• şənbə, 20 Aprel, 11:19
  • Baku Bakı 14°C

“Aktyorlarımızın çoxu vaxtilə teatrımıza tamaşaçı kimi gələnlərdir”

12.06.19 10:30 956
“Aktyorlarımızın çoxu vaxtilə teatrımıza tamaşaçı kimi gələnlərdir”
Bu gün teatrla məşğul olan insanlar əsil fədailərdir. Bölgə teatrlarında çalışan insanlar isə iki qat fədaidirlər. Müsahibimiz də əsil sənət aşiqidir. O, 20 il Gəncə Dövlət Kukla Teatrında baş rejissor vəzifəsində çalışıb və əməyinin qarşılığı olaraq teatrın direktoru təyin edilib. Həmsöhbətimiz əməkdar artist Fərmail Paşayevdir. Direktor sözündən xoşu gəlmir. Bildirir ki, o, kreslo insanı deyil. Gününün çoxu səhnədə aktyorlarla birlikdə keçir, mayası səhnədə yoğrulub. Gördüyü işlər isə sərhədləri aşır, teatrın səsi beynəlxalq festivallardan eşidilir.
İlk olaraq Fərmail müəllimdən rəhbəri olduğu teatrın tarixi haqda danışmasını xahiş edirik:
- Gəncə Dövlət Kukla Teatrı 1986-cı ilə qədər "Simurq” Xalq Teatrı kimi fəaliyyət göstərib. Onun da yaradıcısı Hilal Həsənov olub. 1986-cı il oktyabrın 13-də o zamankı Azərbaycan SSR Mədəniyyət Nazirliyinin əmri ilə teatr dövlət statusu alıb. Gəncə çayının sağ sahilində yerləşən binada fəaliyyətimizi davam etdirmişik. O zamandan bəri qədim Gəncənin və Gəncəbasar bölgəsinin balaca tamaşaçılarının öz teatrı olub. Təbii ki, bunun özü üzərimizə böyük bir məsuliyyət qoyub. Yarandığı gündən bu teatrda 130-dan çox kukla tamaşası hazırlamışıq. Azərbaycan yazıçılarının əsərləri, xalq nağılları ilə yanaşı, həm də ara-sıra xarici ölkə yazarlarının əsərlərinə müraciət etmişik. 1991-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının "Qızıl Dərviş” mükafatına layiq görülmüşük, kuklaçılarımız yaxın-uzaq xaricdə keçirilən müxtəlif teatr festivallarının da iştirakçısı olublar. Türkiyənin İzmir, Bursa, Qazaxıstanın Almatı, Bolqarıstanın Tırqovişte və Ukraynanın İvano-Frankovsk şəhərlərində baş tutmuş sənət bayramlarında teatrın çıxışları tamaşaçı alqışı və münsif mükafatları qazanıb.Bizim teatrımızın uğurları bitib-tükənmək bilmir.

- Gəncə Dövlət Kukla Teatrı uşaqların sevgisini qazana bilibmi?
- Birmənalı şəkildə deyə bilərik ki, bu gün Gəncə Dövlət Kukla Teatrının özünün kifayət qədər tamaşaçısı var. Valideynlər bizə zəng edir, tamaşalarla maraqlanır, böyük məmnuniyyətlə teatrımıza üz tuturlar. Teatrımızın özünün sexi, rəssamları, peşəkar rejissor heyəti, qrimçiləri, kukla sənətinin kamil bilicisi olan aktyorları var.
- Aktyor potensialını necə təmin edirsiniz?
- Təəssüf hissi ilə qeyd edim ki, bu gün teatrlara, xüsusən də bölgə teatrlarına gənc aktyorlar gəlmirlər. Bizim teatrda iki yeni gənc aktyor var – Nərmin Şərifova və Şamil Məmmədli. Bu çox sevindirici haldır. Biz aktyorlarımızı özümüz yetişdiririk. Kuklalarla işləmək xüsusi bir sahədir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kukla sənətinin idarə edilməsi üzrə heç bir ixtisas tədris edilmir. Biz bir müddət teatr nəzdində studiya yaratdıq və çalışdıq ki, kuklalarla oynamağı bacaran aktyorlar yetişdirək və istəyimizə də nail olduq. Bu gün teatrımızda üç əməkdar artist, iki prezident mükafatçısı çalışır. Əməkdar artistlərimizin biri bu yaxınlarda dünyasının dəyişdi. Bu bizim teatr üçün böyük itki oldu.
- Teatrın repertuar planını necə hazırlayırsınız?
- Maraqlı nağılları, hekayələri teatrın bədii şurasında müzakirə edirik. Müzakirə olunduqdan sonra yekun qərar verilən əsər repertuara daxil olunur. Seçdiyimiz əsərlərin müasir dövrdə aktuallığına önəm veririk. Düşünürük ki, biz bu tamaşa ilə uşaqlara nə deyə bilərik, çatdırdığımız mesajın məğzi nədir? Əsərlərə bu aspektdən yanaşırıq və seçilən əsərlərə uşaqların gözü ilə baxmağa çalışırıq.
- Bu günün uşaqlarının zövqünü necə müəyyənləşdirirsiniz?
- Tamaşanı hazırlayanda, artıq təyin edə bilirik ki, onun hansı məqamına uşaqlar necə reaksiya verəcək. Uzun müddətdir bu sahədə işlədiyimiz üçün tamaşanın səhnə həllini verəndə, bizə aydın olur ki, bu səhnədə onlar qəhqəhə çəkəcək, o biri hissəsində qorxacaq və s. Bu günün uşaqlarını nəyəsə inandırmaq çox çətindir və onları aldatmaq olmur. İndi kompyuter dövrü, kosmos əsridir. Bəzən görürsən ki, biz onların istəklərini qabaqlaya bilmirik. Çalışırıq ki, o uşaqların tələbatını izləyə bilək. Müasir işıqlarla, yeni dekorlarla, yeni kuklaların hazırlanması ilə onların maraq dünyasına səyahət edə bilirik. Çalışırıq ki, teatrımıza gələn uşaqların nazı ilə oynayaq. Səhnə ilə tamaşaçı arasındakı baryerin götürülməsinin tərəfdarıyam. Teatrımızın aktyorlarına da deyirəm ki, tamaşanın sonunda düşün aşağı, uşaqlarla münasibət qurun. Qoy uşaqlar sizə toxunsun, şəkil çəkdirsin. Elə olanda, onlar evlərinə sizdən bir parça aparacaq. İnanın ki, bu, uşaqların yaddaşında daha çox iz buraxır, uzun müddət yaddaşlarından silinmir.
- Sizcə, sadaladığınız bu avadanlıqlar uşaqların diqqətini çəkə, onları planşetlərdən ayıra bilirmi?
- Teatrımızda quraşdırılan müasir LED işıqları onların diqqətini çəkir. Rəngarəng 3D formatında olan dekorları işləyəndə, uşaqlar nağıl dünyasına düşmüş olurlar. Təcrübələrimizə dayanaraq deyə bilərəm ki, azyaşlı uşaqlar 10 gözü, 20 əli olan əcaib nağıl qəhrəmanlarını o qədər də sevmirlər. Uşaq teatrlarında çalışan aktyorların rəftarı, həyata baxışı tamam fərqlidir. Bəlkə də biz uşaqlarla çox işləyirik, ona görə.
- Ancaq bu günün uşaqları da bizim nağıllara inanmır. Evdə iki uşaq böyüdürəm və onlara "Şəngülüm, Şüngülüm Məngülüm” nağılını danışanda, 3 yaşlı uşaqlarım deyir ki, ana, keçi canavarın qarnını yırtıb, uşaqları necə xilas edir? Canavar onu yeyibsə, o artıq ölüb və ölü keçi necə dirilib anasının yanına qaçır? Sizcə, nağıllarımızın da müasirləşməyə ehtiyacı yoxdurmu?
- Biz bu məqamları izah edə biləcək üsullar tapmalıyıq və bu baxımdan da teatrların böyük rolu var. Hətta valideynlər özləri də müasir nağıllar uydura bilərlər. Uşaqlar daha obyektiv fikirləşir və dürüst düşünürlər. Biz də o nağılları hazırlayanda, daha müasir formada yanaşmağa çalışırıq. "Şəngülüm, Şüngülüm, Məngülüm” nağılına mən də səhnə həlli vermişəm, ancaq ona müasir yanaşmamı əlavə etmişəm. Biz bu tamaşa ilə paytaxtda və bölgələrdə olmuşuq. Bizim hazırladığımız tamaşada canavar keçiləri yemir. Biz istədiyimiz nağılı fərqli şəkildə səhnələşdirib uşaqların diqqətini cəlb edə bilirik. Misal üçün, biz Cırtdanı qoçaq, balaca, fərasətli bilirik. Ancaq heç bir mənbədə göstərilmir ki, Cırtdanın təhsili var, yoxsa yox. Bizim hazırladığımız tamaşada Cırtdan məktəbə getmək istəyir və tamaşanın sonunda biz onu məktəbə göndəririk. O, sehrli kitabı oxuyur və hərfləri tanıyır. Teatrda hər şey qarşılamaqdan başlayır.
- Bəs "teatr asılqandan başlayır” termini?
- Asılqandan da əvvəl qarşılanma prosesi var. Biz uşaqları elə bir şəkildə qarşılayırıq ki, artıq bu prosesdən sonra onların teatra marağı yaranır. Biz onları yerlərdə əyləşdirəndən sonra izah edirik ki, baxın, əlinizdə olan biletinizin üstündə oturacağınız sıralar yazılıb. Siz çalışın ki, hər dəfə gələndə özünüz öz yerinizi tapıb otura biləsiniz. Daha sonra bizim tərbiyəçi pedaqoqlar onları yerləşdirir. Uşaqlara dinləmə mədəniyyətini aşılayırıq. Əgər biz dinləməyi bacarmırıqsa, demək danışmağı da bacarmırıq. Biz qarşımızdakı insanı diqqətlə dinləyib, nitqimizi inkişaf etdirməliyik. Teatra gələn uşaqlara ilk sualımız bu olur ki, bu gün hara gəlmisiniz? Qoy uşaq bilsin ki, hara gəlib və nəyə baxacaq. Bəzən olur ki, uşaq teatrdan çıxır, evdə ondan soruşurlar ki, hara getmişdin, nəyə baxdın? O, cavab verə bilmir. Ancaq Gəncə Dövlət Kukla Teatrına gələn uşaqlar hara, nəyə baxmağa gəldiklərini yaxşı bilirlər.
- Gələcəyin mədəni, teatral insanını yetişdirmək üçün sizin üzərinizə böyük yük düşür.
- Elədir. Tamaşa zamanı zala baxanda düşünürəm ki, bəlkə də biz gələcəyin aktyorlarını yetişdiririk. Uşaqlar tamaşalarımıza o qədər həvəslə baxırlar ki, o istəyi, impulsu bizim tamaşadan alırlar. Hər şey uşaqlıqdan başlayır. Bizim aktyorlarımızın çoxu vaxtilə teatrımıza gəlmiş tamaşaçılardır. Bizim aktyorlarımız deyir ki, uşaq vaxtı teatrımızda nümayiş olunan filan tamaşalara baxıblar və hələ də o tamaşaların sehrindən ayılmayıblar.
- Paytaxtdan bir qədər uzaq olmağınızın aktyorlarınızın simasının tanınmamağında rol oynayırmı?
- Bizim teatrın aktyorları bir neçə filmə çəkiliblər. Paytaxtda, ölkə miqyasında tanınmasalar da, çalışdıqları şəhərdə çox məşhur aktyorlardırlar. Paytaxtdan kənarda fəaliyyət göstərmək bizim heç bir işimizdə problem yaratmır. Teatr teatrdır. Paytaxtda yaşayan aktyor da, bölgədə çalışan aktyor da eyni əməkhaqqını alır. Mən elə də böyük, köklü fərq görmürəm.
- Teatrın binası təmir olunubmu?
- Əlbəttə, təmir olunub, yeni oturacaqlarımız, kreslolarımız var. Sağ olsun, cənab Prezidentimiz İlham Əliyev, teatra vəsait ayırdı, biz o vəsaitlə istilik sistemimizi və bəzi problemlərimizi həll edəcəyik. Teatrımızın zalı çox genişdir, gözəl işıqlandırma sistemimiz var. Belə ki, işıq sistemimiz proqramlaşdırma sistemi ilə çalışır. Yeni səs avadanlıqlarımız da var.
- Siz özünüz uşaq yaşlarınızda teatra getmisinizmi?
- Mən rəqs həvəskarı olmuşam, rejissorluğu bitirmişəm, ancaq buna baxmayaraq, uşaq yaşlarımda teatra getməmişəm. Müəyyən məqamdan sonra qərar verdim ki, fəaliyyət istiqamətimi dəyişməliyəm.
- Kukla teatrında sizi özünə cəlb edən nə oldu?
- Bu teatra rejissor kimi işə qəbul olunmuşam. Əvvəllər tamaşaya baxıb deyirdim ki, ilahi, bunlar nə gözəl oynayırlar. İllər keçdi və mən bu teatrda çalışdım. Heç zaman düşünməzdim ki, bu vəzifədə çalışaram. Gəncə Dövlət Kukla Teatrında 20 il baş rejissor vəzifəsində işləmişəm. Kollektivin və şəhər rəhbərliyinin təşəbbüsü ilə bura rəhbər təyin olundum. Hərdən mənə yarızarafat deyirlər ki, otağınızın qapısını açıb, içəri də keçin (gülürük). Mən yaradıcı adamam, mənim iş yerim səhnədir. Mənim mayam orda tutulub, kabinet adamı deyiləm.
Xəyalə Rəis
Bu yazı "İntellekt Araşdırmalar Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Teatr mədəniyyətinin formalaşması istiqamətində TV və radio proqramların hazırlanması” layihəsi çərçivəsində hazırlanıb.

banner

Oxşar Xəbərlər