• cümə axşamı, 25 aprel, 20:52
  • Baku Bakı 21°C

Ağlat, reytinq qazan!

06.06.15 12:23 1689
Ağlat, reytinq qazan!
Son zamanlar televiziya aləmində qəribə bir tendensiya yaşanır. “Bu həftə verilişimizdə Telli Borçalının iç vuraraq ağladığını, məşhur müğənnilərin göz yaşlarını görəcəksiniz. Bu kadrları qaçırmayın”. Telekanallarda demək olar ki, hər həftə bu tip anonslarla qarşılaşırıq. Bir çox toy müğənniləri davamlı şəkildə verilişlərə dəvət olunurlar. Efirdə aparıcı həmin müğənninin yaralı yerlərinə toxunur ki, onu necə lazımdır ağlatsın. İstədiyinə nail olur da. İnsanları zəif nöqtələrindən vurmaqdan asan nə var ki?
“Palatka” toylarının efirə yol açdığını dəfələrlə söylədiyimiz, qınaq obyektinə çevirdiyimiz halda, yeni açılan verilişlərdə də Mikayılın “Sevimli şou”sundan betərinin şahidi oluruq. Belə çıxır ki, tutulan iradlar zərrə qədər də olsa, telekanallara təsir etmir. Və nəticədə belə bir hal yaşanır – şou xarakterli veriliş işıq üzü görəcəksə, bunun ilk qonağı mütləq şəkildə Telli Borçalı, Manaf Ağayev, Elnarə Abdullayeva, Mətanət Əsədova, Tacir Şahmalıoğlu və s. olmalıdır. Düşünürlər ki, toy müğənnilərini ağlatmaq, necə deyərlər, dilləndirmək və onların vasitəsilə qalmaqal yaratmaq, “kövrək anlar” nümayiş etdirmək daha asandır. Səbəb olaraq da göstərirlər ki, bəs, bu tip verilişlər böyük reytinq gətirir. Maraqlıdır ki, həqiqətən də bu tip verilişlərin hansı birinə əl uzatsan, altından böyük reytinqlər çıxır.
Təbiidir ki, verilişdə iştirak edən müğənni qonaqlardan kimi anasını, kimi bacısını, kimi də atasını itirib və yaxud uşaqlığı yoxsulluq içərisində keçib. Müğənninin yaralı yerindən yapışan aparıcı onu bu barədə bir qədər danışdırdıqdan sonra şəninə ana, ata, bacı mövzusunda mahnı oxutdurur. İlk olaraq da aparıcının özündə göz yaşları görünməyə başlayır. Bu isə qarşı tərəfə təsir etməyə bilməz. Nəticədə istər-istəməz, onlar da göz yaşlarını saxlaya bilmirlər. Daha nə lazımdır, əsas məsələ ağlatmaq idi, ona da nail olundu. Qaldı verilişin gurultulu anonsunu etmək. Təsirli kadrların olması üçün isə aparıcıya qonağın göz yaşları lazımdır. Fərqi yoxdur, təbii, yaxud saxta...
Anons isə bir başqa “dərd”dir. Verilişə dəvət olunan müğənninin göz yaşlarını elə tərzdə təqdim edirlər ki, sanki müğənni uzun illər əvvəl itirdiyi ulu babasına görə deyil, bu günlərdə rastlaşdığı ağır faciəyə və ya ayrıldığı sevgilisinə görə ağlayır. Di gəl, bu ağlaşmaya baxma, görüm necə baxmırsan. Veriliş nümayiş olunan bir saat ərzində isə ət tökürsən, əsəbləşirsən, amma anonslardan gözlədiyin o an gəlib çıxmır ki, çıxmır. Hesab edirəm ki, göz yaşı ilə tamaşaçı sayını artırmaqdansa, aparıcının şpaqat açması ilə reytinq toplamaq daha yaxşıdır. Ən azından, gündəlik problemlərini unutmaq üçün bir neçə saatlıq televiziya qarşına keçən tamaşaçı üçün bu, daha əyləncəlidir...
Yadınızdadırsa, bir müddət İlham Mirzəyev adlı aparıcı verilişinə dəvət etdiyi qonağı ağlatmamış ondan əl çəkmirdi. Bu da cəmiyyətimizdə gülüş obyektinə çevrilirdi. Bu gün isə İlhamın o verilişi indikilərin yanında toya gediləsi olub. Sual olunur, aparıcının hansı marağı ola bilər ki, müğənninin dünyasını dəyişmiş bacısı və ya əmisi haqqında onu danışdırsın? Deməli, burada yalnız bir məqam var: reytinq, reytinq, reytinq! Amma başa düşmürlər ki, ucuz ətin şorbası olmur. Deyək ki, bu tip veriliş bir mövsüm gündəmdə qaldı, baxımlı oldu. Bəs sonra? Yoxsa, illərlə tamaşaçının yaddaşında qalmağı düşünürsünüz? Bu, sadəcə mümkün deyil. Əslində hərdən xatırlanacaq, amma bir o qədər də qınanılacaq. Ona görə də özünə hörmət edən ifaçılar da bu tip bayağı verilişlərə ayaq basmırlar.
Televiziya kanallarında şou verilişlərinin çoxaldığı, insanların problemlərinin qabardıldığı bir vaxtda müğənni Rəqsanə də “qonşudan qalma geri” prinspinə əsaslanıb, yeni bir veriliş açdı. Onun necə aparıcılıq etdiyini izləmək üçün 10 dəqiqəlik özümü məcbur etdim və uzun müddətdir ki, bəh-bəhlə anonsu gedən verilişətamaşa etdim. Təsadüfi deyil ki, bu verilişdə də ilk qonaq Manaf Ağayev idi. Qəbahət onda deyil, onsuz da bu günün efir “qəhrəmanlar”ı “palatka” toylarının müğənniləridir. Buna artıq öyrəşmişik. Səsi olmayan, kiminsə sevgilisi olduğu üçü adına müğənni deyilən ifaçılardansa efirə səviyyəli toy müğənnisinin çıxmasına da razıyıq. Rəqsanənin verilişində gördüyüm mənzərə isə tamam başqa idi. İki uşaq anası, sabah, o biri gün qayınana statusu daşıyacaq müğənni efirdə qışqıraraq elə tullanıb-düşürdü ki, adamı gülmək tuturdu. Bir anlıq düşündüm ki, görəsən, montaj zamanı özünü kənardan izləyibmi? Yəqin ki, yox.
Bir haşiyə çıxmaq istərdim: Bu günlərdə tanınan televiziya aparıcılarından biri ilə reytinqlər barədə söhbətimiz oldu. Ona daim tənqid etdiyimiz məqamlardan, gülüş doğuran mənzərələrdən danışdım. Razılaşdı. Ancaq telekanalların buna məcbur olduqlarını bildirdi. Dedi ki, əgər rəhbərlik yeni veriliş təqdim edirsə, burada çalışan işçilərə və aparıcıya maaş verməlidir. Əgər bu veriliş sponsor tapa bilmirsə, reytinq toplamırsa, o zaman telekanal ziyana işləyir. Ona görə də televiziyalar məcburdur ki, “palatka” toyları tipli verilişlər də hazırlasınlar və oradan əldə etdikləri vəsaitlə digər verilişlərini yaşatsınlar. Təsəvvür edin ki, qınaq obyektinə çevrilən şou verilişləri digər 3 verilişdə çalışan işçilərin qonorarını ödəyir. Belə olan təqdirdə, meydanın Telli kimilərə verilməsinin səbəbi aydın olur.
Bütün bunlara baxmayaraq, telekanallar unutmamalıdır ki, maddi vəziyyət, işçilərin təminatı onları sosial məsuliyyətdən, yaxud insanların zövqünü korlamaqdan sığortalamır. Efir üçün daha uyğun və daha optimal variantlar seçilməlidir. Və ümid edirik ki, nə vaxtsa özümüz deyib, yalnız özümüz də eşitməyəcəyik.
banner

Oxşar Xəbərlər