• cümə axşamı, 25 aprel, 13:07
  • Baku Bakı 23°C

Çalışqan və inadkar menecer - Uğur hekayəsi

15.07.16 11:19 7014
Çalışqan və inadkar menecer  - Uğur hekayəsi
Onun fikrincə, insan öz taleyini, qismətini özü dəyişə bilər. Deyir ki, Allah insanlara seçim imkanı verib, sadəcə, o imkanlardan maksimum istifadə etməliyik. O da imkanlarından maksimum istifadə edir və çalışqanlığı, inadkarlığı nəticəsində istədiklərini əldə edir. Müsahibimiz "PAŞA Bank” ASC-nin Debitorların Maliyyələşməsi şöbəsinin rəhbəri Aynurə Piriyevadır.

- Avtobioqrafiyanıza nəzər saldıqda görmək olur ki, uzun müddət könüllü kimi çalışmısınız. Necə oldu ki, könüllü olaraq işə başladınız?
- Könüllülük fəaliyyətim Azərbaycan Dillər Universitetində təhsil aldığım dövrdən başlayıb. Xatırlayıram ki, tələbə yoldaşlarımızla bir sıra sosial və xeyriyyə layihələri həyata keçirirdik. Daha sonra, 2008-ci ildə müxtəlif imtahanlardan keçərək ABŞ-ın Dövlət Departamentinin maliyyələşdirdiyi mübadilə proqramı ilə Amerikanın Nyu-York Ştatında təhsilimi davam etdirdim. Vətənə geri qayıtdıqdan sonra ABŞ Təhsilli Məzunlar Birliyinə qoşuldum və orada bir çox layihələrin təşəbbüskarı oldum, Amerikada aldığım bilik və qazandığım təcrübəni bacardığım qədər bölüşməyə çalışırdım. Bir müddət sonra aktiv fəaliyyətimə görə təşkilatın İdarə Heyətinə üzv seçildim, daha sonra isə icraçı direktor vəzifəsinə təyin olundum. Qeyd edim ki, Azercell şirkətində çalışmağa başladıqdan sonra, könüllülük fəaliyyətimi davam etdirmək üçün İdarə Heyətinə namizədliyimi irəli sürdüm, amma bu dəfə sədr olaraq seçildim.
Könüllü fəaliyyət qarşılıqsız olaraq yaşadığın cəmiyyətə fayda gətirməkdir. ABŞ-da təhsil aldığım bir il müddətində bizə bu dəyəri aşıladılar ki, eqoistik şəkildə pulunu qazanmaq, yaşadığın cəmiyyətdən faydalanmaq deyil, eyni zamanda yaşadığın cəmiyyətə qatqın olmalıdır, biliyini, bacarığını paylaşmalısan. Oradan qayıdandan sonra insanın daxilində vicdan borcu olur ki, sənə investisiya qoyub oxudublar və sən öyrəndiklərini öz cəmiyyətində paylaşmalısan. Mən paytaxt Bakıda deyil, Gəncədə doğulub orta məktəbi orada bitirmişəm. Vaxtilə ABŞ-da təhsil alıb qayıdan bir gənc xanım məktəbimizə gəlib Amerikadakı təhsil proqramı və öz uğur hekayəsini bizimlə paylaşmışdı. Mən də, öz üzərimdə daha da çox işləməyə, ingilis dilini təkmilləşdirməyə başladım ki, illər sonra bu proqrama müraciət edə bilim. O xanımı heç kim məcbur etmirdi ki, biliklərini region gəncləri ilə paylaşsın. Amma onun bu addımı, demək olar, mənim həyatımda dönüş nöqtəsi oldu. Mənim də içimdə bir borc var ki, gənclər üçün faydalı olan bilik və bacarığımı paylaşım. Buna görə könüllü olaraq regionlarda bir sıra təlimlər və layihələr həyata keçirmişəm. Şəhərdə yaşayan gənclər çox imkanlardan bəhrələnə bilirlər, amma regiondakı gənclərin imkanları çox məhduddur. Bu baxımdan regiondakı gənclərimizə istiqamət verməyə çalışır, nələri edərək uğur qazandıqlarımızı onlarla bölüşməyə daima səy göstərirəm. Könüllü fəaliyyətim yalnız regiondakı gənclərə təlimlər keçməklə bitmir. Bundan başqa layihələr də gerçəkləşdiririk.


banner

Oxşar Xəbərlər