• cümə axşamı, 25 aprel, 14:48
  • Baku Bakı 23°C

Ali təhsili onlar üçün əlçatan edək ki...

20.09.18 10:30 751
Ali təhsili onlar üçün əlçatan edək ki...
Dövlət İmtahan Mərkəzinin (DİM) fiziki məhdudiyyətli şəxslər üçün imtahanların təşkil edilməsi, tətbiq olunan xüsusi vasitələr və onların, mərkəzin keçirdiyi imtahanlarda istifadə olunması imkanlarını araşdıracağı ilə bağlı mətbuatda yayılan xəbər şübhəsiz, bu istiqamətdə atılacaq addımların başlanğıcı kimi görünür. Elə bu günlərdə qəzetimizdə yer alan 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində aldığı təhsildən danışan və məhz ona dərs keçən müəllimlərin səyi və təcrübəsi sayəsində cəmiyyətin qaranlıq zirzəmisindən işığa qovuşan Xanoğlan Sadiqin qəbul imtahanlarına çətin hazırlıq prosesi bu məsələnin vacibliyini bir daha gündəmə gətirir. Belə ki, gənc Peşə Reabilitasiya Mərkəzində fədakarlıq, təmənnasız sevgi öyrəndiyini və böyük təcrübə, möhkəm dostlar qazandığını qeyd edir. Bütün bunları qazanmaq üçün isə az qala bir ömür xərcləyib. Gəncin qəbul imtahanlarına hazırlaşmasında, instituta qəbul olmasında ona kömək edən insanların səbri və humanistliyi dəstək olub. O, DİM-in qəbul imtahanlarında fiziki sağlamlığından asılı olmayaraq, sağlam insanlara şamil olunan qaydaları keçmək üçün mücadilə aparıb. 428 bal toplayaraq Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olan gənc, 4 ay gecə-gündüz çalışaraq tələbə adını qazanıb.
Təcrübə ardınca gedənlər
Sağlamlıq imkanları məhdud gənclərə ali məktəblərə qəbul zamanı güzəştlərin tətbiqi məsələsinin gündəmə gəlməsi, onların bu istiqamətdə çətinliklərinin qismən də olsa azaldılmasından xəbər verir. Hazırda Böyük Britaniyada Kembric Universiteti ilə birgə əməkdaşlıq çərçivəsində təlim səfərində iştirak edən DİM əməkdaşlarının əldə edəcəyi təcrübə isə bu istiqamətdə yaşıl işıq ola bilər. "Əməkdaşlarımız Birləşmiş Krallıq təcrübəsində imtahanlarda fiziki məhdudiyyətli şəxslər üçün yaradılan şəraitlə tanış olacaq, tətbiq olunan xüsusi vasitələr barəsində öyrənəcək və bu vasitələrin DİM-in keçirdiyi imtahanlarda istifadə imkanlarını araşdıracaqlar”- deyə DİM-in mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə "Kaspi” qəzetinə açıqlamasında bildirdi: "Bilmək maraqlıdır ki, bu cür məsələlər Birləşmiş Krallıqda necə tənzimlənir. Onların təcrübəsindən nələri DİM-in keçirdiyi imtahanlarda tətbiq edə biləcəyimiz araşdırılacaq”. Bununla belə, DİM rəsmisi bu günə qədər mərkəz tərəfindən sınaq və qəbul imtahanlarında iştirak etmək istəyən sağlamlıq imkanları məhdud şəxslər üçün imtahan zamanı müəyyən zəruri şəraitin yaradıldığını deyir. Məsələn, fiziki məhdudiyyətli şəxslər üçün imtahan zamanı əlavə zallar ayrılır. Onlara bir saat əlavə vaxt ayrılır və xüsusi nəzarətçilər təyin edilir: "Tutaq ki, ali təhsil müəssisələrinə qəbul imtahanında fiziki məhdudiyyəti olmayan abituriyentlərə 3 saat müddət verilirsə, fiziki məhdudiyyətli şəxslərə - məsələn, gözdən əlildirsə, oxuya bilmirsə, onlara əlavə olaraq bir saat vaxt verilir. Bunlar imtahan qaydalarında onlar üçün nəzərdə tutulmuş güzəştlərdir. Belə abituriyentlər əvvəlcədən bizə müraciət edirlər və DİM onlar üçün imtahan zallarında xüsusi şərait yaradır. Əgər ehtiyac varsa, sağlamlıq imkanlarının məhdud olmasına görə, nəzarətçi ilə təmin olunurlar. Məsələn, gözdən əlillərə ayrıca olaraq nəzarətçi təhkim olunur, onların sualları nəzarətçilər tərəfindən oxunur və cavabları da nəzarətçilər tərəfindən kodlaşdırılır. Onların normal şəkildə öz bilik və bacarıqlarını nümayiş etdirə bilmələri üçün DİM tərəfindən şərait yaradılır”. X.Xanlarzadə Dövlət Proqramında da fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyasının tətbiq olunması, onların iş şəraitinin təmin olunması ilə bağlı tapşırıqların yer aldığını bildirir. Qəbul imtahanlarının test toplularında yer alan sualların sağlamlıq imkanları məhdud abituriyentlər üçün azaldılmasına və asanlaşdırılmasına gəlincə, DİM rəsmisi qeyd edir ki, bu cür güzəştlər magistraturaya qəbul imtahanlarında nəzərdə tutulub: "Fiziki imkanları məhdud şəxslərin magistraturaya qəbul imtahanlarında test suallarında müəyyən fərqliliklər var. Həlli, onların imkanlarının xaricində olan tapşırıqlardan istifadə olunmur. Bakalavr üzrə qəbul imtahanlarında isə hələlik hər hansı bir dəyişiklik yoxdur”.
Nəzərə alsaq ki, sağlamlıq imkanları məhdud gənclər normal fiziki imkanları olan abituriyentlərlə eyni qaydada və eyni test üzrə imtahan verirlər, onda belə abituriyentlər üçün qəbul imtahanlarında güzəştin nəzərdə tutulmasının zəruriliyi meydana çıxır. Xüsusən də qabiliyyətlərinin qiymətləndirilməsi zamanı yüksək bal almış fiziki qüsurlu abituriyentlərin qəbul imtahanlarında problemlərlə qarşılaşması ayrıca bir mövzudur. Baxmayaraq ki, bu tədris ilində ali və orta ixtisas məktəblərinə təkcə gözdən əlillərin ali məktəblərə daxil olması haqqında statistikada maraqlı faktlar yer alıb. Belə ki, 56 gözdən əlil abituriyent sənəd verib və onlardan 44-ü ali məktəbə qəbul olunub. Onların arasında 555 bal toplayan abituriyent var ki, Bakı Dövlət Universitetinin menecment fakültəsinə, 598 bal topalayan abituriyent isə biologiya fakültəsinə daxil olub.
Vacib və stimullaşdırıcı məsələ
Təhsil ekspertləri fiziki məhdudiyyətli şəxslər üçün imtahanların təşkili prosesində xarici ölkə praktikasının öyrənilməsini bu istiqamətdə müsbət addım kimi dəyərləndirir və belə gənclər üçün güzəştlərin nəzərdə tutulmasını vacib hesab edirlər. Fiziki qüsurlu gənclərin ali təhsil müəssisələrinə birbaşa qəbulunun həyata keçirilməsi ilə bağlı təkliflər də səslənir. O mənada ki, istedadı olanlar cəmiyyətdən ayrı düşməsin, gələcəkdə işlə təmin oluna bilsinlər.
Təhsil eksperti Nadir İsrafilov dünya təcrübəsində qəbul imtahanlarında fiziki qüsurlu insanlar üçün müxtəlif güzəştlərin yer aldığını deyir: «Düzdür, bizdə fiziki qüsurlu insanlar üçün nəzərdə tutulan məktəblər var. İnklüziv təhsil də həyata keçirilir. Ali məktəb məsələsində isə onlara hər hansı güzəştlərin tətbiqi nəzərdə tutulmayıb”. Təhsildə istənilən stimullaşdırıcı tədbirlərin tərəfdarı olduğunu bildirən ekspert qeyd etdi ki, fiziki cəhətdən məhdud olan insanlar üçün bu tip güzəştlərin tətbiq edilməsi ilə bağlı söhbətlər çoxdandır ki, davam edir. Əgər bu istiqamətdə xarici təcrübənin öyrənilib tətbiq edilməsi baş tutarsa, bu, təhsildə yeni baxış olacaq: "Elə məsələlər var ki, onları birbaşa həyata keçirmək olmur və işlək mexanizmi hazırlamaq lazımdır. Eləcə də, qəbul imtahanları məsələsində fiziki qüsurlu şəxslərə güzəşt olunmasının da işlək mexanizmi olmalıdır. İlk növbədə, bu məsələ ilə bağlı müəyyən təcrübə əldə edilməlidir. Bu, vacib və stimullaşdırıcı məsələdir”.
Kompleks işlər aparılmalıdır
Əməkdar müəllim Almaz Həsrətin fikrincə, sağlamlıq imkanları məhdud gənclərə fərdi yanaşmaq lazımdır: "Çünki adi uşaqlardan fərqli olaraq, mənimsənilmiş proqramın məzmunun cavablandırılmasının ayrıca metodla aparılması vacibdir. Milli Məclisdə əlilliyi olan şəxslərin qəbul və digər test imtahanları ilə əlaqədar qanun qəbul edilib. Sənədə görə, əngəlli şəxslərin praktik imkanları nəzərə alınaraq, onlar üçün test imtahanları zamanı əlavə vaxtın verilməsi nəzərdə tutulub. Son vaxtlar belə uşaqların sağlam uşaqlarla birlikdə təhsil almalarına imkan yaradılıb. Doğrudur, bu, bəzi məktəblərdə tətbiq olunub. Daha yüksək nəticə distant təhsildə əldə olundu. Nəticədə orta təhsilini başa vurmuş sağlamlıq imkanları məhdud olan uşaqlar Dövlət İmtahan Mərkəzinə müraciət edərək qəbulda iştirak ediblər”. A.Həsrət də qəbul zamanı belə şəxslərə köməkçi adamın təyin olunduğunu, həmçinin müəyyən əlavə vaxtın da verildiyini deyir: "Bu təcrübə bir çox xarici ölkələrdə də mövcuddur. Misal üçün, Koreyada, Yaponiyada sağlamlıq imkanları məhdud olan uşaqlar, adi uşaqlarla bərabər, eyni gündə müsabiqəyə qatılırlar. Ancaq bizdəki prosedurdan fərqli olaraq, yardımçı sual və tapşırıqların eşidilməsi və görməsinə görə deyil, fiziki fəaliyyətin idarə olunması üçün yardımçıları olur. Üstəlik, verilən tapşırıqları hər birinin qavrayacağı səviyyədə tərtib edirlər. Yəni görmədə problemi olanlar üçün əllərin toxunulması ilə tapşırıqların hazırlanması əsasdır. Eşitməsində problemi olanların tapşırıqları video görüntülü olur, barmaq işarələri ilə əyani göstərilir. Ancaq bizdə təəssüf ki, hələ qəbul imtahanlarında bu metodikalardan istifadə olunmur”. Ekspertin sözlərinə görə, Təhsil Nazirliyi son zamanlar ayrıca diqqət ayıraraq, bu istiqamətdə bir çox işlər görməyə çalışır: "Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün qəbul qaydalarında ayrıca metodika işlənib hazırlanmalıdır. Qəbul zamanı həmin uşaqların imtahanlarının uğurlu təşkil olunması üçün, öncə kompleks işlər aparılmalıdır. İlk növbədə həmin uşaqların sosial reabilitasiyası və onların defektoloji hazırlığının istiqamətləri üzrə metodik vəsaitlərin hazırlanması vacibdir. Həmçinin onların tədrisinin təlim metodikasına dair sosial işçilərin, psixoloqların, loqopedlərin hazırlanması işi gücləndirməlidirlər. Qəbul zamanı məhz həmin kadrlardan istifadə olunmalıdır”.
DİM rəsmisinin ümidverən fikirləri onu deməyə əsas verir ki, yaxın gələcəkdə sağlamlıq imkanları məhdud insanlar üçün nəzərdə tutulacaq güzəştlər, onların sırasında nəinki ali təhsillilərin sayını artıracaq, həmçinin cəmiyyətə inteqrasiyasını gücləndirəcək. Əlbəttə, Birləşmiş Krallığa ezam olunan əməkdaşların özləri il birlikdə gətirəcəkləri təcrübəni bizim cəmiyyətə transfer etmək mümkün olarsa...
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər