AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Akvakulturanın inkişafı üçün özəl balıqartırma təsərrüfatlarının yaradılmasına başlanılıb

Akvakulturanın inkişafı üçün özəl balıqartırma təsərrüfatlarının yaradılmasına başlanılıb

Müsahibə
14 May 2020, 13:52 500
23 may ekoloqlar günü ərəfəsində Ekologiya və Təbii Sərvətlər nazirinin yeni təyin olunmuş müavini Vüqar Kərimov nazirlikdə aparılan islahatlar, kadr dəyişiklikləri və ekologiya sahəsində qarşıda duran hədəflər barədə Trend-in suallarını cavablandırıb. Qeyd edək ki, V.Kərimov biologiya üzrə fəlsəfə doktorudur və bundan əvvəl nazirliyin Aparat rəhbəri vəzifəsində işləyib.

- Nazirlikdə aparılan son kadr və struktur islahatlarının mahiyyəti barədə nə demək olar?
- Prezidentin 16 yanvar 2019-cu il tarixliərmanı ilə nazirlikdə struktur islahatlarına başlanılıb. Ölkə başçısının rəhbərliyi ilə aparılan struktur islahatlarının əsas məqsədi də idarəetmədə çevikliyi və səmərəliliyi artırmaq, cəmiyyətdə formalaşan yeni çağırışlara və iqtisadiyyatda baş verən struktur dəyişikliklərinə uyğunlaşmanı təmin etməkdir. Bu fərman nazirliyin bugünkü və gələcək fəaliyyəti üçün son dərəcə əhəmiyyətlidir. Optimallaşma nəticəsində yaxın funksiyalı strukturların birləşdirilməsi ilə idarəetmədə çoxpilləliyin aradan qaldırılmasına nail olunacaq. Nazirlikdə indiyədək mövcud olan 6 departamentin, bir neçə institut və mərkəzin bazasında Dövlət Ekoloji Təhlükəsizlik, Meşələrin İnkişafı, Hidrometeorologiya və Biomüxtəlifliyin Qorunması xidmətləri yaradılıb. Həmin xidmətlərin rəhbərliyinə peşəkar gənc mütəxəssislər təyinat alıb. Bundan başqa, ölkənin faydalı qazıntılarından daha səmərəli istifadə olunması, istismarın daha müasir metodlarla həyata keçirilməsinin təşkili, iqtisadi inkişafın ekologiyaya təsirlərinin minimuma endirilməsi məqsədi ilə Mineral Xammal Agentliyi, Ekoloji Ekspertiza İdarəsinin bazasında isə Dövlət Ekoloji Ekspertiza Agentliyi yaradılıb. Bu iki qurumun publik hüquqi şəxs qismində fəaliyyət göstərməsi nəzərdə tutulub. Eyni zamanda, son iki il ərzində struktur islahatları çərçivəsində nazirliyin tabeliyindəki müəssisələrdə optimallaşdırma aparılaraq subyektlərin sayı 151-dən 53-ə qədər azaldılıb. Bununla yanaşı, 47 meşə idarəsi 16 regional mərkəzdə, 20 ətraf mühit idarəsi isə 11 mərkəzdə birləşdirilib. Birləşdirmə prosesləri Milli Hidrometeorologiya Xidmətinin yerli idarələrində də aparılır.

- Ölkədə balıqçılıq müəssisələrinin inkişafı üçün nazirlik tərəfindən hansı işlər görülür?
- Balıqartırma zavodlarının iqtisadi səmərəliliyinin artırılması və büdcədən asılılığının aradan qaldırılması məqsədi ilə vaxtilə nazirliyin tabeliyində fəaliyyət göstərmiş müəssisələrin özəlləşdirilməsinə başlanılıb. Yəni, səmərəli və qənaətcil idarəçilik üçün proseslərin bundan sonra da davamı olacaq. Nohur balıqçılığının, yəni akvakulturanın inkişafı məqsədi ilə ümumi qiymətləndirmə işləri həyata keçirilib. Təşviqetmə nəticəsində artıq bir neçə iri özəl balıqartırma təsərrüfatlarının yaradılması prosesinə başlanılıb.

- Nazirliyin qarşıdakı dövr üçün əsas hədəfləri nələrdən ibarətdir?
- Birinci hədəfimiz ölkədə yaşıllıq sahələrinin miqyasını genişləndirmək, qorumaq, meşə ilə örtülü ərazilərin həcmini artırmaq, ciddi mühafizəsini təşkil edərək ondan səmərəli istifadəyə nail olmaqdır. İkinci əsas məsələ isə gələcəkdə su qıtlığı ilə üzləşməmək üçün çevik su idarəçiliyinin tətbiqini, sudan qənaətcil istifadəni təşviq etməkdir. Digər mühüm işlər Xəzər dənizinin çirkləndirilməsinin qarşısını almaq, onun bioresurslarının davamlı inkişafını təmin etmək, təbii su hövzələrindəki balıq növlərinin qorunmasına, artırılmasına və akvakulturanın tətbiqi sayəsində balıq məhsullarının bolluğuna nail olmaqdır. Atmosfer havasının təmizliyini bərpa edərək qorumaq, xüsusi mühafizə altında olan təbiət ərazilərinin artırılmasını, inkişafını və mühafizəsini təmin etməklə biomüxtəlifliyin qorunmasına və ekoturizmin inkişafına şərait yaratmaq, həmçinin təbiətə zərər verən plastik tullantıların azaldılmasını, düzgün idarə olunmasını və təkrar istehsalını həyata keçirmək də əsas hədəfimizdir. Demək olar ki, sadalanan bütün sahələr üzrə genişmiqyaslı tədbirlər həyata keçirilir. Yalnız son iki ildə, ölkə ərazisində nazirliyin tinglik sahələrində yetişdirilmiş milyonlarla müxtəlif cinsli ağac əkilib. Bakı və Abşeron yarımadasında çirklənmiş ərazilərin təmizlənməsi işləri aparılıb, keçmiş yod-brom zavodunun müxtəlif təhlükəli tullantılarla çirklənmiş 167 hektar ərazisi zərərli tullantılardan təmizlənib və 86 hektarında 70 mindən çox ağac əkilməklə yaşıllıq zonası salınıb. Digər 81 hektarda da yaşıllaşdırma işlərinə başlanılıb.