“ALMA -2018” mükafatının qalibi
"Astrid
Lindgren Memorial Award” (ALMA) 2018-in qalibi amerikalı yazıçı Cekuelina
Vudson oldu. İki ildən bir verilən mükafat bu il Nyu-York ştatına yola salındı.
Mükafatın rəsmi internet ünvanında yer alan xəbərdə bildirilir ki, uşaq və
yeniyetmə ədəbiyyatının ən yaxşı nümunələrinin müəlliflərinə təqdim olunan
mükafatın builki qalibi də 30-dan çox roman, şeir və şəkilli hekayə kitabının
müəllifidir. Vudson Amerikada ən çox oxunan uşaq ədəbiyyatı yazarıdır. Ona
dünya şöhrəti qazandıran kitabı "Qəhvəyi saçlı qızın xəyalları” ("Brown girl
dreaming”) Vudson üçün həm də janrı üzrə işıq üzü görən nümunələrə verilən ən
nüfuzlu mükafata yol açdı. Martın 27-də mükafat uğrunda mübarizəyə "Başqa
Bruklin” ("Another Brooklyn”) kitabı ilə qoşulmuş müəllif qalib elan edildi.
Ənənəyə
uyğun olaraq, mükafatın qalibi və ya qalibləri üçün nəzərdə tutulan məbləğ 5
milyon İsveç kronudur (613 min dollar – red.). Cekuelina Vudson mükafatın ən
şanslı qaliblərindən sayılır, çünki builki seçimdə onun şəriki yoxdur.
Uşaqların yumşaq ünsiyyət dilini, danışmadıqları, lakin gördüyümüz
hekayələrini, duyğularını bütün zənginliyi, rəngləri və dərinliyi ilə çatdıra
bildiyi üçün bu mükafata layiq görülən Vudson mükafatlandırma mərasimində:
"kədər və ümid arasında bölünmüş gündəlik reallıqların özünəməxsus poetik
notlarla çatdırmağın öhdəsindən uğurla gəlmiş” müəllif kimi təqdim olunub.
Vudsonun
yazdıqlarına üstünlük qazandıran əsas nüanslardan biri də hekayələrin, adətən,
bir qəhrəmanın dilindən, xüsusilə də, qadın qəhrəmanın dilindən
çatdırılmasıdır. Onun balaca, yeniyetmə qəhrəmanları böyüklərin duyğularını,
düşüncələrini, davranışlarını müşahidə edir, onları səhvə-düzə bölür. Vudson
müəyyən yaş qrupunun altında olan bir auditoriya üçün yazsa da, rasizm, dini ayrı-seçkilik,
iqtisadi sinifləşmə, sosial uzaqlaşdırma, cinsi fərqliliyin mahiyyəti kimi
dərin mövzulara toxunmaqdan da boyun qaçırmır, bu mövzuları oxucu sinfinin
dilinə, tərzinə uyğun işləyir.
Mükafat
və qalib haqqında ətraflı məlumatı fondun rəsmi səhifəsindən "www.alma.se/en”
əldə edə bilərsiniz.