AZE | RUS | ENG |

Alman politoloqdan Aprel döyüşləri ilə bağlı etiraf

Alman politoloqdan Aprel döyüşləri ilə bağlı etiraf
“Sarkisyan rejimini dördgünlük müharibə çökdürdü”

2016-cı ilin Aprel döyüşlərindən üç il keçsə də, Azərbaycan Ordusunun işğal altında olan ərazilərin azad edilməsi məqsədilə həyata keçirdiyi hərbi əməliyyatlara maraq və diqqət azalmır. Erməni ordusu haqında mif, dördgünlük döyüşlər nəticəsində əriyib getdi. Və o vaxtdan bəri dünya mediasında Aprel zəfəri ilə bağlı çoxsaylı məqalə, analiz və informasiyalar dərc olunur. Ən maraqlısı isə odur ki, bu tip materialların dərcinə erməni mediasında da rast gəlinir. Bu döyüşlərin Ermənistanda xaos və ruh düşkünlüyünə gətirib çıxardığı, erməni ordusunun məğlubedilməzliyi barədə özlərində yaratdıqları mifin, qısa zamanda puç olduğu etiraf edilir. Yeri gəlmişkən, bu günlərdə Berlində yerləşən ZOIS - Şərqi Avropa və Beynəlxalq Tədqiqatlar Mərkəzinin saytında qurumun əməkdaşı Nadey Duqlasla postsovet məkanı üzrə ixtisaslaşmış politoloq Silviya Şteberin dialoqu yerləşdirilib. Rusiyanın "Vestnik Kafkaza” nəşri bu materialı dərc edib. Ermənistanda "məxməri inqilab”ın ildönümünə həsr olunan məqalədə bildirilir ki, Aprel döyüşləri Qarabağ klanının iflası və Ermənistanda Serj Sarkisyan rejiminin süqutuna gətirib çıxardı. "Məxməri inqilab”ın yekunları və perspektivləri barədə danışan Nadya Duqlas ümidvardır ki, Yerevanda hakimiyyət dəyişiklikləri xarici siyasətdə dəyişikliklərə məruz qalmayacaq. "Rusiyaya münasibətdə Nikol Paşinyan ümidvardır ki, ənənəvi siyasəti davam etdirəcək. Ermənistan Avropa İttifaqı ilə də konstruktiv siyasəti davam etdirəcək. Lakin inanmıram ki, yaxın gələcəkdə Avropa İttifaqı ilə assosiativ sazişin imzalanması istiqamətində hansısa bir addımlar atılsın”, - deyə bəyan edib. Əlavə edib ki, erməni cəmiyyəti həm Avrasiya İqtisadi İttifaqı və Avropa İttifaqı ilə ziddiyyətə girmədən əməkdaşlığa can atır. Politoloq xanım qeyd edib ki, Paşinyan hökuməti üçün Azərbaycan hakimiyyəti ilə münasibətlərin qurulması prinsipial əhəmiyyət kəsb edir. "Keçirilən rəy sorğularının nəticələrinə görə, erməni cəmiyyəti sosial-iqtisadi problemlərin həllindən sonra ən ciddi problem kimi Dağlıq Qarabağ məsələsini görür. Hesab edirlər ki, bu problem ölkənin sabitliyi və təhlükəsizliyi üçün ən ciddi məsələdir. Digər regional münaqişələrdən, məsələn, Gürcüstan və Moldovadakından fərqli olaraq, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə sayıla bilməz - Ermənistanın əksər vətəndaşları da bu qənaətdədirlər”, - deyə ZOIS-in elmi işçisi vurğulayıb. S.Şteber daha sonra 2016-cı ilin aprelin əvvəlində Qarabağdakı savaş ilə 2018-ci ilin "məxməri inqilab”ı arasındakı əlaqə üzərində ətraflı dayanıb. "Azərbaycan 2016-cı ildə sübut etdi ki, işğal altında olan torpaqlarını azad etmək iqtidarındadır. Ermənistanda hökumətə qarşı böyük bir etimadsızlıq yarandı. Onu, əraziləri nəzarətdə saxlamaq və Rusiyanın Azərbaycana silah satışını dayandırmaq iqtidarında olmamaqda ittiham etdilər. Narazılıq, korrupsiyanın yüksək səviyyədə olmasından, əsgərlərin döyüşü effektiv aparmaq üçün təminatlarında ciddi problemlərin olmasından da yarandı. Bu hadisələr əhali arasında hökumətə qarşı inamın itməsinə və cəmiyyətdə narazılığın artmasına gətirib çıxardı”, - deyə o bildirib. Ekspertin qənaətincə, Paşinyan üçün Dağlıq Qarabağ məsələsində siyasi manevr etmək üçün məkan məhduddur. Bu səbəbdən də o, əvvəlki hakimiyyətdən də sərt mövqedən, məsələn, separatçıları danışıqlar prosesinə cəlb etmək kimi bəyanatlarla çıxış etməyə başlayır. Baş nazirin seçkiqabağı verdiyi vədlərin icrasına toxunan Şteber vurğulayıb ki, növbədənkənar parlament seçkilərinə qədər buna, Ermənistan Respublika Partiyasının üzvləri maneçilik yaradırdı. Xarakterik misal – yeni Seçki Məcəlləsinin qəbulu. Oliqarxlarla mübarizə sferasında qalmaqallı həbslərə baxmayaraq, köhnə tendensiyaların saxlanması davam edir – dövlət iri sahibkarlarla siyasi kompromislərə gedir. Bu isə Paşinyan hakimiyyətinin əvvəlki vədləri ilə daban-dabana ziddiyyət təşkil edir. Ekspert diqqəti başqa bir məsələyə - oliqarxlar və iri biznes nümayəndələrinə qarşı qaldırılan cinayət işlərinə yönəldir. Məsələn, "Spayka” şirkəti ilə bağlı aparılan işi bura daxil etmək olar. Bu qurumun sıravi işçiləri anlamağa başlayıblar ki, iş yerləri və bir tikə çörəkdən məhrum ola bilərlər. Nəticədə onlar hakimiyyətə qarşı etiraz etməyə başlayırlar. Analoji hal Opera Teatrı yaxınlığında qanunsuz tikilən ictimai iaşə obyektləri ilə də bağlı olub. Alman ekspert vurğulayıb ki, bütün bunlar Ermənistan hökuməti qarşısında iş yerlərini itirən vətəndaşlar üçün alternativlər yaratmağın zəruriliyini qoyur. Əsas sual isə budur: Hansı islahatlarla bu alternativləri həyata keçirmək mümkündür? Bu gün diqqət qeyri-liberal islahatlara yönəlib və buna da  Gürcüstan variantını göstərmək olar. Ermənistanla bağlı vəziyyətə gəldikdə isə əhalinin sosial vəziyyəti əhəmiyyətlidir. Çünki, bu sektor praktiki olaraq ölkədə mövcud deyil, insanlar isə böyük dəstəyə ehtiyac duyurlar. Ekspert sonda Paşinyanın, dezinformasiya xarakterli xəbərlərə qarşı apardığı metoda görə, ünvanına səslənən ittihamlara toxunub. Onun Milli Təhlükəsizlik Xidmətin rəhbərinə feyk xəbərləri yayan şəxslər və saytların məsuliyyətə alınması barədə verdiyi tapşırıqları xatırladıb.   Azər

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8952
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1496
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1764
CHF 1 1 İsveçrə frankı 1.6853
KWD 1 1 Küveyt dinarı 5.5846
TRY 1 1 Türkiyə lirəsi 0.2775