• cümə, 29 Mart, 18:02
  • Baku Bakı 14°C

Ali təhsil, yoxsa peşə təhsili? - Diskussiya - Fotolar

24.04.17 09:00 6713
Ali təhsil, yoxsa peşə təhsili? - Diskussiya - Fotolar
Təhsil almaq, müəyyən peşəyə sahib olmaq hər bir gəncin qarşısına qoyduğu məqsədlərdəndir. Lakin son zamanlar peşə təhsilinə maraq azalıb. Hüquqşunasların, həkimlərin, mühəndislərin sayı çoxaldığı halda, qaynaqçılara, dərzilərə, aşpazlara tələbat artıb. Bəs nə üçün bizdə hamı diplom ardınca universitetə qaçır? Peşə təhsili önəmli deyilmi? Bu sualın cavabını Bakı İdarəetmə və Texnologiya Kollecinin tələbələri ilə müzakirə etdik.
Diplomun əhəmiyyəti...
Günel Dövrüşova:
- Düzdür, hər kəs ali təhsil almaq istəyir. Amma diplomlu olmaq savadlı olmağın göstəricisi deyil. Əsas savad olmalıdır. Mənim üçün diplom kağız parçasından başqa bir şey deyil. Sadəcə, oxuduğun ixtisası mükəmməl bilməlisən ki, bu ixtisasda uğur qazana biləsən.
Səma Ədilova:
- Reallığı düşünmək lazımdır. İndiki dövrdə haradasa işə düzəlmək istəyəndə bizdən savad deyil, diplom və dil biliyi tələb olunur. Ona görə biz hazırda kollecdə təhsil alsaq da, ailələrimiz deyir ki, mütləq şəkildə ali təhsil alın. Çünki bizim gələcəyimiz üçün "ortalığa çıxarılası” universitet diplomu olmalıdır. Təbii ki, hər kəs öz ixtisasını sevərək dərindən bilməlidir. Lakin gələcəkdə pillələri bir-bir qalxmaq üçün bizə diplom şərtdir. Yoxsa orta ixtisas təhsili ilə düşünürəm ki, uğur qazana bilmərik. İrəliləmək üçün ali təhsil mütləqdir.
Oruc Məhərrəmov:
- Diplom dalınca qaçan tələbələr o diplomu qazanmaq üçün müəyyən imtahanlardan keçir və nəticədə savad yaranır. Yəni o diplomu almaq üçün müəyyən elmə və biliyə yiyələnməlidirlər. Hər kəs sevdiyi peşə ilə məşğul olmalıdır. Mən burada mühasibat uçotunu oxuyuram. Amma çalışdığım qədər, başqa bir peşə, məsələn, aşpazlıq, zərgərlik də öyrənməyə çalışıram. Çünki bu peşələrə tələbat var. Məncə, peşəsi olan şəxsə diplom lazım deyil. Əgər o, öz peşəsi ilə işini sübut edə bilirsə, diploma gərək yoxdur. İnsan hansı sahəni bacarırsa, orada çalışmalıdır.
Səma:
- Doqquzuncu sinfi bitirdikdən sonra ailədə hər kəs uşağın üzərinə düşür ki, universitetə hazırlaşsın. Amma bu, düzgün psixologiya deyil. Ola bilsin, mən hansısa peşəni daha yaxşı bacarıram. Hamı dərsi eyni cür qavramır. Eləsi var dərsi yaxşı qavraya bilmir, amma peşəni daha yaxşı öyrənə bilir. Yəni universitetə hazırlaşıb 200 bal yığıb kəsilməkdənsə, hansısa bir peşəni öyrənmək daha məqsədəuyğundur. Ətrafımızda da bu cür insanlar çoxdur. Yəni məşğul olmaq istədiyi peşə aşpazlıq, yaxud zərgərlikdir və onun arxasınca gedir. Bilir ki, bu peşədə getdikcə mükəmməlləşəcək və onun bəhrəsini görəcək. Bir də var ki, ömür boyu sevmədiyi işlə məşğul olsun. Yəni bu cür vəziyyətdə peşə məktəbi daha yaxşıdır.
Günay Əmrəliyeva:
- Uşaqların ali məktəbə yönəlməsinin səbəbimi mən daha çox iş tapmaqla əlaqələndirirəm. Çünki uşaqlar məktəbi bitirib müəyyən bir peşəyə sahiblənsələr də, iş tapa bilmirlər. Ona görə ali məktəb oxumağa üstünlük verirlər. Çünki bu dəqiqə işə götürərkən ilk olaraq diploma baxırlar. İntellektual səviyyə, bilik, bacarıqdan əvvəl diplomu soruşurlar. Diplomu olmayan və dil bilməyən şəxsi işə götürmədiklərinə görə, hər kəs ali məktəbə daha çox yönəlir. Yəni beynin içindəkinə deyil, görünən diploma önəm verirlər. Amma biliyi olmayan şəxsin cəmiyyətə faydası olmaz.
Oruc Məhərrəmov:
- Məncə, elmi bilik o qədər də lazım deyil. Elə bir şəxs var ki, zərgərliyi öyrənir. Onun nəyinə lazımdır kimya, fizika? O, işini yaxşı bacarırsa, bu sahədə çox da savad lazım deyil. Məncə, əsasən insanın qabiliyyətinə, bacarığına önəm vermək lazımdır.
Səbinə Hacıyeva:
- Oruc dedi ki, zərgərin fizika, kimya bilməsinə ehtiyac yoxdur. Amma bu olsa, onun özü üçün yaxşıdır. Yəni zərgərliklə bir əlaqəsi olmasa da, onun dünyagörüşünü, biliyini artırır. Çünki hər kəsin peşəsindən əvvəl dünyagörüşü gəlir. Hər bir insan gələcəkdə öz övladına öyrətmək üçün hər bir fənni müəyyən qədər də olsa bilməlidir. Yəni bu, insanın ümumi savadı üçün önəmlidir.
Aytac:
- Bayaq uşaqlar dedilər ki, diplom almaq üçün əziyyət çəkib oxumaq lazımdır. Amma hər diplom alan o demək deyil ki, savadlıdır. Peşəyə qaldıqda isə, orada savad tələb olunmaya bilər. Sən nəyisə bacara, həmin peşə üzrə işləyə bilərsən. Yaxud da iş yeri olmadıqda özün üçün iş yeri qura, öz fəaliyyətini davam etdirib çörəkpulunu qazana bilərsən. Səbinəyə mən də qoşuluram. Bilik insanın dünyagörüşü üçün lazımdır. Yəni ali savad, diplom almaq üçün yox, dünyagörüşü üçün bütün fənləri bilmək lazımdır.
Elgün Məhiyəddinli:
- Biliyi olmayan insanlar daha çox peşəyə istiqamətlənir. Yəni bu günkü bazar iqtisadiyyatı dövründə ən çox tələbat universitet diplomunadır. Peşə təhsili alan bir insan gərək öz biznesini qura. Əgər kimsə peşə təhsili alıbsa, onu çətin ki, haradasa işə götürsünlər. Amma ali təhsil diplomu varsa, onu işə götürəcəklər və onun savadına elə də fikir verməyəcəklər.
Günel Dövrüşova:
- Mən elə hesab edirəm ki, əgər savadın yoxdursa, amma diplom almısansa, sən gələcək üçün savadsız insanlar yetişdirirsən. Bu da bizə lazım deyil. Boş-boşuna alınan diplom gərək deyil.
Oruc Məhərrəmov:
- Bizim qrupda da müxtəlif fikirli insanlar olur. Düşünürlər ki, iş yerim hazırdır. Atam, filan yerdə, dayım filan yerdə işləyir. Bizə deyirlər ki, buradan diplom al, səni işə düzəldəcəyik. O, nə qədər burdan diplom alıb gələcəkdə işə düzəlsə də, çox davam edə bilməyəcək. İşə götürən nə qədər də qohum olsa, işini bilmədikdən sonra onun da işini biləni işə götürməlidir. Biz bu yola bir məqsədlə çıxmışıq ki, oxuyub cəmiyyətdə özümüzə yer tutaq. Hər kəs də öz işini layiqincə yerinə yetirməlidir.
Günay Əmrəlıyeva:
- Bacarığı yaxşı olan, dərsi daha yaxşı qavrayan uşaqlar universitetlərə gedir. Məncə, zəif uşaqlar peşəyə yönəlirlər.
Səbinə:
- Günayla razı deyiləm. Düz deyil ki, savadı aşağı olanlar peşəyə yönəlirlər. Bir insanın rəssam, dərzi, zərgər kimi xüsusi istedadı ola bilər. Məhz bu sahəni sevdiyi üçün məşğul ola bilər. O demək deyil ki, o savadsızdır.
Səma:
- Mən də razı deyiləm. İnsanın seçdiyi peşə ilə məşğul olması savadsızlıq deyil. Tutaq ki, kiminsə atası aşpazdır. O da atasının sənətini davam etdirir. O demək deyil ki, həmin uşaq savadsızdır.
Elgün:
- Peşə təhsili alan bir insanın təbii ki, bilik səviyyəsi zəif olur. Əgər onun bilik səviyyəsi yüksək olsaydı, təbii ki, universitetdə təhsil alardı.
Səma:
- Məncə, bunun biliklə əlaqəsi yoxdur. Məqsəd və istəklə əlaqəsi var. Tutaq ki, mən rəssam olmaq istəyirəm. Niyə bu yönə getməyim, universitetə hüquq oxumağa gedim?
Oruc:
- Mən Elgünün nə demək istədiyini anladım. Bəzən müəllimlər də dərsi yaxşı qavramayan uşaqlara məsləhət görürlər ki, gedin hansısa bir peşəni öyrənin, bu, daha faydalı olar. Sənətlə peşəni eyniləşdirmək olmaz, tamamilə ayrı-ayrı şeylərdir.
Züleyxa Qurbanova:
- Məncə, düzgün istiqamət seçmək lazımdır. Əgər ixtisas arxasınca gedəcəksənsə. Tutaq ki, yaxşı bir mühəndis olmaq istəyirsənsə, mütləq diplom almalısan. Amma sənin rəssamlığa, dərziliyə həvəsin varsa, gedib bir peşə məktəbində də oxuya bilərsən. Universitetə vaxt itirməyin mənası yoxdur. Çünki dərzi gedib özünə kiçik bir müəssisə açıb işləyə bilər. Bunun heç kimə aidiyyatı olmayacaq. Yox, amma sən mühəndis kimi işləmək istəyirsənsə, bu zaman sən kimdənsə asılı işləyəcəksən. Harasa CV göndərəndə bu zaman ilk növbədə sənin bacarığına, biliyinə baxılmayacaq, diplomuna baxılacaq ki, haranın məzunusan. Məncə, peşə təhsili üçün də, ali təhsil üçün də düzgün istiqamət seçilməlidir. Bu məqamda ən əsası, ailənin təzyiqi olmamalıdır və qarşıya mqəsəd qoyulmalıdır.
Günel:
- İnsan özünü kəşf etməlidir. Ən azından, 15-16 yaşından qarşısına məqsəd qoymalıdır ki, mən hansı peşə üzrə oxumaq istəyirəm və arzularının arxasınca getməlidir. Bu məqamda isə ailə uşağa dəstək olmalıdır. Gənclərə sərbəstlik vermək lazımdır.
Aydana Gənciyeva:
- Əslində savadsız insan yoxdur. Oxumaq istəməyən, həmin istiqamətdə getmək istəməyən insan var. Elə uşaqlar var ki, oxumurlar, bir dəfə də olsun dərsə cavab vermirlər, amma onunla çalışanda görürsən ki, qavrama dərəcəsi hətta səninkindən də yüksəkdir. Yəni oxumaq istəsə, səndən də yaxşı oxuyar. Amma sadəcə oxumur, cəmiyyətə faydalı olmur, məqsədsizdir. İnsanın fikirlərinin formalaşmasında məktəbin rolu da böyükdür. Mən əslində uşaq vaxtı həkim olmaq istəyirdim. Amma zamanla, oxuduqca fikirlərim dəyişdi, hüquqşünas olmaq istədim. Yəni insan tam olaraq dərk edirsə, özünü haradasa görür. Əgər savad yoxdursa, dərziliyə getsə belə, santimetr nədir, onu bilməyəcək. Parçanı düz kəsə bilməyəcək. Yəni peşə məktəbinə getsə də, müəyyən qədər savad lazımdır.
Züleyxa:
- Baxırıq ki, 9-cu sinifdən bütün uşaqlar hazırlığa gedirlər. Bəziləri heç hazırlığa belə getmir. Bunun hamısı ailədən irəli gəlir. Ailə uşağa sərbəstlik verməlidir. Oxumaq istəyən oxusa, cəmiyyətimiz daha yaxşı formalaşar. Hər kəs öz seçimini özü etməlidir.
Səma:
- Məsələn, aşpazların maaşı bəzi ali savadlıların maaşından çoxdur. Əvvəlcə baş aşpazın yanında işləməyə başlayır, işi öyrəndikdən sonra özü sərbəst şəkildə fəaliyyət göstərir.
Oruc:
- Atam baş aşpazdır. Mən onun yeməklərə olan həssaslığını görürəm. Fərqli yeməklər hazırlayır, öz fantaziyasını işə salır. Maaşı da yaxşı olur. Məndə də artıq həvəs yaranır ki, mən də bu sahəni öyrənim. Amma atam mühasibatlığı oxuyub. Lakin özünü aşpazlıqda gördüyü üçün o istiqamətə yönəlib.
Aygün ƏZİZ
Günel AZADƏ
















banner

Oxşar Xəbərlər