• cümə, 19 Aprel, 03:30
  • Baku Bakı 18°C

Ali təhsil müəssisələrinin filialları olsun, olmasın?

24.09.14 12:56 1249
Ali təhsil müəssisələrinin filialları olsun, olmasın?
Xəbər verildiyi kimi, Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının fəaliyyəti dayandırılıb. Təhsil Nazirliyindən bildirilir ki, bu, prezident İlham Əliyevin imzaladığı fərmanla “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 2000-ci il tarixli 13 iyun tarixli fərmanda edilmiş dəyişikliklərə müvafiq olaraq həyata keçirilib. Həmçinin filialda təhsil alan tələbələrin digər ali təhsil müəssisələrinə köçürülməsi, müəllimlərin işlə təmin edilməsi imkanlarının araşdırılması və digər təşkilati işlərin yerinə yetirilməsi məqsədi ilə Təhsil Nazirliyi tərəfindən İşçi Komissiyası yaradılıb.
Artıq bütün tələbələr könüllü olaraq seçdikləri digər ali təhsil müəssisələrinə yerləşdirilib və yaxın günlərdə dərslərə başlayacaqlar. Müəllim və digər işçi personalının işlə təmin edilməsi üçün tədbirlər davam etdirilir.
AMİ-nin filialının bağlanmasını bir müddət əvvəl orada aşkarlanan qanun pozuntuları ilə bağlayanlar da var. Qeyd edək ki, Təhsil Nazirliyinin ötən il Gəncə filialında apardığı araşdırma nəticəsində ali təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu, tədrisin təşkilində, maliyyə intizamında, təhsil sənədlərinin saxlanılması və verilməsində ciddi nöqsanlara yol verildiyi müəyyənləşib, bu təhsil müəssisəsində təhsil almayan, jurnal və əmr kitablarında adı qeyd olunmayan şəxslərin adına yazılmış diplomlar aşkarlanmışdı. Qeyd olunan pozuntu hallarına yol verdiyinə görə, təhsil nazirinin müvafiq əmri ilə AMİ-nin Gəncə filialının direktoru Ramiz Məmmədov vəzifəsindən azad edilmişdi. Toplanmış materiallar isə Baş Prokurorluğa göndərilmişdi.
Onu da bildirək ki, institutun daha bir neçə filialı ilə bağlı oxşar hallar aşkarlanmışdı. Həmin vaxtlar AMİ-nin rektoru Aqiyə Naxçıvanlı açıqlama verərək uzun illərdir ki, institutun filiallarında bu tipli saxtakarlıqlara yol verilməsindən xəbərdar olduğunu və buna görə də dəfələrlə daxili yoxlamalar apardığını etiraf etmişdi. A.Naxçıvanlı bu saxtakarlığın qarşısını almaq üçün özü Təhsil Nazirliyinə müraciət etdiyini də açıqlamışdı.
Bütün bunlar bir yana, bəs ümumiyyətlə universitetlərin, ali təhsil müəssisələrinin filiallarının olması lazımdırmı? Son illər bölgələrdə bir sıra ali və orta təhsil ocaqları, ali məktəblərin filialları artıb. Bütövlükdə bölgələrdəki təhsil ocaqlarında tədrisin keyfiyyəti ilə bağlı fikirlər də birmənalı deyil. Üstəlik, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə daxil olan təhsil sahəsinə aid şikayətlərin içərisində bölgələrdə yerləşən ali təhsil müəssisələrinin və filialların adları üstünlük təşkil edir. Bəzi məlumatlara görə isə, bölgələrdə tələblərə cavab verməyən bütün ali təhsil müəssisələrinin və ali təhsil müəssisələri filiallarının bağlanması məsələsi gündəmdədir. Məlumat üçün bildirək ki, ən çox filialı olan məhz Azərbaycan Müəllimlər İnstitutudur. Adı çəkilən təhsil ocağının respublika ərazisində indiyədək 11 filialı fəaliyyət göstərib. Bir müddət əvvəl onlardan 4-ünün bağlanması ilə bağlı qərar verilib və hazırda 7 filialı mövcuddur. Bütün hallarda, təhsil ekspertlərinin rayonlarda bir sıra ali təhsil ocaqları və kolleclərin bağlanacağına münasibəti birmənalı deyil.
Təhsil üzrə ekspert Məlahət Mürşüdlü tələblərə cavab verməyən tədris müəssisələrinin bağlanması qərarını alqışlamaqla yanaşı, bu zaman bir sıra məqamlara diqqət edilməsini tövsiyə etdi: “Uzun illərin praktikası göstərir ki, sözügedən məsələyə yenidən baxmaq lazımdır. Nəinki bölgələrdə, Bakı şəhərinin özündə də elə özəl pedaqoji universitetlər var ki, fəaliyyəti və yetişdirdiyi kadrlar günün tələblərinə cavab vermir. Bu baxımdan hesab edirəm ki, atılan addım doğrudur. Bütün bunlarla yanaşı, hesab edirəm ki, müəllimlərin ixtisas artırması çox vacib məsələdir. Filialların sayının bölgələrdə tamamilə azaldılması qeyri-mümkündür. Bu, müəllimlərin, müəllim olmaq istəyənlərin Bakıya axın etməsinə səbəb ola bilər. Gəncədə müəllimlər üçün nəzərdə tutulan ixtisasartırma profilli ali təhsil müəssisəsinin fəaliyyət göstərməsi çox vacibdir. Bunu Gəncə Dövlət Universitetinin tərkibində də yaratmaq olar. Yəni universitetin tərkibinə qatmaq və onun fəaliyyətini yeni tələblər baxımından qurmasına çalışmaq lazımdır. Düşünürəm ki, bütün filialları birdəfəlik bağlamaq işə fayda gətirməz. Daha mobil və çevik ixtisasartırma mərkəzlərinin yaradılması çox vacibdir”.
Sabiq təhsil naziri Firudin Cəlilov tələblərə cavab verməyən filialların və ali təhsil müəssisələrinin bağlanmasını istəyir: “Filiallar tələblərə cavab vermir. Digər tərəfdən, yeni təhsil naziri gənc olsa da, onun iş üsulundan xoşum gəlir. Hiss olunur ki, problemlərə ciddi girişib. Yəqin nazirin bir planı var ki, belə bir qərar verilib. Ona görə də sözügedən təşəbbüsü dəstəkləyirəm. Bütün bunlarla yanaşı, təhsil sahəsində hələ çox ciddi islahatların aparılması lazımdır”.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər