AZE | RUS | ENG |

“ALƏMDƏ SƏSİM VAR MƏNİM”

“ALƏMDƏ SƏSİM VAR MƏNİM”
ƏZİZƏ CƏFƏRZADƏNİN TARİXİ ROMANINDA BAYATILAR

XX əsr Azərbycan ədəbiyyatının görkəmli nümayəndələrindən sayılan Xalq yazıçısı Əzizə Cəfərzadə yaddaşlardan silinməsi mümkünsüz olan bir yaradıcılıq yolu keçmişdir. Müasir dövr ədəbiyyatımızda daha çox tarixi roman ustası kimi şöhrət qazanmış yazıçının ədəbi-bədii irsi hər zaman çoxcəhətliliyi ilə diqqət mərkəzində olmuşdur.
"Aləmdə səsim var mənim” (1971) yazıçının ilk tarixi romanıdır. Əsərin adı Seyid Əzim Şirvaninin qəzəlindən götürülmüşdür. Xatırladaq ki, yazıçı əsərin adını əvvəl "Məhəbbət günahdırmı?” qoymaq istəmişdir. Ancaq əsərin nəşri zamanı onun adını dəyişdirmiş, S.Ə.Şirvaninin qəzəli ilə adlandırmışdır.
 
Mövti-cismani ilə sanma mənim ölməyimi,
Seyyida, ölmərəm, aləmdə səsim var mənim.
 
Seyid Əzim yaradıcılığına böyük hörmət və məhəbbət bəsləyən Əzizə Cəfərzadə "Aləmdə səsim var mənim” romanında, hər şeydən öncə, şairin obrazını yaratmağı qarşısına məqsəd qoysa da, bununla kifayətlənməmiş, XIX əsr Şamaxı mühitinin, o cümlədən bütün Şirvanın əsərdə təsvirini vermişdir. Əslində bu, Əzizə Cəfərzadə yaradıcılığına xas olan bir xüsusiyyət idi. Çünki o, bütün tarixi romanlarında hadisələri sadəcə quru faktlar əsasında verməmiş, öz qeyri-adi fantaziyası ilə təsvir etmişdir. Xalq şairi Rəsul Rzanın fikrincə, "əsərin bəyənimli cəhətlərindən biri, bəlkə də ən dəyərlisi, müəllifin qələmə aldığı dövrə, onun insanlarına, xalqın məişətinə, adətlərinə yaxından, yaxşı bələd olmasıdır. Biz bu əsərdən xalqın keçmişinə aid yalnız baş vermiş hadisələr, yeniliklə köhnəliyin mübarizəsindən inandırıcı səhifələr deyil, həm də bir sıra etnoqrafik detallar, adətlərin necəliyi, mühitin havası haqqında maraqlı məlumat alırıq. Kitabı vərəqlədikcə, bir zamanlar gördüyümüz məişət adət-ənənələrini, insan xarakterləri, faktlar düzümü illərin uzaqlarında, xatirələr toranından aşkarlanan fotoşəkillər kimi yavaş-yavaş gözlərimizdə görümlüləşir”.
Ağız ədəbiyyatı hər dönəmdə yazılı ədəbiyyatın tükənməz mənbəyi olmuşdur. Dünyanın ən məşhur yazıçıları, hər şeydən öncə, el ədəbiyyatından bəhrələnmişlər. Filologiya elmləri doktoru, İslam SADIQ deyir ki, "Qələmi xalq yaradıcılığı bulağının gözündən su içməyən yazıçılar heç vaxt dahilik zirvəsinə yüksələ bilməz”. Əzizə Cəfərzadənin də təxəyyülünün mayasında xalq, vətən, yurd sevgisi dayanır. Təbii ki, belə insan xalqının tarixini, şəxsiyyətini qələmə alarkən ona daha əziz, yaxın olan vasitələrdən istifadə etməlidir. Əzizə xanım da "Aləmdə səsim var mənim” romanında müxtəlif xalq şeiri nümunələrindən istifadə etmişdir. Bunların içində isə bayatılar sayca çoxluq təşkil edir. Oxucularda belə bir sual yarana bilər ki, yazıçının əsərdə folklor örnəklərindən istifadə etməkdə məqsədi nə idi? Sualın cavabı çox sadədir. Əsərdə obrazların psixoloji-emosianal durumu, hiss-duyğusu, fikir-düşüncəsi həmin folklor örnəklərinin hesabına daha dolğun və aydın şəkildə verilmişdir.
 
Qoy mənə Kür desinlər,
Kürdən də kür desinlər,
Əlini əlimdə olsun
Şirvandan sür desinlər.
 
  Əsərin "Məktublaşma” hissəsindən götürülmüş bu bayatı Seyid Əzim Şirvaninin "Nuri-didəm, əziz sirdaşım Ağa Tərlan!” deyə xitab etdiyi dostu Tərlana cavab məktubundandır. Tərlan məktubunda dostuna artıq Sona ilə bağlı sirrini açmışdı. Seyid Əzim də cavab məktubunda ona yazırdı: "Əvəzsiz qardaşım, əgər o zaman sirrindən agah olsaydım, bəlkə də, əlini əlinə verib sizi bir diyara yollardıq. Şirvan bayatılarında deyildiyi kimi” yazır və bu bayatını da altından qeyd edir. Təbii ki, yazıçı burada həmin bayatını verməyə də bilərdi. Ancaq bu, əsərin dolğunluğuna mənfi təsir göstərəcəkdi.
Əsərdə milli adət-ənənələrimizin təqdimatı da olduqca maraqlı verilmişdir. Novruz bayramı və ilaxır çərşənbələrin Şirvan camaatı tərəfindən necə keçirildiyi əsərdə kifayət qədər dolğun təsvir olunmuşdur. Əsərdə bir çox maraqlı nüanslar olsa da, onların içində ən maraqlısı falabaxma səhnəsidir. Əsərin "Qəmzə” adlı hissəsində yazıçı falabaxma səhnəsini belə təsvir edir: "Qızlar bala otağa yığılıb üzük falına baxmağa, bir azdan sonra da qulaq falına çıxmağa hazırlaşırlar. On nəfərdi qızlar, Qəmzədən başqa: Kəbutər, Mələksima, Gülbikə, Töhfə, Ziynət, Sübi, Tubnisə, Gülnisə, Gülsüm, Zeyvənisə... hamısı da bərli-bəzəkli, hamısı da cığalı, xınalı... Su sonası kimi süzgün, sarp qayaların kəkliyi kimi şaqraq, Ovçupirim düzünün ceyranları kimi ürkək, şən qızlar... Onlar bu gün baxtlarını sınayacaq, ürəklərinin  ən dərin bir hissəciyində özünə yer eləmiş qaraçuxa, çalpapaq, ləzgi məsti geymiş cavanlardan birinin baxtına yazılıb-yazılmadığını yoxlayacaqlar. Çırpınan ürəklərdə elə bir həyəcan var ki, bu həyəcan dadlı bir həsrət kimi qızartıya çevrilib, yanaqları allandırıb”.
Birinci bayatını Kəbutər deyir:
 
Ağac başında Əli,
Altında yaşıl xəli,
Allah muradın versin –
Ya Məhəmməd, Ya Əli!
 
  Kəbutər bayatısını dedikdən sonra Qəmzə tirmə altdan əlini suya salıb üzüklərdən birini çıxarır. O, üzüyü çıxaran zamanda Gülbikə sevinclə qıyya vurur. Kəbutərdən sonra bayatı növbəsi Gülsümə gəlir.
 
Əzizim əli bağlar,
Döşənib xəli bağlar,
Sidqi dürüst olanın
Kəmərin Əli bağlar...
 
  Gülsümdən sonra isə növbə Tubnisəyə yetişir. Hər kəs onun bayatı deməsini gözləyir. Tubnisədən sonra növbə Gülnisənin idi. Ancaq növbə Gülnisəyə çatdıqda məclisin xoş ab-havası bir anın içində pisləşir. Gülnisə düşünmədən ağlına gələn ilk bayatını söyləyir. Məhz elə həmin bayatı da məclisin xoş ovqatını pozur.
 
Şirvanda xan olmuşam,
Çində xaqan olmuşam,
Əlim yardan üzülüb
Yernən yeksan olmuşam.
 
  Çünki hər kəs düşünür ki, görəsən, bu bayatının dalınca kimin üzüyü çıxacaq. Çıxan üzük isə elə Qəmzənin öz üzüyü olur. Bayramdan üç gün sonra Qəmzənin halı pisləşir. Və atasının onu göbəkkəsdisi Məhəmmədə yox, Sarı Hacıağanın oğlu Mir Salehə verəcəyini öyrənir. Daha sonra Məhəmməd öldürülür. Yəni həmin gündən sonra Qəmzəyə yalnız bədbəxtlik üz verir. Və sonda Qəmzə də ölür.
  Əsərin "Vida (müsibət)” hissəsində İsmayıl qardaşı Qaranı, yəni Məhəmmədi öldürür. Böyüklərin öyüd-nəsihətlərinə qulaq asmayan İsmayıl haqqey pirinə getmək adıyla Məhəmmədlə birlikdə evdən çıxır. Və onu meşənin dərinliklərində qətlə yetirir. Məhəmmədin meyitini odunçular tapırlar. Onun meyiti hələ evlərinə gəlib çatmamış ölüm xəbəri bütün Şamaxıya yayılır. Bu qara xəbəri eşidən qadınlar da Xanımsoltanı dövrəyə alıb şaxsey deyirdilər. Sonra Sənəm ağıya keçir:
 
Əzizim qannıları,
Qan tutsun qannıları.
Qudurmuş it olaydım,
Tutaydım qannıları.
 
  Şirvanda qadınların qəbiristana getməyi dəb deyildi. Əsərdə Məhəmmədin dəfni zamanı qadınların evdəki vəziyyəti belə təsvir olunur: "Onlar evdə Məhəmmədin qanlı paltarını yerə döşəyib ətrafında halay vurmuş, şaxsey gedirdilər”.
 
Göydə buludum səni,
Sərim qurudum səni,
Ölüb torpağa getsəm –
Bəlkə unudum səni.
 
 
  Görəsən, ağıları mətndən çıxarsaq nə olar? Mətndəki ağıların rolu oxucunun əsərdəki səhnəni daha yaxşı anlaması üçündür. Təbii ki, yazıçı həmin səhnələri ağılarsız da çox gözəl təsvir edə bilərdi. Ancaq oxucunu bu adi sözlər mütəəssir edə biləcəkdimi? Əlbəttə yox! Bunu bilən yazıçı da ağılardan istifadə edərək həmin səhnəni daha dolğun və mükəmməl bir şəkildə təsvir edir. Oxucu əsəri ağılara qədər soyuqqanlılıqla oxuyur. Əgər yazıçı mətndə həmin ağıları verməsəydi, oxucu əsəri eyni soyuqqanlılıqla da oxumağa davam edəcəkdi. Oxucu ağıları oxuyan zaman qeyri-ixtiyari olaraq soyuqqanlılığı buraxıb həssas bir oxucuya çevrilir. Yazıçının əsərdə folklor örnəklərindən istifadə etməkdə məqsədi obrazların psixoloji-emosianal durumunu, hiss-duyğusunu, fikir-düşüncələrini oxucuya daha dolğun çatdırmaqdır ki, buna da nail olmuşdur.
Əsərin "Çillə çıxartmaq” hissəsindəki Seyid Əzim ilə Sonanın söhbəti də olduqca maraqlı səhnələrdəndir. Həmin səhnədə Sona ürəyindən keçənləri Seyid Əzimə bayatı ilə çatdırır. Seyid Əzimə deyir:
 
Yolum düşdü Garısa,
Söylə sözün varısa,
Beş günüm sənə qurban,
On gün ömrüm varısa.
 
Getmişəm elüvüzdən,
Nə gələr əlüvüzdən,
Olmuşam bir yaşılbaş –
Uçmuşam gölüvüzdən.
 
  Verilən hər iki bayatı Sonanın dilindən söylənir. Ona görə ki, bu bayatılarda Sonanın durumu təsvir olunur. Bayatılar onun puç olmuş həyatından, bədbəxt taleyindən xəbər verir. Bayatıların seçimi uğurlu və yerindədir. Çünki mətni oxuyan zaman sanki kimsə oxucuya əvvəlcədən hansı anda, hansı bayatının deyiləcəyini söyləyir. Bu da bayatıların yerində və doğru seçilmiş olmasından xəbər verir.
  Tarixi romanları bədii əsər olduqları qədər həm də elmi əsər hesab etmək olar. Çünki tarixi romanlar tarixiliyi və elmiliyi özündə əks etdirir. Buna görə də tarixi romanlar tarixi material kimi heç də elmi əsərlərdən geri qalmır. Bədii əsərlər yarandığı dövrün etnoqrafiyasını müəyyən dərəcə özündə əks etdirdiyi üçün elmə gərəkli mənbə ola bilir.
Prof. Mir Cəlal Paşayev tarixi roman janrı haqqında yazır: "Yaxşı tarixi roman üçün mühüm və çətin şərtlər vacibdir. Öz mahiyyəti etibarilə romanın bu növü ən yüksək mərhələni kəsb edir. Tarixi roman xalq şüurunu öz ötən həyatını anmağa meyl edən dövründə meydana çıxır, həmin bu meyl həm də sırf tarixi tədqiqin inkişafını təsvir edir”.
Əzizə Cəfərzadənin "Aləmdə səsim var mənim” tarixi romanı ədəbiyyatımızda özünəməxsus yerə sahibdir. Romanın əsas süjet xəttini  XIX əsr qəzəl ustadı Seyid Əzim Şirvaninin həyat və yaradıcılığı təşkil etsə də, yazıçı təkcə onun həyat və yaradıcılığından söz açmamış, XIX əsr Şirvan camaatının güzaranını, adət-ənənələrini, bir sözlə bütün etnoqrafiyasını qələmə almışdır. Elə buna görə də "Aləmdə səsim var mənim” romanı təkcə bədii əsər kimi yox, həm də elmi əsər kimi qiymətləndirilməlidir.
Sonda sözümü Əzizə Cəfərzadənin öz xatirələrində yazmış olduğu bir fikirlə sonlandırmaq istəyirəm. Əzizə xanım yazır: "Millətimin mənliyini təsdiq edən, qədimliyini, ululuğunu özündə daşıyan nə varsa saxlanmasını, unudulmamasını istəmişəm. Odur ki, öyrəndiklərimi yeri düşdükcə yazılarımda qoruyuram. Özümüzlə heç nə aparmamalıyıq. Bildiklərimizi millətin gənc nəslinə qaytarmalıyıq”.

Eltac SUMQAYITLI

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9267
GEL 1 1 Gürcüstan larisi 0.6343
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1743
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1877
CHF 1 1 İsveçrə frankı 1.6884
KWD 1 1 Küveyt dinarı 5.5875
TRY 1 1 Türkiyə lirəsi 0.3163