Alimlərimiz Fransada həmrəyliyin Azərbaycan modelini təqdim etdilər
8-10 noyabr 2017-ci il tarixlərində Fransanın Nitsa
şəhərində Sofiya Antipolis Universiteti və AMEA-nın Fəlsəfə İnstitutunun birgə
təşkilatçılığı ilə "Həmrəylik, fəlsəfi prinsip və hüquq norması kimi: Fransa və
Azərbaycan mövqeyindən müqayisəli yanaşma” mövzusunda beynəlxalq konfrans
keçirilib. Konfransı giriş sözü ilə açan Universitetin vitse-prezidenti
professor Kristian Vallar Fransa və Azərbaycanın elmi əlaqələrindən bəhs edib,
2017-ci ilin əvvəllərində AMEA-nın Fəlsəfə İnstitutu, Azərbaycan
Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzindəki görüşlərindən danışıb, rəhbərlik etdiyi nümayəndə
heyətinin bu tədbirlərdən xoş təəssüratlarla ayrıldığını bildirib.
Tədbirdə "Həmrəylik və hüquq: problemin fəlsəfi-etik
konteksti” mövzusunda çıxış edən AMEA Fəlsəfə İnstitutunun direktoru, professor
İlham Məmmədzadə həmrəyliyin tarixinə ekskurs edib, klassik fəlsəfi məktəbin
nümayəndələrinin bu məsələyə müxtəlif münasibət bəsləməsini gündəmə gətirib,
problemin fəlsəfi-etik tərəfləri barədə fikrini bildirib.
Konfransda Bilik Fondunu "Azərbaycan elmi dünyada”
layihəsi çərçivəsində təmsil edən Fondun aparat rəhbəri, professor İsaxan Vəliyev
"Həmrəyliyin Azərbaycan modeli: konstitusion əsaslar” mövzusunda çıxış edib, bu
modelin hüquqi əsaslarından danışıb, həmrəyliklə bağlı Azərbaycan və Fransa
qanunvericiliyinin müqayisəli təhlilini aparıb.
Tədbirdə AMEA-nın Həmkarlar Təşkilatının sədri,
professor Qabil Qurbanov, Fəlsəfə İnstitutunun əməkdaşı Zöhrə Əliyeva, Sofiya
Antipolis Universitetinin hüquqi və siyasi elmlər fakültəsinin dekan müavini
professor Ksavye Latur, professorlar Flipp Vekel, Polin Tyurk və digərləri
çıxış edərək həmrəylik məfhumunun müxtəlif aspektləri barədə öz fikirlərini
ifadə ediblər.
Diskussiya şəklində davam edən tədbirdə
iştirakçıların Azərbaycan həqiqətləri barədə müxtəlif sualları da
cavablandırılıb, universitetə xatirə hədiyyələri təqdim olunub.