• şənbə, 20 Aprel, 14:22
  • Baku Bakı 23°C

Aktyorun istedadını yalnız özü məhv edə bilər

28.10.15 13:21 1887
Aktyorun istedadını yalnız özü məhv edə bilər
Gənc Aktrisa Günel Məmmədova 12 mart 1986-cı ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının rus bölməsində alıb. Orta məktəb illərində fortepiano və rəqslə məşğul olub. 2002-ci ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin estrada aktyorluğu fakültəsinə daxil olub. Universiteti 2006-cı ildə bitirib. 2006-cı ildən Gənc Tamaşaçılar Teatrında fəaliyyətə başlayıb. 2008-ci ildən "İbrus" teatrında da fəaliyyət göstərir.
Onun yaddaqalan rollarından yadıma düşənləri xatırlatsam, daha çox Gülcahan – (“Dələduz” Nəcəf bəy Vəzirov), Yetər – (“Yağış, yağmur, daldan atılan daş” N.Vəzirov), Viktoriya – (“Viktoriya”, Knut Hams),.Nensi – (“Oliver Tvistin macəraları” Ç.Dikkens), Turan (“Mənim ağ göyərçinim” T.Vəliyeva), Reyhan - (“Mən səni sevirəm – M.S.S” Ə.Əmirli), Anjel – (“Məhv olmuş gündəliklər” İ.Əfəndiyev), Cülyetta (“Romeo və Cülyetta” U.Şekspir), Zərif – (“Hasarın o üzü” Ə.Əmirli), Sarıköynək – (“Sarıköynəklə Valehin nağılı” İ.Əfəndiyev) yada düşər. Elə bilirəm siyahının genişliyi çoxlarını təəccübləndirə bilər. Günel xanımla teatr, sənət, ədəbiyyat və reallıqlarımız barədə söhbətimizi təqdim edirəm.
- Günel, deyirlər incəsənət qurban tələb edir. Bəs aktrisa həyatında nələrdən keçmisən və bundan sonra nələrdən keçə bilməyə özünü daxilən hazır hesab edirsən?
- İndiyə qədər ancaq fiziki “qurbanlar” vermişəm, yəni burnum qırılıb, onurğam zədələnib və ən əsası da şəxsi həyatıma fikir verməmişəm, çünki vaxt olmayıb. Amma hal-hazırda bu barədə düşünürəm.
–Sənin üçün hansı dram janrında oynamaq daha xoşdur?
–Mənim üçün janr fərq etmir. Yaradıcı insan üçün ən əsası nədir? İlk növbədə materialın maraqlı olması və bir yaradıcı insan kimi oynadığın obrazı tamaşaçıya çatdırmaq. Amma düzünü desəm, hazırda istər filmdə, istərsə də teatrda komik obraz yaratmaq istərdim.
– Dramaturji əsər səni nə zaman daha çox özünə çəkir?
– Əsər o, zaman məni çəkə bilər ki, təklif olunan obraz çoxqatlı olsun. Yeni obraz üstündə işləyərkən onun alt qatlarını qazıb çıxarmağı sevirəm. Hər hansı bir obraz yalnız üst qatlı olacaqsa, o nə mənə, nə də ki tamaşaçıya maraqlı olar. Ümumiyyətlə, indiyə qədər mən çalışmışam ki, istər kinoda, istər teatrda alt qatı qazıb çıxardıb tamaşaçıya təqdim edim.
– Aktrisanın istedadının açılmasında əsərin rolu nə dərəcədədir?
–Məncə, əgər doğrudan istedad varsa, onu istənilən əsərdə aça bilərsən. Mütləq deyil ki, oynadığın dram əsəri olsun.
–Belə deyirlər ki, istedadsız əsərlərin səhnəyə yol tapması, aktyorun da istedadını məhv edir. Bu fikirlə razısınızmı?
– Çox acınacaqlı bir məsələdir. Ümumiyyətlə, belə söz-söhbətə çox rast gəlmək olur. Aktyorun istedadını əsər məhv etmir. Əgər istedad varsa, hər hansı bir əsər onu necə məhv edə bilər ki?! Aktyorun istedadını yalnız özü məhv edə bilər – özündən razılıqla, arxayınlıqla. Bax, bu, doğurdan da uçuruma apara bilər. O ki qaldı əsərdə oynamağa, aktyor əgər içi boş əsərdə oynayırsa, artıq özündən xərcləyir, əziyyət çəkir. Bu halda yalnız çəkdiyin əziyyətə, vaxta heyfin gəlir. Çünki belə əsərlər aktyora heç nə vermir. Əlbəttə, belə əsərlərin qoyulmasına da, çəkilməsinə də mənfi baxıram.
– Demək olar ki, oynadığın əksər tamaşalara baxmışam, əgər inciməsən deyərdim ki “şeytani rollar” səndə daha yaxşı alınır, xüsusən intiqam hissi. Səncə, bunun səbəbi nədir?
-Çünki özüm şeytanam və mənə pislik edənlərdən və ya eləmək istəyənlərdən gec-tez mütləq intiqamımı alacam. Özünüzü qoruyun! (gülür). Maraqlı bilirsən nədir, Fərid? Mən 3-4 il bundan qabaq istər kinoda və ya teatrda yalnız müsbət rolları oynayırdım. Həmişə rejissorlara deyirdim ki, mənə mənfi bir obraz verin. Mənə deyirdilər ki, yox, sənin üz cizgilərin buna yol vermir. Sən mənfi obrazı oynaya bilmərsən. Amma oynayandan sonra yalnız mənfi obrazlar verirlər. Yenə də bir müsbət bir rol verdilər filmdə. İnşallah, bu yaxınlarda onun təqdimatı gözlənilir. Amma indi də komik xarakterli bir obraz oynamaq istəyirəm. Baxmayaraq ki, mənim teatra gəlişim komik baş roldan başlayıb.
Ümumiyyətlə, əsil aktyor-aktrisa hər tipli rolları oynamalıdır. Onu hər hansısa bir ampluaya salmaq düzgün deyil. Əfsuslar olsun ki, Azərbaycanda bu problem var.
– Oskar Uyaldın “Dorian Qreyin portreti” qəhrəmanı aktrisa Sibili Veyn barədə belə bir dialoq var:
“ – Bu axşam o İmocendir. Sabah axşam isə Cülyetta olacaq...

– Bəs nə vaxt Sibil Veyn olur?
– Heç vaxt...”
- Yəni onu soruşmaq istəyirəm ki, oynadığın əksər rollardan sonra özün olmağa imkanın qalırmı?
– Ən sevdiyim əsərlərdən biridir “Dorian Qreyin portreti”. Onsuz da oynadığımız hər rolda bizim bir hissəmiz olur. Mənim və obrazımın baxışı olur rolda. Ona görə də həmişə oynadığım obrazlardan sonra özüm oluram. Səhnə, ekran başqa, mən başqa.
– Müasir dövrün tamaşaçısı səncə, hansı tamaşalara ehtiyac duyur? Bunu bir aktrisa kimi hiss edə bilirsənmi?
– Əlbəttə ki, nəinki duyuram, hətta bilirəm də. Bildiyin kimi mən böyük rejissor Kolyaginin məktəbini bitirmişəm, sonrada Moskvada artmiqrasiya 2015 beynəlxalq festivala dəvət olunmuşam. Orda elə tamaşalar qoyulur ki, adam valeh olur. İndiki zəmanə internet zəmanəsidir. Gəncləri təəccübləndirmək və heyran etmək çox nadir hallarda olur. Çünki içi mən qarışıq biz internet vasitəsiylə dünya teatrlarına, filmlərinə baxırıq. Mən gəncləri qınamıram, əgər doğurdan da onların nəbzini tuta bilsələr, teatrlara gələnlər çox olar. İndiki zaman dinamika şou zamanıdır. Şou deyəndə əksəriyyət elə bilir ki, estrada sənətini nəzərdə tuturuq, xeyir, elə əsər qoyulmalıdır ki, elə quruluşda olmalıdır ki, gənclərdə maraq yaratsın. Məsələn, Moskvada olanda Tarantinonun "Beshennie psi" tamaşasını qoymuşdular və açığı, mən filminə baxmışdım və maraqlı idi ki, bu əsərin səhnə variantı necə olacaq. Düzdür, film başqadır, səhnə başqadır, amma yenə də üsul, quruluş çox maraqlı gəldi. Belə səpkili tamasalar bizdə də qurulsa, çox maraqlı olar.
– Epizodik rolların da olub, əsas rollardan sonra epizodik rollar sənin üçün istedadın hansı qatının açılmasına xidmət edir?
–Baş və ikinci dərəcəli rollarım olub. Amma istər epizod, istər lap masaovka oynamağı heç də aktyoru geri salmır. Əslində bu, yaxşıdır. İncəsənət dilində termin var "aktyor plastilin olmalıdır”. Bayaq dediyim kimi, əsil aktyor, aktrisa masaovkada da elə oynaya bilər ki, baş rolun ifaçıları qalar arxa planda.
– Yazıçıların belə bir sözü var ki, istedad olmasa peşəkarlıq daim süni görünəcək. Eyni fikri nə dərəcədə aktyor sənətinə şamil etmək olar? İstedad faktoru səhnədə nəyi həll edir?
– Nəinki səhnədə ekranda da çox şeyi həll edir. Burda istedadla yanaşı, texnika da önəmli rol oynayır. Əfsuslar olsun ki, hazırda bizim sənəti o qədər ucuz tuturlar ki, hər yoldan keçən deyir ki, mən aktyor, ya aktrisayam. Belələrinin "peşəkarlığı" süni görünür. Amma insanın istedadı, içi, ürəyi, savadı, texnikası varsa, heç vaxt peşəkarlıq süni görünə bilməz! Hərə öz işiylə məşğul olsa yaxşıdır. Bəzilərin badına doğrudan da peşəkar rejissorlar, aktyorlar və filmlər gedir. Azərbaycanda çox istedadlı, peşəkar rejissorlar da var, aktyorlar da, aktrisalar da! İstedadlı da, istedadsız da göz qabağındadır.
– Səncə, teatrın kulisində böyük tamaşalar gedir, yoxsa səhnəsində?
– Bu barədə fikrimi qısa çatdıracağam: Şekspir deyirdi: “Bizim həyat səhnədir və biz hamımız aktyorlarıq”.
– Məncə, iki cür aktrisa var. Taleyin və istedadın gücü ilə bu sənətə gələn, bir də hansısa rejissorun sıfırdan yoğurub düzəltdiyi “plastilin”. Özünü hansılardan hesab edirsən?
– Özümü Allahın, qismətimdə yazılmış sənət müəllimlərimin və eləcə də işlədiyim rejissorların üzərində əməyi olan aktrisa hesab edirəm. İnan ki, Allahım mənə elə şanslar bəxş edib ki, hətta çoxlarından özüm ağılsızlıqdan imtina etmişəm, yaxud da sadəcə, evdən qoymayıblar. Mənim illər öncə həm Moskvada, həm də İtaliyada karyera qurmaq şansım var idi, amma... Eləcə də bu son bir ildə çox şanslarım olub, amma öz ağılsızlığımdan imtina etmişəm, indi də çox peşmanam. O ki qaldı istedadlı aktrisa olub-olmamağıma, bunu mən yox, tamaşaçılar deyə bilər!
–Sosial həyatımızda rastlaşdığımız məqamlar – üzgörənlik, kiməsə yaxınlıq, yaltaqlıq və s. teatrda da özünə yer tapa bilirmi?
–Tapır, özü də necə lazımdı. Amma vallah belələri gözdən düşürlər. Aslanın erkəyi-dişisi olmaz deyiblər! Yaxşı ki, hələdə mərd və şərəfli kişi kimi insanlar da var! Eşq olsun belələrinə!
banner

Oxşar Xəbərlər