• çərşənbə, 17 Aprel, 01:50
  • Baku Bakı 14°C

“Alimlərin daha çox qazanmaq şansı var” - Elm

23.09.16 11:52 2509
“Alimlərin daha çox qazanmaq şansı var” - Elm
Zənginliyin maddi tərəfini deyil, mənəvi tərəfini fikirləşir. Onun fikrincə, bir insan ancaq mənəvi zənginliyi ilə digərlərindən fərqlənə bilər. Deyir ki, bilik səviyyəsi müəyyən həddə çatandan sonra insan üçün maddi imkan ikinci plana keçir. Müsahibimiz Bakı Dövlət Universitetinin müəllimi, elmi işçi və Prezident mükafatçısı Elvin Məlikovdur.

- Kiçik yaşlarınızda kim olmaq istəyirdiniz?
- Həkim olmaq istəyirdim. Kimyaçıların əksəriyyəti həkimliyi hədəf kimi götürürlər. Ödənişli fakültələr yazmadığıma görə "Müalicə işi”nə balım çatmadı və Bakı Dövlət Universitetinin Kimya fakültəsinə qəbul oldum. Buna görə heç də peşman deyiləm.

- Bəs necə oldu ki, elm arxasınca getməyə qərar verdiniz?
- Həyatımdakı bütün hadisələr öz-özünə baş verir. Birinci dəfə həkim olmaqla bağlı qarşıma hədəf qoyanda hədəfə çata bilmədim. Buna görə də heç vaxt qarşıma uzaq hədəflər qoymuram. Dördüncü kursda oxuyanda qərara aldım ki, özümü bir az da inkişaf etdirmək üçün magistr təhsili alım. Yenə də BDU-nu seçdim. Hərbi xidmətimi başa vurandan sonra magitraturada təhsilimi davam etdirdim. Düşünürəm ki, magistraturada təhsil alıb sonra sənədlərini doktoranturaya verməmək yaxşı hal deyil. Magistratura alimliyin başlanğıcıdır və bunu davam etdirmək lazımdır. Mən də belə etdim.

- Alimliyin nəyi sizi cəlb etdi? Adımı, yoxsa...
- Adlar heç vaxt məni cəlb etməyib. Sadəcə, uşaqlıqdan hər şeyin sonuna qədər getmək və ondan nəticə almaqdan xoşum gəlir. Bir də hər hansı informasiyanı özümün əldə etməyim və bunu dünyada yalnız mənim bilməyim mənə zövq verir, öz ixtisasıma həvəs yaradır və gələcəyə stimullaşdırır.

- Elm arxasınca gedəcəyinizi deyəndə evdən narazılıq bildirmədilər ki?
- Evdə heç vaxt verdiyim qərarlara qarşı çıxmırlar. Bilirlər ki, aldığım qərarlarda hər zaman haqlıyam. Buna görə hər zaman mənə dəstək olublar. Doktoranturaya sənəd verəndə də çox sevindilər. Onu da deyim ki, çox sadə bir ailədə doğulmuşam. Ailəmizdə heç kim elmi işlə məşul olmur.

- Elvin müəllim, elmi işinizi nə vaxt başa çatdırdınız?
- Ötən ilin sonunda tədqiqatımı başa vurdum və dördmərhələli müdafiə prosedurlarına başladım. Bütün mərhələlərdən keçdim və bu ilin mayında kimya üzrə fəlsəfə doktoru dərəcəsi almaq üçün son müdafiəmi həyata keçirdim.

- 28 yaşınızda müdafiə etməyiniz ətrafdakılar tərəfindən necə qarşılandı?
- Deyilənlərə görə, xarici görünüşcə yaşımdan çox cavan görünürəm. Bu baxımdan artıq müdafiəmi başa vurmağım çox vaxt ətrafdakılarda təəccüb yaradır. Mən düşünürəm ki, bütün gənclər tez bir zamanda müdafiə etməlidirlər və daha yuxarı pilləyə, daha çətin tədqiqatlara istiqamətlənməlidirlər.

- Tədqiqat işiniz nə idi?
- Tədqiqatım müasir dövrün ən aktual problemlərindən olan nanotexnologiyalar istiqamətindədir. Dünyada çox vacib olan karbon nanostrukturları var. Sadə dildə desək, molekulyar səviyyədə nano ölçüdə borular, yəni insanın bir tükündən yüz min dəfə nazik borular. Onlar müxtəlif məqsədlər üçün istifadə oluna bilir. Mən bir neçə məqsəd üçün onu istifadə etdim. Məsələn, polimerlərlə modifikasiya etdiyim nanoboru nümunələrini betonun tərkibinə qatdım və müşahidə etdim ki, betonun möhkəmlik keyfiyyətini xeyli yüksəldə bilir. Bu da böyük nəticədir. Patent almağı düşünürəm. Əgər bu ideya və tədqiqatın nəticəsi hər hansı bir sənaye obyektində tətbiq olunsa, mənim üçün çox xoş olar.
- Təcrübə üçün bir çox xarici ölkələrdə olmusunuz. Yəqin oralarda uzunmüddətli işləmək üçün dəvət də almısınız. Gələcəkdə işinizi xaricdə davm etdirmək fikriniz var?
- Tədqiqat apardığım zaman Avropanın bir çox ölkələri - Macarıstan, Avstriya, Çexiya, İtaliya, İspaniya, Türkiyə və digər ölkələrdə onların təcrübələri ilə tanış olmuşam. Sözügedən ölkələrin bir sıra universitetlərindən doktoranturanı orada oxumaq təklifi aldım. Sadəcə, mən BDU-nu çox sevirəm və vətənpərvərlik hisslərim mənə doğma universitetimdən, vətənimdən uzaqlaşmağa mane olur. Hətta Avropada işləməklə bağlı təkliflər də var. Düşünürəm ki, mən daha çox BDU-ya lazımam. Ola bilsin, qısamüddətli tədqiqatyönümlü səfərlərim olsun. Amma qayıdıb yenə də təcrübələrimi tələbələrimlə bölüşmək istəyirəm.

- BDU-da müəllim kimi çalışırsınız. Auditoriyaya girəndə, mühazirələr deyəndə gənc müəllim kimi tələbələri idarə etmək çətin olmur ki?
- Hazırda BDU-nun Kimya fakültəsində ingilis və Azərbaycan bölmələrində tədrislə məşğulam. Buna görə başda rektorumuz Abel Məhərrəmov olmaqla universitet rəhbərliyinə təşəkkürümü bildirmək istərdim ki, onlar mənə gənc yaşımda etibar edərək bu məsuliyyətli işdə çalışmağıma şərait yaradıblar. Mən də öz növbəmdə hər zaman bu etimada layiq olmağa çalışmışam. Əlbəttə ki, yaşımdan kiçik göründüyümə görə auditoriyaya ilk dəfə daxil olanda tələbələr başa düşmürlər ki, müəllim artıq sinifdədir. Məni də tələbə zənn edirlər. Tələbələri idarə etməyə gəlincə, açığını deyim, heç bir problem olmur. Əksinə, tələbələrlə dil tapmaqda yaş fərqinin az olması daha çox köməyimə çatır. Onlar klassik müəllim obrazından kənar bir obraz gördüklərindən mənə daha çox etibar edirlər. Etiraf edək ki, bəzi yaşlı müəllimlərlə tələbələr arasında sovet dövründəki kimi böyük uçurum var. Bu cür stereotiplər bəzən tədrisə mane olur. Məncə, belə olmamalıdır. Tələbələr müəllimdən çəkinməməli, onunla dost olmalı və ona hörmət etməlidirlər. Tələbələrimlə dost olmağa və dərsdən sonra onların həyatda qarşılaşdığı problemlərlə də maraqlanmağa, onlara bacardığım qədər məsləhət verməyə çalışıram. Bir müəllim kimi onları düzgün istiqamətləndirməyə borcluyam.

- Tələbələrin dərsə marağı sizi qane edir?
- İllər keçdikcə tələbələrdə marağın bir balaca itməsini müşahidə edirəm. Ancaq tədrisdə müəyyən metodlardan istifadə etməklə onlara bu marağı aşılamaq olar. Müxtəlif metodlardan istifadə edərək onları həvəsləndirir və təcrübələr aparmaq üçün onlarda stimul yaradıram. Beləcə, müəyyən məşğələlərdən sonra onların kimyanı sevməyə başladığını görürəm. Ümumiyyətlə, hal-hazırda BDU-da yaxşı təchiz olunmuş tədris və tədqiqat laboratoriyaları var ki, bunun sayəsində tələbələr hətta tədrisin bakalavr pilləsində elmi tədqiqatlarla məşğul ola bilirlər. Bu isə onların elmə marağının artmasına səbəb olur.
- Maddiyyatla bağlı sıxıntı yaşadığınız anlarda elm arxasınca getdiyinizə görə peşmançılıq keçirməmisiniz?
- Söhbət zənginlikdən düşəndə mən zənginliyin maddi tərəfini deyil, mənəvi tərəfini fikirləşirəm. Çünki bir insan ancaq mənəvi zənginliyi ilə digərlərindən fərqlənə bilər. Düşünürəm ki, nəyəsə maddi imkanım çatmırsa, bunun əvəzində qazandığım elə biliklər var ki, maddi baxımdan zəngin olan bəzi insanlarda bunlar yoxdur. Bir az pafoslu səslənsə də, əslində bu, belədir. Bilik səviyyəsi müəyyən həddə çatandan sonra insan üçün maddi imkan ikinci plana keçir. Amma onu da deyim ki, Azərbaycanda alimlərin pulsuz olması ilı bağlı fikirlər bir stereotipdir. Alimlərin daha çox qazanmaq şansı var. Məsələn, Azərbaycanda və Avropa ölkələrində alimlər üçün elan edilən layihələrdə iştirak edib qrant udmaq olur. Mən bu cür qrant layihələrində iştirak edirəm. Məsələn, bir müddət Avropa Komissiyasının 7-ci çərçivə proqramı qrantında iştirak etmişəm. Bundan başqa, BDU-nun 50+50 qrantı və Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondundan layihələr udmuşam və onları tədqiqatımda istifadə etmişəm.

- Bu il Prezident mükafatına layiq görülmüsünüz. Mükafatı alanda hansı hissləri keçirdiniz?

- Tədqiqatımı həyata keçirəndə heç də mükafat haqda fikirləşmirdim. Hər il görürdüm ki, gənc alimlər mükafatlandırılırlar. Amma düşünmürdüm ki, nə vaxtsa bu mükafatı mən də alaram. Tədqiqatımı seçəndə və tədqiqat işimi görəndə işimin keyfiyyətli olması mənim üçün çox vacib idi. Hər zaman düşünürdüm ki, işim nəinki məni, həm də universitetimiz və ölkəmizi təmsil edir. Xaricdə keçirilən konfranslarda da iştirak edəndə çalışıram ki, iştirakım yüksək səviyyədə olsun. Çünki Azərbaycanı, universitetimi təmsil edirəm. İstəyirəm ki, ölkədən kənarda insanlarda Azərbaycan, BDU haqqında yüksək fikirlər yaransın. Gördüyüm bu işlər gözləmədiyim anda mükafatlandırılmağıma səbəb oldu. Mükafatın kim tərəfindən verilməsi mənim üçün vacibdir. Dövlət başçımızdan mükafat almaq mənim üçün çox xoş idi və gələcək tədqiqatlar üçün məni daha da həvəsləndirdi.
Gənclərə demək istəyirəm ki, elm arxasınca getsələr, kimdənsə arxada qalacaqlarını düşünməsinlər. Bəlkə maddi cəhətdən kimdənsə arxada qalacaqlar, amma mənəvi cəhətdən bəzilərindən üstün olacaqlar.

- Gələcək planlarınız nədir?

- Daha yüksək səviyyəli tədqiqat işləri götürmək və onları sona çatdırmaq. Başqa alimlərin çətin bilib kənara qoyduqları tədqiqatlar məni daha çox cəlb edir. Bu cür işləri götürüb başa vurmağı hədəfləyirəm. Bir də müxtəlif dünya ölkələrində ölkəmizi və universitetimizi təmsil etməyi qarşıma hədəf kimi qoymuşam.

- Tez-tez xarici ölkələrdə olursunuz. Xaricdən baxanda Azərbaycan elmi necə görünür?

- Azərbaycan elmi kənardan inkişafa istiqamətlənmiş kimi görünür. Elə bir vaxt gələcək ki, Azərbaycan elmini Avropa ölkələrində olan elmlə müqayisə etmək mümkün olacaq.

- Sizcə, elmimizin inkişafının sürətlənməsi üçün nələr edilməlidir?
- Sadəcə, tədqiqatçılarda vətənpərvərlik ruhu və bir az da tədqiqata maraq olmalıdır. Çox vaxt bəzi alimlərimiz müəyyən işlərdən çəkinir və fikirləşirlər ki, bu işləri sona çatdıra bilməzlər. Buna görə daha sadə və dünyada aktuallığını itirən iş görürülər. Aktual mövzular işləmək lazımdır. Alim fikirləşməməlidir ki, götürdüyü çətin işi görməyə şəraiti olmayacaq. Tədqiqat işini aparmaq üçün hər zaman şərait tapmaq mümkündür. Axı biz alimik, öz yolumuzu özümüz cızmalıyıq. Bizim dünya alimlərindən üstün olan cəhətlərimiz də var. Dünya alimləri daha çox şəraiti olan bir mühitdə işləyə bilirlər. Onların əlindən həmin şərait alınanda qətiyyən onların alimliyi üzə çıxmır. Bizim alimlər isə yaxşı olmayan şəraitdə belə işləməyi bacarırlar. Buna görə də istər-istəməz yaxşı şəraitə düşəndə biz daha çox inkişaf edirik. Elə buna görədir ki, tədqiqat üçün Azərbaycandan dünya ölkələrinə gedən alimlər çox qısa zamanda daha çox nailiyyət əldə edə bilirlər. Bundan başqa, məqalələr dərc etdirəndə çalışmaq lazımdır ki, nüfuzlu jurnallarda nəşr olunsun. Thomson Reuters bazasında indeksləşən jurnallar bu məqsəd üçün çox uyğundur. Mənim də bu bazaya daxil olan bir çox jurnallarda məqalələrim var.
Lalə MUSAQIZI



banner

Oxşar Xəbərlər