Ali təhsili vaxtından tez bitirmək olarmı?
Bu günlərdə Təhsil
Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili
şöbəsinin müdiri Yaqub Piriyev Trend-ə müsahibəsində bildirib ki, tələbə öz tədris
qrafikini düzgün tərtib etdiyi halda, ali təhsil müəssisəsini 4 ildən tez
bitirə bilər. Lakin bu şərtlə ki, bir semestrdə
tələbənin götürdüyü kreditlərin sayı 40-dan çox olmamalıdır. Bəs
görəsən universiteti 4 ildən tez bitirmək təcrübəsi yerli ali təhsil
ocaqlarında tətbiq olunurmu? Ümumiyyətlə, bunun hansı müsbət və mənfi tərəfləri
var? Mövzu ilə bağlı ekspertlərin rəyini öyrəndik.
Təhsil eksperti Nadir İsrafilov deyir ki, biz Boloniya prosesinə qoşulmuşuq və bu mənada
universiteti 4 ildən tez bitirmək faktı Boloniyanın prinsiplərindən biri hesab
edilir: "Baxmayaraq ki biz bu sistemə uzun müddətdir qoşulmuşuq, amma təəssüflər
olsun ki, yerli ali təhsil müəssisələrində daha çox kreditlə bağlı məsələlərə
önəm verilir. Təhsilin bakalavr və magistratura pilləsini vaxtından əvvəl
bitirmək, o cümlədən tələbələrə əlavə kredit vermək bizdə gündəmdə deyil.
Düzdür, bir neçə ali məktəbdə müşahidələrimə əsasən bir neçə tələbə buna cəhd
edib. Əlavə kredit götürməklə təhsilini vaxtından əvvəl bitirmək istiəyən tələbələr
olub. Amma o tələbələrə lazımi şərait yaradılmayıb. Bu məsələnin gündəmə gəlməsini
ancaq alqışlamaq olar. Hətta orta məktəblərdə də bu təcrübədən istifadə edilir.
Biz Boloniya sisteminə qoşulmuşuqsa, onun şərtlərinə də əməl etməliyik. Məsələn,
Boloniya sistemində qayıba görə azadolunma məsələsi yoxdur, amma bizdə müəyyən
limitlər tətbiq edilir. Bəzi ali məktəblərdə limitin miqdarı uzadılsa da, hələlik
Boloniya prosesi tam şəkildə mənimsənilməyib. Ona görə də bu kimi məsələlər
getdikcə üzə çıxır və gündəmə gəlir. Ali məktəbi vaxtından tez bitirmək
Boloniya prosesinin tələblərindən irəli gələn məsələdir. Bu, tələbənin hüququ
kimi orda müəyyənləşdirilib. Bizdə də bu sahədə müəyyən addımlar atılıb.
Nazirliyin son açıqlaması da buna bir nümunədir”.
Təhsil Şurasının sədri Əjdər
Ağayev deyir ki, əgər tələbə ikinci kursdan
başlayaraq yüksək balla oxuyarsa və yuxarı kursdakı bəzi fənləri üstdən dərs
alarsa, həmin tələbə dörd illik təhsilini üç ildə tamamlaya bilər: "Bunun üçün
universitet tələbəyə şərait yaratmalıdır ki, o, buraxılış imtahanını da verə
bilsin. Dünya təcrübəsində belə bir sistem tətbiq edilib. Əsas tələb tələbənin
qiymətinin yüksək olması və ayrı-ayrı
kurslarda olan fənnləri proqram dairəsində almasıdır. Mən özüm belə bir şeyin
şahidi olmuşam. Keçmiş Qafqaz Universitetində bir tələbə 4 illik təhsilini bir
il öncə bitirib. O, öz dərslərini əla oxumaqla yuxarı kurslardan dərs götürdü və
universitet də buna şərait yaratdı. Əslində bu heç də təzə məsələ deyil.
Boloniya prosesinə qoşulandan bəri bu ənənənə mövcuddur. Digər dövlət universitetlərində
belə bir sistemin tətbiq edildiyi haqqında məlumatın yoxdur, amma özəl ali məktəblərdə
bu təcrübə var. Ən yaxşı yaradıcı və fəal tələbələr bu işin öhdəsindən gələ
bilirlər. Tələbə öz işini proqramlaşdıraraq proqramı vaxtında ödəyir və təhsilini
vaxtından əvvəl bitirir. Əslində bu, təlimat məsələsidir və hər bir
universitetin daxili nizamnaməsində nəzərdə tutulub. Ənənəvi sistemdə isə bu təcrübə
yoxdur. Çünki tələbənin qiymətləri təkcə universitetdə deyil, bu sistemə qoşulu
olan hər yerdə elektron şəkildə göstərilir. Bakalavrı vaxtından erkən bitirmək
tələbənin mobilliyi və aktivliyindən asılı olan bir məsələdir. Qeyd edim ki, bu
ənənədən dünya təcrübəsində geniş istifadə olunur. Əgər tələbə kreditini ödəyirsə,
təhsilini erkən başa vura bilər. Burada heç bir problem yoxdur”.
Təhsil eksperti Şahlar Əsgərov bizimlə söhbətində bildirdi ki, bu, universitetə, ixtisasa,
fənnə bağlı olan bir məsələdir: "Amma universiteti vaxtından əvvəl bitirmək məsələsi
bizdə hələlik gündəmdə deyil. Dünya təcrübəsində bu sistemdən istifadə edilsə də,
bizdə hələlik tələbələr təhsilini adətən dörd ilə bitirə bilir. Lakin digər ölkələrin
ali məktəblərində üç il, üç il yarımlıq bakalavr təhsilini alan tələbələr var.
Amma bizdə hər universitetdə bu məsələyə fərqli yanaşma var. Bu kimi məsələlər
universitetin daxili nizamnaməsi əsasında təyin olunur. Təbii ki, təhsili
axtından əvvəl bitirməyin müsbət tərəfləri çoxdur. Bakalavrı erkən bitirən tələbə
magistr təhsilini ala və yaxud istehsalat təcrübəsinə daha erkən qoşula bilər.
Bununla yanaşı, tələbə öz gələcək planlarını da sadələşdirə bilir”.
Şəbnəm Mehdizadə