• cümə, 26 Aprel, 09:55
  • Baku Bakı 12°C

Ali təhsil sistemində idarəçiləri gəncləşdirəcək fərman

14.12.18 09:15 685
Ali təhsil sistemində idarəçiləri gəncləşdirəcək fərman
Prezident İlham Əliyev "Təhsil haqqında” qanunun tətbiq edilməsi barədə” fərmana dəyişiklik edilməsinə dair fərman imzalayıb. Fərmanda qeyd olunub ki, dövlət ali təhsil müəssisəsinə rektor 5 il müddətinə təyin ediləcək. Bu fərmanın 1-ci hissəsində təsbit edilən müddəa bu fərman qüvvəyə mindikdən sonra həyata keçirilən təyinatlara şamil olunur.
Biz də təhsil ekspertlərindən fərmanın əhəmiyyəti haqda soruşduq. Onlar fərmanı müsbət və demokratik bir addım kimi qiymətləndirdilər.
Təhsil eksperti Kamran Əsədov bildirdi ki, qərar universitetlərin fəaliyyətinə müsbət təsir göstərəcək: "İlk növbədə qeyd edim ki, 2009-cu ildə qəbul edilmiş "Təhsil haqqında" qanun çərçivə qanun olduğundan, burada bir çox məsələlər öz əksini tapmayıb. Ən ciddi məsələlərdən olan ali təhsil müəssisələrində rektorlarla yanaşı, həm də elmi şuralar, dekanlar, kafedra müdirlərinin seçilməsi, onların vəzifə tutma müddətləri kimi məsələlər qeyd olunmayıb. Ona görə də, ölkədə fəaliyyət göstərən dövlət ali təhsil müəssisələrinə hətta 30 ilə qədər bir adamın rəhbərlik etdiyini, bu dövrdə universitetdə hansısa bir dəyişikliyin, inkişafın olmadığının şahidi oluruq. Hal hazırda da bu vəzifəni uzun müddət tutanlar var. Əlbəttə, elmi tədqiqat işlərinin uzun müddət davam etdiyini nəzərə alsaq, bu müddət elmdə kiçik vaxt hesab oluna bilər. Amma rektorlar elmi tədqiqat işləri ilə məşğul olmurlar. Onlar ali təhsil müəssisəsini idarə edirlər. Son illərdə Azərbaycan təhsili inkişaf yolundadır, amma ali məktəblər bundan kənarda qalırlar və müasir çağırışlara cavab vermirlər. Bunun əsas səbəbi rektorların fəaliyyətindəki müddətsizliklə bağlıdır. Hesab edirəm ki, rektorların 5 il müddətinə təyin olunması universitetlərin fəaliyyətinə ciddi şəkildə müsbət təsir göstərəcək. Çünki 5 il sonra fəaliyyətində irəliləyiş olmayan rektorların yenidən təyin olunması çətin olacaq. Ona görə də, universitetlər əmək bazarının tələbinə cavab verən kadr hazırlığı həyata keçirməkdə, dünya reytinqində irəli getməkdə maraqlı olacaqlar. Prezident tərəfindən təhsil haqqında qanuna edilən əlavə çox böyük ideyadır və ciddi dəyişikliyə səbəb ola bilər. Bu, həmdə ali təhsil idarəçilərinin gəncləşməsinə gətirib çıxaracaq. Üstünlük odur ki, hər yeni gələn rektor yeni təfəkkür gətirir. Bu zaman universitet seçkidən-seçkiyə yenilənir. Bütün hallarda rektorların fəaliyyəti hesabatlılıq təmin olunmaqla həyata keçirilməlidir. Fəaliyyəti hər hansı bir zamanla məhdudlaşmayan rektorlar, dünya səviyyəli universitet olmağı hədəfləmir və bu baxımdan elmi-tədqiqat potensialını gücləndirməyi əsas vəzifə kimi qarşılarına qoymurlar. Amma bundan sonra fəaliyyəti dövründə müsbət tendensiya olmayanlar növbəti dəfə seçilməyəcəklər. Burda neçə dəfə seçilmə nəzərdə tutulmur. Bu fərman ancaq bundan sonra təyin olunacaq rektorlara aiddir. Onu da deyim ki, seçki ilə rektorların seçilməsi ənənəsi mövcud olub, amma uğurlu olmayıb. Bunun üçün bir təcrübə, ənənə olmalıdır. Ona görə də, universitetlərimiz dünya universitetləri ilə yaxınlaşmalı, əməkdaşlıq etməlidirlər. Bizdə rektor seçki yolu ilə vəzifə tutsa, bu, o qədər də effektiv olmayacaq. Azərbaycanda bu sahədə çox işlər görülməlidir. Rektor menecer, yenilikçi olmalı, dünya təhsilini yaxından izləməli, universitetin fəaliyyətini buna uyğun həyata keçirməlidir”.

Təhsil eksperti Nadir İsrafilov da fərmanı zəruri hesab edir: "Məlum olduğu kimi, Milli Məclis "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiq edib. Bu, Prezident İlham Əliyevin imzaladığı "Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” fərmanda əksini tapıb. Hesab edirəm ki, son illər Azərbaycan təhsilinin inkişaf yolunda olmasına baxmayaraq, ali məktəblərin bu inkişafdan nəzərəçarpacaq dərəcədə kənarda qalmalarının, əgər belə demək mümkündürsə, müasir tələblərə lazımi səviyyədə cavab verə bilməmələrinin bir səbəbi də onların fəaliyyətindəki müddətsizliklə bağlıdır. Bu mənada belə bir fərmanın imzalanmasını zərurətdən irəli gələn, təhsil sistemində şəffaflığın, obyektivliyin, məsuliyyətin artmasına təkan verə biləcək bir addım kimi qiymətləndirmək olar. Bu, eyni zamanda təhsilin keyfiyyətinin yüksəldilməsi sahəsində də işin xeyrinə olacaq bir gözləntidir. Bunu təcrübə də sübut edir. Respublikanın uzunömürlü rektorlarının rəhbərlik etdikləri universitetləri ilə müqayisədə, yeni təyin olunmuş rektorlar öz yenilikləri, təşəbbüskarlıqları ilə fərqləniblər, rəhbərlik etdikləri təhsil ocaqlarının nüfuzunu qaldırıblar. Ümid etmək olar ki, bu fərmandan sonra universitetlər əmək bazarının tələbinə cavab verən kadr hazırlığı həyata keçirməkdə, beynəlxalq reytinqlərdə irəli getməkdə daha çox maraqlı olacaqlar. Bu, həm də ali təhsil idarəçilərinin gəncləşməsinə də gətirib çıxaracaq. Əlbəttə, bu heç də o anlama gəlmir ki, 5 ili tamam olan rektor təhsil üçün, cəmiyyət üçün itirilmiş kadrdır. İndiki dövrdə hansısa rektorun 20 ilə yaxın işləməsi düzgün hesab olunmur. Yəni işləmək müddəti var. Hətta ölkə rəhbərlərinə də müddət tətbiq olunur. Bəs nəyə görə bu müddət rektorlara şamil olunmasın? Son hadisələr də bunun zəruriliyini göstərir. Məncə, 5 il özünü təsdiq etmək üçün kifayətdir və bu illər ərzində özünü doğrulda, işinə davam edə bilərsən”.
Pedaqoji elmlər doktoru Hümeyir Əhmədov fərmanın demokratik bir qərar olduğunu qeyd etdi: "Məncə, fərman indiki halda çox lazımlı bir addımdır. Çünki istənilən insan bir vəzifədə çox oturanda elə bilir ki, bu vəzifəni özəlləşdirib. Əgər müddət beş il olsa, sən bilərsən ki, bu müddətdə hansı işləri görməlisən. Bu gün dövrün çağırışları da bunu tələb edir. Təyin olunan rektor yaxşı işləyərsə, yenidən təyin oluna bilər. Ümumiyyətlə, gərək bütün vəzifələrdə insanlar ya vaxtaşırı dəyişdirilsin, ya seçilsinlər, ya da yenidən təyin olunsunlar. Məsuliyyət hissi olmalıdır ki, idarəçilər bu vəzifənin özəlləşmiş vəzifə olmadığını dərk etsinlər”.
Şəbnəm Mehdizadə



banner

Oxşar Xəbərlər