• cümə, 29 Mart, 01:35
  • Baku Bakı 7°C

Almaniya Ermənistanın əbədi problemi barədə hesabat yaydı

25.11.19 17:52 866
Almaniya Ermənistanın əbədi problemi barədə hesabat yaydı
Federal Komitə ölkənin inkişafını ləngidən başlıca problem kimi Azərbaycan torpaqlarının işğal altında saxlanmasını göstərib

Almaniyanın miqrasiya və qaçqınlar üzrə Federal Komitəsi Ermənistandan miqrasiya və mövcud sosial-iqtisadi vəziyyət barədə hesabat dərc edib. "Vestnik Kafkaza”nın təqdim etdiyi hesabat bu ölkədə miqrasiya ilə bağlı vəziyyətin acınacaqlı durumda olduğunu üzə çıxarıb. Qeyd olunur ki, hər il on minlərlə vətəndaşını miqrasiya üzündən itirən Ermənistanın yalnız və yalnız Rusiyadan gələn maliyyə və diasporun hesabına yaşayır. Hesabatda xüsusi vurğulanır ki, tək 1991-ci ildə Ermənistanı birdəfəlik olaraq 800 mindən 1 milyona yaxın insan tərk edib. Sonrakı üç il ərzində Qarabağda gedən aktiv hərbi əməliyyatlar zamanı yaşanan iqtisadi çətinliklər üzündən Ermənistanı daha 500 minə yaxın insan tərk edib. Hesabatda xatırladılır ki, o zaman Ermənistandan azərbaycanlılar da qovuldu. Ardınca digər xalqların da nümayəndələri – ruslar, yəhudilər ölkəni tərk edib getdilər. Nəticədə, ölkə əhalisinin 96 faizi ermənilərdən ibarət oldu. Beləliklə, bu gün Ermənistanı dünyanın ən monomillətçi ölkələrindən biri adlandırmaq olar. Kütləvi miqrasiya isə Ermənistanın iqtisadi problemlərini daha da artırmış oldu. Sözsüz ki, buna Dağlıq Qarabağ münaqişəsi, işğalçılıq siyasəti nəticəsində Azərbaycan ilə Türkiyənin tətbiq etdiyi sərhədlərin blokadası da ciddi təsir etdi. Hesabatda qeyd edilir ki, bu gün artıq de-fakto Ermənistan Rusiya kreditlərindən, eləcə də, xaricdə fəaliyyət göstərən erməni diasporundan asılı vəziyyətə düşən ölkəyə çevrilib. Almaniyanın miqrasiya və qaçqınlar Komitəsi bəyan edir ki, yeni erməni hakimiyyəti, "inqilabçı lider” Nikol Paşinyanın komandası Ermənistanın başı üzərində Domokl qılıncı kimi asılan bir çox problemlərdən – yoxsulluq, korrupsiya və oliqarxiyanın öhdəsindən gəlməlidir. Bununla belə, ölkəni inkişafdan saxlayan başlıca problem kimi Dağlıq Qarabağ münaqişəsinin hələ də həll edilməməsi, Azərbaycan torpaqlarını işğal altında saxlaması göstərilir. Hesabatda xüsusi vurğulanır ki, Ermənistan öz ata-baba torpaqlarından azərbaycanlıları qovmasına görə günahkardır. Bundan əlavə, etnik təmizləmə, işğal olunan torpaqlardan insanların qovulmasının əsas günahkarıdır.
Hesabatda o da qeyd edilir ki, bu gün Ermənistan hakimiyyət orqanları işğal olunan Azərbaycan torpaqlarına Suriya ermənilərinin köçürülməsini həyata keçirir. Bununla da işğal altında olan Dağlıq Qarabağda pozitiv demoqrafik görüntü yaratmağa çalışır. Lakin bu proqramın da uğursuz olduğu vurğulanır. Bütün bunların fonunda Ermənistanın özündə miqrasiya yüksək olaraq qalır. Əsas etibarilə də işğal altındakı Azərbaycan torpaqlarında vəziyyətin dözülməz olduğu qeyd edilir. Qeyd etmək lazımdır ki, Ermənistan tərəfindən müntəzəm səsləndirilən işğal olunmuş ərazilərdəki "inanılmaz həyat” ilə bağlı bəyanatlara baxmayaraq, Dağlıq Qarabağ və ona bitişik işğal olunmuş ərazilər əhalisiz qalmaqda davam edir. Uzun illərdir ki, Ermənistan hakimiyyəti bu ərazilərin məskunlaşması üçün səy göstərir, müxtəlif sosial proqramlar hazırlayır. Lakin ermənilər Qarabağda yaşamaqdan imtina edirlər. Erməni mediası dəfələrlə yazıb ki, bir neçə yüz suriyalı erməni Qarabağa gəlsə də, yaşamaq istəməyiblər.
Öz növbəsində Ermənistanın Dövlət Miqrasiya Xidmətinin rəhbəri Qagik Yeganyan hesab edir ki, 1991-ci ildən başlayaraq 1 milyon 250 min adam Ermənistanı tərk edib.Erməni saytları yazır ki, Q.Yeganyan faktları təhrif etsə də, həqiqəti gizlədə bilməyib. Bu müddət ərzində ölkəni yüz minlərlə insan tərk edib. Qeyd edilir ki, onun göstəriciləri ilə rəsmi statistika üz-üstə düşmür. Qagik Yeganyanın qənaətincə, əhalinin ölkəni tərk etməsinə ilk növbədə iqtisadi-sosial problemlər təsir edir: işsizlik, əmək haqqının azlığı, ixtisas üzrə iş tapmaq problemi və biznes mühitinin olmaması. Etnoqraf Qranuş Xaratyan isə bildirib ki, hökumət təqribən 10 il bundan öncə miqrasiyanın azaldılmasını hədəfləyən strateji proqram işləyib hazırlayıb. Ancaq bu proqram, faktiki, heç bir nəticə verməyib.
Erməni ekspertlər bu qənaətdədirlər ki, belə getsə, baş nazir Nikol Paşinyanın ölkədə ermənilərin sayını 5 milyona çatdırmaq planını puç olacaq. Baş nazir daha sonra yaxın 30 il üçün işsizliyi tamamilə aradan qaldıracağını, yarım milyon iş yeri yaradacaqlarını iddia edib. Bir il ərzində heç nəyə nail ola bilməyən "inqilabçı komanda” hətta Ermənistanı sənaye dövlətinə çevirəcəyini, ümumdaxili məhsulu 15 dəfə artıracaqlarını iddia edir. Müqayisə üçün bildirək ki, buna heç Avropanın inkişaf etmiş ölkələri belə nail ola bilməyib. Bəlkə də başqa bir dövlət buna nail ola bilərdi. Ancaq sual yaranır - hansı vəsaitlər, investisiyalar hesabına?
Yeri gəlmişkən, BMT-nin hesablamalarına görə, 2050-ci ilə qədər Ermənistan əhalisinin sayı indikindən daha da az olacaq. Ermənistan əhalisinin sayı bu ilin 9 ayı ərzində 4700 nəfər azalıb. Bu məlumatı "Joxovurd” qəzeti yayıb. Hazırkı göstərici keçən ilin analoji dövrü ilə müqayisədə 8200 nəfər azdır.Politoloq Stepan Danielyan yazır ki, Ermənistan rəsmən böhran vəziyyətindədir. Vəziyyət belə davam edəcəyi təqdirdə isə ölkədə vəziyyət daha da ağırlaşacaq. Belə olan halda Paşinyanın vəziyyəti heç də həsəd aparılası olmayacaq.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər