• cümə, 29 Mart, 09:46
  • Baku Bakı 5°C

Ali məktəblərimizdə bəzi ixtisaslar tələblərə cavab vermir - Nazir müavini

03.10.13 11:46 1469
Ali məktəblərimizdə bəzi ixtisaslar tələblərə cavab vermir - Nazir müavini
“Bu gün Azərbaycanın ali təhsil müəssisələrində bəzi ixtisaslar dövrün tələblərinə cavab vermir”.
APA-nın xəbərinə görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov 7-ci Beynəlxalq “Təhsil və Karyera” sərgisi ilə bağlı keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, bu məsələ Təhsil Nazirliyi tərəfindən araşdırılacaq. Nazir müavini hesab edir ki, aparılacaq araşdırmaların nəticələri prosesə təkan verəcək.
C. Bayramovun sözlərinə görə, müəllimlərin bu ilki işə qəbulu üzrə müsabiqənin nəticələrinə əsasən, imtahanda iştirak etmiş 15 030 nəfərdən 1474 nəfəri işə qəbul olunub: “Müsabiqənin nəticələrinə görə, orta məktəblərdə təxminən 1800 müəllim yeri vakant qalıb. Bununla bağlı qərarımız oldu ki, Təhsil Nazirliyi həmin yerləri vakant saxlayacaq. Savadı olmayan insanları təhsil sisteminə qəbul etməyəcəyik. Bununla bağlı müəllim hazırlığı ilə məşğul olan bütün təhsil müəssisələrinə məktub göndərmişik. Xahiş etdik ki, onlar bütün tədris planlarını Təhsil Nazirliyinə və Təhsil Problemləri İnstitutuna təqdim etsinlər. Hazırda cavab gözləyirik”.
Nazir müavini qeyd edib ki, müasir dünyada da hər 5-7 ildən bir 40-50% ixtisaslar əhəmiyyətini itirir və yenisi yaranır. Onun sözlərinə görə, insanlar da karyera qurmaq üçün iş fəaliyyətləri ərzində 3-5 dəfə ixtisas dəyişirlər.
banner

Oxşar Xəbərlər