• cümə axşamı, 28 mart, 16:29
  • Baku Bakı 16°C

“Allergiya irsi xəstəlikdir” - Həkim hamını narahat edən problemdən danışdı

29.04.16 17:36 2534
“Allergiya irsi xəstəlikdir” - Həkim hamını narahat edən problemdən danışdı

Son zamanlar bir çox insanın əziyyət çəkdiyi xəstəliklər sırasında allergiya da var. Bu xəstəlik istər uşaqlar, istərsə də böyüklər arasında çox geniş yayılıb. Bəs allergiyanın müalicəsi varmı, onunla necə mübarizə aparılmalıdır, sağala bilən xəstəlikdirmi?

Bu sullarla Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının allerqoloqu Tahirə Pənahovaya müraciət etdik.

- Tahirə xanım, allergiyanın yaranma səbəbi nədir?

- Allergiya insan orqanizminin hansısa allergenlərə (qida məhsulları, bitki mənşəli tozcuqlar, ev tozu, dərmanlar, heyvan tükü, kimyəvi vasitələr) qarşı yüksək reaksiyasıdır. Allergenlər orqanizmə dəri vasitəsilə, tənəffüs və qida yolları ilə daxil olur. Ümumiyyətlə, istər uşaqlarda, istərsə də böyüklərdə allergiya ola bilər. Bu xəstəliyə müxtəlif yaş qruplarındakı insanlarda rast gəlmək olar. Erkən yaşlı uşaqlarda isə əsas əlamətlər özünü dəridə və həzm yollarında göstərir. Ana qidalanmasına fikir vermədikdə, konservləşdirilmiş məhsullardan, qatqılardan istifadə etdiyi zaman uşaqlarda allergiya dəridə üzə çıxır. Yeni doğulmuş uşaqlarda dəri allergiyası ilə rastlaşırıq ki, bu da allergik diatezdir. Uşaq doğulandan iki həftə sonra dəridə səpkilər, baş dərisində qabıq qoymalar başlaya bilər. Bu zaman uşaqda qaşınma olur, yuxu rejimi pozulur, iştahı azalır. Allergiya tək qaşınma kimi özünü göstərmir, uşaqlarda bu hal bəzən özünü qusma və qarında ağrı, ishal formasında da büruzə verir. Bəzi həkimlər bunu iltihabı ishal kimi qiymətləndirirlər. Amma bunun əsas səbəbi allergiyadır. Bir çox xarici ölkələrdə buna allergik enterokolit və ya allergik kolit də deyilir. Bu, allergiyanın çox geniş yayılmış formasıdır. Əsas səbəbi də ananın yediyi qidanın tərkibi ilə bağlıdır.

- Belə vəziyyətdə uşaqlara ilk yardım kimi necə köməklik edilir?

- Allergik enterokolit və ya allergik kolit müşahidə etdiyimiz uşaqlarda bu hal nəcisdə qan izlərinin olması ilə ortaya çıxır. Belə vəziyyətdə müraciət edən valideynlərə ilk tövsiyəmiz o olur ki, qidalanmalarına fikir versinlər. Hətta analar bəzən təşvişə düşərək, bu xəstəlik zamanı hansısa bir infeksiyanın olduğunu düşünürlər. Amma onlar bilməlidirlər ki, selikli qişa çox zərif və həssas olduğuna görə bu kimi hallar baş verir. Əgər ana uşağı öz südündən məhrum edirsə və tamamilə inək südü verirsə, bilməlidir ki, bu, uşaqda allergik səpkilər və bağırsaq problemləri yarada bilər. Bunun qarşısını almaq üçün müraciət edən valideynlərdən həkimlər öncə uşaqda qızdırma olub-olmadığını soruşmalıdır və digər narahatçılıq doğura biləcək halları xəbər almalıdır. Əgər ciddi bir problem yoxdursa və ana öz qidalanmasına bu müddət ərzində fikir verirsə, bu hal tez bir zamanda aradan qalxır.

- Allergiyanın başqa hansı növləri var?

- Allergiyanın geniş yayılmış digər bir forması da allergik rinitdir. Analar bəzən uşaqlarda gecə yatdıqları zaman xorultu, çətin nəfəsalma və öskürək hallarının olduğunu deyir və bunu soyuqdəymə kimi başa düşürlər. Belə bir vəziyyətdə özbaşına, həkim göstərişi olmadan lazımsız dərmanlardan istifadə etməyə başlayırlar. Bu isə tamamilə yanlışdır, çünki əks reaksiya verə biləcək bir dərman uşağın hətta həyatını itirməsinə də gətirib çıxara bilər.

Allergiyanın daha bir ağır forması isə azyaşlı uşaqlarda boğulmalarla başlayır. Bu tənəffüs yolunun xəstəliyidir və çox təhlükəlidir. Ona görə də belə uşaqlar müntəzəm olaraq həkim nəzarəti altında olmalıdır. Bu xəstəliyi bronxial astmanın başlanğıcı kimi qiymətləndirmək olar. Çünki hazırda ölkəmizdə təxminən 20% uşaq bronxial astmadan əziyyət çəkir.

Bronxial astma zamanı uşaqlarda boğulma bəzən həftələrlə davam edir. Onlar daim oksigen çatışmazlığından əziyyət çəkir, yəni hipoksiya vəziyyətində olur. Bu da sözsüz ki, sinir sisteminə və sinir toxumasına təsir edir və uşaqlarda əsəbilik yaradır. Ümumiyyətlə, allergik xəstəliklər ilin bütün fəsillərində baş verə bilər. Lakin bəzi növləri fəsli xarakter daşıdığından əsasən yaz, yay və payız aylarında özünü göstərir. Xüsusilə bu aylarda bitkilərə qarşı həssaslıq artır və xəstəlik özünü asqırma, burunda tutqunluq, gözdə qaşınma, öskürək halları kimi biruzə verir. Bu növ allergiya mövsümi xarakter daşıyır. Buna elmi dildə pollinozda deyilir. Belə xəstələr isə həmin fəsillər bitdikdən sonra tamamilə sağalır.

- Əsəbilik allergiyanın yaranmasına səbəb ola bilərmi?

- Əlbəttə. Əgər bir uşaqda allergiya varsa, o uşaqda əsəbilik, nevrozluq halları mütləq olur. Güclü qaşınma, təngnəfəslik, boğulma hissi bu uşaqlarda sinir sistemi pozğunluğuna və nəticədə də ümumi narahatçılığa gətirib çıxarır.

- Bu xəstəlik zamanı uşaqlara antibiotiklərin verilməsi nə dərəcədə düzgündür?

- Ümumiyyətlə, biz çalışırıq ki, antibiotikləri allergiyalı uşaqlarda istifadə etməyək. Amma ola bilsin ki, bəzi vaxtlar onlarda hansısa infeksion xəstəlik yaranar və bu uşağa mütləq antibiotik verilməsi lazım gələr. Bu zaman həkimin göstərişi ilə seçimli antibiotiklərin verilməsi məsləhətdir. Allergiyalı uşaqlarda antibiotiklər çox yüksək reaksiya verə bilər. Ona görə də bu seçimdə çox diqqətli olmaq lazımdır. Çünki indi bəzi analar həkim resepti olmadan apteklərdən istədikləri dərmanları alıb uşağa verirlər.

Elə xəstələr var ki, onların yalnız dərman vasitələrinə qarşı allergiyası olur. Əgər dərman allergiyası olan uşağa antibiotik vurulsa, onda elə həmin anda anofilaksik (şok effekt) yaranar, sonda bu vəziyyət ölümlə nəticələnər.

Hətta biz belə xəstələrə istər uşaqlar, istər böyüklər olsun, diş həkiminə getdikləri zaman çox diqqətli olmalarını məsləhət görürük. Çünki diş həkiminin istifadə etdiyi hər hansı bir dərman vasitəsi ani bir vaxtda nəfəsin dayanmasına, udlaqda ödem baş verməsinə səbəb ola bilər. Ona görə də həkimə müraciət edən hər bir xəstədən bütün həkimlərin vəzifəsi onda allergiyanın olub-olmadığını soruşmaqdır. Əgər bir insanda allergiya varsa, istənilən sahə üzrə çalışan həkimin bunu bilməsi mütləqdir.

- Allergiya hansı yaş qrupunda uşaqlarda daha çox müşahidə edilir?

- Allergik xəstəliklərə hər bir yaş qrupunda rast gəlinir. Son vaxtlar isə bu xəstəliyi daha çox yeni doğulan uşaqlarda müşahidə edirik.

Anaların qidalanması, valideynlərin uşaqların yatağını yumşaq oyuncaqlarla bəzəməsi, evdəki xalçalar, aromatizatorlar, ətirlər və kimyəvi yuyucu vasitələrdən istifadə allergiyanı yaradan başlıca faktorlardandır.

- Belə olan halda analara nə məsləhət verərdiniz?

- Öncə analar qidalanmasına fikir verməlidir. Onlar təbii, təmiz qidalar qəbul etməli, genidəyişdirilmişmodifikasiya olunmuşqida məhsullarından (GMO) uzaq durmalıdırlar. Mən xüsusi olaraq vurğulamaq istəyirəm ki, bəzi analar südlərini artırmaq üçün qatlaşdırılmış süd məhsullarından istifadə edirlər və nəticədə həddindən çox istifadə uşaqlarda səpkilərin yaranmasına və vəziyyətinin ağırlaşmasına gətirib çıxarır. Bu vasitə ananın südünü çoxalda bilər, amma uşağı narahat edir. Analar xüsusilə diqqət etmələri gərəkən bir məsələ də uşaqları yuyan zaman düzgün gigiyenik qaydalara əməl etmələridir. İstifadə etdikləri sabunlar uşaqlara çox pis təsir edir. Bəzən kimyəvi yuyucular da uşaqlarda allergiyanı yarada bilər. Ona görə də analar uşaqların paltarlarını yumaq üçün istifadə etdikləri yuyucu vasitələrə diqqət etməlidirlər. Çünki son zamanlar allergiyanın hansısa uşaqda olmasını irsən deyil, məhz ətraf mühitin və qeyri-sağlam yaşayış tərzinin təsirindən meydana gəldiyinin şahidi oluruq.

- Bitkilərin allergiyanın müalicəsində nə kimi təsiri var?

- Hər insan orqanizmi müxtəlif olduğu üçün onların müxtəlif müalicə üsullarına qarşı da cavabvermə reaksiyası fərqli ola bilər. Bəzi allergiyalı xəstələrə bitkilərlə müalicə yaxşı təsir etdiyi halda, əksər insanlarda bu heçdə yaxşı effekt vermir. Əgər bir insanda bitkilərə qarşı allergiya varsa, onlara bitki tərkibli dərman vasitələrinin qəbulu məsləhət görülmür.

- Sonda hər kəs üçün maraqlı olan bir sualı da vermək istərdik: allergiya sağala bilən xəstəlikdirmi?

- Allergiya elə bir xəstəlikdir ki, burda həkimlərin edəcəyi ən əsas köməklik xəstələrin vəziyyətinin yüngülləşdirilməsidir. Bəzi uşaqlar var ki, biz onlarda tamamilə allergiyanın sağaldığını müşahidə edirik, amma elə uşaqlar var ki,onlarda bu xəstəlik davamlı olur. Ona görə də qida rasionun düzgün təşkil edilməsi, düzgün yaşayış tərzi allergiyanı tam sağalmasına kömək edən başlıca amildir.

Amma bir gerçəklik də var ki, allergiya çox zaman davamlı olur və bu prosesi dayandırmaq mümkün olmur. Burda əsas rolu irsiyyət oynayır. Çünki allergiya bildiyiniz kimi, irsi xəstəlikdir. Bəzi valideynlər soruşurlar ki, "mən uşağımı yaxşı şəraitdə böyüdürəm, düzgün qidalanır, amma hansısa qidanı qəbul etdikdən sonra səpməyə başlayır”? Biz bunu araşdıran zaman bu halın məhz irsən keçdiyinin şahidi oluruq. Çünki valideynlərin bilməsi vacib olan məslələrdən biri də budur ki, allergiya ata-anadan keçməyə bilər, əgər nənə-babada, hətta ulu nənə-babada bu xəstəlik olubsa, mütləq özünü yeni nəsildə göstərəcəkdir. Amma əksər hallarda allergiya daha çox ana xətti ilə ötürülür.

Allergiyanın davamlı proses olduğunu nəzərə alsaq, bu halda düzgün profilaktik tədbirlərin görülməsi vacibdir. Valideyn bilir ki, uşağı hansı qidanı yediyi zaman onda allergiya halları baş verir. Ona görə də o mütləq uşağını bu qidalardan maksimum dərəcədə uzaq tutmalıdır.

Mən valideynlərə tövsiyə edərdim ki, onlar uşaqlarında belə bir hal müşahidə etdikdə vaxtında həkim-allerqoloqa, mütəxəssisə müraciət etsinlər. Çünki vaxtında səbəbkar allergenin tapılması, düzgün müalicə və müayinənin aparılması bu xəstəliyi olan uşaqların tez bir zamanda sağalmasına kömək edir. Nəticədə uzun müddətli yaxşılaşma halı müşahidə olunur.

banner

Oxşar Xəbərlər