• cümə, 29 Mart, 06:25
  • Baku Bakı 5°C

Allah bu ömrü bizə verib ki…

28.06.13 08:50 2057
Allah bu ömrü bizə verib ki…
Bəlkə də işi göz qabağında olduğundan danışmağı o qədər sevmirdi. Haqqında da deyirdilər ki, qapalı adamdır. Ancaq bir neçə il bundan əvvəl birtəhər razı salıb onunla görüşmək üçün tanış ünvana – Milli Dram Teatra yollananda qapıda öncə o zamankı rəhbərliyin yeni qaydası ilə üzləşmişdim: “gözləmə salonunda gözləmək qadağandır!” Ya-ğışda, qarda, fərqi yoxdur, hansı hava şəraiti olursa-olsun - teatrın qapısının çöl tərəfində kimi və nə qədər istəyirsən gözləyə bilərsən. Düzü, sənət ocağının yolunu tanıyandan bəri belə qadağa ilə rast-laşmamışdım. Səyavuş Aslan əlbəttə, bu münasibəti eşidincə bərk əsəbləşdi. Onun polislə uzun ol-mayan mübahisəsindən sonra "sərhəd"i keçməyə müvəffəq oldum. Görüşünə həvəslə tələsdiym mü-sahibimin ovqatının belə təlx olması qabaqcadan verəcəyim sualları da istər-istəməz alt-üst etdi.
Gizlətməyəcəyəm, elə bil açığını jurnalistlərdən çıxdı: “Mən ümumiyyətlə, jurnalistlərdən qaçıram. Bilmirəm, özünüz də fikir vermisiniz, yoxsa yox. İndikilər keçmiş jurnalistlər, teatrşünaslar kimi adamdan sorğu-sual eləmirlər. Özləri teatrın içini, quruluşunu, teatrın nə demək olduğunu bilmirlər, amma adamdan elə şeylər soruşurlar ki, əsəbləşməmək olmur. Ona görə də demişəm ki, heç kimə müsahibə vermirəm. Bir də cavan-cavan qızlar - təzə jurnalistlər əmələ gəlib, ağızdan bir söz qapıb onu öz maraqlarına uyğun elə işlədirlər ki, adamın lap əti tökülür”.
Üzünə matdım-matdım baxdığımı görüb sanki birdən yumşaldı. Haqqında tədqiqiatçıların yazdığı, ayrı-ayrı sənət adamlarının onun maraqlı sənət yolu haqda danışdığı sözləri elə özü deməyə başladı:
- Məktəb illərində mənim həvəsim tar dərnəyinə olub. Pionerlər evində tar dərsi keçən bir erməni vardı. Uşaqlıq yoldaşım Hacağa Əzimov da dram dərnəyinə gedirdi. Onunla çox yaxınlıq etməyə başlayandan sonra onun məşqlərində iştirak etdim. Gördüm ki, dram dərnəyi daha maraqlıdır, ona görə də daha tar dərnəyinə getmədim. Bir qədər sonra dəmiryolçuların klubuna getməyə başladım. Orada rəhmətlik Ağadadaş Qurbanov rəhbərlik edirdi. İlk gündən Ağadadaş qədeşin (onu hörmət əlaməti olaraq hamı belə çağırırdı) özünə də, məşqlərinə də, uşaqlarla rəftarına da heyranlıqla vurul-dum. Həmin gündən əsas dərnəyim bura oldu. Həsənəağa Turabov, Firdovsi Naimov, Solmaz Qur-banova, rejissor Arif Ağayev də dəmiryolçular klubunun həvəskar aktyorları idi. Sonra sürücülər klubunda Manaflının dərnəyində, Bayılda Stalin sarayında məşğul oldum. Demək istəyirəm ki, o il-lərin uşaqları bir dərnəklə, bir müəllimlə kifayətlənmirdi. Boş vaxtımız da qalmırdı. Sənətə ürəklə bağlılığımız taleyimizdə böyük rol oynadı. O vaxtlar Musiqili Komediya Teatrı ansambl formasında fəaliyyət göstərirdi. Mən 1954-cü ildən xırda rollarda, kütləvi səhnələrdə oynamağa başladım”.
Yaxşı, oyna...
Hərbi xidmətini Lənkəranda keçən S.Aslan hərbi hissədəki kluba üzv olub. O, klubda "Məşədi İbad"ı hazırlayıb, özü də baş rolda oynayıb. Həmin tamaşanın maraqlı tarixçəsini isə heç vaxt unutmurdu: "Tamaşa hazır olduqdan sonra Bazar gününə afişa vurulur. Rota komandirini tapmadı-ğımdan icazə üçün kimə ağız açdımsa "yox" cavabı aldım. Məcbur olub "qaçdım". Hasardan aşıb birbaş kluba tərəf götürüldüm. Əsgər paltarını soyunub stolun söykənəcəyinə keçirdim. Özüm də qrimləndim, geyinib- keçinib getdim "adaxlıbazlığa". Elə birinci pərdəni qurtarıb səhnədən çıxan ki-mi baş leytenant və iki siravi əsgər məni yaxaladı. Sən demə, patrullar küçədən keçəndə içəridə əs-gər paltarları görüb və tez içəri keçib bu paltarın kimin olduğunu soruşurblar. Məni tutub apardılar. Klubun müdiri və tamaşaçılar nə qədər dil-ağız etdilərsə, xeyri olmadı. Baş leytenant səhnəyə çıxıb "camaat, tamaşanın 2-ci hissəsi olmayacaq. Qayda-qanunu pozduğu üçün Məşədi İbadı tutub aparı-rıq" deyə elan etdi. Məni birbaş qauptvaxta gətirdilər. Üç sutka yatdım. İki həftə sonra kluba getdim və tamaşanı sonadək oynadım".
S.Aslan hərbi xidmətini başa vurduqdan sonra Bakıdakı teatrlarda yer olmadığı üçün Quba Dövlət Dram Teatrında işləməyə başlayıb. 1959-cu ildə Musiqili Komediya Teatrına qəbul olaraq düz 15 il orada çalışıb: “Amma həmişə arzum dram teatrda çalışmaq idi. Bu o demək deyildi ki, dram teatrda yalnız dramatik rollar oynanır. Mən öz ampluama uyğun rollar oynamaq istəyirdim“. Dram teatrda Qorkinin "Həyatın dibində" əsərində, o cümlədən İ.Əfəndiyev, B.Vahabzadə və Elçinin əsərlərində baş rollar ona həvalə ediləndə sevincinin həddi-hüdudu olmayıb.
1959-cu ildə „Muskomediya“nın bədii rəhbəri və direktoru Şəmsi Bədəlbəyli idi. Kollektivdə M.Kələntərli, L.Abdullayev, B.Səfəroğlu, İ.Şərifov, Ə.Səfai, Nəsibə xanım kimi tanınmış aktyorlar çalışırdı. Səyavuşu teatrın yardımçı heyətinə götürürlər. O, sınaq rolunu uğurla oynaya bilsəydi, ak-tyor keçirmək olardı. Ş.Bədəlbəylinin quruluş verdiyi "Toy kimindir?" musiqili komediyası populyar tamaşalardan idi. Şəmsinin göstərişi ilə Niyaz Şərifov S.Aslanla Qoşun rolunu məşq etdi. Tamaşada bu surəti L.Abdullayev oynayırdı və yaxşı da uğur qazanmışdı. S.Aslan rola hazır oldu. Nəvbəti ta-maşada Qoşunu gənc aktyor Səyavuş Aslanın oynayacağı elan edildi. Tamaşa axşamı Ş.Bədəlbəyli təzəcə qrimə başlamış Səyavuşun yanına gəlir:
- Səyavuş, oğlum, qoy bu gün Lütfəli oynasın, sən gələn dəfə oynarsan. Özbəkistandan çoxlu qo-naqlar gəlib. Hər halda Lütfəli oynasa yaxşı olar. Həm də baxma "Arşın mal alan" filmindən sonra Lütfəlini Özbəkistanda da yaxşı tanıyırlar.
Səyavuş pərt olsa da, ötkəmliklə dedi:
- Şəmsi müəllim, əgər bu tamaşada oynamasam, teatrdan təmiz çıxıb gedəcəm. Pis də oynasam, əri-zəmi yazıb verəcəm sizə.
Təcrübəli sənətkar hiss elədi ki, vəziyyət kəskin mənəvi psixoloji hal alıb. Səyavuş bulud kimi dolub. Bu axşam edilən səhv hərəkət bəlkə də gələcəyin maraqlı bir aktyorunun itirilməsinə səbəb ola bilər. Götür-qoy edib razılıq verdi:
- Yaxşı, oyna... Görək imtahandan necə çıxacaqsan.
Pərdə açıldı. Əvvəl bir qədər gərginlik oldu. Səyavuş ani olaraq duruxdu, ancaq özünü ələ alıb oyu-nuna davam etdi.
Tamaşa maraqlı keçdi. Hər üç sənətkar pərdə arxasına keçib Səyavuşu təbrik etdilər. Sabahısı günor-taüstü bildiriş lövhəsində Səyavuş Aslanın aktyor heyətinə keçirilməsi haqqında əmr asılmışdı.
„Gizlətmirəm də, danışıram...“
Deyirdi ki, təsadüfən aktyor olmaq olmur. Aktyorluğu gərək sevəsən, istəyəsən. „Bu sənət dəryadır, təmizləyir, çör-çöpü bayıra atır. İstedad hamısında var, amma kimdə inkişaf edirsə, o ilişib qalır bu sənətdə. Kimsə bu sənətə təsadüfən düşürsə, sonradan başqa peşə ardınca gedir. Bəzən valideyn uşağı məcbur edir ki, mən dənizçiyəm və ya dəmiryolçuyam, gərək sən də bu sənətləri seçəsən. Mən gəncliyimdə dəmiryolu məktəbində oxumuşam. Mən də, Hacıbaba da paravozsürən, maşinist kö-məkçisi olmuşuq. Ancaq tale elə gətirdi ki o da, mən də aktyor olduq“.
Azərbaycan teatrının vəziyyəti ilə bağlı də optimist idi. „Sənətin agırlığı sizin çiyinlərinizdədir“ deyənlərlə razılaşmırdı: „İnanmıram ki, gələcək yox olsun. Gələcək hər bir vaxt olacaq. Heç kəsin ağlı gəlməyən yerdən elə bir adamlar çıxacaq ki, xalqın özünə də ləzzət verəcək. İnanıram ki, papaq altında gizlənən oğlanlar var, sadəcə onlara şərait lazımdır. Bizə vaxtında şərait yaradılmayıb. Özü-müz birtəhər yol axtarıb tapmışıq. Onlar da axtarışdadırlar. Yerlərini axtarıb tapacaqlar. Ümid edi-rəm ki, teatr aləmi kimə görəsə əziyyət çəkməyəcək. Vaxtilə bizim çox gözəl aktyorlarımız olub. Ye-nə də var. Buna da min şükür!“
Həyatının keşməkeşləri də çox idi. Səhnədən insanlara gülüş bəxş edən aktyorun içi qan ağlayırdı. Amma özünü sındırmırdı. Deyirdi ki, Allah-təala dərdi həmişə çəkənə verir: „Allah insanı yaradan-da birtərəfli xoşbəxt edə bilməz axı. Belə həyatda yaşamağın özünün də ləzzəti olmaz. Belə həyat yeknəsək olar. Ona görə də həyatda dərd də, sevinc də olur. Dərdə gələndə mənim həddindən artıq dərdim çoxdur. Bişirib-düşürənim yox... Belə götürəndə ailədə faciələr olub, çox olub. Mən demək istəmirəm. Onsuz da mənim həyatım bilinir. Gizlətmirəm də, danışıram...“
Bir neçə il idi xəstə yatırdı Səyavuş Aslan. Qapısını döyən, onu yoluxmağa gələn sənət yoldaşlarına daha çox əlçatmaz xatirələrini vərəqləyirdi. Onu unudan, bircə dəfə arayib-axtarmayan, sağlığında çox hörmət etdiyi insanlara haqlı gileyi də səslənirdi. Özü deməsə də, İlham Rəhimli "Səyavuş As-lan" kitabında onun hamının dadına çatan bir insan olduğunu yazıb:
"Kollektivdə işlədik gərək hamının dərdindən xəbərdar olasan, o da qaldı teatr kimi yerdə. Neynim e, anam məni elə doğub də. Söysəm də, hirslənib yaxamı-başımı cırsam da, ürəyimdə xılt yoxdu. Vallah yoxdu... Bax... evlənmək istəyir, bu yaxında toyudur. Söz vermişəm ki, şadlıq evlərindən bi-rini alım onunçun. ... in anası xəstədir, ağırdı, getmək istəyir rayona. Direktor icazə vermir. Ona ica-zə aldım (yumşaqca səsini arıtlayıb öskürür, bu onun kövrəlməyinin ilk əlamətidir). Duruşundan hiss elədim pulu yoxdur. Tinə ona görə çəkdim ki, yol xərci verdiyimi görən olmasın. Allah Lütfəli Ab-dullayevə rəhmət eləsin, o öyrədib məni...".
Ən əsası, ölümün haqq olduğunu bilirdi Səyavuş Aslan: „Əsl sənət adamları - bəstəkarlar, artistlər, din xadimləri, şairlərə Allah vergi verir və onları yaşadır. Biz vergili adamlarıq. Vergi olmasa, mən sizin və ya hər hansı bir ingilisin həyatını səhnədə yaşaya bilmərəm. Biz öz həyatımızı da, səhnə hə-yatımızı da birləşdirib Allah yolunda yaşayırıq ki, nə vaxtsa ömrümüz qurtaracaq. Allah bu ömrü bi-zə verib ki, ikili həyat keçirək. İnsan ömrü Allah-təala tərəfindən adama bəxş olunur. Nə qədərini isə Allahdan başqa heç kim bilə bilməz“.
Özünün hələ sağlığında razılaşdığı və qəbul etdiyi qismət onu da haqladı. Tanrının ona ayırdığı ömür payı beləcə sona yetdi: 77 yaşlı sənətkar şöhrətinin ucaltdığı, əzabından yorulduğu dünyaya vida dedi. Özündən sonra milli teatr və kino tariximizə bəxş etdiyi əvəzsiz rollar qaldı…
Allah rəhmət eləsin!
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər