• cümə, 19 Aprel, 15:22
  • Baku Bakı 25°C

Alın təriylə yazılan tarix - Portret

06.05.14 10:38 4726
Alın təriylə yazılan tarix - Portret
Azərbaycanın ən populyar idman növlərindən biri cüdodur. Müxtəlif dövrlərdə ön plana çıxan, bir çox uğurlar qazanaraq ölkəmizin adını dünyaya tanıdan çempionlarımız olub, var, gələcəkdə də olacağına inamımız sonsuzdur. Elnur Məmmədli, Nazim Hüseynov və başqalarının aktivində Olimpiya, Avropa və digər böyük turnirlərdə qələbələrə şahidlik etsək də, heç kim dünya çempionatının qalibi adını qazana bilmirdi. Müstəqillik dövründə planetin ən yaxşı cüdoçusu adı uğrunda yarışların finalında azərbaycanlılar olsa da, həlledici qarşılaşmalarda bəxt bizdən üz döndərirdi. Elxan Məmmədova qədər. Ötən ilin avqustunda Braziliyanın Rio-De-Janeyro şəhərindəki yarışda Azərbaycanın cüdo üzrə ilk dünya çempionu adını qazanan cüdoçunun həyat hekayəsi çox maraqlıdır.
Güləş, futbol, nəhayət cüdo
1982-ci il fevralın 26-da Bakıda anadan olan Elxan, ən kiçik yaşlarından idmanla məşğul olmağa başlayıb. 6 yaşında Yunan-Roma güləşi məşqlərinə qatılan gələcək çempion, tezliklə, futbola maraq göstərməyə başlayır. İndiyə qədər bu idman növünə marağı qalsa da, peşəkar olaraq məhz cüdonu seçir. Qohumlarının təkidiylə 13 yaşında cüdoya gələn Məmmədov, Ağanağı Cəfərovun rəhbərliyi altında məşqlərə başlayır. Maraqlıdır ki, bu seçimdə onun atasının da rolu böyük olub. Güləşməyi seçməzdən əvvəl atası Əbülfəz Məmmədovla məsləhətləşən Elxan “bizdə futbol zəif inkişaf edib, get güləşə” eşidəndən sonra valideyninin dediyini edir. İdmanla yanaşı, təhsilinə də fikir verən cüdoçu, Sabunçu rayonu 252 saylı məktəbi bitirəndən sonra İnşaat və Memarlıq Universitetinə daxil olaraq, ali təhsil alıb. Hərbi xidmətini də edəndən sonra bütün diqqətini məşqlərə yönəldən Məmmədov, əziyyətinin bəhrəsini gec də olsa, görə bilir.
Ciddi zədə
Buna qədər isə onu mənəvi sınaqlar gözləyirdi. 17 yaşında çox ciddi zədə alan və normal məşq etmək imkanı olmayan Elxan, iki il idmandan tamamilə uzaq düşür. Ailəsinin maddi durumunun da yaxşı olmaması karyerasını gənc yaşda başa vurmaq, başqa işin dalınca getmək üçün təkan idi. Ancaq hər pis günün bir sonu var. 22 yaşında – başqalarının dünya, Avropa, hətta Olimpiya çempionu olduğu vaxtda Elxan Məmmədov heç bir dənə də olsun beynəlxalq yarışda iştirak etməmişdi. Böyük fasilədən sonra ağır məşq yükünün altına girməyin fiziki ağırlığı bir tərəfdən, uşaqlıq arzularının puç ola biləcəyi anlayışının mənəvi ağırlığı digər tərəfdən gənc cüdoçunu sıxırdı. Ancaq qarşısına məqsəd qoyan qəhrəmanımız, bütün maneələri aşaraq istəyinə nail olur.
Ardıcıl qələbələr və...
İlk uğur özünü gözlətmir. Sloveniyanın paytaxtı Lüblyanada keçirilən 23 yaşa qədər cüdoçular arasında Avropa çempionatına qatılan Elxan, 81 kq çəki dərəcəsində medala sahib çıxır. 2005-ci ildə Budapeştdəki Dünya Kubokunda 7-ci olan Məmmədov, növbəti beynəlxalq uğurunu 2007-ci ildə Rotterdamdakı “Böyük Dəbilqə” turnirində bürünc medalla qazanır. Bundan cəmi iki həftə sonra isə daha böyük qələbə özünü gözlətmir. Bakıdakı Dünya Kubokunda bütün rəqiblərini üstələyən cüdoçumuz, bu mötəbər turnirin qalibi adına layiq görülür. Tbilisi və Praqadakı növbəti dünya kuboklarında bürüncdən sonra isə böyüklər arasında ilk ciddi nailiyyət gəlir. 2008-ci ildə Lissabondakı Avropa çempionatında finala qədər irəliləyən, yalnız son qarşılaşmada holland Mark Hyuzinqaya yenilən Məmmədov gümüş medal əldə edir. Həmin il Norveçin Drammen şəhərindəki Dünya Kubokunda ikinci yer, Bakıdakı analoji turnirdə çempionluq qazanan Elxan, Tbilisidəki Avropa çempionatında bürünc medalı boynundan asmaq üçün fəxri kürsüyə qalxır. Növbəti 6 ay ərzində iki Dünya Kubokunda – Buxarest və Bakı çempion olan cüdoçu, 2010-cu ildə Vyanada keçirilən Avropa çempionatında yenidən bürünc medala sahib çıxır. Ardından Tunisdəki Qran-Pridə qızıl, Qahirədəki Dünya Kubokunda gümüş əldə edən Elxan, karyerasının əsas yarışlarından biri – Tokiodakı dünya çempionatına hazırlaşmağa başlayır. Görünən odur ki, Məmmədov qatıldığı hər bir yarışın əhəmiyyətini lazımınca anladığından, hər bir görüşə məsuliyyətlə yanaşdığından qələbələr norma halına çevrilir. 2010-cu il dünya çempionatının yarımfinalında yunan İlias İliadisə yeniləndə, bürünc medal matçına çıxmaq üçün özündə mənəvi güc tapan Elxan, ukraynalı rəqibini üstələyərək o vaxta qədər karyerasının ən böyük uğuruna imza atır. Maraqlıdır ki, cəmi 3 ay sonra Bakıda keçirilən “Judo Masters” turnirində cüdoçumuz İliadisdən əvəzini çıxaraq qalib adını qazanır. Bir il sonra Bakıdakı “Qran-Pri”də statusunu təsdiqləyən çempion, daha bir ildən sonra paytaxtımızdakı “Böyük Dəbilqə” turnirinin qalibi olur. Tümendəki “Masters”dəki qızıl medal isə həyatının ən vacib yarışıqabağı böyük stimul olur.
...dünya çempionluğu!
31 yaşlı cüdoçu üçün dünya çempionatı son şansdır. Hamıdan güclü olduğunu sübut etmək, gündəlik, aramsız məşqlərin, illərlə çəkilən əziyyətin bəhrəsini görmək və ən nəhayət, adını tarixə yazdırmaq üçün. Elxana qədər Elnur Məmmədli, Nazim Hüseynov və başqa böyük cüdoçularımız finala qədər gəlsələr də, dünya qızılına sahib çıxa bilməmişdilər. Bu boşluğu doldurmaq vəzifəsinin öhdəsindən gəlmək missiyası onun üzərinə düşürdü. İlk görüşündə israilli rəqibini yalnız sona 8 saniyə qalmış etdiyi fəndlə yenən Elxan, ispan, yapon və özbək idmançılarını da üstələyərək finala vəsiqə qazandı. Orada onu çox güclü holland Henk Qrol gözləyirdi. Asan olmayacaqdı. Elxan həmin görüşü belə xatırlayır: “Çox güclü idmançı idi. O, 2010-cu ildə dünya ikincisi, 2012-ci ildə isə Olimpiya oyunlarının bürünc mükafatçısı olmuşdu. Həmin gün hollandiyalı cüdoçunun məşqini izləmişdim və onun fiziki cəhətdən nəyə qadir olduğunu görmüşdüm. Bunun üçün də bir qədər narahat idim. Final görüşündən əvvəl yığma komandanın məşqçiləri mənə dedilər ki, artıq tarix yazmağın zamanıdır. Sən bu görüşdə mütləq qalib gəlməlisən. Peter Zeyzenbaher məni çağırıb bildirdi ki, indiyə qədər Azərbaycanın idman tarixində cüdo üzrə dünya çempionu olmayıb. Amma mən bilirəm ki, sən bu dəfə bu uğursuzluğa son qoyacaqsan. Onun mənə: "Sən bu gün çox güclüsən”, - deməyi özümə inamı artırdı”. Elxan finalda qalib gələrək adını Azərbaycan cüdosu tarixinə yazdırdı. Qələbədən sonra elə tatamidəcə onun göz yaşlarına şahidlik etdik. Həmişə soyuqqanlı olan, çətinliklərini, yaşadığı problemləri bildirməyən çempion ağladı. Himnimiz səslənəndə onun necə qürur hissi keçirdiyini, xalqına layiqli oğul olduğunu gördük. O, artıq əsl çempion idi.
Döyüş tərzi və soyuqqanlılıq
Hər bir cüdoçunun olduğu kimi, onun da əsas güvəndiyi, “kral” fəndləri var. Rəqibi ona şans verəndə mütləq bundan yararlanan Elxan, əsasən əldən edilən fəndlərə güvənir. Yaxa-qol tutuşundan rəqibi torba kimi götürüb bədənin üstündən atmaq fəndini ona uğur gətirən fənd adlandırmaq olar. Konkret hərəkətlər bir yana, Məmmədovun əsas üstünlüyü tatami üzərindəki soyuqqanlılığıdır. Yarışın əhəmiyyəti, vacibliyi, statusundan asılı olmayaraq eyni cür hazır olan, gərginlik keçirməyən, sakitliyini qoruyan Elxan, qələbələrini məhz buna görə qazanır. Bu həddindən artıq soyuqqanlılığın müsbət və mənfi tərəfləri də vardır. Bütün bacarığını bir yerə toplayıb onu tətbiq etmək üçün sakit olmaq böyük üstünlükdür. Təsadüfi deyil ki, Elxan bir çox döyüşlərində sona yaxın tətbiq etdiyi fəndlərlə qələbə qazanıb. Bunun üçün böyük fiziki hazırlıqla yanaşı, ciddi mənəvi dayanıqlılığa ehtiyac var. Cüdo amansız, heç bir səhvi bağışlamayan idman növüdür. Diqqətin bir anlıq dağılması məğlubiyyətə səbəb ola bilər. Bunu yaxşı bilən Məmmədov rəqibin kimliyindən asılı olmayaraq həyəcan keçirməmiş, bunun hesabına uğur qazanmışdır. Digər tərəfdən, motivasiyanın da üstünlüklərini danmaq olmaz. Karyerasının ən əsas döyüşündən əvvəl məşqçilərinin dediyi sözlərlə ruh yüksəkliyi qazanan Elxan, çempionluğa nail olmuşdu. Soyuqqanlılıq və motivasiya arasındakı balansı tapmaq onu zirvəyə yüksəltdi ki, gələcək nəsil idmançılar bu təcrübəni özləri üçün dərslik vəsaiti kimi qəbul edə bilərlər.
Portreti
2013-cü ilin ən yaxşı idmançısı seçilən Elxan Məmmədov ömrüboyu yaşadığı məğlubiyyətlərdən dərs çıxararaq, səhvlərini görüb, onları bir daha təkrarlamamaqla uğur qazanıb. Onun xarakteri, mənəvi hazırlığı, mübarizə əzmi nümunə kimi başqalarına göstərilə bilər. Həyatın ona vurduğu zərbələrdən sınmayan, öz ideya və ideallarına sadiq qalan Elxan hazırda zirvədədir. Bundan sonra baş verəcək heç nə onu oradan endirə bilməyəcək. Çünki tarix bir dəfə yazılır. Cüdo üzrə ilk dünya çempionumuzun portretində yorğun, ancaq çətinliklə də olsa, bizə gülümsəyən, sanki “mən bacardım, sən də bacararsan” deyən birini görə bilərik. Elxan Məmmədov insan potensialının tükənməz olduğunu, hər kəsin istəyərsə hər şeyə nail ola biləcəyini bir daha nümayiş etdirən şəxsdir. Bizə, gənclərə isə ondan öyrənmək, onun atdığı addımların izini itirməmək qalır.
Kənan Məstəliyev

banner

Oxşar Xəbərlər