Albaniya dövrü tariximizə dair maarifləndirici kitab
Azərbaycan
Respublikasının Prezidenti yanında Bilik Fondunun fəaliyyətində xalqımızın
tarixi keçmişinin, mədəniyyətinin təbliği ilə bağlı maarifləndirmə işləri
xüsusi yer tutur.
Fondun
Azərbaycan, rus, ingilis dillərində nəşr etdirdiyi yeni kitab da bu sahədə görülən işlərin
davamıdır. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə
fəlsəfə doktoru Mübariz Xəlilovun "Albaniyanın tarixi, etno-mədəni hüdudları: qərb
istiqaməti” kitabı tariximizin antik və ilk orta əsrlər dövrü barədə oxuculara ətraflı
bilgi verir. Bilik Fondu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə nəşri
olan kitabın yazılmasında əsas məqsəd də Azərbaycan tarixinə dair geniş oxucu
auditoriyasının bilik, məlumat dairəsini genişləndirməkdir. Elmi-populyar
üslubda qələmə alınmış bu əsər Albaniya dövlətinin tarix və mədəniyyətinin öyrənilməsi,
ölkə vətəndaşlarının tarixi keçmişimizə dair biliklərinin artırılması, qədim
dövrlərə aid abidələrimizlə tanışlıq, böyüməkdə olan nəsildə
ulu babalarımızın yadigar qoyduqları maddi-mədəni irsə sahiblik hissinin
formalaşması, onlarda doğma vətənə məhəbbət duyğularının, azərbaycançılıq məfkurəsinin
formalaşması və Azərbaycan elmi-tarixi həqiqətlərinin xarici ölkələrdə
tanıdılması, yayılmasına dəstək vermək baxımından əhəmiyyətlidir.