• cümə axşamı, 25 aprel, 16:52
  • Baku Bakı 23°C

Ali təhsil sistemində yeni mərhələ start götürür

21.11.18 18:08 1422
Ali təhsil sistemində yeni mərhələ start götürür
"Ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramının əsas hədəfi elm sahəsindəki qabaqcıl nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq ali təhsil sisteminin müasir dünya standartlarına uyğun şəkildə inkişaf etdirilməsi və beləliklə, ölkəmizdə yeni nəsil mütəxəssislərin, strateji əhəmiyyət kəsb edən sahələr üzrə milli kadrların yetişdirilməsidir”. «2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na həsr olunmuş mətbuat konfransında səslənən bu fikirlər ali təhsil sistemimizin dünya ali təhsil sisteminə uyğunlaşdırılması, elmi nailiyyətlərin artırılması, əmək bazarına uyğun ixtisaslar üzrə mütəxəssislərin yetişdirilməsi və s. istiqamətlərdə görüləcək işlərə və qarşıda duran vəzifələrə aydınlıq gətirdi.
Təhsil naziri Ceyhun Bayramov ali təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, insan kapitalının inkişafına dövlət dəstəyinin göstərilməsini ən vacib prioritet istiqamətlərdən biri kimi qeyd edərək ölkə başçısının sərəncamını bu sahədə son illər ərzində həyata keçirilən dövlət siyasətinin məntiqi davamı kimi dəyərləndirdi. Belə ki, prezidentin sərəncamı ilə təsdiq olunmuş yeni Dövlət Proqramı «2007-2015-ci illərdə Azərbaycan Respublikası gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»nın davamıdır: "Bu proqramın icrası müddətində 3558 nəfər Azərbaycan gənci dünyanın müxtəlif ölkələrinin qabaqcıl ali təhsil müəssisələrində bakalavriat, magistratura və doktorantura səviyyəsində təhsil almaq imkanları əldə ediblər. Onların böyük əksəriyyəti təhsillərini başa çatdıraraq Azərbaycana qayıdıb və müxtəlif sahələrdə fəaliyyətlərini davam etdirirlər. Təhsil Nazirliyi məzunlarla bağlı olaraq məlumat bazası formalaşdırıb. Apardığımız təhlillər onu göstərir ki, həmin məzunların böyük hissəsi dövlət sektorunda və özəl sahələrdə çalışaraq ölkəmizə öz töhfələrini verirlər. Onların 40 faizi dövlət sektorunda, 60 faizi özəl sektorda çalışır”.
Nazir qeyd etdi ki, birinci Dövlət Proqramı yüksək ixtisaslı kadrların hazırlanması, Azərbaycanın müxtəlif istiqamətlər üzrə əmək bazarına peşəkar kadrların verilməsi ilə yanaşı, ölkənin ali təhsil sisteminə də böyük töhfələr verməkdədir: "Bu müddətdə Azərbaycanda yeni nəsil ali təhsil müəssisələrinin açılmasının şahidi olduq. Həmçinin bir sıra yeni innovativ layihələrin ali təhsil sistemimizdə fəaliyyətə başlamasını qeyd edə bilərik. O cümlədən, Azərbaycanın bir sıra beynəlxalq universitetlərlə ikili diplom layihələrini də qeyd etmək olar. Ölkə iqtisadiyyatı üçün vacib olan bir sıra istiqamətlər bu layihələrdə əhatə olunub və onların sayı son illər xeyli artıb”.
Nazir ölkəmizdə uğurlu ikili diplom proqramlarına misal olaraq Azərbaycan Dövlət Neft Sənaye Universitetində «Birgə Azərbaycan-Fransa Universiteti (UFAZ)» layihəsi çərçivəsində 4 texniki ixtisas üzrə birgə bakalavriat proqramını, ADA Universitetinin ABŞ-ın Miçiqan Universiteti ilə birlikdə və Niderlandın Maastrixt Menecment Məktəbi ilə layihələrini, Bakı Ali Neft Məktəbinin Böyük Britaniyanın Heriot-Vat Universiteti ilə 3 texniki ixtisas üzrə birgə bakalavriat səviyyəsi üzrə kadr hazırlığı, Azərbaycan Turizm və Menecment Universitetinin və Avstriyanın Krems Tətbiqi Elmlər Universitetləri ilə ikili diplom layihələrini qeyd etdi.

Nazirin sözlərinə görə, Dövlət Proqramının hədəfi ölkənin ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsinə yönəlib.
C.Bayramov Dövlət Proqramının iki istiqaməti ehtiva etdiyini bildirdi. Birinci komponentdə ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları, xarici mütəxəssislərin cəlb olunması yolu ilə təkmilləşdirilməsi, yeni akademik mühitin yaradılması nəzərdə tutulub.
Proqramın ikinci komponenti isə ölkəmizin ali təhsil müəssisələrinin akademik potensialının gücləndirilməsi məqsədi ilə milli kadrların hazırlanması üçün xaricdə doktorantura səviyyəsində təhsilin maliyyələşdirilməsini əhatə edir. Bu məqsədlə doktorantura səviyyəsi üzrə seçimin təkmilləşdirilməsi, təhsil nailiyyətlərinin monitorinqi sisteminin yaradılması, müxtəlif sahələr üzrə yerli ali təhsil və elm müəssisələri üçün peşəkar mütəxəssislərin yetişdirilməsi həyata keçiriləcək.
Nazir qeyd etdi ki, bu istiqamətlər Azərbaycan universitetlərinin beynəlxalq səviyyədə reyinqlərinin qaldırılması, beynəlxalq rəqabətliliyin artırılmasına təsir edən komponentlərdir: "Biz düşünürük ki, ikili proqramlar hesabına mühüm istiqamətlər üzrə daha çox sayda Azərbaycan gəncinə öz ölkəmizdə ali təhsil müəssisələrimizin bazasında dünyanın aparıcı universitetlərinin təhsil standartlarına uyğun təhsil alma imkanları yaradılacaq. Düşünürük ki, gənclərimizin xarici müəllim və professor heyəti ilə elmi tədqiqatlarının həyata keçirilməsi, beynəlxalq səviyyədə əlaqələrin artırılması, xarici proqramlar üzrə cəlb edilmiş professorların iş müddətləri başa çatdıqdan sonra öz ölkələrinə qayıtdıqda da yaradılmış əlaqələr beynəlxalq tədqiqatların həyata keçirilməsində davam etdirilsin. Gənc alimlərimizin xarici universitetlərdə təhsillərini davam etdirib Azərbaycana qayıdandan sonra yaranmış elmi əlaqələr uzun illər ərzində ölkəmizin təhsil sisteminə öz müsbət təsirini göstərəcək”.
Nazir Dövlət Proqramı çərçivəsində ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşdirilməsi üçün ilkin mərhələdə 5 beynəlxalq ikili diplom proqramının təsis olunacağını və onların icrasına dair monitorinqin nəticələrinə uyğun layihənin davam etdiriləcəyini söylədi: "Bu məqsədlə nüfuzlu xarici tərəfdaş ali təhsil müəssisələrinin seçimi, xarici mütəxəssislərin cəlb olunması yolu ilə yerli ali təhsil müəssisələrində inzibati-akademik heyətin təlimi və tədris proqramlarının yenilənməsi, beynəlxalq ikili diplom proqramının maliyyələşdirilməsi həyata keçirilir”.
Dövlət Proqramının icrasından gözlənilən nəticələrə gəlincə, C.Bayramov qeyd etdi ki, beynəlxalq ikili diplom proqramlarının həyata keçirildiyi yerli ali təhsil müəssisələrində ölkənin inkişaf prioritetlərinə uyğun yüksək ixtisaslı kadrların müasir standartlar səviyyəsində hazırlığına nail olunması; beynəlxalq ikili diplom proqramlarının həyata keçirildiyi yerli ali təhsil müəssisələrinə əcnəbi professor-müəllim heyətini əmək fəaliyyətinə cəlb etməklə ali təhsil sistemində aparılan islahatları sürətləndirmək əsas məqsədlərdir. Həmçinin bu işlər həmin ali təhsil müəssisələrinin müasir tələblərə uyğunlaşdırılmasına, idarəetmə və beynəlxalq əməkdaşlıq bacarıqlarının təkmilləşdirilməsinə, universitetlərin beynəlxalq reytinqinin yüksəlməsinə və elmi-tədqiqat profilli təhsil müəssisələrinə çevrilməsinə hədəflənib. Yerli ali təhsil müəssisələrində beynəlxalq ikili diplom proqramlarının beynəlxalq akkreditasiyasına, yerli ali təhsil müəssisələrində beynəlxalq ikili diplom proqramlarını həyata keçirməklə onların nüfuzunun artmasına və regional təhsil mərkəzlərinə çevrilməsinə və Dövlət Proqramı çərçivəsində doktorantura səviyyəsində təhsil almış şəxslərin əldə etdikləri beynəlxalq təcrübənin elmi-pedaqoji sahədə tətbiqi, ölkənin əmək bazarının tələbatı əsasında müəyyən olunmuş peşə və ixtisaslar üzrə yüksək ixtisaslı kadr potensialının formalaşmasına nail olunması da gözləntilər sırasındadır. O cümlədən, işəgötürənlərlə əlaqələrin qurulması nəticəsində Dövlət Proqramı çərçivəsində doktorantura səviyyəsi üzrə təhsil almış məzunların işlə təminatı əsas istiqamətlərdəndir.
Nazir kifayət qədər Azərbaycan aliminin xarici ali məktəblərdə elmi-pedaqoji fəaliyyətlə məşğul olduğunu dedi: "Ali təhsildə ikili diplom proqramlarının tətbiqi zamanı Təhsil Nazirliyi tərəfindən Azərbaycan mütəxəssislərinin cəlb olunması üçün işlər görüləcək”.
Nazir Azərbaycan gənclərinin süni intellekt istiqaməti üzrə təhsil alması məsələsinə toxunaraq qeyd etdi ki, bu, hazırda bütün dünyada çox aktual mövzudur: "Bizim gənclərimiz həmin sahə üzrə doktorantura səviyyəsində təhsil almaq üçün müraciət edərsə, çox şad olarıq. Gənc özü araşdırma apararaq, həmin təhsil proqramı haqqında məlumat toplamalıdır. Dövlət yalnız həmin proqramın maliyyələşməsinə yardım edə bilər".
Nazir qeyd etdi ki, Dövlət Proqramına uyğun olaraq bir sıra tədbirlərin həyata keçirilməsi aidiyyəti üzrə dövlət qurumlarının üzərinə düşür. Belə ki, prosesin koordinasiyası Təhsil Nazirliyinə həvalə olunub: "Nazirlik öz səlahiyyətləri çərçivəsində Dövlət Proqramının yüksək səviyyədə icra olunmasına çalışacaq. Qısa müddət ərzində layihələr Nazirlər Kabinetinə təqdim olunacaq. Dövlət Proqramının təsdiq olunmasından bir neçə gündür ki, vaxt keçir, amma artıq Təhsil Nazirliyinə bu proqramda iştiraka dair bir sıra ali təhsil müəssisələrimizdən müraciətlər daxil olur. Bu, təhsil müəssisələrimiz üçün geniş imkanlar açır». Qeyd edildi ki, Dövlət Proqramı Dövlət Neft Fondunun vəsaiti və alternativ mənbələrin (dövlət büdcəsindən ayırmalar, beynəlxalq təşkilatların (fondların) texniki-maliyyə yardımları, kreditlər və qrantlar, mülkiyyət formasından asılı olmayaraq xarici və yerli hüquqi və fiziki şəxslərin ianələri) hesabına maliyyələşdiriləcək.
Jurnalistlərin suallarını cavablandıran nazir, tələbə kreditləri ilə bağlı maliyyə nazirinin Milli Məclisdə səsləndirdiyi fikirlərə aydınlıq gətirdi: "Bir neçə ildir ki, aztəminatlı tələbələrin təhsil haqlarının ödənilməsi üçün təhsil kreditləri verilir, amma "Maarifçi” Kredit Fondu tərəfindən verilən kreditlərin hesabına müraciət edən bütün tələbələrin ehtiyaclarını ödəmək mümkün deyil. Bu məsələ bir neçə dəfə parlamentdə də qaldırılıb. Maliyyə Nazirliyi əsas problem kimi təhsil kreditlərinin qaytarılma mexanizmində tam aydınlığın olmamasını deyir. Biz də Təhsil Nazirliyi olaraq, rəyləri nəzərə almaqla, alternativ mexanizmlər üzərində düşünürük. Biz onları yaxın müddətdə hökumətə təqdim edəcəyik. Bu məsələnin həll ediləcəyinə kifayət qədər nikbin baxırıq”.

Mətbuat konfransında iştirak etdi
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər