• cümə, 29 Mart, 00:58
  • Baku Bakı 7°C

Alınan mal qaytarılmır və dəyişdirilmir...

24.04.14 10:51 2407
Alınan mal qaytarılmır və dəyişdirilmir...
Bir neçə gün əvvəl yolum metronun “20 Yanvar” stansiyasından düşdü. Buradakı ticarət obyektlərinin yığışdırılmadığını görüb qızıma evdə geydirmək üçün bir cüt yay ayaqqabısı almaq qərarına gəldim. Aldım da. Amma evə gələrkən məlum oldu ki, ayaqqabı bir ölçü balacadır. Üstündən bir gün keçəndən sonra ayaqqabını aldığım ticarət obyektinə yaxınlaşıb satıcıdan onu bir ölçü böyüyünə dəyişməsini xahiş etdim. Razılaşdı, amma mənimlə elə rəftar edirdi ki, sanki obyektin qarşısına gəlib bundan sədəqə istəyirəm. Mənə narazı tonda kənarda durmağımı tapşırır, üstəlik, arxayın-arxayın məndən sonra gələnləri yola salırdı. Səbrimi basıb bir qədər gözlədikdən sonra “qardaş, mümkündüsə məni yola sal” deyə xahiş etdim. Satıcının “bir dəqiqə də, ay xanım, görmürsən müştəri yola salıram” deyə kobudluq etməsi səbrimi daşırdı və məcbur olub ona başa saldım ki, alınan mal alıcını razı salmırsa onu dəyişdirə bilər. “Mən səndən malı qaytarmağı yox, dəyişdirməyi xahiş edirəm, vitrində də həmin maldan var, onu verib məni yola salmaq daha az vaxt aparır, nəinki yeni mal seçən müştərini yola salmaq” deyərək satıcıya öz hüquqlarımı bildiyimi anlatdım. İrad bildirdikdən sonra satıcı tələsik məni yola salsa da, bu cür halların olması təəssüf doğurur. Öz hüququnu bilməyən saysız-hesabsız alıcılar var və belə hadisələrin təkrarlanmaması üçün təbii ki, maariflənməyə ciddi ehtiyac duyulur.
Araşdırmalar göstərir ki, Azərbaycanda qanunvericilik istehlakçıya aldığı malı ticarət mərkəzinə qaytarıb pulunu geri almaq hüququ vermir. Yəni, əgər biz mağazadan hər hansı mal almışıqsa döndükdən və ya bir neçə gün sonra o xoşumuza gəlmirsə, hətta istifadə etməmiş olsaq belə onu geri qaytarmaq haqda düşünə bilmərik. Çünki mövcud qanunvericilik malın geri qaytarılıb pulunun ödənilməsinə deyil, yalnız dəyişdirilə bilməsinə icazə verir. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən, istehlakçı aldığı malı 14 gün ərzində qaytarmaq deyil, yalnız dəyişdirmək hüququna malikdir. Alınan məhsul sadəcə başqası ilə əvəz edilə bilər. Yəni, alıcının birbaşa malı geri qaytarmaq hüququ yoxdur və bu, satıcılar üçün qanunla məcburi xarakter daşımır. Alıcı aldığı malın ölçüsünə və ya üzərində tapdığı qüsura görə malı dəyişdirmək istəyirsə və satışda eyni məhsuldan başqası yoxdursa o zaman qanunvericiliyə əsasən mal geri götürülə bilər.
Qeyd edək ki, ölkə 1995-ci il 19 sentyabrda ölkə prezidentinin təsdiqlədiyi “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunda alıcıya aldığı malı qaytarıb pulunu geri almaq imkanı tanınırdı. Lakin sonradan sözügedən sənədə edilən dəyişikliklə bu hüquq istehlakçılardan alındı. Halbuki, qanunun təkmilləşdirilməsi daha çox istehlakçıların hüquqlarının müdafiəsi istiqamətində olmalı idi. Amma əksinə, satış mərkəzlərinin dominatlığını gücləndirən dəyişikliklər reallaşdırıldı. İqtisadçı ekspert Vüqar Bayramov deyir ki, əslində, Azərbaycanda istehlakçıların aldıqları malı müəyyən müddət ərzində geri qaytara bilməmələri Avropa İstehlakçılarının Hüquqlarının Qorunması Konvensiyasının əsas prinsiplərinə ziddir: “Beynəlxalq konvensiyalara görə, hər bir dövlət vətəndaş-istehlakçılarına malları geri qaytarmaq hüququ verməlidir. Başqa tərəfdən, bu müddətin də 2 həftə deyil, beynəlxalq standartlara uyğun olaraq ən azı 1 ay müəyyənləşdirilməsinə ehtiyac var. Bəzi inkişaf etmiş ölkələrdə bu müddət hətta 2 ay belə müəyyənləşdirilir. Əgər alınan maldan istifadə edilməyibsə, qanunla müəyyənləşdirilmiş müddətdə həmin məhsulun alınmasını təsdiq edən çek və ya qəbzi təqdim etməklə sözügedən məhsulun geri qaytarılmasını və pulunun alınmasını alıcı təmin etməlidir. Bu baxımdan, Azərbaycanda da beynəlxalq standartlara uyğun olaraq istehlakçılara əsas hüquqlarından biri olan aldıqları malları geri qaytararaq pulunu alması hüququnun verilməsi və müddətin 1 ay müəyyənləşdirilməsinə ehtiyac var. Bunu yerinə yetirməkdən imtina edən satış məntəqələrinə isə ABŞ-da olduğu kimi, ciddi maliyyə cərimələrinin tətbiq edilməsi və bu təkrarlandığı halda isə biznesin bağlanması haqda qərarın verilməsi maddəsinin qanunvericilikdə əks etdirilməsi vacibdir”.
Hüquqşünas Dünyamin Novruzovun sözlərinə görə, alıcının əldə etdiyi malı dəyişdirmək və ya qaytarmaq hüququ Azərbaycan Respublikası Mülki Məcəlləsinin (AR MM) 623-cü və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddələrində nəzərdə tutulub: “Həmin maddələrin təhlili aşağıdakı nəticələrə gəlməyə imkan verir: alıcı aldığı malı başqa ölçülü, formalı, qabaritli, fasonlu, rəngli və ya quruluşlu oxşar mala dəyişdirə bilər. Alıcı qeyri-ərzaq malının ona verildiyi andan 14 gün müddətində bu hüququnu həyata keçirə bilər. Lakin satıcı tərəfindən daha uzun müddət də müəyyən edilə bilər. Mülki Məcəllənin 623.1-ci maddəsinə görə, malın dəyişdirilməsi zamanı qiymətdə fərq olduqda satıcı ilə lazımı hesablaşmalar aparılır”.
Mülki Məcəllənin 623.1-ci maddəsinə əsasən, əgər satıcıda dəyişdirilmək üçün zəruri mal yoxdursa, alıcı əldə etdiyi malı satıcıya qaytara və mal üçün ödədiyi pul məbləğini geri ala bilər . “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin 2-ci hissəsinə görə, malı dəyişdirmə anında, satışda uyğun mal yoxdursa, istehlakçı dəyəri yenidən hesablamaqla istənilən başqa bir malı almaq və ya qaytarılan malın dəyəri məbləğində pulu geri götürmək, ya da satışa uyğun mal gələn kimi onu dəyişdirmək hüququna malikdir. Həmsöhbətimiz bildirir ki, satıcı malın satışa daxil olduğu gün malın dəyişdirilməsini tələb edən istehlakçıya məlumat verməlidir: “Nəzərə almaq lazımdır ki, əgər satıcıda dəyişdirilmək üçün zəruri mal varsa, onda alıcı əldə etdiyi malı qaytara bilməz. Qanunvericilikdə alıcının malı dəyişdirmək tələbinin təmin olunmasının müddəti müəyyənləşdirilmədiyi üçün o, ağlabatan müddətdə dəyişdirilməlidir. Əgər ağlabatan müddətdə satıcı malı dəyişdirməzsə, alıcı bunu “satıcıda zəruri malın olmaması” kimi qiymətləndirə, əldə etdiyi malı satıcıya qaytara və mal üçün ödədiyi pul məbləğini geri ala bilər. Əgər mal işlədilibsə, yaxud hər hansı istehlak xassələrini itiribsə (məsələn, yanlış saxlanılma nəticəsində), onda mal nə dəyişdirilə, nə də qaytanla bilər. Eyni zamanda, alıcıda malı həmin satıcıdan aldığına dair sübutlar (məsələn, mal, yaxud kassa qəbzi) olmalıdır”.
Bəzi mallar da var ki, hətta yuxarıda göstərilən maddələrdə nəzərdə tutulmuş əsaslar üzrə dəyişdirilə bilməz. Onların siyahısı Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan malların siyahısı haqqında” 114 saylı, 21 may 1998-ci il tarixli qərarı ilə təsdiq edilib. Bu mallara qızıl və qızıl məmulatları, qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məmulatlar, istehsal qüsurları istisna olmaqla bütün növ parçalar və ölçü ilə satılan bəzi mallar (lentlər, tesmalar, haşiyələr), ətriyyat-kosmetika malları, kişi, qadın və uşaq çimərlik paltarları, bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları, məişət kimyası malları, şəxsi gigiyena əşyaları (diş firçaları, daraqlar, biqudilər və s), uşaq oyuncaqları, istehsal qüsurları istisna olmaqla istifadədə olmuş, üzərində yarlıqlar olmayan kişi, qadın və uşaq corabları, alt paltarları, ərzaq üçün plastmasdan hazırlanmış məmulatlar, dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müddəti ərzində) ərzaq malları daxildir.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər