• çərşənbə, 24 Aprel, 19:22
  • Baku Bakı 23°C

Alış-veriş ənənəmizi yeniləyən layihə - Startap

14.11.16 11:02 3893
Alış-veriş ənənəmizi yeniləyən layihə - Startap
Düşünür ki, startap bazarına var-dövlət qazanmaq məqsədi ilə gəlmək düzgün deyil. Həmsöhbətimizə görə, bu yolun yolçusu olmaq üçün dünyaya hamı kimi deyil, tamamilə yeni bucaqdan baxmalı, ətrafında olan resurslardan maksimum şəkildə istifadə etməli və daim risklərə getməyi bacarmalısan. Müsahibimiz "BazarDash” layihəsinin rəhbəri, gənc startapçı Azad Abdulladır.
Azad 1994-cü ildə Bakıda anadan olub. 2001-ci ildən 2005-ci ilə kimi İsveçdə yaşayıb və ibtidai təhsilini orada alıb. 2012-ci ildə TQDK-nın qəbul imtahanında 602 bal toplayaraq Bakı Ali Neft Məktəbinin "Neft-qaz mühəndisliyi” ixtisasına qəbul olub. Hazırda 5-ci kursda təhsil alır.

"BazarDash” nədir?

Layihə rəhbəri deyir ki, "BazarDash”-ın məqsədi gündəlik alış-verişimizi maraqlı etmək və buna sərf etdiyimiz vaxtı azaltmaqdır: "BazarDash insanların bazarlıq yoldaşına çevrilmək üçün yaradılan startapdır. Layihənin məqsədi istifadəçilərin gündəlik alış-verişini maraqlı etmək, ona sərf etdiyi zamanı azaltmaq və adından da göründüyü kimi, məhsul seçimi üzrə "bazarlıq yoldaşı”na çevrilməkdir. Beləliklə, bizim istifadəçilər supermarketlərdə təklif olunmayan xidmətlərdən yararlanacaq və bu onları digər alıcılardan fərqləndirəcək. İnanırıq ki, innovativ ideyalarımız insanların alış-veriş ənənəsini yeniləyəcək və təklif etdiyimiz xidmətlər həm alıcılara, həm mağaza şəbəkələrinə, həm də istehsalçılara fayda gətirəcək”.

Alıcıların işini asanlaşdıran tətbiq

Müsahibimiz deyir ki, bu startap vasitəsilə "BazarDash” istifadəçiləri marketlərə əvvəlcədən istədikləri malı sifariş edə biləcəklər: "Layihədə bir çox xidmətlər təklif etməyi planlaşdırmışıq. İstifadəçilər üçün ən cəlbedici təkliflərimizdən biri "Click & Collect” xidmətidir. Bu xidmət sayəsində bizim istifadəçilər (alıcılar) uzun vaxt sərf etməyərək, darıxdırıcı növbələrdə dayanmadan əvvəlcədən istədiyi malları sifariş etmək şansı əldə edəcəklər. Sifariş edilmiş məhsulların ən yenisi və keyfiyyətlisi bizim əməkdaşlar tərəfindən toplanaraq xüsusi kodlaşdırılmış dolablara yerləşdiriləcək. Layihəmizin təklif etdiyi növbəti özəllik marketlərdə olan məhsulların müəyyən kriteriyalara görə ayrılmasıdır. Məsələn, məhsulların halal, diabetik, vegeterian, yağsız və s. kriteriyalara bölünməsi alıcıların işini xeyli asanlaşdırcaq. Bizim tətbiqetmə vasitəsilə alış-veriş etməyin digər bir üstünlüyü ondan ibarətdir ki, alıcılarımız alış-veriş zamanı bonuslar əldə edəcəklər. Bu bonusları isə sonradan müxtəlif hədiyyələrə, məhsullara, endirimlərə çevirmə şansı qazanacaqlar”.

Dünyaya açılan fərqli pəncərə

Startap dünyasına qoşulmağın yollarından danışan həmsöhbətimiz deyir ki, bu sahədə uğurlu olmaq istəyirsənsə, dünyaya fərqli pəncərədən baxmalısan: "Mənə görə, startap dünyasına qoşulmaq üçün müəyyən bir problemi aşkarlayıb tapmalı və onun həll yolunu təklif etməlisən. Bu təklif isə innovativ və faydalı olmalıdır. Yəni bu bazara var-dövlət qazanmaq məqsədi ilə gəlmək fikrimcə, düz deyil. Bu yolun yolçusu olmaq üçün gərək hamı kimi deyil, dünyaya tamamilə yeni bucaqdan baxmalı ətrafında olan resurslardan maksimum şəkildə istifadə etməli və daima risklərə getməyi bacarmalısan. Ətrafımızdakı problemləri kəşf etmək nə qədər asan deyilsə, ona düzgün və məntiqi bir həll yolu tapmaq bir o qədər çətin və xüsusi bacarıq tələb edən işdir. Bundan əlavə, bu sahibkarları digər biznes qurucularından fərqləndirən əsas cəhət onların tamamilə qəyri-müəyyənlik şəraitində işləmək bacarığı, qurduqları startapı tam dərk edib onun gələcəyinin hansı ağır yollardan keçəcəyini öncədən görə bilməsi və buna uyğun hərəkət etməsidir. Yəqin ki, mən də bu addımı atmışamsa, öz bacarığımı və qarşılaşa biləcəyim bütün mümkün problemləri analiz etmişəm və irəliləməyə tam hazıram”.

Yenilikçi gənclik

"BazarDash”-ın hansı zərurətdən meydana gəlməsinə gəldikdə isə, müsahibimiz deyir ki, zaman ən qiymətli məfhumdur və bunu dəyərli işlərə xərcləmək lazımdır: "Hər bir insan il ərzində təqribən zamanının 94 saatını supermarketlərə sərf edir. Halbuki insanlar bu vaxtlarından daha dəyərli və vacib işlərdə istifadə edə bilərlər. Steve Jobsun dediyi kimi, "Bu həyatda zaman bizim ən qiymətli resursumuzdur”. Bir innovativ gənc kimi bu məsələ məni həmişə düşündürür və narahat edirdi. Elə bunun nəticəsi olaraq özümlə həmfikir olan bir neçə yeniliçki gənci ətrafıma yığdım və bu problemlərin həlli istiqamətində işləməyə başladıq. İnanırıq ki, bizim startap alış-veriş zamanı insanların üzləşdiyi problemləri aradan qaldıracaq və bu prosesi daha da rəngarəng, sərfəli edəcək”.
Sonda gələcək planlarından danışan həmsöhbətimiz deyir ki, əsas məqsədi Azərbaycanda insanları yeni texnologiyaya cəlb etmək və onların yerli məhsullara inamını artırmaqdır: "Əsas məqsədim yüksək motivasiyalı komandamızın sayəsində Azərbaycanda danışılan sahədə boşluqları aradan qaldırmaq, buraya yeni texnologiyaları cəlb etmək və əvəzində, insanların bizim məhsullara olan sevgisini və inamını qazanmaqdır”.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər