AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Albom ifaçının şəxsiyyət vəsiqəsidir

Albom ifaçının şəxsiyyət vəsiqəsidir

Mədəniyyət
08 Noyabr 2013, 09:15 3454
Ötən gün məşhur skripka ifaçısı, əməkdar artist Səlim Abbasov redaksiyamızın qonağı oldu. Skripka ustası bizimlə söhbəti zamanı bir çox məsələlərə aydınlıq gətirdi.

- Səlim bəy, sənətinizə olan maraq haradan qaynaqlanıb?

- Mən musiqiçi ailəsində böyümüşəm. Atam Vaqif Abbasov qarmon ifaçısı idi. Uşaq yaşlarımdan musiqiyə böyük həvəsim olub və o vaxtdan atam mənə musiqi alətlərinin bir çoxunda ifa etməyi öyrədib. Həmin zamandan nağarada, tütəkdə və başqa musiqi alətlərində mahnılar ifa edirdim. Mənim üçün ən maraqlısı isə nəlbəkilərdən çıxan səslər idi. İndi də o mənə daha maraqlı gəlir. O zamanlar el şənliklərinə gedəndə, ifaçıların və rəqs edənlərin başına şabaş tökmək dəbdə idi. Başımdan pul tökəndə isə mahnını daha da ürəklə ifa etməyə başlayırdım (gülür). Üç yaşından musiqi ifa etməyə başlamışam. Həmin yaşlarda beş mahnı öyrənmişdim ki, onları da toylarda, el şənliklərində ifa edirdim. Anamın təkidi ilə atam məni musiqi məktəbinə apardı. Atam istəyirdi ki, mən qarmon ifaçısı olum. Anam məni musiqi məktəbinə aparanda musiqi məktəbinin direktoru söylədi ki, qarmona, pianinoya, tara, nağaraya gələn uşaqlar çoxluq təşkil edir. Ancaq kamançaya gəlmək istəyən uşaqlar isə yoxdur. Məktəb direktoru anama kamança sinfində oxumağımı məsləhət gördü. O gündən anam məni kamança sinfinə yazdırdı.

Rıbaka cavab olaraq kamançada ifa etdim

- Bəlkə də sizdən gözəl nağara və ya tar ifaçısı çıxardı?..

- Hər şey Allahın qismətindən asılıdır. Ancaq bir şey də var ki, Allah sevdiyi bəndəsinə istedad verirsə, onun fərqi yoxdur, istər basketbolçu olsun, istər futbolçu, istərsə də musiqiçi. Yəni yapışdığın işi professional səviyyədə sevərək həyata keçirsən, o hər şeyə yetər. Mən 1-ci sinifdə oxuyanda Azərbaycan respublikası üzrə musiqi yarışlarında iştirak edib, birinci yerə layiq görülmüşəm. Musiqi məktəbini bitirdikdə, artıq 5 yarışmanın qalibi idim. Daha sonra Asəf Zeynallı adına musiqi kollecinə qəbul olundum. Kollecin mənim həyatımda yeri böyük oldu. Belə ki, tanınmış xanəndələrdən Əlibaba Məmmədov, Ağaxan Abdullayev, Alim Qasımov kimi sənətkarların sinfində müşayiət edib, təcrübə toplamışam. Mənim çox gözəl müəllimlərim olub, onlara kamança ifaçısı Ədalət Vəzirov, Adıgözəl Əliyev, Fəxrəddin Dadaşovu misal göstərə bilərəm. Həmin vaxtlar gecə-gündüz öz üzərimdə işləyirdim. Təsəvvür edin ki, səhər tezdən kollecin nəzarətçisi qapını açan kimi oraya ilk mən daxil olurdum. Axşam nəzarətçi məni musiqi məktəbindən güclə çıxarırdı. Asəf Zeynallıda oxuduğum illərdə bir çox müsabiqələrdə iştirak edib diplomlar əldə etmişdim. Buranı bitirdikdən sonra Milli Konservatoriyaya daxil oldum. Oraya həm skripkadan, həm də kamançadan imtahan verdim. Skripkaya önəm verməyimin əsas səbəbi onun vasitəsi ilə insanlara daha yaxın olduğumu düşünməyimdir. Skripka vasitəsi ilə səhnədə ayaq üstə rahat performans göstərmək olur. Ancaq kamança oturaq vəziyyətdə çalındığı üçün performans göstərmək üçün elə də imkanlar yoxdur. Misal üçün, Azərbaycanda keçirilən “Eurovision” yarışmasının açılış mərasimində kamança ifaçısı kimi iştirak edirdim. Orada mənə söylədilər ki, kamança ilə ayaq üstündə hərəkətli musiqi ifa etmək bir az düz gəlmir. Mən isə onlara düz fikirləşmədiklərini söylədim. Aleksandr Rıbak skripka vasitəsi ilə səhnədə özünü göstərmək istəyirdi. Mən isə bütün dünyanın izlədiyi bir yarışmada əlimdə vətənimizi nümayiş etdirən kamança ilə necə sakit otura bilərdim? İstəmədim ki, Rıbakın skripkasının səs tembri bizim kamançamızın tempini öldürsün. Kamança bizim milli alətimizdir və onu göstərmək lazımdır. Həmin musiqi yarışmasının açılışını “Natiq” ritm qrupu ilə birlikdə etdik. Əslində mən skripkada ifa etməli idim. Məşq prosesində gördüm ki, Rıbak mənim skripka ilə ifa etməyimi görüb pis oldu. Hətta mən onun mahnısına ərəb stili qataraq başqa tərzdə ifa etdim. Dima Bilan mənə baxıb gülümsəməyə başladı və o anda Rıbak otağı tərk etdi. Adamın əlinə şans bir dəfə düşür. Mən istəyirdim ki, orada ifa etdiyim musiqini bütün dünya görsün. Çox maraqlı bir proyekt idi.

- Siz “Eurovision” yarışmasından sonra daha çox tanınmağa başladınız. Bu fikirlə razılşasırsınızmı?

- Uşaq yaşlarından el şənliklərində iştirak etdiyimə görə oradan tanıya bilərlər məni. Bir də Konservatoriyada oxuya-oxuya dövlət tədbirlərinə və televiziya verilişlərinə dəvət alırdım. Televiziyaya çıxdıqdan sonra tez bir zamanda tanınmağa başladım. Verilişlərin birində xalq artisti Zeynəb Xanlarova məni görüb və xalq artisti Sadıq Zərbəliyevə tapşırıb ki, skripkaçı Səlimi ona tapsınlar. Sadıq müəllim mənə zəng edib dedi ki, sənə bir sürprizim var. Mən də heç nədən xəbərsiz, Sadıq müəllimlə birlikdə Respublika Sarayına gəldik. Sadıq müəllim məni məşq otağına apardı. Bir də gördüm ki, qapı açıldı, Zeynəb xanım içəri girdi. Özümü itirdim və həyəcanlanmağa başladım. Zeynəb xanım mənə baxıb, Sadıq müəllimə söylədi ki, mən sizə bu oğlanı deyirdim. Məşqə başladıq. Zeynəb xanım muğam oxumağa başladı və mənə onu müşayiət etməyimi söylədi. Ondan sonra Zeynəb xanımla bizim xarici qastrollarımız - Türkiyədə, Amerikada, İstanbulda konsertlərimiz həyata keçdi. Amerikadakı konserti isə hələ də unuda bilmirəm. Zeynəb xanım canlı olaraq 24 mahnı oxudu. Bu, asan iş deyil. 4 saatdan artıq konsert davam etdi. Ancaq elə ifaçılar var ki, 10 dənə mahnı oxuyur, onların içindən yalnız 2-sini canlı şəkildə ifa edir. Biz gördüyümüzü deyirik. Zeynəb xanımın ansamblında çalışandan sonra daha da məşhurlaşmağa başladım.

Uğurun astanasında

- Musiqidən başqa nəyə marağınız var?

- Uşaqlıqdan futbola böyük marağım olub. Atam məni çox futbol oynamağa qoymurdu. Mən də idman ayaqqabılarımı pəncərədən çölə ataraq “həyətə düşürəm” deyib qapıdan qaçırdım. Pəncərədən atdığım ayaqqabı və paltarlarımı uşaqlar götürüb futbol meydançasına aparırdılar. Gün ərzində 7-8 saat futbol oynayırdıq. O zamanlar idmana diqqət çox az idi. Artıq futbol oynayanlar üçün hər bir şərait yaradılıb. İndi də çalışıram ki, Azərbaycan yığmasının oyunlarına tez-tez gedib baxım.

- Siz həm musiqi yazarı, həm musiqi ifaçısı, həm də müğənnisiniz. Bunların hamısını bir arada tutmaq çətin deyilmi?

- Burada çətin heç nə yoxdur. Mənim yazdığım “I love you” mahnısı çox sevildi. Onun sözləri dostum Mirsahibə məxsusdur. Dima Bilan o mahnını məndən istədi, vermədim. Söylədim ki, bu mahnını ərsəyə gətirim, sevilsin, ondan sonra verərəm. Bundan sonra «İlk məhəbbətim», «Sevirəm», «Bayram» kimi mahnılar bəstələdim. Mehriban xanım Əliyevanın dəstəyi ilə Fransada YUNESKO-nun binasında konsert təşkil olundu və mən orada iştirak etdim. Hər adama orada iştirak etmək qismət olmur. Daha sonra Eyfel qülləsinin həyətində Azərbaycan musiqilərini ifa etdim. Mən Amerikada olanda bizdən bir neçə gün əvvəl orada böyük bir tədbir olmuşdu. Pitbulla Cenifer Lopes həmin səhnədə konsert vermişdi. Səhnə olduğu kimi dururdu, yəni sökülməmişdi, həmin səhnəyə çıxıb bir neçə mahnı ifa etdim. Allahıma şükür edirəm ki, mən bu sənəti seçməklə heç vaxt uduzmamışam.

- Ötən il dövlət tərəfindən sizə əməkdar artist adı verildi. Heç sizə qısqanclıqla yanaşan oldumu?

- Bəli, keçən il sentyabrın 14-ü əməkdar artist adına layiq görüldüm. İncəsənət aləmindən olan dostlarımdan çox az adam məni təbrik etmədi. Üzbəüz gələndə mənə deyirdilər ki, eşitmişik ad almısan, səni təbrik edirik. Bilirsiniz, mən elə insanam ki, kiminsə hansısa uğurunu görəndə sevinirəm, əlaqə nömrəsini tapıb onu təbrik edirəm. Belə diqqətsizliyi görəndə, insana bir az təsir edir. Hətta biri mənə söylədi ki, eşitdim ad almısan, mənə də söz veriblər. Konservatoriyada 10 ildir ki, müəllim vəzifəsində çalışıram. Konservatoriyanı – magistraturanı bitirdikdən sonra orada qalıb müəllim kimi işləməyi mənə təklif etdilər. Tələbələrim dünyanın müxtəlif ölkələrində çıxış ediblər.

Günahım var

- Sizin oxuduğunuz “Gangnam style” mahnısı çox marağa səbəb oldu. Məşhur mahnılar sizə çoxmu uğur gətirir?

- Mən Koreyada eşitdim o mahnını. O zaman həmin mahnı elə də məşhur deyildi. Mən hər dildə mahnı oxumuşam, ancaq Koreya dilində isə bu, ilk idi. İndi hər kəs o mahnını çox sevir. Bütün dünya o mahınını oxuyur. O mahnıya görə məni qəbul etməyən insanlar da vardı.

- 3 yaşından səhnədəsiniz. Ancaq hələ albomunuz işıq üzü görməyib. Pulunuz yoxdur?

- Düzdür. 25 ildir ki, səhnədəyəm, bir dənə də olsun albomum yoxdur. Bu yaxınlarda istəyirəm ki, ilk albomum işıq üzü görsün və bunun üçün çalışıram. Albomu gəlir əldə edə bilmədiyim üçün deyil, sadəcə olaraq bu günə qədər buna ehtiyac duymadığım üçün buraxmamışam. Çünki mahnı hazır olanda internetdə çox asanlıqla və tezliklə yayılır. Düşünürəm ki, albom hazırlasam belə, hər kəs mahnıları internetdən dinləməyə üstünlük verəcək. Albomu ona görə hazırlayıram ki, xarici ölkəyə gedəndə məndən diski tələb etdikləri an mən öz albomumu verə bilim. Albom ifaçının şəxsiyyət vəsiqəsidir. Harasa gedəndə, səndən disk istəyəndə, onlara “albomum yoxdur” demək bir az çətin olur. Əslində bu işdə mənim günahım da var. Söz verirəm ki, bu yaxınlarda ilk diskimi təqdim edəcəyəm.

Xəyalə Rəis