• cümə, 29 Mart, 19:52
  • Baku Bakı 14°C

Ali məktəb müəllimlərinin maaşları necə müəyyənləşdirilsin?

11.12.13 09:05 7427
Ali məktəb müəllimlərinin maaşları necə müəyyənləşdirilsin?
“Azərbaycanda ali məktəb müəllimlərinin əməyi və səviyyəsi fərqləndirilməlidir” – bu sözləri Trend-ə açıqlamasında təhsil nazirinin müşaviri Elxan Hüseynov bildirib. Onun sözlərinə görə, Nazirlər Kabinetinin 2012-ci ilin sonunda “Dövlət büdcəsindən maliyyələşdirilən ali təhsil müəssisələrində çalışan işçilərin yeni vəzifə maaşlarının və vəzifə maaşlarına əlavələrin təsdiq edilməsi haqqında” qərarının ləğvindən sonra ali məktəblərdə işçilərin əmək haqlarının yenidən müəyyənləşdirilməsi istiqamətində işlər görülüb, professor-müəllim heyətinin maaşları fərqləndirmə prinsipi ilə müəyyənləşdirilir. Bəzi müəllimlərin maaşı 800-1000 manata çatıb: “Ancaq hələ ki işində innovativ texnologiyalardan kifayət qədər istifadə etməyən müəllimlər onlardan 20 faiz, hətta daha az əməkhaqqı alırlar. Deməzdim ki, bütün ali məktəblər bu qərarın icrası ilə bağlı məsələləri eyni səviyyədə həll edə biliblər. Az bir müddətdə bu sahədə iş görülsə də, bu işlər davam etməlidir. Hesab edirəm ki, yaxın zamanda bu sistemin tamamilə tətbiqi mümkün olacaq”. Nazir müşaviri bildirib ki, fərqləndirmə və stimullaşdırma prinsipi müəllimlər arasında rəqabəti artırar və son nəticə olaraq təhsilin keyfiyyətinə ciddi təsir göstərər.
Bəs bu gün ali məktəb müəllimlərinin maaşları necə hesablanır? Ali məktəblərdə ixtisaslı kadrlar yetişdirən müəllimlər nə qədər maaş alır? Müəllimlərin maaşı hansı kriteriyalarla müəyyənləşdirilməlidir? Bu suallara cavab tapmaq üçün kiçik bir araşdırma apardıq.
Statistika
2010-2011-ci ilin statistikasına görə, dövlət və qeyri-dövlət ali təhsil müəssisələrində 14 min 919 müəllim çalışır. Onların 1243-ü elmlər doktoru, 5695-i fəlsəfə doktoru, 1267 professor, 4280 dosentdir. Saata görə, müəllimlərin aldığı əməkhaqqına gəlincə, universitetlərdən asılı olaraq bu rəqəm dəyişir. Məsələn, elmlər doktoru orta hesabla dərs dediyi 1 saat üçün 4-5, elmlər namizədi 3-4, dərəcəsi olmayan müəllimlər isə 2-3 manat alırlar. 1 saat üçün 4-5 manat alan elmlər doktoru orta hesabla 20 saat dərs deyərsə, aya 360 manat maaş alacaq, bunun da üzərinə 50 manat elmi dərəcəyə görə aldığı maaşı gəlsək, 410 manat edəcəkdi. Həftəyə 20 saat dərs deyən elmlər namizədinin maaşı isə 280 manata çıxacaq, elmi dərəcəyə görə aldığı maaşla birgə 310 manat edəcək. Heç bir elmi dərəcəsi olmayan müəllim isə həftə ərzində dediyi 20 saata 200 manat maaşla kifayətlənməli olur. Qeyd edək ki, dövlət ali təhsil müəssisələrinin əksəriyyətində ştatda olan müəllimlərə maaşın üstünə 10-50 manat civarında əlavə yardım da verilir. Bir daha xatırladaq ki, bu, 2011-ci ilə aid olan statistikadır.
“Hamının bərabər maaş alması ədalət prinsipini pozur”
Millət vəkili, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Musa Qasımlı «Kaspi»yə açıqlamasında bildirdi ki, ali təhsil müəssisələrində çalışan müəllimlərin hamısının bərabər maaş alması ədalət prinsipinin pozulması deməkdir: “Hesab edirəm ki, ali təhsil müəssisələrində çalışan müəllimlərin əmək haqqında eynilik tətbiq edilməsi yanlış olardı. Çünki, işə başlayanda hamı bərabər başlayır, lakin nəticədə hər kəs bərabər olmur. Bu səbəbdən ali məktəbdə çalışan bütün müəllimlərə eyni maaş verilməsi düzgün deyil”.
Tələbə müəllimin biliyini qiymətləndirməlidir
Müəllimlərinin maaşlarının necə təyin edilməsindən danışan millət vəkili bildirdi ki, onların aldığı maaş dediyi dərslərin keyfiyyətindən asılı olmalıdır: “İlk olaraq hər bir müəllimin, dosentin, professorun stajına uyğun olaraq minimal maaş təyin edilməli, bundan sonra isə maaş artımına təsir edə biləcək amillər müəyyənləşdirilməlidir. Məsələn, ali məktəb sistemində çalışan hər bir şəxsin ölkədə elmi jurnallarda məqalə çap etdirməsi, dərslik, proqram, metodik vəsaitin nəşri, elmi konfrans və simpoziumlarda məruzələri, xarici seminarlarda çıxışı nəzərə alınaraq onların maaşlarına əlavələr edilməlidir. Həmçinin hesab edirəm ki, ali məktəblərdə dərs verən müəllim haqqında anonim sorğular keçirilməlidir. Çünki, bizdə yalnız müəllim tələbənin biliyini qiymətləndirir. Eyni zamanda, tələbə də müəllimin biliyini, davranışını qiymətləndirməlidir və sorğuların nəticələrinə əsasən müəllimin maaşına da əlavələr olunmalıdır”. Millət vəkili bizimlə söhbətində vurğuladı ki, əgər bütün bunlar tətbiq olunarsa, müəllimlər arasında sağlam rəqabət yaranar: “Düşünürəm ki, bu üsul həm sağlam rəqabət gətirəcək, həm də elmimizin, təhsilimizin inkişafına kömək edəcək. Ən əsası isə müəllim öz əməyinə uyğun maaş alarsa, onun başqa yerdə işləməsinə ehtiyac qalmaz və bu da təhsilin keyfiyyətinə müsbət təsir edər”.
Acınacaqlı vəziyyət
Məsələyə münasibət bildirən təhsil eksperti Məhərrəm Zülfüqarlı hazırda bu sahədə ölkəmizdəki vəziyyətin acınacaqlı olduğunu bildirdi. Onun sözlərinə görə, ölkəmizdə müəllimlərin əmək haqqı məsələsi hətta keçmiş SSRİ dövlətlərinin əksəriyyətindən geridə qalıb: “Azərbaycanda elmlər namizədi, haradasa 500-600 manat maaş alırsa, Şimali Kiprdə bu məbləğ 2000-2500 yevro arasında dəyişir. Bizdə isə müəllimlərin vəziyyəti çox acınacaqlıdır. Hesab edirəm ki, bəzi ali məktəblərdə neqativ halların aradan qaldırılması və müəllimlərdən daha keyfiyyətli dərs deməyi tələb etmək üçün onların əmək haqqı Boloniya sistemi ilə işləyən ölkələrin əmək haqlarına çatdırılmalıdır”.
Maaş keyfiyyətə təsir edir
Ekspert sabiq təhsil naziri Misir Mərdanovun sözlərini xatırladaraq vurğuladı ki, nə qədər ki, Azərbaycanda əmək haqqı aşağıdır, ölkədə yüksək səviyyəli mütəxəssislər xarici ölkələrə getməyə məcbur olacaqlar: “Misir Mərdanov bu barədə qeyd etmişdi ki, müəllimdən əgər yaxşı iş tələb etmək istəyiriksə ona ən az 800 manat maaş verməliyik. Çox təəssüf ki, bizdə nəinki orta məktəb müəllimlərinə bu qədər maaş verilir, ali məktəb müəllimləri, professorlar bundan qat-qat aşağı maaş alır. Keyfiyyətli dərs deyən, elmi dərəcəsi yüksək olan, çoxlu sayda məqalələri, kitabları olan müəllimlərin əməyi daha yüksək qiymətləndirilməlidir. Belə müəllimlərə fərdi yanaşmaq lazımdır. Müəllimin maaşını təyin etmək üçün mühazirələrdə açıq dərslər keçirilməlidir. Çünki, savadlı mütəxəssisləri ölkəmizdə saxlamaq üçün onlara orta əməkhaqqının verilməsinə ehtiyac var”.
Xatırladaq ki, Təhsil Nazirliyinin müşaviri Elxan Hüseynov müəllimlər üçün fərdi qaydada əməkhaqqının müəyyənləşdirilməsinin asan məsələ olmadığını bildirib. Onun sözlərinə görə, Ali məktəblərin rəhbərliyi, Elmi şuraları əmək haqlarını müəyyənləşdirərkən müəllimin açıq dərslərinin müzakirəsinin nəticələri, yazdığı dərsliklərin və dərs vəsaitlərinin günün tələblərinə cavab verməsi, müəllimin mühazirələrinin elektron versiyasına marağın səviyyəsi, tələbələrlə etik davranışı, keçdiyi mövzulara tələbələrin diqqətini cəlb edə bilib-bilmədiyi kimi məsələləri nəzərdən keçirməlidirlər.
Xarici təcrübə
Türkiyədə müəllimin minimum əmək haqqı 1624 lira, ən yüksək isə 2000 lirədir. Bu ölkədə orta aylıq əmək haqqı təxminən 500-750 dollardır. Qonşu Gürcüstanda isə müəllimlərin maaşı 700-1200 lari (manatla ekvivalenti 350-600 manat) arasında dəyişir. Almaniyada dərəcələrinə görə müəllimlərin maaşı 2-3 min dollar, Avstraliyada onların orta aylıq əmək haqqı 2500 dollar, Fransada təcrübə keçən müəllim 100 dollar, 30 illik təcrübəsi olanlar isə 2 min 500 dollar maaş alır. Yaponiyada isə yenicə işə başlayan ibtidai sinif müəlliminin maaşı 2 min dollardır.
Azərbaycanda isə orta məktəbdə iş təcrübəsi 18 ildən çox olan müəllimlər bir stavkaya görə 140-145 manat, az olanlar isə 110-120 manat maaş alırlar.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər