Albaniya Prezidentinə ADU-nun fəxri doktoru adı verilib
Bakıda keçirilən V Qlobal
Forumda iştirak etmək məqsədi ilə Azərbaycanda səfərdə olan Albaniya
Respublikasının Prezidenti Buyar Nişani Azərbaycan Dillər Universitetində (ADU)
olub.
ADU-nun rektoru vəzifəsini
icra edən professor Əfqan Abdullayev Albaniya Prezidentinin universitetdə
olmasından məmnunluq duyduğunu söyləyib. Albaniya və Azərbaycan Respublikası
arasında diplomatik münasibətlərin tarixindən danışan professor Albaniya Respublikasının
baş nazirlərinin Azərbaycana səfərindən sonra siyasi sahədə əməkdaşlığın yüksələn
xətlə inkişaf etdiyini diqqətə çatdırıb. O, əlaqələrimizin ikitərəfli və çoxtərəfli
siyasi dialoq, mədəni və iqtisadi sahədə əməkdaşlıq üzərində qurulduğunu söyləyib.
Albaniya və Azərbaycanın
Birləşmiş Millətlər Təşkilatı (BMT), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı
(ATƏT), İslam Əməkdaşlıq Təşkilatı, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində
əməkdaşlıq etdiyini söyləyən Ə.Abdullayev B.Nişaninin ölkəmizə səfərinin Azərbaycan-Albaniya
münasibətlərinin tarixində yeni səhifə açacağını sözlərinə əlavə edib. Ölkələrimiz
arasında tarixi baxımdan oxşarlıq və yaxınlığın olduğunu deyən Ə.Abdullayev Azərbaycan
ərazisində qədim Alban dövlətinin mövcud olduğunu xatırladıb.
Hazırda ADU tələbələrinin
Şərqi Avropada baş verən tarixi, siyasi və mədəni prosesləri öyrəndiklərini
bildirən Ə.Abdullayev onların gənc diplomatlar kimi ölkələrimiz arasında qarşılıqlı
əlaqələrin inkişafına töhfə verəcəyini diqqətə çatdırıb.
Prezident B.Nişani
çıxışında ADU-da olmaqdan və universitetin akademik heyəti ilə görüşməkdən böyük
şərəf hissi keçirdiyini bildirib. ADU-nun fəxri doktoru adı verilməsinin onun
üçün böyük əhəmiyyət kəsb etdiyini söyləyən B.Nişani bu adın Albaniya və Azərbaycan
arasında dostluq və əməkdaşlıq simvolu olacağını sözlərinə əlavə edib. O, ölkələrimiz
arasında coğrafi fərqlərin olmasına baxmayaraq, oxşar cəhətlərin olduğunu da deyib.
Prezident bu görüşdə ikitərəfli əlaqələri müzakirə etmək şansının yarandığını
diqqətə çatdırıb. B.Nişani hər iki ölkənin tələbə mübadiləsini artıracağına və
elmi təcrübələrini bölüşəcəyinə əminliyini ifadə edib.
Sonra Albaniya prezidenti
tələbələrin suallarını cavablandırıb.
Sonda professor Ə.Abdullayev
B.Nişaniyə universitetin Elmi
Şurasının qərarına əsasən ADU-nun fəxri doktoru diplomunu təqdim edib.
Qeyd edək ki, Prezident B.Nişani
ADU-nun fəxri qonaqlar üçün xatirə dəftərinə ürək sözlərini yazıb.
Onu da əlavə edək ki, tədbirdə
"Qarabağ” futbol klubunun albaniyalı oyunçusu Ansi Agolli də iştirak edib.