Alman ürək cərrahı ATU-nun qonağı oldu

Alman ürək cərrahı ATU-nun qonağı oldu

Təfsilat
23 Dekabr 2013, 14:16 1243
Tanınmış ürək cərrahı, Berlindəki Alman Ürək Mərkəzinin direktoru pr. Dr. Roland Hetzer Azərbaycan Tibb Universitetinin (ATU) qonağı olub. Alman professoru ilə görüşdə ATU-nun rektoru Əhliman Əmiraslanov, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Akademik Ə.Əmiraslanov professor Roland Hetzer barədə görüş iştirakçılarına məlumat verib. Onun sözlərinə görə, professor Hetzer ürək transplantasiyası sahəsində dünya miqyaslı mütəxəssisdir: “Qonağımız dünyanın müxtəlif ölkələrində yüksək ixtisaslı mütəxəssislər yetişdirib. Azərbaycandan da bir çox insanların əməliyyatında iştirak edib. İnanıram ki, professor Hetzerin Bakı səfəri Azərbaycanda ürək cərrahiyyəsi sahəsinin inkişafına böyük bir təkan verəcək”.

Daha sonra Ürək Mərkəzinin direktoru pr. Dr. Roland Hetzer görüş iştirakçılarına təmsil etdiyi qurum haqqında məlumat verib. Onun sözlərinə görə, ürək cərrahiyyəsi üzrə Berlindəki bu mərkəz ötən əsrin 80-ci illərində yaradılıb. Fəaliyyətdə olduğu 28 il ərzində klinika böyük uğurlar əldə edib. Hazırda mərkəz hər il yüzlərlə əməliyyat icra olunur.


Görüş zamanı ATU ilə Berlin Ürək Mərkəzinin rəhbərləri arasında müqavilə də imzalanıb. Sazişin şərtlərinə əsasən, gələn il ATU-nun ürək cərrahiyyəsi üzrə 5 mütəxəssisi bu klinikada staj keçəcək.

Görüşün sonunda professor Hetzerə “Azərbaycan Tibb Universitetinin fəxri qonağı” diplomu təqdim olunub. Qonağa həmçinin Azərbaycan xalçası hədiyyə olunub. Professor Hetzer Almaniyada ilk ürək köçürmə əməliyyatını icra edən mütəxəssislərdən biridir. O, dünyanın bir çox nüfuzlu universitetinin fəxri professoru, tibb sahəsində bir sıra iri beynəlxalq təşkilatların üzvüdür. Avropa Ürək Cərrahları Assosiasiyasının (EACTS), Amerika Cərrahlar Assosiasiyası (AATS); Alman Ürək-Damar Cərrahiyyə Cəmiyyətinin (DGHTG) və bir çox digər qurumların fəal üzvüdür.