• cümə axşamı, 28 mart, 15:56
  • Baku Bakı 16°C

“Çalışıram ki, gecə 1-dən sonra işləməyim” - Gör-götür

06.04.18 09:00 2173
“Çalışıram ki, gecə 1-dən sonra işləməyim” - Gör-götür
İşinin fanatı olan adamdır, onun iş rejimi standart iş saatları ilə uyğunlaşmır. Onun işi 6-ya deyil, bəzən gecə 3-ə qədər davam edir. Əgər özünə az işləməklə bağlı limit qoysa da, bu, gecə 1-dən sonra işləməməklə bağlı olar. Bunu onun mətbuat fəaliyyətini izləyənlər bilir. Çünki ortada nəticə varsa, deməli, əziyyət də var. Müsahibimiz jurnalistikada daim qaynar mühitdə olan, sıfırdan başlamağı sevən tanınmış jurnalist, fed.az saytının baş redaktoru Əli Əhmədovdur.

- Rəqəm, yorucu statistika deyə adət edilən iqtisadiyyat jurnalistikasına maraq gətirməyi bacaran adam deyə bilərik sizə. Bu, necə baş verdi?
- İşə təzə başlayanda rəqəmləri çox sevirdim. Çünki rəqəmlərlə danışmaq rahatdır, əlində sübutun olur. Amma sonra gördüm ki, rəqəm onu oxuyan hər kəsin başa düşdüyü halda yaxşıdır. Əgər oxucu o rəqəmi başa düşmürsə, onu vermək nəyə lazımdır? Getdikcə jurnalist yox, oxucu tərəfdən baxmağa başladım və rəqəmləri maksimum dərəcədə sadələşdirməyə çalışdım. Rəqəmdən fikrimi təsdiqləmək üçün istifadə etməyə və dərhal da rəqəmin içindən çıxmağa çalışıram.

- Rəqəm çox olanda oxucunu yorur.
- Əlbəttə, biz jurnalistlər mövzunun içində oluruq deyə, bəzən elə bilirik ki, hamı hər şeyi bilir. Amma bu, belə deyil. Bizim günlərlə üzərində işlədiyimiz bir mövzu onların bir neçə dəqiqəyə oxuyacağı materialdır. Ona görə, yazıları oxucunun bir dəqiqədə mövzunu başa düşəcəyi şəkildə maksimum sadə etməliyik.

- Amma rəqəmi götürüb yazının içindən atmaqla da olmur. İqtisadiyyat xəbərlərini sadə dildə olması üçün jurnalistlər nələri bilməlidir?
- Mövzunu bilməli, prosesi izləməlidirlər. 10 ildir baş verən prosesi qəflətən "hadisə” kimi təqdim etmək olmaz. Bir hadisəni tamamilə fərqli cəhətdən bir neçə adamın maraqlarına uyğun yazmaq olar. Kim üçün yazırsansa, özünü onun yerinə qoymalı, "Bu adam nəyi bilmək istəyir?” sualını özünə verməlisən. Onu biləndən sonra necə yazacağını müəyyənləşdirmək asan olur.

Əslində iqtisadi jurnalistika çətin bir şey yoxdur, hətta mən deyirdim adi jurnalistikadan da asandır. Sadəcə, jurnalist məsələyə diqqətlə yanaşmağa bacarmalı, faktlardan əlavə, özünə "Niyə?” sualını verməlidir. Məsələn, qiymətlər artır. Niyə? Bu sual bir qapıdır, niyəsi ilə maraqlananda ortaya çox məsələlər və mövzular çıxır.
Ümumiyyətlə, mən deyərdim m ki, iqtisadi jurnalistika anlayışı yoxdur. Jurnalistika və jurnalist var. Bəzən o, iqtisadiyyatdan yaza bilər, bəzən də sosialdan. Mən belə ixtisaslaşmanın qəti əleyhinəyəm. Əsas olan lazımi məlumatları alıb oxucuya təqdim etməkdir.
- Maraqlıdır, iqtisadiyyat jurnalistikası seçiminiz məqsədli olub?
- İqtisadiyyata gəlməyim ölkənin ilk iqtisadi qəzeti olan "Ekonomiks”də olub. Sonra "525-ci qəzet”, ANS, İTV-yə keçdim. Hər birində işləyəndə başqa bölməyə, məsələn siyasət şöbəsinə keçmək imkanım olub, amma getməmişəm. Bura mənim üçün rahatdır, yazdığın hər bir şeyi sübut edə bilirsən.

- Daim qaynar bir iş mühitində olmusunuz. Bu cür rejimlə çalışmağı sevirsiniz, yoxsa işlər belə gətirib?
- Mən ümumiyyətlə, narahat adamam. İndi sizə müsahibə verə-verə fikirləşirəm ki, sayta iki məlumat yerləşdirməliyəm, fürsət olsaydı onu edərdim. Kompüterim də yanımdadır (Gülür). Mənim iş rejimim belədir, vaxt limitlidir və ondan məhsuldar istifadə etmək lazımdır. Çünki onlayn jurnalistikaya keçdik və tələb operativlikdir. Əvvəl qəzet idi, axşam 7-də materialı təhvil verirdik, sabah da qəzetdə yayımlanırdı. Onlayn jurnalistikada isə xəbəri 5 dəqiqə fərqi ilə yayımlamaq rəqabəti var. Onlayn jurnalistika adamı kompüterə bağlayır. Mobil telefonların insanların bu cür ayrılmaz hissəsinə çevrilməsi bizim işimizə də təsir edib. Artıq iş 6-da bitmir, axşam 8-də ikinci növbə başlayır. Adamlar 6-da işdən çıxıb evə gəlirlər, yeməklərini yeyib, 8-dən sonra telefona keçirlər, ona görə biz də həmin vaxt onlayn olub, yeni xəbərləri verməliyik. Bir də işinin fanatı olan adamam. Bəzən maşında da oturub işləmişəm.


- Rəhbər vəzifədə olan jurnalistlərin tədbirdə yazı yazdığını nadir hallarda görə bilərik. Amma siz getdiyiniz tədbirlərdən açıqlamaları özünüz yazırsınız.
- Baş redaktor olmağım simvolikdir, əslində işçilərdən biriyəm. Baş redaktor kimi mövzular və redaktə məsələlərinə baxıram, çatdırmayanda əsas istiqamətləri deyirəm. Əsas istiqamətləri yazıbsa, bu, mənə kifayət edir. Hərf səhvləri kimi mənasız məsələlərə fikir vermirəm. Məsələn, "novostroyka” yazılmağını çox böyük problem hesab etmirəm. Oxucumun məni başa düşməsi daha önəmlidir.

- Bəs işçilərin yerinə özünüzü qoyursunuz? Sizinlə işləmək çətindir?
- Mənim menecerliyim zəifdir, hətta bəziləri məni çətin adam sayır. Ona görə, əvvəldən hər şeyi izah edirəm, çərçivələri, qaydaları bildirirəm. Xüsusi sərt qaydalar da yoxdur. Materialda filan şeylər olmalıdır tipli nüansları deyirəm. Mühüm bir məsələ, «mən dedimsə belə olmalıdır» deyə prinsipim yoxdur, qarşımdakı daha yaxşı variant təklif edirsə, onunla razılaşıram. Dəfələrlə olub ki, redaksiyada az qala bir saat izah etdiyim mövqeyi, işçilərdən biri bircə arqumentlə «sındırıb» və mən də dərhal onunla razılaşmışam ki, «uşaqlar bayaqdan dediklərimi unudun, filankəs deyin kimi eləyək, o daha düz yol dedi». Bilirəm ki, çalışdığım sahə bir biznesdir və işin getməyini istəyirsənsə, burada ən düzgün seçimi etməlisən, fərqi yoxdur, o seçimi sən təklif etdin, ya da digər işçi.

- Yenilikləri xüsusi vurğulamaq lazımdır. Adətən, gündəlik işə başı qarışan işçilərin yenilik etməyə vaxtı, ya da marağı olmur. Yeniliklər günün tələblərinə görə yaranırdı, yoxsa Əli Əhmədov yenilik etməyə çalışırdı?
- Mənim yeniliklərə həvəsim də var, amma ən əsas məsələ odur ki, biz bunu etməyə məcburuq. Çünki dediyim kimi, bu, bir biznesdir və bizim rəqiblərimiz var. İqtisadiyyat saytlarının çoxu bu gün özünü dolandırmağa çalışır, iqtisadi müstəqil olmaq üçün biz özümüzü dolandırmalıyıq. Məsələn, biz canlı efirlər edirik - bu yaxınlarda "Dəmir Bank” bağlananda ora gedib, canlı yayım etdik. Yaxud, Daşınar Əmlakın Yüklülüyü haqqında reyester yaradıldı, ora gedib, insanların rahat başa düşəcəyi formada bir canlı yayımla sadə suallarla onlara müraciət etdik. Ola bilər bu ANS-dən gələn bir şeydir. Amma həm də günün tələbidir. Adamlara məsələni sadə dildə izah etməlisən, yoxsa izləməyəcəklər.

Üstəlik, indi sosial şəbəkələr də var. Bu şəbəkələr oxucularımızla interaktiv əlaqədə olmağa imkan verir. Əvvəllər belə idi, biz televiziyada danışıb çıxıb gedirdik, oxucunun səsini eşitmirdik. Ola bilər ki, kimsə bizimlə razı idi və ya əksinə, amma biz onu görə bilmirdik. İndi isə vəziyyət dəyişib, yazıb paylaşdığımız məlumatın altında, «Əli müəllim, düz demirsiniz» yaza bilən minlərlə adam var. Bunu görməmək üçün daha məsuliyyətli və obyektiv olmalıyıq.
Bu interaktivlik bizə prosesin nəbzini tutmağa şərait yaradır. Bir sözlə, biz rəqabətdəyik və buna görə təzə nəsə tapmalıyıq. Etməsək, geri qalarıq.

- Restoranlarda xəngəlin qiymətini yazmaq da yenilik idi?
- O xəbəri hazırlayanda irad tutdular ki, sizə yaraşmaz. Əlbəttə, bu, yenilik deyildi, amma lazımlı idi. Çünki biznesdə təkcə qazanmaq yox, həm də xərcləmək haqqında xəbərlər olmalıdır. Adamlar həm qazanmaq, həm də xərcləmək üsullarını bilmək istəyirlər. Pulu qazanan adam həm də yemək istəyir. Ona görə də restoranlarda hansısa təamın qiymətini yazmaqda bir problem görmürəm.

Ümumiyyətlə isə, bizim məqsədimiz faydalı məlumatlar verməkdir. Biz qarşımıza ən populyar və ən maraqlı sayt olmaq məqsədi qoymamışıq. Məqsədimiz ən faydalı məlumat mənbəyi olmaqdır.

- İqtisadiyyat jurnalistikası bu gün öz gəlirli olmağa başlayıb. Bəs jurnalistikanın digər bölmələrində də bunu formalaşdırmaq olar?
- Mətbuat iqtisadiyyatın güzgüsüdür. Mətbuat özünü dolandıra bilər, hətta gəlirlə işləyə bilər. Ümumiyyətlə, bütün bizneslərin uğurlu olub-olmadığının bir göstəricisi var - özünü dolandıra bilir, yoxsa yox.

- Qəzet, televiziya, radioda fəaliyyətiniz var idi. Elektron media aktuallaşmağa başlayanda bu sferaya keçid etdiniz. Qeyd etdiyim mətbuat növlərində uzun müddət çalışanlar sonradan onlayn mediaya keçməkdən bəzən çəkinirlər. Keçid sizin üçün çətin olmadı ki?
- Yox, çünki çap mediasından 2001-ci ildə ayrılıb TV-yə gəlmişdim. TV elektron media kimidir, bütün gün canlı xəbər verilməlidir. ANS-də gərgin rejimdə işləyirdik, təsəvvür edin, gecə saat 2-də harasa gedib saatlarla gözləyirdik ki, kimsə gələcək və mən müsahibə alacam. Orda işləyənlərin çoxu bu rejimlə çalışırdı. Bizi heç kim göndərmirdi, özümüzdə həvəs var idi, ANS-dəki mühit bizi motivasiya edirdi. Sonra İTV, APA-da işlədim. ANS-də iqtisadiyyat xəbərlərinin, sonra ümumi xəbərlər departamentinin rəhbəri oldum, İTV-də xəbərlər departamentində rəhbər idim, APA-ya isə müxbir gəldim, heç bir problemsiz. Belə kompleksim yoxdur, əsas odur ki, işimi rahat görə biləcəyim yer olsun.

- Sizin vaxtın və ondan əvvəlin jurnalistləri tez-tez deyirlər ki, biz çöllərdə olurduq, gecə 3-də evə gedirdik. Həmin rejim o dövrün tələbi idi, yoxsa indiki gənc jurnalistlər buna meyilli deyillər?
- Deyəsən, mən də elə dedim (Gülür). Birincisi, mətbuatda o vaxtkı rəqabət yoxdur. O vaxt çəkilişə gedən bütün jurnalistlər özünə fərqli müsahib tapıb danışdırırdı və dərhal onu vermək üçün ofisə tələsirdi. Amma indi düşünürük ki, gecə saat 2-də gedib açıqlama almaqdansa, sabah adamın özünün keçirəcəyi mətbuat konfransına gedərik. Bəzi redaksiyalarda tələbkarlıq o qədər yoxdur. Bizdə indi də o tələbkarlıq var. Düzdür, gecə müxbirləri harasa göndərmirik, amma gündəmi əhatə etməyə çalışırıq. Mən jurnalisti gecə harasa göndərə bilmərəm, uzaqbaşı özüm gedərəm.

- Yaş artdıqca zamanın tələblərinə cavab vermək, gənclərlə rəqabət aparmaq çətin olmur ki?
- Gənclərin bizi üstələməsini arzulayıram. Biz günün trendlərini tutmağa çalışırıq. Telefon çıxdı, onun imkanlarından istifadə edirik. Dünən bir tədbirdə idik, mən telefonla onu çəkdim və sayta qoyduq. Amma gənclər telefon əllərində anadan olublar və onlar da həvəslidir. Belə bir problem görmürəm, biz özümüz də ora-bura qaçır, formada olmağa çalışırıq. İşçi kimi qocalmıram, işləməliyik.

- Sizin işsiz qalacağınızı düşünmək olmaz. Bəs işləməkdən yorulduğunuz olur?
- Mən minimum büdcə və adamlarla, ən zəif imkanlarla işə başlamağa öyrəşmişəm. Sıfırdan qalxmaq xoşuma gəlir. Çünki orda qaydaları özümüz qoyuruq, hər şey mənə aydın olur. Əvvəlki saytımızı da iki nəfərlə başlamışdıq, mən və bir xanım. Sıfırdan qurduq, özünü doğrultdu. Fed-az-da da minimum imkanlarla maksimum nəticəyə çalışırıq.
Bezib yorulduğum vaxt olmur, fiziki cəhətdən yoruluramsa, işi dayandırıram. Amma imkan varsa, işləyirəm. Bu həyat tərzi xoşuma gəlir, işləməkdən ləzzət alıram. Problem ailəyə vaxt ayıra bilməməyimdədir. İşsiz qalmağı təsəvvür etmirəm, pulsuz da olsa işləyəcəm.

- Bu rejiminizlə bağlı evdə şikayətlər olur?
- Balansı qorumağa çalışıram. İşdən sonra evdə işləyirəm. Bəzən gecə 3-ə kimi işləyirəm. Buna görə uşaqlara vaxt ayıra bilmirəm. Balaca oğlum birinci sinifdə oxuyur, ilk dəfə saat 6-da evə gəldim ki, onu velosiped sürməyə aparacam. Böyük uşaqlar məndən incidilər ki, heç vaxt onları gəzməyə aparmaq üçün o vaxt evə getməmişəm. Uşaqların məktəbdə olan tədbirlərində də, demək olar ki, iştirak edə bilməmişəm. Buna görə özümü çox qınayıram, çalışıram ki, balaca ilə belə olmasın, amma həmişə də alınmır.

- İndi bir qisim iş adamları saat 6-dan sonra işi dayandırmaq məsələsini özlərində tətbiq edirlər...
- İş adamları ilə bizim fərqimiz var. İş adamı işi kimlərləsə görür, onlar isə 6-dan sonra işləmir. Bank bağlanır, qurumlar işləmir. Onlar 6-dan sonra fəaliyyət göstərə bilmirlər, yalnız müzakirə edə bilərlər. Jurnalistin 6-dan sonra görəcəyi iş çoxdur. Heç kimdən asılı deyilik. Çalışıram ki, gecə 1-dən sonra işləməyim, heç buna da həmişə əməl edə bilmirəm.
Aygün Asimqızı

banner

Oxşar Xəbərlər