• cümə, 26 Aprel, 17:39
  • Baku Bakı 23°C

Ali təhsilin əlçatan olmasını təmin edən dəyişiklik

17.02.18 10:41 828
Ali təhsilin əlçatan olmasını təmin edən dəyişiklik
Azərbaycan Nazirlər Kabineti 2017-ci il 8 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda Dövlət İmtahan Mərkəzinin (DİM) təklifinə əsasən müəyyən dəyişikliklər edib. Qəbul qaydalarında edilmiş əsas dəyişiklik ondan ibarətdir ki, qəbul imtahanları hər tədris ilində iki dəfə – yaz və yay sessiyaları şəklində keçiriləcək və abituriyent hər sessiyada I-IV ixtisas qruplarından biri üzrə imtahanda iştirak edə biləcəklər. Yeni təsdiq olunmuş qaydalarla abituriyentlərin seçim imkanları daha da genişləndirilib. Belə ki, abituriyentə icazə veriləcək ki, məsələn, yaz imtahan sessiyasında II ixtisas qrupu, yay imtahan sessiyasında isə III ixtisas qrupu üzrə imtahanda iştirak etsin. Həmçinin abituriyent əvvəllər olduğu kimi eyni ixtisas qrupu üzrə də hər iki qəbul imtahanında iştirak edə bilər. Abituriyent seçim etməkdə sərbəst olacaq. Qüvvədə olan qayda isə belə idi ki, abituriyent bir tədris ili ərzində I-IV ixtisas qruplarının yalnız biri üzrə qəbul imtahanında iştirak edə bilərdi. I-IV ixtisas qrupları üzrə qəbul imtahanında iştirakından asılı olmayaraq, abituriyent V ixtisas qrupu üzrə də imtahanda iştirak edə bilər qaydası da qüvvədə qalır.
Qeyd edək ki, müxtəlif ixtisas qrupları üzrə qəbul imtahanında iştirak edən abituriyentlər hər iki ixtisas qrupu üzrə müsabiqə şərtini ödədikləri halda, öz ixtisas seçimi ərizələrində hər iki ixtisas qrupuna daxil olan ixtisasları seçə biləcəklər. Hər hansı bir ixtisas qrupu üzrə müsabiqə şərtini ödəyən abituriyentlər isə yalnız həmin ixtisas qrupuna daxil olan ixtisasları seçə bilərlər. Dəyişikliklə bağlı ekspertlərin fikrini öyrəndik.
Elm və Təhsil komitəsinin üzvü, millət vəkili Asim Mollazadə deyir ki, bu dəyişiklik abituriyentlərdə imtahanvermə vərdişini inkişaf etdirəcək və onlar imtahan stressinin öhdəsindən gəlmək şansı əldə edəcəklər: "Bu dəyişiklik bir az da abituriyentlərin öz biliklərini yoxlamasına şərait yaradır. Hər bir məzun yalnız bir qrup üzrə deyil, digər ixtisas qrupları üzrə də imtahan verə biləcək. Və nəticədə hansı sahəni istəsə, o istiqamətdə yoluna davam edəcək. Ölkəmizdə təhsil sistemində müvafiq islahatlar həyata keçirilir. Bu qərar da onlardan biridir. Bütün bu dəyişikliklər ali təhsilin əlçatan olmasını təmin etmək üçündür. Yəni biz abituriyentlərə maksimum dərəcədə şərait yaradırıq ki, istədikləri sahədə oxuyub, təhsil ala bilsinlər. Bu, dünya təcrübəsində də geniş tətbiq olunan metodlardan biridir. Yəni uşaqlara geniş imkan yaradılır ki, istədikləri seçimi etsinlər. Əvvəl seçim hüquqi məhdud idi, yalnız bir qrupu seçə bilərdilər. İndi isə biz onlara tam sərbəst şərait yaradırıq ki, təhsil almaq hüququ əldə etsinlər”.
Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü təhsildə edilən bu dəyişikliyi müsbət qiymətləndirdiyini deyir: "Qanuna edilən dəyişikliklə mən də tanış oldum. Məncə, çox yerində verilmiş qərardır. Bu abituriyentlərimiz üçün çox müsbət haldır. Düşünürəm ki, onların imtahanlardan yaxşı nəticə əldə etməsinə əhəmiyyətli təsir göstərəcək. Bu, məzunların ali təhsil almaq hüququnun genişləndirilməsinə, seçim edərkən tam sərbəst olmalarına xidmət edən bir qərardır”.
Müsahibimizdən abituriyentin iki ixtisas qrupuna eyni anda necə hazırlaşacağını soruşduq: "Əgər məcburi olsaydı, bu həm hazırlaşmaq, həm də sosial-psixoloji baxımdan abituriyent üçün çətin olardı. Bu sadəcə, seçim kimi məzunlara təqdim edilir. Yəni istəyirsə, 2-ci qrupun da, 3-cü qrupun da imtahanında iştirak edə bilər və sonda hansı ixtisas qrupundan daha çox bal toplayıbsa, hansı ürəyinə yatırsa, onu seçsin. Burada qətiyyən məcburiyyət yoxdur. Elə abituriyent ola bilər ki, iki ixtisas qrupundan, eləsi də olar ki, bir ixtisas qrupundan imtahan vermək istəyər. Hər şey abituriyentin seçiminə buraxılıb”.
M. Mürşüdlü deyir ki, bu dəyişiklik orta məktəblərdə təhsilin də keyfiyyətinin artmasına müsbət təsir edəcək: "İndiki uşaqlarda belə bir fikir formalaşıb ki, ali məktəbə daxil olmaq üçün mütləq hazırlıq kurslarına getmək lazımdır. Amma bu düzgün yanaşma deyil. Edilən dəyişiklik imkan verəcək ki, şagirdlər orta məktəb biliyini ölçə bilsinlər. Yəni iki ixtisas qrupuna sənəd vermək istəyənlər, bir ixtisas qrupuna kursda, digərinə isə orta məktəb biliyi ilə hazırlaşacaq. Bu zaman məcbur qalıb orta məktəbdə keçdiyi bütün fənləri eyni dərəcədə oxuyacaq”.
Təhsil eksperti Nadir İsrafilovun bu məsələyə yanaşması isə bir az fərqlidir. Ekspert qaydaların tez-tez, yeri gəldi-gəlmədi dəyişdirilməsinin o qədər də tərəfdarı olmadığını deyir: "Bu kimi ifrat dəyişikliklər təhsilin bir sistem olaraq oturuşmasına mane olur və islahatların çevikliyinə, mobilliyinə əngəl yaradır. Valideyn, abituriyentlər və ümumilikdə geniş ictimaiyyət arasında çaş-başlığa səbəb olur. Son dəyişiklik adambaşına düşən tələbələrin sayına görə aparıcı dövlətlərlə rəqabətə hesablanan növbəti bir addımdır. Ali təhsilin hamı üçün əlçatan olmasına, məzunlara universitetlərə qəbul olunmaq üçün əlavə şans verilməsinə yönəlmiş tədbirlərin davamıdır. Əlbəttə, ali təhsillilərin, savadlı və peşəkar kadrların çoxluğu ölkəmizin, ümumi mənafeyimizin xeyrinədir. Lakin, bununla belə təhsil haqqı ödənişlərinin əlçatanlığı barədə də düşünmək pis olmazdı”.
Günel Azadə





banner

Oxşar Xəbərlər