• çərşənbə, 24 Aprel, 13:08
  • Baku Bakı 27°C

Ali məktəblərə imtahan 2 dəfə keçiriləcək?

03.10.13 08:57 2102
Ali məktəblərə imtahan 2 dəfə keçiriləcək?
Əvvəlki illərin məzunları ali məktəblərə qəbul imtahanlarını aprel ayında verəcək. Bu barədə keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib. TQDK sədri deyib ki, 2014-cü tədris ilində əvvəlki illərin məzunları ali məktəblərə qəbul imtahanlarını aprel ayında verəcək: “Biz nəzərdə tutmuşuq ki, əvvəlki illərin məzunları qəbul imtahanlarını yayda deyil, apreldə versinlər. Onların balları apreldə də məlum olacaq. Təbii ki, əvvəlki illərin məzunları müsabiqədə bu ilin məzunları ilə birgə iştirak edəcəklər. Bu ilin məzunlarının balları məlum olduqdan sonra müsabiqə yerləri elan ediləcək və onlar müsabiqədə iştirak edəcəklər. Beləliklə, biz imtahan prosesini yayda daha çevik keçirə biləcəyik”.
TQDK sədri qeyd edib ki, üçüncü sınaq imtahanından sonra əvvəlki illərin məzunları üçün qəbul imtahanları keçiriləcək. Bunların təşkilatçılıq nöqteyi-nəzərindən yeniliklər olduğunu deyən M.Ababszadə bildirib ki, hər kəs indidən öz planlarını qurmalıdır.
Sözügedən açıqlamadan sonra bəzi hazırlıq kurslarında problem yaranıb. Belə ki, imtahanlar 3 ay əvvələ keçirildiyinə görə ali məktəblərə abituriyent hazırlayan kurslar proqramlarında dəyişiklik etməlidirlər. Yəni bütün proqram bundan sonrakı 10 ay ərzində deyil, 7 ay ərzində bitməlidir. Üstəlik, ötən illərdə ali məktəb tələbəsi ola bilməyən məzunlar üçün də bu yenilik gözlənilməz oldu.
“Hədəf” kurslarının Nizami rayon filialının direktoru Emin Sadıqov bizimlə söhbətində dedi ki, əgər ali məktəbə imtahan verən ötən illərin məzunları normal balla, məsələn, 300 balla kəsiliblərsə, belə uşaqlarçün imtahanların qabağa çəkilməsinin heç bir problemi olmayacaq: “Çünki bu cür abituriyentlər əsasən biliklərini möhkəmləndirəcək və təkrar gedəcəklər. Belə məzunlarçün proqramı tezləşdirəcəyik, proqram üzrə dərslər daha sürətli keçiriləcək. Əsasən riyaziyyat və tarix fənlərində gecikmə olur. Bunları da sürətli formada keçib aprelədək bitirəcəyik. Ancaq imtahanların tez keçirilməsi ötən illər 100 bal yığan məzunlarçün problem yaradacaq, onlara proqramı sürətlə keçib qurtarmaq çətin olacaq”.
Təhsil üzrə ekspert Etibar Əliyevin fikrincə, sözügedən qərar abituriyentlər arasında ayrı-seçkiliyə gətirib çıxaracaq: “Digər tərəfdən isə TQDK-nın imtahan keçirmə təcrübəsi çox böyük olsa da, bütün dünya imtahanların sadələşdirilməsinə getdiyi halda, TQDK-nın bu qərarı başadüşülən deyil. Qeyd edim ki, test üsülunu gətirdiyimiz Türkiyədə orta məktəblərin məzunları bir imtahan verərək, həm ali məktəbə daxil olur, həm də orta məktəb ballarını öyrənirlər. Yəni iki imtahanın birləşməsi ilə onların biliyi qiymətləndirilir və istədikləri yerə sənəd verirlər”.
Ötən ilki məzunlarla bu ilki məzunların imtahan vaxtının ayrılmasına gəlincə, E.Əliyev dedi ki, bu, kəmiyyət baxımından imtahanların sayının çoxalmasına xidmət edir, amma keyfiyyət baxımından nəsə gözləməyə dəyməz: “Amma düşünmürəm ki, abituriyentlər üçün bu qərar hansısa problem yarada bilər. Aprel ayı ilə iyul ayı arasında 3 ay fərq var. Bir ilin doqquz ayını oxumayan məzun 3 ayda da heç bir şey əldə edə bilməyəcək. Amma buna baxmayaraq, hesab edirəm ki, bu sistem bütövləşməlidir. Orta məktəblərin buraxılış və ali məktəblərə qəbul imtahanları birləşdirilməli və vahid imtahan keçirilməlidir. TQDK imtahan həvəskarıdır, amma bütün hallarda ali məktəblərə müxtəlif imtahanların keçirilməsini başa düşə bilmirəm, ayrılmanın fəlsəfəsini başa düşə bilmirəm. Əgər sənəd vermə, imtahan vermə və nəticələrin vaxtlı-vaxtında açıqlanması mümkündürsə, bunu iki dəfə keçirmək nəyə lazımdır? Əksinə, ildə 2 dəfə ali məktəbə imtahan keçirmək əlavə xərclərə səbəb olacaq”
Lalə
banner

Oxşar Xəbərlər