• cümə axşamı, 28 mart, 19:14
  • Baku Bakı 13°C

Ali məktəblərə imtahan vermək istəyənlərin sayı azalıb

13.04.17 12:00 1183
Ali məktəblərə imtahan vermək istəyənlərin sayı azalıb
Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2017-2018-ci tədris ili üçün ərizə qəbulu başa çatıb. I qrup üzrə 27 490 nəfər, (o cümlədən yaz imtahanında iştirak edəcək 25 603 nəfər); II qrup üzrə 19 641 nəfər, (o cümlədən yaz imtahanında iştirak edəcək 18 676 nəfər); III qrup üzrə 17 916 nəfər, (o cümlədən yaz imtahanında iştirak edəcək 16 752 nəfər); IV qrup üzrə 4 922 nəfər, (o cümlədən yaz imtahanında iştirak edəcək 4 621 nəfər) abituriyentinimtahanda iştirak etmək üçün elektron ərizəsi təsdiq edilib. V ixtisas qrupu üzrə 34 153 nəfər imtahanda iştirak etmək üçün elektron ərizəsini təsdiq edib.Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrində təhsilini davam etdirmək istəyənlərin sayı isə 36 076 nəfərdir.
Bu il əvvəlki illərlə müqayisədə I-IV qruplar üzrə ali məktəblərə qəbul olmaq istəyənlərin sayında kəskin azalma müxtəlif suallar doğurub. Belə ki, 2015-ci ildə I-IV qruplar üzrə 82 925 nəfər, 2016-cı ildə I-IV qruplar üzrə 78 545 nəfər abituriyent imtahanda iştirak etdiyi halda, bu illər arasında kəskin fərq olmayıb. Amma 2017-ci il üçün 69 969 nəfər elektron ərizəsini təsdiq edib. Yəni sənəd verənlərin sayında xeyli azalma var.
Bəzi ekspertlər əhatə dairəsinə görə ölkədə ən böyük imtahan prosesi olan bakalavr səviyyəsinə qəbul imtahanlarında xidmət haqqının tətbiqini azalmanın əsas faktoru hesab edirlər. Hərçənd bu amilin tədrisin keyfiyyətinə təsir etməyəcəyini deyənlər də var.
Ali məktəblərə qəbul plan yerinin I-IV ixtisas qrupları üzrə 40 minə yaxın olduğunu qeyd edən təhsil eksperti Kamran Əsədov bu il həmən qruplar üzrə imtahanda iştirak edəcək 69 969 nəfərin heç də hamısının keçid balını toplaya bilməyəcəyini deyir. Belə ki, 2015, 2016 və hətta ondan əvvəlki illərdə imtahanlarda iştirak edənlərin 60 faizə yaxını keçid balını toplaya bilməyib: " Bu ildə eyni göstəricinin təkrarlanacağı danılmazdır. Belə halda böyük sayda plan yeri boş qalacaq. Bu da universitetlərin maliyyələşməsinə ciddi təsir göstərəcək”.
Təhsil Şurasının sədri Əjdər Ağayev isə ali məktəblərə qəbul olmaq istəyənlərin sayında kəskin azalmanı qanunauyğun hal hesab edir. "Azalmanın ilk səbəbi ödənişdən istifadə olunmasıdır. Abituriyentdən 40 manat tələb olunsa da, digər sənədlərin hazırlanması üçün də pul xərclənir. Bu, abituriyentə haradasa 50-60 manata başa gəlir. Çoxlu insanlar tanıyıram ki, həmin ödənişi ödəyə bilmirlər». Ekspertin fikrincə, müraciətlərin azalmasının digər bir səbəbi peşə təhsilinin inkişafı ilə bağlıdır: «Orta ümumtəhsil məktəbini bitirənlər abituriyentlərin bəzisi özlərini müxtəlif peşə sahələrində tapmaq istəyirlər. Yəni onlar öz qarşılarına ali məktəbə daxil olmağı məqsəd qoymayıblar. Bu baxımdan, bu gün peşə sahələrinə getmək aktuallığı yaranıb. Hazırda regionlarda peşə məktəbləri yaranır. Kənd təsərrüfatı, turizm və s. sahələrdə təhsil alan insanlar lazımdır. Abituriyentlərin müəyyən bir qismi də bu istiqamətlərə yönəlir”. «Təhsil haqqında” qanunun hər bir insana təhsil alması hüququnu verdiyini deyən ekspert bildirir ki, həmçinin dövlət insanların təhsil almasını öz boynuna götürür: "Bu baxımdan, ali təhsil almağa maneə yaratmaq, ödəniş tətbiq etmək təhsil sistemində ikinci pilləyə maneə deməkdir. Bir təhsil pilləsindən digər pilləyə keçəndə, buna ödənişlərlə maneə yaratmaq düzgün deyil. Orta məktəbi bitirən və ali təhsil almaq istəməyən gənclər öz yollarını başqa istiqamətdə qururlar. Bir qismi isə böyük bir arzu ilə ali təhsil almaq istəyir. Mən heç ödənişin miqdarını, yəni az və ya çoxluğunu təhlil etmirəm. Ümumiyyətlə, hesab edirəm ki, qəbul ödənişsiz olmalıdır».
Professor Şahlar Əsgərov isə sənəd qəbulunun azalması ilə bağlı sosioloji tədqiqatın aparılmasına ehtiyac olduğunu qeyd edir. Ekspert hesab edir ki, bu məsələdə azalma təhsilin hörmətdən düşməsi, yəni insanların ali məktəb bitirəndən sonra işə düzələ bilməməsi və s. faktorlarla əlaqəli ola bilər: "Əgər bu, əsas faktdırsa onda insanlar «Ali məktəbə getməyin nə mənası var?» - deyə düşünürlər”. Ödənişin olmasını da əsas səbəblərdən biri hesab edən ekspertin fikrincə, bu cür baryerlər aradan qaldırılmalıdır. Professor hesab edir ki, hər bir dövlət öz əhalisinin təhsilli olmasında maraqlı olmalıdır: "Bu maraq olmayınca bu cür hadisələr baş verir. Təyinatlarda qüsurlar olur. Maaşın azalması da təhsili hörmətdən salır. Bu faktorlar hamısı toplanır və "Ali savadlı müəllim olub 150 manat almaqdansa, gedib fiziki işlə məşğul olub daha çox qazanaram» fikirləri yaranır.
Qeyd edək ki, 2017-2018-ci tədris ilindən etibarən ali məktəblərin I-IV qrupları üzrə abituriyentlər seçdikləri ixtisas qrupları üzrə istəklərinə uyğun olaraq imtahanda iki dəfə iştirak edəcəklər.Yəni, sənəd qəbulu – iştirakçıların sayı ilə bağlı rəqəmlərdə irəliyə doğru hansı dəyişikliyin ola biləcəyini söyləmək çətindir. Amma fakt odur ki, imtahana girmək istəyənlərin sayında 8600-ə yaxın azalma qeydə alınıb...
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər