AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ağlamalı günə qalan bizim məhəllə REPORTAJ

Ağlamalı günə qalan bizim məhəllə REPORTAJ

Təfsilat
04 Dekabr 2012, 09:54 1911
Nəsimi rayonu 4-cü mikrorayon 20 Yanvar küçəsi ev 7A-nın sakinləri 15 ildən artıqdır yaşadıqları binada bir sıra problemlərdən əziyyət çəkirlər. Bu çətinliklərdən ən çox gözə görünəni binanın həyətindəki bərbad vəziyyətdir. Belə ki, baxımsızlıq səbəbindən buradakı istirahət guşəsi tamamilə yararsız hala düşüb. Uzun illər rənglənmədiyindən pas bağlayan “besedka”nın və skamyaların taxta oturacaqları sındırılıb. Böyüklərin gəzinti, uşaqların isə oyun meydançası kimi nəzərdə tutulan ərazinin keyfiyyətsiz asfalt örtüyü də dağılıb. Yağış yağanda meydançanın palçığı və çirkli su gölməçələri həftələrlə qurumaq bilmir.

Binanın həyətindəki yaşıllıq zolaqlarına, xüsusən də ağaclara qulluqdan isə ümumiyyətlə danışmağa dəyməz. Yağan yağış-qar nəticəsində əmələ gələn su axını həyətdəki yolun asfalt örtüyünü dağıtmaqla yanaşı, yaşıllıq zolaqlarının kənarı boyu hörülən daşları, eləcə də onların üzərinə qoyulan daş plitələri də uçurub. Sakinlər sonuncu dəfə kimlərinsə yaşıllıqlara qulluq etdiyini də xatırlamırlar. Gövdəsi quruyan və güclü külək nəticəsində sınaraq aşağı sallanan ağaclar hazırda da həyətdə müşahidə edilməkdədir. Valideynlər bu ağacları uşaqları üçün böyük təhlükə mənbəyi sayırlar. Onların qənaətinə görə, gövdəsi çürüyən bu ağaclar meydançada oynayan uşaqların üzərinə aşa bilər. Dəfələrlə yaşıllaşdırmaya, həmçinin ağac kəsmə idarəsinə müraciət edilməsinə baxmayaraq, binanın həyətinə baş çəkib bu məsələ ilə maraqlanan olmayıb.

Axşam vaxtlarında binanın həyətinin qaranlığa qərq olması da sakinləri narahat edir. Binada evi olanlar axşam işdən qayıdıb öz mənzillərinə gedərkən xoşagəlməz hadisə ilə üzləşəcəklərindən ehtiyatlanırlar. Ona görə də əl fənərindən, yaxud da digər işıq saçan əşyalardan istifadə edirlər. Halbuki həyətdə hələ sovetlər birliyi dövründən işıqlandırma sistemi quraşdırılıb. Bununla yanaşı, axşamlar binanın girişlərində də elektrik lampası yanıb. Lakin bir neçə il bundan qabaq xətləri yeniləyən “Bakıelektrikşəbəkə” tərəfindən həm həyətdəki işıq dirəklərinə, həm də binanın girişindəki lampalara elektrik verilişi dayandırılıb.

Soyuq qış aylarında mənzillərin qızdırılması da binada yaşayanların öz vəsaiti hesabına başa gəlir. Ev sahiblərinin sözlərinə görə, son 15 ilə qədər binanın istilik sistemi işləyib. Döşəmə altında quraşdırılan sistemin köməyi sayəsində bütün mənzillər lazımi istiliklə təmin olunub. Amma binanın zirzəmi qatı müəyyən şəxslərə satıldıqdan sonra mənzillərin isidilməsi problemə çevrilib. Belə ki zirzəmi qatında istilik sistemi üçün quraşdırılmış borular müvafiq qurumlardan icazə alınmadan, sakinlərlə razılaşdırılmadan kəsilərək atılıb. Bununla da mənzillərə istilik verilişi dayanıb. İndi hər bir sakin qış aylarında 50 manata yaxın vəsait xərcləməklə evini elektrik enerjisi hesabına qızdırır.

Diqqət çəkən məqamlardan biri də binanın fasadının indiki durumudur. 4-cü mikrorayon dairəsinin düz yanında, 5 müxtəlif yolun qovuşduğu mərkəzdə yerləşən binanın fasadı uzun illərdir rənglənmir. Bu isə yaşayış binasının xarici görkəmini arzuolunmaz edir. Bina sakinləri sadalanan problemlərlə bağlı dəfələrlə Nəsimi rayon icra hakimiyyətinə, bələdiyyəyə və 77 saylı mənzil istismar sahəsinə müraciət etdiklərini bildirirlər. Onların sözlərinə görə, bütün hallarda həmin dövlət qurumları ya məsuliyyəti bir-birinin üstünə atır, yaxud da sakinlərə quru vədlər verərək yola salırlar. Verilən vəd isə yerinə yetirilmir.

20 Yanvar küçəsi ev 7A-nın sakinlərinin şikayətini araşdırmaq üçün biz də Nəsimi rayon İcra Hakimiyyətinə müraciət etdik. İcra hakimiyyətinin mətbuatla əlaqələrə məsul nümayəndəsi Nazim Quliyev sadalanan problemləri dinlədikdən sonra özü üçün müvafiq qeydlər götürdüyünü bildirdi. O, sadalanan çatışmazlıqların aradan qaldırılması üçün araşdırılma aparılacağını, əməli tədbirlər görüləcəyini söylədi:

“2006-2007-ci illər ərzində mikrorayonda 114 binanın həyətində abadlıq işi aparmışıq. Həmin həyətlərdə müxtəlif uşaq əyləncə vasitələri quraşdırıb, istirahət guşələri yaratmışıq. Ancaq təəssüflər olsun ki, bir neçə ay sonra elə həmin binanın sakinləri tərəfindən orada yaradılan şərait dağıdılıb. Konkret olaraq adıçəkilən binanın həyətinə gəlincə, burada bir neçə məqam var. Əvvəla işıqlandırma bilavasitə “Bakıelektrikşəbəkə”yə aid olan məsələdir. Küləyin sındırdığı ağaclara gəlincə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq rəyi olmadan hər hansı qurum ağac kəsə bilməz. Sakinlər əvvəlcə nazirliyin Qaynar xəttinə müraciət edib hansı ünvanda ağac sınma faktı olduğunu qeydiyyata saldırmalıdırlar. Bunun ardınca nazirlik rəy verməlidir. Rəydən sonra ağac kəsmək işini Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma departamenti həyata keçirir. Əgər belə bir rəy varsa, bu məsələni departament qarşısında biz qaldıra bilərik. Binanın həyətindəki meydança, istirahət guşələri, eləcə də istilik sistemi ilə bağlı məsələlər isə tərəfimizdən araşdırılacaq. Əgər həqiqətən də vəziyyət söylənilən kimidirsə, çatışmazlıqların aradan qaldırılmasına çalışılacaq”.

Rufik İSMAYILOVREPORTAJ"> REPORTAJ"> REPORTAJ"> REPORTAJ">