• cümə axşamı, 28 mart, 19:16
  • Baku Bakı 13°C

Aktyorlar seriallarda neçəyə çəkilir?

27.09.13 11:45 4496
Aktyorlar seriallarda neçəyə çəkilir?
Ötən gün mətbuatda xdalq artisti Fəxrəddin Manafovun uzun müddətdən sonra ilk dəfə seriala çəkiləcəyi ilə bağlı məlumat yayıldı. Mətbuatda yayılan xəbərlərə görə, serialın yaradıcı heyəti aktyoru razı salmaq üçün uzun müddət onunla danışıq aparıb. Nəticədə Fəxrəddin Manafov onlara yüksək qonorar müqabilində razılıq verib və məbləğ azalacağı təqdirdə, dərhal serialdan uzaqlaşacağını söyləyib. Aktyorun bu serialdan gündəlik qonorarının 1000 manat civarında olduğu bildirilir.
Bu xəbər gündəmə öz damğasını vuraraq böyük səs-küyə səbəb oldu. Xalq artisti isə “Həyat çiçəyi” adlı serialda rol alacağı haqqında məlumatların həqiqətə uyğun olmadığını vurğuladı. Aktyor bildirib ki, heç bir seriala dəvət almayıb: “Mən heç bir seriala dəvət almamışam. Bilmirəm niyə yalan yazırlar! Hətta xəbərlər yayıldıqdan sonra tapşırmışam ki, həmin xəbərləri saytlardan çıxarsınlar. Mənə məlumat verildi ki, xəbər saytlardan çıxarılıb, ancaq sonra məlum oldu ki, bu, baş verməyib. Mən öz yerimi bilən aktyoram. Bundan başqa da mənim vaxtım yoxdur. Hətta mətbuatın suallarını da cavablandırmağa vaxtım yoxdur, bunun üçün məndən inciməsinlər. Mən çox məşğulam”.
Bu məlumatdan sonra hər kəsi bir sual maraqlandırdı: “Azərbaycanlı xalq artisti çəkilən seriallarda 1 günə 1000 manat qonorar ala bilməzmi?” Bu sual sosial şəbəkələrdə böyük maraq obyektinə və müzakirələrə səbəb oldu. Yazılan şərhlərdən aydın oldu ki, bu gün teatrlardan aldığı məvaciblə dolanmağın çətin olduğuna görə prodakşınlar aktyorlarımızı ucuz qiymətə seriallara dəvət edirlər.
Biz də “hansısa aktyorun gününə 1000 manat verilməsi real ola bilərmi” kimi sualla aktyorlar arasında sorğu keçirdik. Onların əksəriyyəti bu rəqəmi fantastik hesab etdiklərini dilə gətirdi...
“Ola bilməz. Olsa da inanmaram”
Pantomima Teatrının direktoru, əməkdar artist Elman Rəfiyev seriallara çəkilən aktyorların məvacibinin həddən artıq az olduğunu qeyd etdi: “Xarici ölkələrdə çəkilən seriallarla bizim serilları müqayisə etsək, mən deyərdim ki, aktyorların seriallardan aldıqları əmək haqqı xarici seriallara nisbətən 80% azdır. Bu, həqiqətdir. Bizim aktyorlarımız seriallarda belə qiymətləndirilir. Mən seriala çəkiləndə qonaq oyunçu kimi dəvət olundum və həmin şirkətlə müqavilə bağlamadım. Bilirsinizmi, aktyorun işi filmlərdə, səhnədə, seriallarda obrazlar yaratmaqdır. Serialı çəkənlər elə qiymət deyirlər ki, aktyorun o qiymətə razılaşacağını bilirlər. Gündəlik çəkilişimin miqdarı məni qane etmirdi. Yenə də çəkilməyə razılıq verdim. Bütün aktyorlar yığışıb müəyyən qurumlara “qonorarlarımızı normal bir səviyyəyə qaldırsınlar” deyə müraciət etsələr, onda deyərəm ki, aktyorlar arasında birlik var. Fəxrəddin müəllimə gəlincə isə, o barədə heç nə eşitməmişəm. Eşitsəm də, inanmaram. Azərbaycanda heç bir aktyorun bir gününə 1000 manat verməzlər. Bu qeyri-real qiymətdir. Ola bilməz. Olsa da inanmaram. Seriala çəkilməmişdən öncə aktyorlarla müqavilə imzalanır. O müqavilədə hər şey öz əksini tapır. Elə prodakşın var ki, aktyorun əziyyətini gözəl qiymətləndirir, elələri də var ki, aktyorun çəkdiyi əziyyəti həddindən artıq az qiymətləndirir. Çünki onlar bilirlər ki, aktyorun pula ehtiyacı var, nə qiymət desələr, aktyor o pula həmin rola çəkiləcək. Arzu edirəm ki, serialları çəkən prodakşınlar və rejissorların ürəyinə iman gəlsin ki, aktyorları düzgün qiymətləndirsinlər. Çəkilən serialları da alqışlayıram. Nəzərinizə çatdırım ki, bu sürətlə getsə, 5 ilə bizim də seriallarımız dünyanın ən yaxşı serialları səviyyəsinə çatacaq”.
“Daha nə istəyirsən?”
Xalq artisti Valeh Kərimov söhbətimiz zamanı aktyorların əmək haqlarının elə də ürəkaçan olmadığının hər kəsə məlum olduğunu söylədi: “Mən seriala çəkiləndə həmin şirkətlə müqavilə bağladım, serial bitəndə maaşımı aldım. Xaricdə aktyorun bir gününə 1000 manatdan tutmuş, 10.000 manata qədər qonorar verirlər. Bizimkilər serial çəkəndə, ən çox qonorarı 50 manatdan danışırlar. Əgər mənim teatrdakı əmək haqqım 200 manatdırsa, seriala çəkilən prodakşın deyir ki, sənin aylıq maaşın bu qədərdir, mən sənə 10 gündə 500 manat verirəm, daha nə istəyirsən? O zaman da aktyor həmin qonorarla işləməyə razı olur. Ancaq mənim çəkildiyim serialdan aldığım məvacib mənə sərf etdi. Ümid edirəm ki, maaşlar artar, aktyorları da yüksək qiymətə seriallara dəvət edərlər”.
Xalq artistindən hər hansı seriala dəvət alıb-almadığını soruşduq. Aktyorun cavabı isə belə oldu: “İstəyərdim yenə seriala çəkilim, amma çəkən yoxdur”.
1000 manat onun bir gününə azdır
“Bacanaqlar” serialının rejissoru, aktyor Ramin Hacıyev aktyorlara yüksək əmək haqlarının verilməsinin sponsorlardan asılı olduğunu və bizim aktyorların da yüksək miqdarda qonorar almağa layiq olduqlarını bildirdi: “Xalq artistlərinə heç bir fikir söyləyə bilmərəm, çünki sənət yaşları mənim yaşımdan böyükdür. Serialı çəkən hər hansı şirkət aktyora yaxşı pul verirsə, niyə də günə 1000 manata çəkilməsinlər ki? Hesab edirəm ki, aktyorun qazancı azdır, çoxaltsalar, daha da yaxşı olar. Fəxrəddin müəllimin bir günə 1000 manata çəkilməsinə gəldikdə isə, mən bunu tam real bir hadisə kimi qəbul edirəm. Lionel Messi 1 günə 100 000 avro ala bilir, Fəxrəddin Manafov bir günə 1000 manat ala bilmir? Mən deyərdim ki, onun 1 günü üçün 1000 manat da azdır”.
Əməkdar artist Novruz Qartal aktyorların qonorarlarının azlığından hər zaman şikayətləndiyini və belə məsələlərin uzun müddət müzakirə mövzusu olduğunu bildirdi: “Azərbaycanda aktyorun çəkiliş gününə heç 200 manat vermirlər. Aktyor narazılıq edəndən, qırğın-davadan sonra 150 verələr, ya verməyələr. Amma əslində ən azı 400-500 olmalıdır. Məsələn, Türkiyə və İranda belədir. Mən İranda bir seriala çəkildim. Günümə 200 manat verirdilər. Yemək, yol xərci, qalmaq üçün yerlə də təmin eləmişdilər. Artıq neçənci dəfədir ki, prezident yerli film və serialların çəkilməsi üçün pul ayırır. İndi bizim üzərimizə düşən vəzifə etimadı doğrultmaqdır. Dövlətin ayırdığı pul aktyorlara da çatmalıdır”.
Aktyor 50 manata çəkildiyinin olduğunu da etiraf etdi: “Olub ki, balaca bir epizoda çəkmək istəyiblər. Gedib 20 dəqiqəyə çəkilib 50 manatımı almışam. Amma bunu da çarəsizlikdən etmişəm. Çünki maddi durumum yaxşı olsaydı, heç vaxt 50 manata çəkilməzdim”.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər