• şənbə, 20 Aprel, 07:53
  • Baku Bakı 14°C

Ağla və vicdana sığmayan zərər

23.05.15 06:46 1332
Ağla və vicdana sığmayan zərər
Xanhüseyn Kazımlının sözlərinə görə, itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupun əldə edəcəyi nəticələr işğalçı Ermənistana qarşı növbəti təzyiq, iqtisadi sanksiya və hüquqi sənəd əhəmiyyəti daşıyacaq
200 ildən çoxdur ki, Azərbaycan xalqı müxtəlif hegemon dövlətlərin himayəsini görən erməni millətçi-şovinistlərinin davamlı etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalıb. Ermənilər öz havadarlarının dəstəyi ilə xalqımıza qarşı dəfələrlə qanlı cinayətlər törədiblər. Bu cinayətlərin sırasına 1905-1907 və 1918-ci illərin soyqırımı hadisələrini, 1930-cu illərin repressiyalarını aid etmək olar. Bu hadisələr zamanı on minlərlə azərbaycanlı günahsız yerə qətlə yetirilib, sürgün edilib, onların əmlakı talanıb. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması prosesi sovet dövründə daha geniş vüsət alıb. 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunaraq, Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilib. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı etnik təmizləmə nəticəsində bu ərazidən qovulub ki, bununla da Ermənistan monoetnik dövlətə çevrilib.
Bütün bu faktların araşdırılması, Ermənistanın işğalçılıq siyasəti nəticəsində ölkəmizə, onun vətəndaşlarına vurulan maddi və mənəvi zərərlərin müəyyən edilməsi, itki və tələfatların qiymətləndirilməsi üçün Prezident İlham Əliyevin rəsmi razılılğı və Nazirlər Kabinetinin 26 fevral 2014-cü il tarixli 51s nömrəli Sərəncamı əsasında Azərbaycan Respublikası ərazilərinin Ermənistan Silahlı Qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupu yaradılıb. İşçi Qrupu Ermənistan Silahlı Qüvvələrinin hərbi əməliyyatları nəticəsində Azərbaycanın işğal olunmuş torpaqlarına, yaşayış məntəqələrinə və digər obyektlərinə dəymiş zərərin, maddi və mənəvi itkilərin Beynəlxalq Qiymətləndirmə Standartlarına əsasən müəyyənləşdirilməsini qarşısına əsas məqsəd qoyub.
Ölkə başçısı İlham Əliyevin apardığı müdrik siyasətə və xalqın iradəsinə sığınan İşçi Qrupu qarşıya qoyulan müqəddəs vəzifələrin ləyaqətlə həllinə nail olmaq üçün 2014-cü ildə Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiasiyası (AQBA) qarşısında münaqişə, müharibə və terror nəticəsində tələfatlara görə itkilərin hesablanması üzrə Beynəlxalq Standartların qəbul edilməsi barədə məsələ qaldırıb. Azərbaycan nümayəndə heyətinin həmin beynəlxalq qurumun üzvü olaraq qaldırdığı təşəbbüs qəbul olunub və bu Standartın layihəsinin hazırlanması Azərbaycan tərəfinə həvalə edilib. Bütün qeyri-hökumət təşkilatları, o cümlədən bu prosesdə daha fəal iştirak edən Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti və İşçi Qrupu tərəfindən hazırlanan Standart layihəsi 2014-cü ilin iyun ayında Belarusun Brest şəhərində keçirilən Konqresdə AQBA-ya təqdim edilib. Müvafiq qurumlar və ekspertlər tərəfindən müsbət rəylər alındıqdan sonra həmin Standart 20-21 may 2015-ci il tarixdə AQBA-nın Qəbələdə keçirilən XIV Beynəlxalq Konqresində geniş müzakirə olunaraq qəbul edilib. Bununla yanaşı, sözügedən Konqresdə Azərbaycan Sosial Rifah Partiyasının (ASRP) sədri, Milli Məclisin deputatı, İşçi Qrupun rəhbəri, professor Xanhüseyn Kazımlı AQBA-nın sədri seçilib.
AQBA sədri X.Kazımlı rəhbərlik etdiyi qurum, eləcə də Azərbaycan Respublikası ərazilərinin Ermənistan Silahlı Qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupu səviyyəsində görüləcək işlər barədə “Kaspi”yə açıqlama verərək, əldə ediləcək nəticələrin işğalçı Ermənistana qarşı növbəti təzyiq, iqtisadi sanksiya, hüquqi sənəd əhəmiyyəti daşıyacağını bildirib. O, yalnız 1988-1993-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ və ətrafındakı 7 inzibati rayonunun Ermənistan tərəfindən işğal edilməsi nəticəsində mədəniyyət abidələri üzrə dəyən zərərin 177 milyard dollar, əhalinin mülkiyyətinə vurulan zərərin 55,4 milyard dollar təşkil etdiyini bildirib. Qeyd edib ki, Ermənistan tərəfdən Azərbaycanın işğal altında saxlanılan ərazilərində yerüstü, yeraltı sərvətlərin talan və məhv edilməsi nəticəsində ölkəmizə dəyən birbaşa, həmçinin dolayı zərər 160 milyard dollardan artıqdır. Millət vəkili bu faktların heç kəsdə şübhə doğurmadığını, bu istiqamətdə qiymətləndirmələrin uğurla davam etdirildiyini vurğulayıb.
X.Kazımlı əlavə olaraq qeyd edib ki, İşçi Qrupu tərəfindən 1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımları nəticəsində Azərbaycanın məruz qaldığı itki və tələfatların qiymətləndirilməsi istiqamətində də işlər aparılır. O, İşçi Qrupun tarixçi-ekspertləri tərəfindən Bakı, Şamaxı, Quba, Şərur, Sədərək və Zəngəzur bölgələrində ermənilərin törətdiyi soyqırımlarının nəticələrinin hesablanaraq qiymətləndirildiyini də diqqətə çatdırıb. Bildirib ki, soyqırımlarında bu bölgələr üzrə 124 min 236 nəfər türk-müsəlman öldürülüb, ümumilikdə əhaliyə o dövrün qiymətləri ilə 8 milyard 235 milyon rubl maddi ziyan vurulub. Onun fikrincə, sözügedən məbləğin Ramsey formulu ilə diskont əmsalı hesablanarkən bu rəqəm indiki pulla 370 milyard 575 milyon dollar təşkil edir.
X.Kazımlı işğal altındakı Dağlıq Qarabağ və ona bitişik ərazilərdə daşınmaz tarix və mədəniyyət abidələrimizin ermənilər tərəfindən planlı şəkildə vandalizmə uğradılmaqda davam etdiyini bildirib. Qeyd edib ki, həmin obyektlər ermənilər tərəfindən dağıdılır, məhv edilir və ya başdan-başa erməniləşdirilir. Onun sözlərinə görə, işğal olunmuş ərazilərimizdə 901 rəsmi dövlət qeydiyyatında olan tarix və mədəniyyət abidələri var ki, onlardan 609-u yerli, 285-i ölkə, 13-ü isə beynəlxalq əhəmiyyətli abidələrdir. Bundan əlavə, 1600 rəsmi dövlət qeydiyyatında olmayan tarix və mədəniyyət abidələri ermənilər tərəfindən mənimsənilib ki, bunlarin da ümumi sayi 3 mindən çoxdur.
İşçi Qrupunun rəhbəri əminliklə qeyd edib ki, Azərbaycanın dövlət rəhbərliyi tərəfindən verilən tapşırıqlara müvafiq olaraq, aparılmaqda olan qiymətləndirmə prosesində bunların hərtərəfli nəzərə alınmasına cəhd göstərilir. Çünki öz doğma yurd-yuvalarından didərgin düşən qaçqın və məcburi köçkünlər qeyd olunan torpaqların üst qatındakı yabanı çoxillik bitkilərin məhsullarından, eləcə də dərman bitkiləri, arı pətəkləri və sairdən təyinatlı faydalar görürdülər. Yeraltı sərvətlərə gəldikdə isə bunu sadalamaqla qurtarmaq qeyri mümkündür.
Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər