“Aktyora böyük səhnə yox, böyük ürək lazımdır” - Fotolar
Deyirlər sonradan aktyor olmaq
mümkünsüzdür. Gərəkdir ki, aktyor doğulasan. Bu sənət isə o qədər çətin və keşməkeşlidir
ki, hər insan onun yükünü sona qədər çiyinlərində daşıya bilmir. Aktyor dedikdə,
gözlərimizin önündə işıqlar, məşhurluq sindromu, ulduz həyatı, villalar, bahalı
maşınlar canlanır. Amma və lakin... Bu gün paytaxtımızda və bölgələrimizdə sönən
o qədər belə ulduzlarımız var ki. Onlar ömürlərini, həyatlarını teatra, bu sənətə
həsr etsələr də, nə o məşhurluq onları izləyir, nə də ki, o möhtəşəm həyat. Bu günkü
müsahibim Cəfər Bayramov da onlardandır.Cəfər müəllim 29 ildir ki, Ağdam
Dövlət Dram Teatrında çalışır. Yorulmadan, tükənmədən, həyatın ona göstərdiyi
bütün ağrılara, acılara rəğmən o öz mövqeyini dəyişmir. Qaçqın həyatını yaşayan
teatrı tərk etməyi özünə utanc bilir. Axı Ağdamın gözü yoldadır.Bu teatrda N.B.Vəzirovun "Ağakərimxan
Ərdəbili” əsərində İsgəndər, Ə.Əsgərin "Qız atası” tamaşasında Əhməd, Ə.Əmirlinin
"Qabırğa” tamaşasında professor, M.Füzulinin "Saqinamə” əsərində vəzir, S.Rüstəmin
"Durna” tamaşasında Nəcəf, Ş.Qurbanovun "Miliyonçunun dilənçi oğlu” tamaşasında
polis, Ə.Haqverdiyev "Ac həriflər” tamaşasında İbrahim bəy və sair obrazlara
can verib.
Tamaşaçı alqışı bizim üçün ən
böyük mükafatdır
- Cəfər müəllim, 29 ildir ki, bu sənətdə külüng çalırsınız. Geriyə
baxanda hansı hissləri keçirirsiniz?
- Aktyor sənəti elə bir şeydir
ki, onu seçəndə artıq bilirsən ki, bu yol səni hara aparacaq. Aktyorun ən böyük
xəstəliyi səhnənin tozunun qana hopmağıdır. Bu, xərçəng xəstəliyi kimi bir
şeydir və sən ondan heç cür ayrıla bilmirsən. Aktyorun tamaşaçıdan aldığı
alqışlar onun üçün dünyaya dəyər. Tamaşaçı alqışı bizim üçün ən böyük
mükafatdır. Bəzən deyirlər ki, əziyyətimin qiyməti "xalq”, "əməkdar artist”
adları ilə qiymətləndirilir. Mən bunlarla razı deyiləm. Aktyorun ən böyük xəzinəsi
onun tamaşaçısıdır. Düzdür, indi bir qədər tamaşaçıların teatra olan marağı
azalsa da, biz ümidlərlə yaşayırıq. Bilirsiniz ki, Ağdam teatrı qaçqınlıq həyatı
yaşayır. Ancaq buna baxmayaraq, bizim öz tamaşaçımız var.
-
Ömrünüzün çox hissəsini teatra, aktyorluğa həsr etmisiniz. Amma buna baxmayaraq,
simanız bir o qədər də tanınmır. Sizcə, bu kölgədə qalmağın səbəbi nədir?
- Bizim simamızın tanınmaması,
kölgədə qalmağımız ilk növbədə əyalət teatrında çalışmağımızdan qaynaqlanır.
Ağdam teatrı dünən yaranan bir teatr deyil. Uzun müddətdir ki, fəaliyyətdədir və
bu illər ərzində təbii ki, bizdən paytaxt və digər bölgə teatrlarına gedən
yaradıcı insanlar da olub. Bunlardan xalq artisti Fatma Mahmudova, əməkdar
artist Svetlana Həkimova bizim teatrda çalışıblar.Kölgədə qalmağımızın əsas səbəbi
həm əyalət teatrı, həm də qaçqın olmağımızdan irəli gəlir. Biz qaçqın teatrı
olsaq da, bir addım da vətəndən kənara çıxmamışıq. Düzdür, çoxları şəraitə görə
və başqa səbəblərə görə çıxdı, sonradan ad, vəzifə aldılar. Ancaq biz teatra o
qədər bağlı olduq ki, onu tərk etmədik. Bilirsiniz ki, bir dövləti ləğv etmək
üçün ilk növbədə o dövlətin mədəniyyətini, sonra da dilini ləğv edirlər ki, onu
yer üzündən silsinlər. Bizsə Ağdam teatrını çox sevirik. Sübut etməyə çalışırıq
ki, Ağdamın teatrı ayaq üstədir, o hələ də yaşayır. Ağdam teatrını qoyub getmək
mənə yaraşmaz.
Mübarizə əzmimiz günü-gündən
artır
-
Qaçqın teatrında fəaliyyət göstərməyiniz yalnız belə anlardamı bəlli olur?
- Sovet dövründə əyalət
teatrlarına böyük diqqət yetirilirdi. Artıq dövr o dövr deyil. Hər şey dəyişib.
İndi müasir zəmanədir, internetlə dünyanın o başı ilə əlaqə saxlamaq olur.
İnsanların həyata dair baxışları, maraqları da dəyişib. İndi sosial şəbəkələrin
meydan oxuduğu bir əsrdir. İnsanlar virtual həyata o qədər bağlanıb ki, canlı sənətə
yaxın getmək istəmirlər. Təbii ki, bu inkişaf teatrlardan da yan keçməyib.
Bunun teatra ziyanı var ki, xeyri yoxdur. İndi gənclərin meyli də başqa istiqamətə
yönəlib. Teatra o qədər maraq olmadığından, insanlar sənət adamlarına o qədər də
diqqət yetirmirlər. Bəlkə də belə deyil, bu mənim subyektiv fikrimdir.
- Bu,
bütün teatrlara xas olan bir tendensiyadır.
- Bəli. Bu, ümumən teatra aiddir.
Biz cəbhəyə yaxın bir ərazidə yerləşirik. Ona görə də yaradıcı insan kimi
mübarizə əzmimiz günü-gündən artır. Qaçqın teatrı olduğumuz üçün istər
rayonumuzun icra hakimiyyəti, istərsə də Mədəniyyət və Turizm Nazirliyi daim
bizimlə əlaqə saxlayır, problemlərimizdən xəbər tuturlar. 4 gün bundan qabaq
burda zəlzələ oldu. Nazirlik özü xüsusi olaraq bizimlə maraqlandı. Biz onların
diqqətini üzərimizdə hiss edirik. Bunun üçün Mədəniyyət və Turizm Nazirliyinə və
oranın bütün işçilərinə minnətdarlığımızı bildiririk.
-
İndiyə qədər ən çox sevdiyiniz və ürəyinizcə olan obrazınız hansı olub?
- Vaqif Şərifovun hazırladığı "Lənkəran
xanının vəziri” tamaşasında Əhməd rolunu oynamışdım. Bu nökər obrazı epizodik
olmasına baxmayaraq, tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandı və
sevildi. Bu mənim özümə də xoş gəlirdi. Bundan başqa, Süleyman Rüstəmin
"Dursun” musiqili tamaşasında Dursunun atası rolunu canlandırmışam. Bu mənim ən
çox bəyəndiyim rollardan biri idi.
- Bəs
hansı obrazı canlandırmaq istəyərdiniz?
- Mənim uşaqlıq arzumdur ki, Nəcəf
Bəy Vəzirovun "Qıdı kirvə” əsərində Qıdı kirvəni oynayım. Ancaq bilirəm ki, bu,
mümkün deyil.
Vətənsiz yaşamağı kəfənsiz bir
ölüyə bənzədirəm
-
Ağdam teatrında hazırlanan tamaşalarda vətən həsrəti nə dərəcədə hiss olunur?
- İnsan vətənsiz necə yaşayar? Əgər
insan öz vətənini düşünmürsə, demək o yaşamır. Ağdam rayonunun yarısı işğal
olunsa da, yarısı bizdədir. Hər bir tamaşamızda hiss edirik bunu. Elə bilirik
ki, yarımız o torpaqlarda qalıb. 1988-ci ildə mən Ağdam teatrına gəlib işləyəndə,
rayonlarda həftələrlə qastrol səfərlərində olurduq. Bunların hamısı kino lenti
kimi gözümüzün qabağından gəlib keçir. Ata-babalarımızın qəbirləri ordadır. Öz
qohumlarımızın qəbirlərini ziyarət edə bilmirik. Bilirsiniz, bu necə dəhşətlidir?
İnsana öz atasının, babasının qəbrini ziyarət edə bilməmək kimi ağrıverici heç
nə yoxdur. Çox əzablıdır. Vətənsiz yaşamağı kəfənsiz bir ölüyə bənzədirəm.
- Gənc
aktyorları teatra necə cəlb edirsiniz. Onlar teatra gəlirlərmi?
- Əlbəttə gəlirlər. Elə insanlar
olur ki, onların özlərinə maraqlıdır teatrda işləmək. Biz onları teatra cəlb
edirik. Sovet dövründə İncəsənət İnstitutunu qurtaranda, ən azı iki illik
müqavilə ilə bölgələrə göndərirdilər. Amma indi bizim ən mühüm problemimiz odur
ki, universiteti bitirən tələbələri heç yana göndərmirlər. Onlar özləri məcbur
qalırlar ki, başlarına çarə qılsınlar. Ona görə də bizdə bir az aktyor qıtlığı
yaranır. Mən özüm qaçqınam, bu rayonda internat məktəbində məskunlaşmışam.
Sovet dövründə rayona gələn aktyora şərait yaradırdılar, ev verirdilər, ən
azından yataqxana ilə təmin edirdilər. İndi bizim teatrın ona gücü çatmır.
Qaçqınların hələ çoxu yerləşdirilməyib. Bizdə gənc aktyorlar var, ancaq sayı
çox azdır. Yaşlı aktyorlar bu sənətdən getdikcə, istərdim ki, onların yerlərini
gənclər doldursun. Onu da qeyd etməyi özümə borc bilirəm ki, teatrımıza son üç
ildə bir neçə ali təhsilli kadr gəlib. Bunlardan Səbuhi Əhmədovu, Fərhad Fərhadzadəni,
Hikmət Kərimoğlunu göstərə bilərəm. Əvvəllər ali təhsilli kadrlar yox dərəcəsində
idi. Olanlar da yaşlı nəslin nümayəndələri idi. Amma indi teatrda ali təhsillilərin
sayı artıb.
-
Teatrın indiki şəraiti tamaşa hazırlamaq üçün əlverişlidirmi?
- Quzanlı Mədəniyyət evində fəaliyyət
göstəririk. Bu mədəniyyət evi təmir olunub bizim ixtiyarımıza verilib. Şəraitimiz
yaxşıdır. Biz bundan da pis günlər görmüşük. Qaçqınlıqda kənd mədəniyyət evlərində
məskunlaşmışıq. Bərdə rayon Mədəniyyət evində tamaşalar hazırlamışıq. Səhnəsiz
çox məşqlərimiz olub. İndi hər şey yaxşıdır. Ümumiyyətlə isə, mənim fikrimcə, aktyora
böyük səhnə yox, böyük ürək lazımdır.
Aktyor işləməsə, tamaşa da olmaz
-
Ağdam teatrı tamaşaçı qıtlığı çəkirmi?
- Deməzdim ki, tamaşaçı qıtlığı
yaşayırıq. Bu yaxınlarda teatrımızda V.Siqarevin "Ağ ölüm” tamaşası hazırlandı.
Zalda boş yer yox idi. Elə tamaşalarımız var ki, tamaşaçı əlindən tərpənmək
olmur, ancaq bəzən tamaşaçı qıtlığımız da olur. Müasir və aktual əsərlər olanda,
tamaşaçıda tamaşaya baxmaq həvəsi yaranır. Direktorumuz Məhəmməd Hüseynov hər
zaman aktual mövzulara müraciət edir. Əsəri səhnələşdirərkən də yaradıcı heyətin
fikrinə önəm verir. O hər bir aktyorun halına yanır. Məhəmməd müəllim bilsə ki
aktyorun biri bu gün acdır, həmin gün yemək yeməz. Həmişə çalışır ki, əlindən gələni
aktyoru üçün etsin. Hərdən bizə deyir ki, "biz aktyorların çörəyini yeyirik”.
- Nə
mənada?
- Ola bilsin ki, sabah texniki
işçi olmasın. Aktyor çəkici, mismarı götürüb, səhnəsini düzəldər, özü də rolu
oynayar. Amma texniki işçi aktyorun əvəzinə o rolu oynaya bilməz. Aktyor işləməsə,
təbii ki, tamaşa da olmaz.
-
Bir aktyor kimi ən böyük arzunuz nədir?
- Nəinki aktyor, bir vətəndaş
kimi ən böyük arzum işğalda olan torpaqlarımızın azad olunmasıdır. Çox istərdim
ki, düşmən tapdağından azad olan torpaqlarımızda tamaşa ilə çıxış edək. Özümə
heç bir fəxri ad arzulamıram. Xalqın nəzərində qalan insan, xalq onu sevirsə,
elə xalqın artistidir. Yeganə arzum odur ki, vətənə qayıdaq.
-
Hazırda teatrda vəziyyət necədir, hansı tamaşalar hazırlanır?
- Teatrımızın rəngarəng repertuar
planı var. Bu mövsümdə 4 tamaşa hazırlamağı qarşımıza məqsəd qoymuşuq. Onlardan
biri "İmperator” tamaşasıdır ki, artıq həmin tamaşasının məşqlərinə başlamışıq.
Bundan başqa, Cəfər Cabbarlının "Aydın” tamaşasının məşqləri başlayıb. Digər
tamaşaların adlarını isə zamanı gələndə yəqin ki, biləcəksiniz. Onu da diqqətinizə
çatdırım ki, son illər bizim teatr ilk dəfə olaraq kənar rayonlara qastrol səfərlərinə
çıxdı. Yevlax, Hacıqabul, Salyan, Zərdab, Tərtər və başqa rayonlarda qastrol səfərlərində
olduq.
Xəyalə Rəis
Teatrşünas