AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Alman jurnalist Nalbandyanı ələ saldı

Alman jurnalist Nalbandyanı ələ saldı

Təfsilat
23 Fevral 2017, 09:00 505
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan növbəti fiasko ilə üzləşib. Bu dəfə onu biabırçı duruma Almaniyanın "Deutsche Welle” xəbər agentliyinin əməkdaşı salıb. Nəticədə nazir etiraf edib ki, ölkəsi forpost və müstəqil siyasət yürüdə bilməyən bir qurumdur. Burada bir haşiyə çıxaq ki, forpostun sahibi də onu bu xidmətlərinə görə mükafatsız qoymur. Elə bu forpostluğunu etiraf etməsinin nəticəsidir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Edvard Nalbandyanı dünən "Dostluq” ordeni ilə təltif edib. Öz növbəsində, E.Nalbandyan Rusiya Xarici İşlər Nazirliyinin bir sıra əməkdaşlarını Ermənistan XİN-in medalları ilə təltif edib. Beləliklə, qayıdaq Nalbandyanı biabır edən qalmaqallı müsahibəsinə.
 
Alman nəşrinə müsahibəsində jurnalist ona Ermənistanın Rusiyanın forpostu olduğunu, Moskvanın icazəsi olmadan heç bir addım ata bilmədiyini, ölkənin müstəqilliyinin formal olduğunu bu və ya digər şəkildə onun diqqətinə çatdırıb. E.Nalbandyan da cavabında Ermənistanın Rusiyadan heç bir asılılığı olmadığını iddia etsə də, istənilən halda Aİ ilə saziş istiqamətində atılacaq addımların Rusiya ilə razılaşdırılacağını bildirib. Sonra isə nazirlə jurnalist arasında qalmaqal yaranıb. Müsahibəni götürən jurnalistin Ermənistanın müstəqil siyasət yürütməsi fikrinə inamsızlığı Nalbandyanı hiddətləndirib. O, jurnalisti nəzakətsizlikdə ittiham edib. E.Nalbandyan Ermənistan iqtisadiyyatının erməni diasporunun verdiyi ianələr hesabına formalaşdığını inkar etməyə çalışsa da, erməni diasporunun dəstəyini çox yüksək qiymətləndirdiklərini deyib. Daha sonra erməni xarici siyasət idarəsinin rəhbəri etiraf etməyə məcbur olur ki, Dağlıq Qarabağ münaqişəsinin həlli eyni zamanda ərazi bütövlüyü prinsipinə əsaslanmalıdır. Jurnalistin "Hansı ölkənin ərazi bütövlüyünü nəzərdə tutursunuz?” deyə əsaslı sualından isə yayınmağa çalışıb. 

E.Nalbandyan daha sonra etiraf edib ki, Ermənistanın ticarət dövriyyəsinin üçdə ikisi Rusiya ilə aparılır. Ermənistanın bir neçə il əvvəl Avropa İttifaqı ilə assosiasiya sazişi imzalamaqdan imtina etməsi və Avrasiya İqtisadi İttifaqına qoşulmasının Moskvanın təzyiqi ilə olub-olmaması sualını da cavablandırmalı olub: "Yerevan həmişə paralel olaraq sonradan Avrasiya İqtisadi İttifaqınana çevrilən Gömrük İttifaqına qoşulmaq istədiyini bildirirdi. Sadəcə, ilkin olaraq bu, mümkün deyildi. Çünki Ermənistanın Gömrük İttifaqı ölkələri ilə ümumi sərhədi yox idi. Amma ekspertlər həll variantı tapdılar, Ermənistan bu ittifaqa qoşuldu və bu üzvlük faydalı oldu”. Jurnalist erməni nazirdən Avrasiya İqtisadi İttifaqına üzvlüyünün ölkəsinə hansısa bir mənfəətinin olub-olmadığını soruşub. Nazir cavabında bildirib ki, Ermənistan 2015-ci ildə bu quruma üzv olub. Onun sözlərinə görə, xaricdən olan təsirlər quruma üzvlüyün mənfəətinin çox olmasına mane olub. Jurnalist ona Ermənistan iqtisadiyyatının ağır durumunu əks etdirən rəqəmləri təqdim etdikdə Nalbandyan suala cavab verməkdən yayınıb. Daha sonra isə nazirə Aİ-nin perspektivsiz bir quruma çevrildiyi barədə sual ünvanlanıb. Qeyd edilib ki, bir sıra ölkələrin prezidentləri, konkret olaraq Belarus prezidenti Aleksandr Lukaşenko Avrasiya İqtisadi İttifaqının toplantılarına qatılmaqdan imtina edib. Qırğızıstan isə Gömrük Məcəlləsinin müəyyən şərtlərlə qəbul edib. "Belə olan halda isə yalnız Ermənistan bu qurumdan hansısa bir mənfəət görür. Bu nə qədər ağlabatandır” sualına nazir perspektivdə qurumdan gözləntilərin olduğunu bildirib.
 
Rusiyanın öz bazarlarını Ermənistanın üzünə bağlamasının mümkünlüyü ilə bağlı suala gəldikdə isə E.Nalbandyan deyib ki, bu, fantastika janrıdır. Əlavə edib ki, Ermənistanın müxtəlif ölkələrlə ticarət əlaqələri var və bunu şaxələndirməyə çalışır. Bir faktı da qeyd edək ki, Nalbandyandan fərqli olaraq Ermənistan prezidenti Serj Sarkisyan Avrasiya İqtisadi İttifaqının perspektivsiz olduğunu dair bəyanatlar səsləndirir. Məsələn, ölkə prezidenti bu günlərdə bildirib ki, Aİİ-yə üzvlüklə bağlı nailiyyətlərlə yanaşı, vahid iqtisadi məkanın tam fəaliyyətini əngəlləyən problemlər də var. Nailiyyətlərə gəldikdə Sarkisyan qarşılıqlı ticarətdə azalmanın səngidiyini, sənaye və kənd təsərrüfatı sahələrində istehsal sürətinin artdığını göstərib. Amma qeyd edib ki, Avrasiya İqtisadi İttifaqı hələ də sosial-iqtisadi problemlərə lazımınca reaksiya verə bilmir. S.Sarkisyan xüsusilə biznes gözləntiləri, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması, inteqrasiya sahələrində hələ də problemlər olduğunu vurğulayıb və bu məsələləri bütün tərəflərin iştirakı ilə müzakirə etməyə çağırıb. "Bir sözlə ciddi irəliləyişə baxmayaraq, bir çox məsələlər hələ də açıq qalır” - deyə o bildirib. 

E.Nalbandyan isə prezidentin bu ittihamlarını heç yada da salmayıb. Erməni nazir eləcə də, ölkəsində Gömrük İttifaqına və Avrasiya İqtisadi İttifaqına qarşı olan etiraz aksiyalarını da "yaddan çıxarıb”. Bu aksiyalarda insanlar əllərində Ermənistanın Avrasiya İqtisadi İttifaqına daxil olması əleyhinə şüarlarla, "Azad, müstəqil Ermənistan!” qışqıraraq prezident iqamətgahına doğru dəfələrlə yürüş keçiriblər. Erməni müxalifəti də onlarla həmrəydir. Məsələn, erməni eksperti Levon Barseqyan hesab edir ki, Ermənistan prezidentinin "bütün erməni xalqı adından qərar qəbul etməyə haqqı olmayıb: "Gömrük İttifaqına daxil olmaq ölkəmizin müstəqilliyini təhlükə altında qoyur. Odur ki, biz Serj Sarkisyanın istefasını tələb edirik”. Erməni Milli Konqresi”nin üzvü, iqtisadçı ekspert Zoya Tadevosyan isə Qərbin sanksiyaları fonunda Rusiyada yaşanan iqtisadi problemlərə diqqət çəkərək bildirib ki, bu vəziyyət Ermənistana yaxşı perspektiv vəd etmir. Ekspert əlavə edib ki, Rusiyada iqtisadi vəziyyət optimizm doğurmur. Zoya Tadevosyan Rusiya ilə Ermənistan arasında münasibətləri şərh edərkən bildirib ki, rəsmi Moskva Ermənistana tamamilə onun təsiri altında olan ölkə kimi baxır. Erməni müxalifətçi daha sonra bu qənaətə gəlib ki, Rusiya Ermənistanı tam şəkildə özünün forpostu kimi görür”.

Azər NURİYEV