• cümə, 19 Aprel, 07:29
  • Baku Bakı 13°C

Allahın möcüzəsi – Bal arısı

11.09.14 14:06 15670
Allahın möcüzəsi – Bal arısı
Bəşəriyyətin sonuncu səmavi kitabı olan Qurani-Kərimin 16-cı surəsi Allah-Təala tərəfindən “ən-Nəhl (Bal arısı)” adlandırılmışdır. Surə 128 ayədən ibarət olsa da, bu ayələrdən yalnız ikisi sırf bal arısına aid edilmişdir. Həmin ayələrin Azərbaycan dilinə tərcümələrinin aşağıdakı variantlarını təqdim etməklə, surə və aidiyyəti ayələr arasındakı məntiqi asılılığı və bağlılığı araşdıracağıq:
68. Rəbbin bal arısına belə vəhy (təlqin) etdi: “Dağlarda, ağaclarda və (insanların) qurduqları çardaqlarda (evlərin damında, üzümlüklərdə) özünə evlər tik (pətəklər sal); (Tərcümə və şərh: Z.M.Bünyadov, V.M.Məmmədəliyev).
69. “Sonra bütün meyvələrdən (və ağac və bitkilərin şirəsindən) ye. Beləliklə Rəbbinin (xam maddələri bala çevirmək barəsində olan instink) yollarını ram və itaətkarlıqla get və pətəklə meyvənin olduğu yer arasındakı get-gəldə Allah tərəfindən ilham olunmuş yolları bir kəsə əziyyət etmədən qət et.” Onların qarınlarından insanlar üçün şəfalı rəngarəng içməli maddələr çıxır. Həqiqətən bunda (bu şərbət və dərmanın düzəldilmə mexanizmində və onu düzəldənin yaşayış tərzində) düşünən bir dəstə üçün bir nişanə vardır. (Tərcümə: A.Mehdiyev, D.Cəfərli, şərh Mirzə Əli Meşkini Ərdəbili).
Qurani-Kərimdə nə üçün məhz 16-cı surənin “Bal arısı” adlanmasının özünün məntiqi əsası olmaqla yanaşı, Quranın Allah kəlamı olmasını sübut edən maraqlı hikmətlərindən biridir. Belə ki,
1. Bal arısı ailəsini idarə edən, yəni arıların inkişafını təmin edən və yumurta qoyan ana arının yumurtadan çıxdığı günlərin sayı 16-dır;
2. Ana arının uzunluğu 16 mm-dən böyük (17-25mm), erkək arı 16 mm, işçi arı isə 16 mm-dən kiçik (12-15mm) olur, yəni hər bir fərd arının uzunluğu 16 ədədi ilə sərhədə malikdir;
3. Bal arısının 16 xromosomu vardır (bax. Q.D.Bilaş, N.İ.Kribçov. “Arı seleksiyası”, Moskva, “Aqropromizdat”, 1991-ci il, səh.140).
Həmçinin maraqlıdır ki, “Nəhl” sözünün əbcəd hesabı (nun)50+(ha)8+(lam)30=88 edir, bu isə 8+8=16 ədədinə uyğun olur. Göründüyü kimi, VII əsrdə yaşamış bəşər övladı tərəfindən bunları bilmək qeyri-mümkündür və surənin nömrəsinin 16 olması təsadüfi deyildir.
Digər bir maraqlı məqam ondan ibarətdir ki, Qurani-Kərimin 16-cı surəsinin 128 ayəsindən yalnız iki ayəsi, yəni 68 və 69-cu ayələri sırf bal arısı barəsindədir. Surənin 16-cı olması və aidiyyəti iki ayənin 68 və 69-cu yerdə olmasının digər bir hikmətinə nəzər yetirək. Belə ki, hər üç ədəddə, yəni 16-68-69 ədədlərində “6” rəqəmi iştirak edir. Bu rəqmin bal arısı ilə birbaşa əlaqəsinin olmasını aşağıdakılar sübut edir:
1. Bal arısının şanı 6-bucaqlıdır;
2. Bal arısının 6 məhsulu var (bal, mum, vərəmum, güləm, arı südü və arı zəhəri);
3. Bal arısının 6 ətrafı var;
4. Bal arısının 6 geni (idarəetmə sistemi) var.
16-68-69 ədədlərinin hikmətini araşdırarkən tərəfimizdən daha maraqlı məqamlar aşkar edildi. Belə ki, bal arısı ailəsi ana arı, işçi arı və erkək arı olmaqla 3 fərddən ibarətdir. 16-68-69 ədədlərini üç-üç, yəni bu ədədlərdən 6 rəqmini ayrırsaq, 18=6+6+6=1+8+9=18 düzgün bərabərlik alınır. Ana arıya 16 ədədini (surənin nömrəsi) aid etsək, onun rəqəmləri cəminin 7 olduğunu görərik (yəni 1+6=7). İşçi arıya aid olan 68 ədədinin (aidiyyəti ayənin nömrəsi) rəqəmləri cəmi 6+8=14, erkək arıya aid olan 69 ədədinin (aidiyyəti ayənin nömrəsi) rəqəmləri cəmi isə 6+9=15-dir. Ana arının qoyduğu yumurtadan həm işçi, həm də erkək arı çıxdığını və ana arıya aid 7 rəqəmi ilə işçi arıya aid 14 ədədinin cəminin, yəni 7+14=21 olduğunu nəzərə alsaq, alınan 21 ədədin işçi arının yumurtadan çıxdığı günlərin sayına bərabər olduğunu görərik.
Digər bir maraqlı məqam ondan ibarətdir ki, həşəratlar arasında yeganə bal arısıdır ki, “partagenoz” hadisəsinə malikdir. Yəni bu o deməkdir ki, ana arı 2 yumurtalığa malikdir və o, həm mayalanmış, həm də mayalanmamış yumurta qoyur. Mayalanmış yumurtadan işçi arı, mayalanmamış yumurtadan isə erkək arı çıxır. Deməli, ana arıya aid olan 16 ədədindən onun rəqəmləri cəmi olan 7 rəqəmini çıxsaq, alınan 9 rəqəminin üzərinə erkək arıya aid olan 69 ədədinin rəqəmləri cəmini, yəni 15-i gəlsək 24 alınar. Maraqlı odur ki, bu ədəd erkək arının yumurtadan çıxdığı günlərin sayına bərabər olur.
Həmçinin 16-68-69 ədədlərinin cəminin müxtəlif seçmə üsulları ilə 9-a bərabər olduğunu müəyyən edə bilərik. Məsələn: 16+68+69=153=(rəqəmləri cəmi)1+5+3=9 və ya 6+6+6=18=1+8=9 və ya 1+8+9=18=1+8=9 və ya 128 ayədən bal arısına aid olan 2 ayənin sayını çıxsaq yerdə qalan 126 ayənin də rəqəmləri cəmi 1+2+6=9 olur. Həmçinin surənin nömrəsi 16=1+6=7, aidiyyəti ayələrin nömrələri 68=6+8=14 və 69=6+9=15 olduğundan bu ədədlərin cəmi, yəni 7+14+15=36=3+6=9 alınır. Bütün hallarda 9 rəqəminə bərabərlik almaq mümkündür. Məlumdur ki, bütün bal arılarının pup dövrü 9 gündür.
Bilirik ki, Allah-Təala Qurani-Kərimin 3 ayəsində məhz bu kitabın ərəb dilində nazil olduğunu vəhy etmişdir. Oxucularmız üçün maraqlı olacağını nəzərə alaraq, Azərbaycanın tanınmış ilahiyyat alimlərinin XX əsrin əvvəllərində nəşr etdirdikləri Qurani-Kərimin təfsirinə aid kitablarından fikrimizi əsaslandıran seçmələr veririk:
Surə 16 (ən-Nəhl) ayə 103: “Əlbəttə, biz bilirik ki, kafirlər deyirlər:- Ona, Quranı bəşər təlim edir, o Allah tərəfindən deyil. Bu o kəslərin dilidir ki, müşriklər haqqdan ona tərəf meyil edirlər. O adam Əcəmdirmi, bir halda ki, bu Quran aşkar ərəb dilindədir. Ərəblər belə fəsahətli kəlam gətirməyə aciz olduqları halda, qeyri-ərəb olan əcəmlər onu gətirə bilərlərmi?” (Tərcümə və şərh: “Kitabül-Bəyan”, Şeyxül-İslam Məhəmməd Həsən Mövlazadə Şəkəvi).
Surə 26 (əş-Şuara) ayə 195: (Bu Quranı sənin qəlbinə) aşkar olan fəsih ərəb dilində nazil etdi. (Hər peyğəmbər gərək özünə və qövmünə məxsus olan dillə göndərilən kitab gətirsin. Əgər öz dilindən başqa bir dillə kitab gətirsə, o dili nə qədər yaxşı bilsə də, onun iddiası batil və o kitab etibarsız sayılar). (Tərcümə və şərh: “Kəşfül-Həqayiq”, Hacı Mirməhəmməd Kərim əl-Bakuvi).
Surə 46 (əl-Əhqaf) ayə 12: Bu Quran ərəb dilində olan halda təsdiq edəndir. (Tərcümə və şərh: “Kitabül-Bəyan”, Şeyxül-İslam Məhəmməd Həsən Mövlazadə Şəkəvi).
Qurani-Kərinin 16-cı surəsinin 68 və 69-cu ayələrindəki “tikmək”, “yemək”, “getmək”, “qət etmək” və “çıxarmaq” felləri ərəb dilinin qrammatikasına görə qadın cinsinə mənsub şəkildə verilmişdir. Son əsrlərdə elm və texnikanın imkanları ilə sübut olundu ki, bal gətirən arılar işçi arılardır və onlar dişi (qadın) cinslidir. Məhz bu səbəbdən də Qurani-Kərimdə qeyd etdiyimiz fellərin dəqiq olaraq qadın cinsində verilməsi, yəni işçi-dişi arılara aid verilməsi Qurani-Kərinin fəsahətli kəlam olmasına və onun ərəb dilində nazil edildiyinə dair sübutlardan biridir.
Yuxarıda qeyd etdiyimiz kimi, bal arısına aid olan “partogenoz” hadisəsi xüsusi bir hadisədir. Belə ki, ana arı Allah-Təalanın buyruğu ilə elə yaradılıb ki, heç vaxt öz qardaşı ilə cütləşmir və ana arı erkək arılar ilə cütləşmədən də yumurta qoymaq qabiliyyətinə malikdir. Fəqət bu mayalanmamış yumurtalardan çıxan arının cinisiyyəti erkək (kişi) olur. Qurani-Kərimin 16-cı surəsinin 68-ci ayəsində Allah-Təalanın bal arısına vəhy etdiyi aşkar bilinir. Allahın vəhy etdiyi varlığın kamil bir varlıq olmasına şübhə olmamalıdır. Bu fakt həm islam, həm də xristian aləmi üçün mühüm bir faktı təsdiq etməyə kömək edir. Belə ki, Məryəmin İsa peyğəmbəri dünyaya gətirməsi barədə sonuncu səmavi kitab olan Qurani-Kərimdə verilən aşağıdakı ayələrə diqqət edək:
Surə 3 (Ali-İmran) ayə 47: (Məryəm:) “Ey Rəbbim! Mənə bir insan əli toxunmadığı halda necə uşağım ola bilər?” – dedikdə, (Allah) buyurdu: “(Bəli) elədir, (lakin) Allah istədiyini yaradır. O, bir işin əmələ gəlməsini qərara aldıqda, ona ancaq “Ol!” deyər, o da (dərhal) olar.
Surə 19 (Məryəm) ayə 20. (Məryəm) dedi: “Mənim necə oğlum ola bilər ki, mənə indiyədək bir insan əli belə toxunmamışdır. Mən zinakar da deyiləm!” (Tərcümə və şərh: Z.M.Bünyadov, V.M.Məmmədəliyev).
Ayə 21. (Cəbrayıl) dedi: “Dediyin kimidir, (ərsiz arvadın övladı olmaz), (amma) sənin rəbbin Allah-Təala buyurdu ki, (sənə atasız oğul vermək) mənim üçün çox asandır. (onu atasız yaradarıq ki,) insanlar üçün bizim tərəfimizdən (rəhmət və qüdrətimizə işarə olan) dəlil və sübut olsun. (ey Məryəm, bu uşağın - İsanın səndən olması Allah-Təalanın elmində sabit olan) bir hökmdür”, (gərək olsun). (Tərcümə və şərh: “Kəşfül-Həqayiq”, Hacı Mirməhəmməd Kərim əl-Bakuvi).
Ayə 22. (Cəbrail Məryəmin yaxasına üfürməsi ilə) Məryəm (İsaya) hamilə qaldı. (Doqquz saatdan sonra doğuş əlaməti Məryəmdə zahir olanda) şəhərdən uzaq olan yerə çəkildi. (Tərcümə və şərh: “Kitabül-Bəyan”, Şeyxül-İslam Məhəmməd Həsən Mövlazadə Şəkəvi).
Doğurdan da Cəbrailin üfürməsi ilə Məryəmin İsa peyğəmbərə hamilə olmasına şübhə edənlərə yuxarıda qeyd etdiyimiz ana arıların cütləşmədən də yalnız (buna diqqət edin!) və yalnız erkək arı çıxardacaq yumurta qoymaları tutarlı bir misal olmalıdır. Deməli Məryəmin İsa peyğəmbəri dünyaya gətirməsinin Allahın iradəsi ilə baş verdiyinə heç bir şübhə olmamalıdır.
Digər bir maraqlı məqam ondan ibarətdir ki, bal arısının maksimal məhsuldar uçuşu 3km radiusundadır. Bal arısı bu radiusda tapdığı çiçək sahəsini, eləcə də pətəkdən həmin sahəyə qədər olan məsafəni müəyyən edir və bu barədə pətəkdə olan arı ailəsinə özlərinə məxsus nitq vasitəsilə xəbər verir. Bu o deməkdir ki, pətəkdən həmin sahəyə neçə arının və hansı məsafədə getməsi pətəkdəki arı ailəsinə nitq vasitəsilə çatdırılır. Çünki artıq sayda arının həmin sahəyə getməsi əlavə bal tükənməsinə səbəb olar və ailə heç bir nəticə əldə etməz və ya gətirdiyi məhsul apardığından az miqdarda olar. Eyni zamanda artıq sayda arının məhsul olan sahəyə aparılması həmin arılarının artıq əziyyət çəkməsinə səbəb ola bilər. Deməli belə bir informasiyanı arıların yalnız özlərinə məxsus nitq vasitəsilə çatdırması mümkündür (sahə, say və məsafəni müəyyən edib çatdırmaq). Bu isə Qurani-Kərimin yuxarıda qeyd etdiyimiz 69-cu ayəsində verilmiş “Rəbbinin (xam maddələri bala çevirmək barəsində olan instink) yollarını ram və itaətkarlıqla get və pətəklə meyvənin olduğu yer arasındakı get-gəldə Allah tərəfindən ilham olunmuş yolları bir kəsə əziyyət etmədən qət et.” hikmətin tam doğruluğunu və arıların buna tabe olduğunu sübut edir.
Daha bir maraqlı məqam ondan ibarətdir ki, həşaratlar arasında yeganə olaraq bal arıları Allah-Təalanın hikmətilə öz ömürlərini bir neçə dəfə artırmaq qabiliyyətinə malikdirlər. Məsələn normal bal arısı mövsüm ərzində 30-35 gün yaşadığı halda, qışlamaya gedəndə ömrünü 6-7 ay (180-210 gün) artırır. Eyni yumurtadan çıxan ana arı isə 5 il (60 ay, 1800 gün) yaşamaq qabiliyyətinə malikdir. Bu nisbəti, yəni 1800 ədədini 30 ədədinə bölsək K=60 ədədini əmsal olaraq alarıq. İnsanın bu dünyada təxmini yaşamaq müddəti 60-115 il olduğunu nəzərə alsaq, həmin K=60 əmsalını tətbiq etsək 3600-6900 il edər. Bu isə Nuh, Əyyub və digər peyğəm¬bər¬lərin uzun müddət yaşaya bilməsini, həmçinin Hz. İsa peyğəmbərin və İmam Hz. Mehdi Sahib əz-Zamanın qeybə çəkilərək qiyamət günü zühur edəcəklərinin mümkün olmasını sübut edə bilər. Bunların hamısının Allah-Təalanın hikmətilə mümkün olmasına şübhə qalmamalıdır.
Deməli, belə bir nəticəyə gəlmək olar ki, bal arıları bütün fəaliyyətlərini Allah-Təalanın iradəsi ilə həyata keçirir, onlara edilən vəhyə tabe olur və əməl edirlər. Həmçinin bunu Qurani-Kərimin 16-cı surəsinin 68-ci ayəsində qeyd edilən “Rəbbin bal arısına belə vəhy etdi” hikməti də təsdiq edir.
Rövşən Tağıyev,
arıçı
Mətləb Məmmədov,
riyaziyyat üzrə fəlsəfə doktoru
banner

Oxşar Xəbərlər