• şənbə, 20 Aprel, 09:17
  • Baku Bakı 14°C

“Aktyora böyük səhnə yox, böyük ürək lazımdır” - Fotolar

21.11.17 12:00 4291
“Aktyora böyük səhnə yox, böyük ürək lazımdır” - Fotolar
Deyirlər sonradan aktyor olmaq mümkünsüzdür. Gərəkdir ki, aktyor doğulasan. Bu sənət isə o qədər çətin və keşməkeşlidir ki, hər insan onun yükünü sona qədər çiyinlərində daşıya bilmir. Aktyor dedikdə, gözlərimizin önündə işıqlar, məşhurluq sindromu, ulduz həyatı, villalar, bahalı maşınlar canlanır. Amma və lakin... Bu gün paytaxtımızda və bölgələrimizdə sönən o qədər belə ulduzlarımız var ki. Onlar ömürlərini, həyatlarını teatra, bu sənətə həsr etsələr də, nə o məşhurluq onları izləyir, nə də ki, o möhtəşəm həyat. Bu günkü müsahibim Cəfər Bayramov da onlardandır.Cəfər müəllim 29 ildir ki, Ağdam Dövlət Dram Teatrında çalışır. Yorulmadan, tükənmədən, həyatın ona göstərdiyi bütün ağrılara, acılara rəğmən o öz mövqeyini dəyişmir. Qaçqın həyatını yaşayan teatrı tərk etməyi özünə utanc bilir. Axı Ağdamın gözü yoldadır.Bu teatrda N.B.Vəzirovun "Ağakərimxan Ərdəbili” əsərində İsgəndər, Ə.Əsgərin "Qız atası” tamaşasında Əhməd, Ə.Əmirlinin "Qabırğa” tamaşasında professor, M.Füzulinin "Saqinamə” əsərində vəzir, S.Rüstəmin "Durna” tamaşasında Nəcəf, Ş.Qurbanovun "Miliyonçunun dilənçi oğlu” tamaşasında polis, Ə.Haqverdiyev "Ac həriflər” tamaşasında İbrahim bəy və sair obrazlara can verib.

Tamaşaçı alqışı bizim üçün ən böyük mükafatdır
- Cəfər müəllim, 29 ildir ki, bu sənətdə külüng çalırsınız. Geriyə baxanda hansı hissləri keçirirsiniz?
- Aktyor sənəti elə bir şeydir ki, onu seçəndə artıq bilirsən ki, bu yol səni hara aparacaq. Aktyorun ən böyük xəstəliyi səhnənin tozunun qana hopmağıdır. Bu, xərçəng xəstəliyi kimi bir şeydir və sən ondan heç cür ayrıla bilmirsən. Aktyorun tamaşaçıdan aldığı alqışlar onun üçün dünyaya dəyər. Tamaşaçı alqışı bizim üçün ən böyük mükafatdır. Bəzən deyirlər ki, əziyyətimin qiyməti "xalq”, "əməkdar artist” adları ilə qiymətləndirilir. Mən bunlarla razı deyiləm. Aktyorun ən böyük xəzinəsi onun tamaşaçısıdır. Düzdür, indi bir qədər tamaşaçıların teatra olan marağı azalsa da, biz ümidlərlə yaşayırıq. Bilirsiniz ki, Ağdam teatrı qaçqınlıq həyatı yaşayır. Ancaq buna baxmayaraq, bizim öz tamaşaçımız var.
- Ömrünüzün çox hissəsini teatra, aktyorluğa həsr etmisiniz. Amma buna baxmayaraq, simanız bir o qədər də tanınmır. Sizcə, bu kölgədə qalmağın səbəbi nədir?
- Bizim simamızın tanınmaması, kölgədə qalmağımız ilk növbədə əyalət teatrında çalışmağımızdan qaynaqlanır. Ağdam teatrı dünən yaranan bir teatr deyil. Uzun müddətdir ki, fəaliyyətdədir və bu illər ərzində təbii ki, bizdən paytaxt və digər bölgə teatrlarına gedən yaradıcı insanlar da olub. Bunlardan xalq artisti Fatma Mahmudova, əməkdar artist Svetlana Həkimova bizim teatrda çalışıblar.Kölgədə qalmağımızın əsas səbəbi həm əyalət teatrı, həm də qaçqın olmağımızdan irəli gəlir. Biz qaçqın teatrı olsaq da, bir addım da vətəndən kənara çıxmamışıq. Düzdür, çoxları şəraitə görə və başqa səbəblərə görə çıxdı, sonradan ad, vəzifə aldılar. Ancaq biz teatra o qədər bağlı olduq ki, onu tərk etmədik. Bilirsiniz ki, bir dövləti ləğv etmək üçün ilk növbədə o dövlətin mədəniyyətini, sonra da dilini ləğv edirlər ki, onu yer üzündən silsinlər. Bizsə Ağdam teatrını çox sevirik. Sübut etməyə çalışırıq ki, Ağdamın teatrı ayaq üstədir, o hələ də yaşayır. Ağdam teatrını qoyub getmək mənə yaraşmaz.
Mübarizə əzmimiz günü-gündən artır
- Qaçqın teatrında fəaliyyət göstərməyiniz yalnız belə anlardamı bəlli olur?
- Sovet dövründə əyalət teatrlarına böyük diqqət yetirilirdi. Artıq dövr o dövr deyil. Hər şey dəyişib. İndi müasir zəmanədir, internetlə dünyanın o başı ilə əlaqə saxlamaq olur. İnsanların həyata dair baxışları, maraqları da dəyişib. İndi sosial şəbəkələrin meydan oxuduğu bir əsrdir. İnsanlar virtual həyata o qədər bağlanıb ki, canlı sənətə yaxın getmək istəmirlər. Təbii ki, bu inkişaf teatrlardan da yan keçməyib. Bunun teatra ziyanı var ki, xeyri yoxdur. İndi gənclərin meyli də başqa istiqamətə yönəlib. Teatra o qədər maraq olmadığından, insanlar sənət adamlarına o qədər də diqqət yetirmirlər. Bəlkə də belə deyil, bu mənim subyektiv fikrimdir.
- Bu, bütün teatrlara xas olan bir tendensiyadır.
- Bəli. Bu, ümumən teatra aiddir. Biz cəbhəyə yaxın bir ərazidə yerləşirik. Ona görə də yaradıcı insan kimi mübarizə əzmimiz günü-gündən artır. Qaçqın teatrı olduğumuz üçün istər rayonumuzun icra hakimiyyəti, istərsə də Mədəniyyət və Turizm Nazirliyi daim bizimlə əlaqə saxlayır, problemlərimizdən xəbər tuturlar. 4 gün bundan qabaq burda zəlzələ oldu. Nazirlik özü xüsusi olaraq bizimlə maraqlandı. Biz onların diqqətini üzərimizdə hiss edirik. Bunun üçün Mədəniyyət və Turizm Nazirliyinə və oranın bütün işçilərinə minnətdarlığımızı bildiririk.
- İndiyə qədər ən çox sevdiyiniz və ürəyinizcə olan obrazınız hansı olub?
- Vaqif Şərifovun hazırladığı "Lənkəran xanının vəziri” tamaşasında Əhməd rolunu oynamışdım. Bu nökər obrazı epizodik olmasına baxmayaraq, tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandı və sevildi. Bu mənim özümə də xoş gəlirdi. Bundan başqa, Süleyman Rüstəmin "Dursun” musiqili tamaşasında Dursunun atası rolunu canlandırmışam. Bu mənim ən çox bəyəndiyim rollardan biri idi.

- Bəs hansı obrazı canlandırmaq istəyərdiniz?
- Mənim uşaqlıq arzumdur ki, Nəcəf Bəy Vəzirovun "Qıdı kirvə” əsərində Qıdı kirvəni oynayım. Ancaq bilirəm ki, bu, mümkün deyil.
Vətənsiz yaşamağı kəfənsiz bir ölüyə bənzədirəm
- Ağdam teatrında hazırlanan tamaşalarda vətən həsrəti nə dərəcədə hiss olunur?
- İnsan vətənsiz necə yaşayar? Əgər insan öz vətənini düşünmürsə, demək o yaşamır. Ağdam rayonunun yarısı işğal olunsa da, yarısı bizdədir. Hər bir tamaşamızda hiss edirik bunu. Elə bilirik ki, yarımız o torpaqlarda qalıb. 1988-ci ildə mən Ağdam teatrına gəlib işləyəndə, rayonlarda həftələrlə qastrol səfərlərində olurduq. Bunların hamısı kino lenti kimi gözümüzün qabağından gəlib keçir. Ata-babalarımızın qəbirləri ordadır. Öz qohumlarımızın qəbirlərini ziyarət edə bilmirik. Bilirsiniz, bu necə dəhşətlidir? İnsana öz atasının, babasının qəbrini ziyarət edə bilməmək kimi ağrıverici heç nə yoxdur. Çox əzablıdır. Vətənsiz yaşamağı kəfənsiz bir ölüyə bənzədirəm.
- Gənc aktyorları teatra necə cəlb edirsiniz. Onlar teatra gəlirlərmi?
- Əlbəttə gəlirlər. Elə insanlar olur ki, onların özlərinə maraqlıdır teatrda işləmək. Biz onları teatra cəlb edirik. Sovet dövründə İncəsənət İnstitutunu qurtaranda, ən azı iki illik müqavilə ilə bölgələrə göndərirdilər. Amma indi bizim ən mühüm problemimiz odur ki, universiteti bitirən tələbələri heç yana göndərmirlər. Onlar özləri məcbur qalırlar ki, başlarına çarə qılsınlar. Ona görə də bizdə bir az aktyor qıtlığı yaranır. Mən özüm qaçqınam, bu rayonda internat məktəbində məskunlaşmışam. Sovet dövründə rayona gələn aktyora şərait yaradırdılar, ev verirdilər, ən azından yataqxana ilə təmin edirdilər. İndi bizim teatrın ona gücü çatmır. Qaçqınların hələ çoxu yerləşdirilməyib. Bizdə gənc aktyorlar var, ancaq sayı çox azdır. Yaşlı aktyorlar bu sənətdən getdikcə, istərdim ki, onların yerlərini gənclər doldursun. Onu da qeyd etməyi özümə borc bilirəm ki, teatrımıza son üç ildə bir neçə ali təhsilli kadr gəlib. Bunlardan Səbuhi Əhmədovu, Fərhad Fərhadzadəni, Hikmət Kərimoğlunu göstərə bilərəm. Əvvəllər ali təhsilli kadrlar yox dərəcəsində idi. Olanlar da yaşlı nəslin nümayəndələri idi. Amma indi teatrda ali təhsillilərin sayı artıb.
- Teatrın indiki şəraiti tamaşa hazırlamaq üçün əlverişlidirmi?
- Quzanlı Mədəniyyət evində fəaliyyət göstəririk. Bu mədəniyyət evi təmir olunub bizim ixtiyarımıza verilib. Şəraitimiz yaxşıdır. Biz bundan da pis günlər görmüşük. Qaçqınlıqda kənd mədəniyyət evlərində məskunlaşmışıq. Bərdə rayon Mədəniyyət evində tamaşalar hazırlamışıq. Səhnəsiz çox məşqlərimiz olub. İndi hər şey yaxşıdır. Ümumiyyətlə isə, mənim fikrimcə, aktyora böyük səhnə yox, böyük ürək lazımdır.
Aktyor işləməsə, tamaşa da olmaz
- Ağdam teatrı tamaşaçı qıtlığı çəkirmi?
- Deməzdim ki, tamaşaçı qıtlığı yaşayırıq. Bu yaxınlarda teatrımızda V.Siqarevin "Ağ ölüm” tamaşası hazırlandı. Zalda boş yer yox idi. Elə tamaşalarımız var ki, tamaşaçı əlindən tərpənmək olmur, ancaq bəzən tamaşaçı qıtlığımız da olur. Müasir və aktual əsərlər olanda, tamaşaçıda tamaşaya baxmaq həvəsi yaranır. Direktorumuz Məhəmməd Hüseynov hər zaman aktual mövzulara müraciət edir. Əsəri səhnələşdirərkən də yaradıcı heyətin fikrinə önəm verir. O hər bir aktyorun halına yanır. Məhəmməd müəllim bilsə ki aktyorun biri bu gün acdır, həmin gün yemək yeməz. Həmişə çalışır ki, əlindən gələni aktyoru üçün etsin. Hərdən bizə deyir ki, "biz aktyorların çörəyini yeyirik”.

- Nə mənada?
- Ola bilsin ki, sabah texniki işçi olmasın. Aktyor çəkici, mismarı götürüb, səhnəsini düzəldər, özü də rolu oynayar. Amma texniki işçi aktyorun əvəzinə o rolu oynaya bilməz. Aktyor işləməsə, təbii ki, tamaşa da olmaz.

- Bir aktyor kimi ən böyük arzunuz nədir?
- Nəinki aktyor, bir vətəndaş kimi ən böyük arzum işğalda olan torpaqlarımızın azad olunmasıdır. Çox istərdim ki, düşmən tapdağından azad olan torpaqlarımızda tamaşa ilə çıxış edək. Özümə heç bir fəxri ad arzulamıram. Xalqın nəzərində qalan insan, xalq onu sevirsə, elə xalqın artistidir. Yeganə arzum odur ki, vətənə qayıdaq.
- Hazırda teatrda vəziyyət necədir, hansı tamaşalar hazırlanır?
- Teatrımızın rəngarəng repertuar planı var. Bu mövsümdə 4 tamaşa hazırlamağı qarşımıza məqsəd qoymuşuq. Onlardan biri "İmperator” tamaşasıdır ki, artıq həmin tamaşasının məşqlərinə başlamışıq. Bundan başqa, Cəfər Cabbarlının "Aydın” tamaşasının məşqləri başlayıb. Digər tamaşaların adlarını isə zamanı gələndə yəqin ki, biləcəksiniz. Onu da diqqətinizə çatdırım ki, son illər bizim teatr ilk dəfə olaraq kənar rayonlara qastrol səfərlərinə çıxdı. Yevlax, Hacıqabul, Salyan, Zərdab, Tərtər və başqa rayonlarda qastrol səfərlərində olduq.
Xəyalə Rəis
Teatrşünas

banner

Oxşar Xəbərlər