və yeddi ətraf rayonu Azərbaycanın bir hissəsi hesab edir.
 
 
 
Bununla yanaşı, AFR hökumətinin qondarma "Dağlıq Qarabağ Respublikasını” tanımadığı da sorğuya verilən cavabda əksini tapıb. Hökumət sorğunun müvafiq bəndlərinə, yəni Dağlıq Qarabağda insan hüquqlarının, mətbuat azadlığının, azlıqların vəziyyəti, orada yaşayan almanların sayı və sairə dair cavabında da yuxarıdakı qeydlərə istinad etməklə kifayətlənib. Həmçinin sorğudakı "AFR hökuməti Dağlıq Qarabağın beynəlxalq hüquqi statusunu necə qiymətləndirir?” sualına hökumət "Dağlıq Qarabağ bölgəsi Azərbaycan Respublikasının ərazisinin bir hissəsidir” cavabını verib.
 
 

Almaniya hökumətinin sərgilədiyi bu mövqe ilə bağlı fikirlərini "Kaspi”yə bölüşən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, siyasi şərhçi Sahib Alıyev qeyd edib ki, Bundestaqın mövqeyində qeyri-adi nə isə yoxdur. Onun fikrincə, Bundestaq rəsmi qurum olaraq məsələyə sırf beynəlxalq hüquq normalarından, BMT prizmasından yanaşıb: "İlk baxışda bu mövqedə qeyri-adi nə isə yoxdur. Çünki BMT Dağlıq Qarabağ və ətraf rayonları Azərbaycanın ərazisi kimi tanıyıb. BMT-yə üzv olan hər bir dövlət bu normalardan çıxış etməlidir. Ancaq məsələ burasıdır ki, hazırda biz, ikili standartların tüğyan etdiyi dövrdə yaşayırıq. Hər hansı dövlətə yanaşmada beynəlxalq prinsiplər, beynəlxalq hüququn tələbi deyil, həmin dövlətin gücü, önəmi, oynadığı rol əsas götürülür. Prezident İlham Əliyevin son müşavirədə də vurğuladığı kimi, biz Almaniya Bundestaqının bu yanaşmasında Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsinin növbəti təsdiqini görürük. Bununla belə, onu da vurğulamaq yerinə düşər ki, Almaniya Qərb dövlətləri içərisində bir çoxlarından, o cümlədən də Minsk Qrupunun həmsədr dövlətlərindən fərqli olaraq, indiyə qədər Dağlıq Qarabağ münaqişəsinə yanaşmada daha konkret və prinsipial mövqe ortaya qoyub. Bundestaqda Azərbaycan torpaqlarının işğalı faktını pisləyən qətnamə qəbul olunub. Düzdür, hərdən uydurma "erməni soyqırımının” tanınması çağırışları, işğal altındakı Dağlıq Qarabağa bəzi deputatların səfər etməsi halları da olur, amma ümumi götürsək, Almaniya Federativ Respublikası münaqişənin həllinə yanaşmada beynəlxalq hüququn tələblərini əks etdirən prinsipial mövqe ortaya qoyub”.
 
 

Politoloq Qabil Hüseynli bildirib ki, Avropanın əsas dövləti sayılan Almaniya uzun müddətdir beynəlxalq hüququn prinsiplərindən çıxış edərək, Azərbaycanın haqlı mövqeyinə dəstək verir. O, bu tendensiyanın 2013-cü ildən etibarən müşahidə edildiyini dilə gətirib: "2013-cü ildə Avropa İttifaqının parlamenti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar verməyə başlayıb. Bundan başqa, Almaniyanın da üzv olduğu NATO da keçirdiyi sammitlərdə, zirvə toplantılarında ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar qəbul edib. Bu onu deməyə əsas verir ki, Avropa ictimai rəyi bütünlüklə Azərbaycanın haqq işini müdafiə edən, beynəlxalq hüquq normalarına uyğun olan qətnamələr, qərarlara əsas verir. Təbii olaraq bu, müsbət hadisədir. Eyni zamanda bunlar Azərbaycan xarici siyasətinin uğurudur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursu, dünya dövlətləri, o cümlədən Avropa ölkələri ilə qurulan diplomatik əlaqələr, aparılan diplomatiya bu nəticənin əldə edilməsinə gətirib çıxarıb. İndi isə Almaniya hökuməti, Bundestaq belə bir bəyanatla çıxış edir, ona ünvanlanan sorğuya cavab olaraq Azərbaycanın haqlı mövqeyini dilə gətirir. Fikrimcə, bu, Almaniya xarici siyasətində oturuşmuş, daşlaşmış mövqedir. Belə açıq şəkildə ifadə olunan mövqeyə dəstək olaraq, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri Fransa və ABŞ-dan da eyni yanaşmanı görmək xoş olardı. Ümid edirəm ki, onların da məhz belə davranacağı gün uzaqda deyil. Dünya dövlətləri də Almaniya Bundestaqının sərgilədiyi bu mövqeyə dəstək verməklə, haqqın, ədalətin müdafiəsinə qalxacaqlar. Çünki Almaniya Avropa İttifaqının aparıcı dövlətidir. Eyni zamanda, bu qurumda siyasi konyukturanı da müəyyənləşdirən Almaniyadır. Ona görə də Avropa İttifaqı ölkələrinin də oxşar mövqe nümayiş etdirməsi gözləniləndir. Hesab edirəm ki, Azərbaycan Almaniya ilə münasibətləri bundan sonra da inkişaf etdirməli, hərtərəfli əlaqələri gücləndirməlidir. Avropanın ictimai rəyində obyektiv dönüş edən Almaniyanın potensialından maksimum yararlanmalıyıq”.
 
 

Politoloq Natiq Miri Almaniya hökumətinin açıqladığı mövqeyi beynəlxalq hüququn tələb etdiyi bir davranış kimi qiymətləndirib. Deyib ki, Bundestaq rəsmi qurumdur və onun siyasi partiyaya verdiyi cavab başqa cür ola bilməzdi: "Beynəlxalq hüquqa görə, Azərbaycan hazırda Ermənistan tərəfindən işğal altında saxlanılan Dağlıq Qarabağ və ətraf rayonlarla birlikdə müstəqil dövlət və subyekt kimi tanınıb. Yəni beynəlxalq hüquqa görə, Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycanın ərazisidir. Bu, BMT-nin bütün üzvləri, o cümlədən Almaniya tərəfindən tanınmış bir faktdır, gerçəklikdir. Təəssüf doğuran məqam budur ki, bütün bunların müqabilində Dağlıq Qarabağ münaqişəsinin çözülməsi məsələsinə gələndə, beynəlxalq hüquq anlayışı tamamilə arxa plana keçir, kənarda qalır. Əgər münaqişəyə beynəlxalq hüquq prizmasından yanaşılsaydı, problemin həlli acı bağırsaq kimi 30 ilə yaxın uzanmazdı. Beynəlxalq hüquqa görə, hər hansı coğrafi ərazidə yaşayan etnik qrup, milli azlıq öz yaşadığı coğrafiyanın siyasi taleyini həll edə bilməz. Bu, beynəlxalq hüququn hər kəs tərəfindən bilinən, qəbul edilən elementar gerçəklikdir. Bunu bilməyən beynəlxalq ekspert, siyasətçi, diplomat yoxdur. Çox təəssüf ki, bütün münaqişələrə yanaşmada beynəlxalq hüquq tətbiq edilir, lakin Azərbaycanın Dağlıq Qarabağ probleminə gəldikdə, dərhal ikili yanaşma ortaya qoyulur. Yəni, həm ərazi bütövlüyü məsələsi önə çəkilir, həm də xalqların öz müqəddəratını təyinetmə prinsipi gündəmə gətirilir. Bu prinsiplər bir-birinə qarşı olan, daban-dabana zidd prinsiplərdir. Məhz bu amil də ümumilikdə problemin həllinə imkan vermir. Ona görə də Bundestaqın siyasi təşkilatın sorğusuna verdiyi cavabı hüquqi və normal qəbul edirəm. Acınacaqlı haldır ki, bundan ötəsinə gəldikdə, heç bir dövlət və ya beynəlxalq təşkilat, hətta ATƏT-in Minsk qrupu belə, mühüm addım atmır”.
 
Rufik İSMAYILOV


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6308
GBP 1 İngilis funt sterlinqi 2.2029
TRY 1 Türk lirəsi 0.2991
KWD 1 Küveyt dinarı 5.6028
SEK 1 İsveç kronu 0.1885
EUR 1 Avro 1.9474
CHF 1 İsveçrə frankı 1.7062
USD 1 ABŞ dolları 1.7000