Alen Delonun şok etirafları  müsahibə

Alen Delonun şok etirafları müsahibə

Müsahibə
09 Fevral 2013, 10:22 3238
Kinosevərlər üçün o, həmişə qeyri-adi aktyordur. İnsanlar üçün fərqi yoxdur – o artıq qocalıb, tənhalıqdan əziyyət çəkir, son illər demək olar ki, heç nə oynamayıb və s. Bununla belə, hara gedirsə, az qala onu əl üstə gəzdirirlər. Üzündəki qırışlara da əhəmiyyət verən yoxdur. Çünki bu yaraşıqlı kişi zamanında bir çox gözəllərin qəlbini sındırıb.
Elə bu nostalji hisslərlə də Rusiyada «Yeni iliniz mübarək, analar!» filminin yaradıcıları Alen Delonu ekran əsərində çəkilməyə dəvət ediblər. Aktyor tərəddüd etmədən razılaşıb. Filmin Moskvada keçirilən təqdimatına gələn insanların çoxu isə heç şübhəsiz, fransız aktyorunu görməyə tələsib. «Oktyabr» kinoteatrı “ulduz”larla dolu olub. Aktyor ajiotajı adekvat qarşılayaraq hamı ilə ünsiyyət qurub, foto çəkdirib. Səhnədə isə “Mən artıq filmi başdan-ayağa seyr etmişəm. Əminəm ki, gəldiyinizə peşman olmayacaqsınız. Bu filmdə çəkildiyimə görə özümü xoşbəxt sayıram!”- deyib.
Alen Delon premyeradan əvvəl axşam verilişlərinin birində qonaq da olub. Aparıcı «Doğurdanmı, Alen Delon odekolon içmir?» - deyə soruşanda fransız aktyor «Axmaq olma» deyərək şüşəni onun əlindən alaraq göz qırpımında boşaldıb... «Komsomolskaya pravda»nın müxbiri Alen Delonla görüşüb və başa düşüb ki, miflər həqiqətlə o qədər də uyğunlaşmır. Bununla belə, aktyorun haqqında gəzən söz-söhbətlər müsahibənin əsas mövzusu olub.

Məndə azadlıq hissi vardı
- Sizin rus filmində görünməyiniz təəccüb doğurub. Bu, necə baş verdi?

- Burada iki vacib məqam var. Birincisi, mən artıq uzun illərdir ki, yalnız xoşuma gələn filmlərdə çəkilirəm. Mən kasıb adam deyiləm. Yalnız zövq almaq üçün işləyirəm. İkincisi, 15 il bundan əvvəl dünyasını dəyişən anam mənim həyatımda böyük rol oynayıb. Məhz onun ölümündən sonra mən öz ixtisasıma olan münasibətimə nəzər saldım. Pulsuz işləməyə başladım. Ona görə də «Analar!» filminə çəkilməyə təklif alanda düşünmədən razılıq verdim. Bu rol mənim anama həsr olunub. Daha doğrusu, bütün analara həsr olunub, hansı ki oğulları çox zaman onları qiymətləndirməyi bacarmırlar.

- Ancaq söz-söhbətlər gəzir ki, sizin filmdə pulsuz çəkilməyiniz reklam tryukudur.

- Söz güləşdirməyəcəyəm. Ancaq mən axı dedim ki, pul artıq mənim həyatımda böyük rol oynamır.

- Həm də axı sizin ananızla şəxsi münasibətləriniz həmişə göylər kimi buludlu olub...

- Bəs sizin gəncliyinizdə məgər hər şey adi olub? Əlbəttə, mən həmişə anamı sevmişəm. Mənə ağır xarakter hədiyyə edən atamdan fərqli olaraq, onu daha çox istəmişəm. Məhz bu xarakter üzündən mənim həyatımda bədbəxtliklər baş verib. Məni məktəbdən qovanda bilmədim ki, anamın üzünə necə baxacağam. Bilirdim ki, bu, anam üçün çox ağır olacaq. Mən təkcə bir şey haqqında düşünürdüm: Bu yazıq həyat məni nə qədər bezdirib. Mən yeni bir dünyaya düşmək istəyirdim. 17 yaşım olanda anama bildirdim ki, Hindi-Çinə döyüşməyə gedirəm. O, hətta məni fikrimdən çəkindirməyə cəhd də eləmədi. Əvvəla, ona görə ki, bu, faydasız idi, mən onsuz da qulaq asmayacaqdım. İkincisi, o mənim boğaza qədər yığıldığımı bilirdi. Əlbəttə, mən böyük bir axmaqlıq etdim. Həyatımla risk etdim. Ancaq bu yaşda bəzən insanlar özlərinə haqq-hesab verməyi xoşlamırlar. Xoşbəxtlikdən mən bütün bu illərə görə anamdan bağışlanmağımı rica edə bildim. Onun ömrünün son illərində biz yenidən çox yaxın idik. Sadəcə, mənim təəssüfləndiyim yeganə bir şey var – bunlar əvvəllər baş verməyib.

- Hindi-Çinə getməyiniz təsadüfi idi?
- Mənim 4 yaşım olanda valideynlərim ayrıldılar. Bu mənim üçün faciə idi. Mən bir neçə il atamla, bir neçə il anamla yaşamışam. Onların hər birinin öz həyatı vardı. Atam ailə qurdu və övladları da dünyaya gəldi. Mən özümü o ailədə ögey hiss edirdim. Qardaşlarım məni döyərək divarın küncünə dirəyirdi. Fikirləşdim ki, burada artıq adamam. Məni pansiona verdilər. Mən çox nadinc, ipə-sapa yatmayan uşaq idim. Ona görə də məni gah bu, gah da digər pansionlara ötürürdülər. Günlərin birində Çikaqoya qaçmağı qərara aldım. Başqa çarəm yox idi. Amma bu da yaxşı nəticələnmədi. Məni geri qaytardılar. Anamla yaşamağa başladım. 17 yaşım hələ yox idi və mən onun yanında işə düzəldim. Mən təyyarəçi olmaq istəyirdim. Parisin küçələrində bununla bağlı elana da rast gəlmişdim. Ancaq biz müraciət edəndə artıq qəbul qurtarmışdı. Atam məni Dəniz Nazirliyinə gətirdi. Mən dənizçi oldum. Hamı mənim harasa getməyimi səbirsizliklə gözləyirdi. Orduya getmək lazım gələndə mən Hindi-Çini seçdim. Ona görə yox ki, döyüşmək istəyirdim, sadəcə ora çox uzaq idi. Mən macəra axtarırdım. İndi fikirləşəndə bu qənaətə gəlirəm ki, o illər mənim həyatımda ən gözəl illər idi.

- Nə üçün?
- Azadlığa görə. O zaman məndə azadlıq hissi vardı. Başıma hər iş gələ bilərdi. Hətta ən pis iş. Mən mübarizəyə hazır idim.

Mənim həqiqətimə heç kim inanmır

- Amma sizin haqqınızda şayiələr yenə də ara vermir. Hətta deyirlər ki, Alen Delon bu yaşda tamamilə təəccüblü eksperimentlər etməyə başlayıb.

- Mənim haqqımda şayiələr? Mən bunlarla çoxdan barışmışam. Fransada mənim haqqımda hər cür cəfəngiyat yazırlar. Onların reallıqla heç bir əlaqəsi yoxdur. Mənim haqqımda həmişə nəsə uydurmağa çalışırlar. Amma mən heç kəsə heç nə demirəm. Qoy uydursunlar. Nə istəyirlərsə yazsınlar. Nə etmək olar, əgər jurnalistlərə bu cür işləmək sərf edirsə... Bunlar da bizim jurnalistlərin quramalarıdır. Onlar sadəcə uğursuz insanlardan yazmağı xoşlayırlar. Mənə isə başqa cür münasibət bəsləyirlər. Çünki mən o kateqoriyaların heç birinə aid deyiləm.

- Bəs siz hansı kateqoriyadansınız?

- Qulaq asın, mən artıq bu suala yüz dəfə cavab vermişəm. Mən özümü 20-ci əsrin ən böyük aktyorlarından, dünya kinosunun əfsanələrindən biri hesab edə bilərəm.

- Onda əfsanələrdən danışaq. Deyəsən, müasir dövrün artistlərinin heç birinin haqqında bu qədər miflər dolaşmır. Amma siz heç zaman demirsiniz ki, bu miflərdən hansı həqiqət, hansı yalandır. Gələcək üçün bunları şərh etmək arzunuz yoxdurmu?

- Ən axmaq mifi adımın silah alveri və mafiya ilə əlaqədə hallandırılması hesab edirəm. Qalanlarına gəlincə… mənim həyatım o qədər qeyri-adidir ki, bütün həqiqəti danışsam da heç kim inanmaz. Özüm də artıq bunda bir məna görmürəm.

- Hər halda yaxın zamanlarda sizdən tərcümeyi-hal gözləməyə dəyər?

- Mənim xatirələrim yalnız mənə aiddir. Mənim haqqımda artıq bir neçə kitab yazılıb. Bütün bunlar məndə ikrah hissi doğurur. Onlar həyatımın bütün şəklini ifadə edə bilmirlər. Amma qoy yazsınlar. Bu gün mən o qədər də çəkilmirəm. Nəhayət, bu gün mən tamam ayrı bir həyat yaşayıram – daha sakit, daha müdrik, daha xeyirxah. Bir halda ki sənin gəncliyində dillərdə gəzən gözəlliyin, məşhurluğun, nalayiq əxlaqın var, bu yaşda həyatını başqa cür yaşamaq mümkünsüzdür.

Kino darıxdırıcı olmağa başlayıb

- Sizin cavan aktyorlara iradlarınız var?

- Öz-özlüyündə onlar əlbəttə, günahkar deyillər, amma… Başa düşürsünüzmü, mən istənilən ölkədə tamamilə gözəl insanların epoxasını sevirəm. Özümüzdən başqa istənilən ölkənin epoxasını. Daha doğrusu, gözəl və istedadlı insanlar heç yerə getməyiblər. Nə üçün onlardan ulduz hazırlamırlar? Bu, düzgün deyil.

- Demək istəyirsiniz ki, Alen Delon bugünkü şərtlərlə də özünə yol aça bilərdi?

- Fikrimcə o, bunu bacarar. Amma mənim bir çox başqa həmyaşıdlarım bu gün aktyorluğa başlasaydılar, onlar üçün asan olmazdı.

- Sizin həmyaşıdınız Jan Pol Belmando aktyorluğa yeni başlayanda ən çirkin aktyor hesab olunurdu. Amma sonradan seks-simvola çevrildi.

- Biz uzun illər onunla filmlərə çəkilmişik. O, məni həmişə təəccübləndirib. Ancaq mən ondan heç nə çəkməyi bacarmamışam. Bu onun xarizması idi. Ancaq o, mənim müəyyən gedişlərimi, maneralarımı mənimsəyə bilirdi. Bugünkü gənclərə baxanda isə elə bilirsən ki, qonşu nərdivandan eyni adamlar qalxır. O insan mənə kinoteatrda necə sehr bəxş edə bilər? “Kino – heç vaxt həyatda olmayan şeydir”. Bu cümləni mən fikirləşməmişəm. Amma təəssüf ki, bu gün o, öz aktuallığını itirib. Kino ölçülü-biçili sakit həyat kimi darıxdırıcı olmağa başlayıb.

Tərcümə etdi:
Təranə Məhərrəmova
müsahibə"> müsahibə">