• çərşənbə, 24 Aprel, 02:38
  • Baku Bakı 14°C

Aktobe hadisələri - dini qarşıdurma, yoxsa hakimiyyətdaxili mübarizə?

11.06.16 10:15 1551
Aktobe hadisələri - dini qarşıdurma, yoxsa hakimiyyətdaxili mübarizə?
Qazaxıstanın güc strukturları terrorçularla mübarizə məqsədilə bütün vasitələri işə salıblar. Dünən də əməliyyat davam edib. Qazaxıstanın qərbindəki Aktobe şəhərində 5 iyun terror aktına aidiyyatı olanları saxlamaq üçün xüsusi əməliyyat keçirilib. Yaraqlılar silahlı müqavimət göstəriblər. Altınsarin küçəsindən Jankoja Batıradək ərazi bağlanıb, Moskva rayonu mühasirədədir. Qaynağın məlumatına görə, atəş səsləri gecə saat 2-dən eşidilir. Çoxmərtəbəli mənzillərin sakinləri köçürülüb, özəl sektorun sakinləri evlərindən buraxılmır. Tengrinews.kz Moskva rayonunun sakini Annaya istinadən bildirir ki, terrorçulardan biri öldürülüb. Ölkə Milli Təhlükəsizlik Komitəsinin rəsmi saytı yazır: "Terrorçular təslim olmaq təklifinə silahlı müqavimətlə cavab verdilər. Əməliyyat davam edir, nəticələr haqda əlavə məlumat veriləcək”.
Hadisələrin bundan sonra necə inkişaf edəcəyi sual altında olsa da, postsovet məkanının ən sabit ölkələrindən biri kimi tanınan Qazaxıstanda baş verənlər əksər nüfuzlu nəşrlərin diqqət mərkəzində qalmaqda davam edir. Dünya mediası baş verənləri ən müxtəlif prizmadan şərh etməkdədir. Bu sırada Rusiya nəşrləri xüsusi fərqlənir. Dərc olunan yazılardan gəlinən yekun qənaət isə budur ki, Rusiya öz sərhədləri yaxınlığında baş verən hadisəyə biganəlik nümayiş etdirir. Və bu səbəbdən də diqqəti daha çox NATO-nun Polşada keçirəcəyi hərbi təlimlərə yönəltdiyinə görə tənqid olunur. Ekspertlərin qənaətincə, baş verənlər Qazaxıstanın daxili işi olsa da, Rusiya üçün də təhlükəyə çevrilə bilər.
Bəs ilk baxışda adi hücum olan bu aksiyanın arxasında nə durur? "Nezavisimaya qazeta” yazır ki, Aktobedə baş verənlər göstərdi ki, qonşu dövlət çox asanlıqla siyasi qeyri-sabitlik mərkəzinə çevrilə bilər. Qəzet yazır ki, Rusiya rəhbərliyi məhz bu amilə güclü diqqət ayırmalıdır. "Narahatçılıq keçirməyin zamanı çatıb. Şəhərdə əməlli-başlı müharibə gedib, onlarla insanın həlak olduğu bildirilir. Bu aksiyanın arxasında kimlərin dayandığı barədə ən müxtəlif fərziyyə və ehtimallar irəli sürülür. Məsələn, Qazaxıstan Daxili İşlər Nazirliyi bəyan edir ki, aksiyanın arxasında qeyri-ənənəvi dini cərəyanlar durur. Ola bilsin ki, söhbət radikal dini cərəyanlardan gedir. "Şəhərin müxtəlif yerlərində silahlı insanların polislə toqquşması artıq terror aktı deyil, əsl döyüşdür”, - deyə adının çəkilməsini istəməyən ekspert bildirib. Qeyd edilir ki, Aktobeni Rusiyanın Orenburq şəhəri ilə dörd yüz kilometrlik bir məsafə ayırır. Lakin Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirir ki, sərhəddə nəzarəti gücləndirməyə lüzum yoxdur. Və bununla da o, tənqidlərə tuş gəlib. Rusiya nəşrlərinin gəldiyi yekun qənaət budur ki, Kreml bütün narahatçılığını Polşa, NATO istiqamətinə yönəldib. Qazaxıstana isə güc sərf etməyə emosiya qalmayıb. Rusiya rəhbərliyini qəti addımlar atmağa çağıran nəşrlər vurğulayırlar ki, iki ölkə arasında sərhəd xəttinin uzunluğu 7 min kilometri keçir və bu da ciddi məsələdir. Nəşrin gəldiyi qənaət budur ki, hadisələrin gedişi qonşu dövlətdə vəziyyəti gərginləşdirə bilər: "Rusiyanın baş verənlərə sakit tərzdə baxması isə onun özünə ziyandır”. Misal kimi də Ukrayna təcrübəsi göstərilir. Belə ki, Rusiyanın uzun müddət burada baş verənlərə göz yumması sonda bu ölkə ilə münasibətləri kəskinləşdirdi, hətta müharibəyə gətirib çıxardı. Düzdür, Qazaxıstan barədə Rusiyada fikir birmənalı olub - bu ölkədə Rusiya üçün təhlükə mənbəyi yoxdur, Qazaxıstan Avropa İttifaqına və NATO-ya can atmır. Ölkədə antirusiya əhval-ruhiyyəsi də mövcud deyil. Bununla belə, bəzi ekspertlər iddia edirlər ki, dini cərəyanların güclənməsi sonda antirusiya əhvalının güclənməsinə gətirib çıxara bilər. Və əsas amil kimi də prezident Nursultan Nazarbayevdən sonrakı dövrü göstərirlər. Yəni prezident qocalıb və hər an dünyasını dəyişə bilər. Onun yerini tuta biləcək real namizəd isə hələ də bəlli deyil. Rusiya siyasi isteblişmenti hesab edir ki, Kreml məhz bunun üzərində baş sındırmalıdır. Rusiya rəhbərliyini ittiham edən nəşrlər bu qənaətdədirlər ki, Kreml nə bu ölkə üzrə mütəxəssis hazırlayıb, nə də hansısa bir siyasi liderə dəstək verib. Qərb nəşrləri isə diqqəti hazırda həbsdə olan iş adamı Toxtar Kuleşovun üzərinə yönəldirlər. Belə bir ehtimal irəli sürürlər ki, bu şəxs Rusiyanın adamıdır. Həmin şəxsin tərcümeyi-halında xüsusi göstərilir ki, Rusiya Federasiyası Dövlət Dumasında iki Ekspertlər Şurasının sədri, Qazaxıstan Kazak İctimai Birlikləri İttifaqının baş atamanının müşaviri olub və Qazaxıstanın rus icması ilə əlaqələrə malikdir. T.Kuleşovun Rusiya mətbuatına verdiyi müsahibələrdə Qazaxıstanda rus dilinin guya ki, sıxışdırılması haqda qayğılı fikirlər də yer alıb.
Öz növbəsində BBC-nin Mərkəzi Asiya üzrə aparıcı eksperti Keyt Malinson hesab edir ki, Aktobedə baş verənlər tək radikal islam təriqətlərinin baş qaldırması demək deyil, bu, həm də Qazaxıstanın siyasi elitası daxilində ciddi mübarizənin getdiyindən xəbər verir. Əsas da prezidentin bəyanatına diqqət ayrılır. Onun fikrincə, Aktobedə hücum edənlərin ölkə üzrə sponsorları olub. Ekspert bu səbəbdən daxili siyasi mübarizənin kəskinləşdiyini qabardır: "Ölkə hakimiyyətin bir əldən digərinə keçməsinə hazırlaşır. Dəyişikliklər mütləqdir. Müxtəlif qruplar arasında mübarizə kəskin həddə çatacaq. Neftin qiymətinin aşağı düşməsi də əsas rol oynayır”. Onun qənaətincə, ölkə ərazisində radikal islamçı təşkilatların gücləndiyi barədə iddialar həddən artıq şişirdilib: "Mərkəzi Asiya "İslam Dövləti” üçün prioritet ərazi deyil. Düzdür, region ölkələrindən İŞİD sıralarında döyüşmək üçün yaraqlı toplayırlar. Müxtəlif rəqəmlərə inansaq, hazırda İŞİD sıralarında 500-ə yaxın Qazaxıstan vətəndaşı döyüşür. Ölkə ərazisinin böyüklüyünü nəzərə alsaq, burada terror təhlükəsi elə də güclü deyil”. Ekspertin qənaətincə, burada daha çox daxili siyasi amil rol oynayır. Onun qənaətincə, onu belə bir qənaətə gəlməyə prezidentin son bəyanatı vadar edir. "Nursultan Nazarbayev bəyan edir ki, ölkədə sabitliyi xarici qüvvələr pozmaq istəyir və tez-tez "narıncı inqilab”dan danışır. Hazırda Qazaxıstan üçün ən böyük təhlükə hakimiyyət dəyişikliyi riskidir. Neftin qiymətinin aşağı olması, iqtisadiyyatda yeni vəziyyət bu qeyri-sabitliyi daha da gücləndirir”, - deyə o bildirib. Rusiyanın mümkün müdaxiləsinə gəldikdə isə ekspert Qazaxıstanın xüsusi xidmət orqanlarına hazırda bu istiqamətdə dəstəyin zəruri olduğu qənaətindədir.
Azər
banner

Oxşar Xəbərlər