• cümə, 29 Mart, 13:38
  • Baku Bakı 14°C

Aksiyalar Ermənistanı iflic edib

21.05.18 19:21 616
Aksiyalar Ermənistanı iflic edib
Ermənistanda elə gün olmur ki, etiraz aksiyası və yaxud mitinqlər keçirilməsin. Belə getsə etirazlar erməni cəmiyyətini iflic vəziyyətinə salacaq, əhalinin onsuz da çətin durumunu isə daha da ağırlaşdıracaq. Onlarla fəal dünən Ermənistanın Baş Prokurorluğunun və Kassasiya Məhkəməsinin qarşısına yığışaraq baş prokuror Artur Davtyanın istefasını və sabiq general Samvel Babayanın azad olunmasını tələb ediblər. Aksiyanın təşkilatçılarından olan iqtisadçı Andranik Tevanyan bəyan edib ki, etirazçılar S.Babayan və bu hadisədə adı çəkilən siyasi məhbusların işinin saxtalaşdırıldığını hesab edirlər. Onun sözlərinə görə, etirazlarda fəallara Ermənistanın yeni baş naziri Nikol Paşinyan yaxından kömək edir. "O bəyan edib ki, ölkədə siyasi məhbus qalmamalıdır. Biz istəyirik ki, bu proses tezliklə başa çatsın”, - A.Tevanyan qeyd edib.
Xatırladaq ki, sabiq general Samvel Babayan və 6 tanışı 2017-ci ilin martında həbs edilib. Onlar qanunsuz silah saxlamada və çirkli pulların yuyulmasında ittiham olunaraq, 6 il müddətinə azadlıqdan məhrum olunublar.
Yeri gəlmişkən, N.Paşinyanın baş nazir kimi fəaliyyətinin ilk həftəsi başa çatıb. Erməni mediası yazır ki, indiki tərkibdə hökumətin necə fəaliyyət göstərəcəyi, hansısa bir uğura imza atacağı şübhə doğurur. Düzdür, sadə vətəndaşlar hələ də inqilabın eyforiyasından qurtula bilməsələr də, bir qədər ziyalı təbəqə bunun əksini fikirləşir. İlk günlərdə əsas fəaliyyətini daha çox Serj Sarkisyanın tənqidi və kadrlarını yeniləmək üzərində quran Paşinyanın belə bir siyasəti geci-tez bezdirəcək. "1in.am” yazır ki, bir ayağı küçədə olan baş nazir gözəl bilir ki, onun hökumətinin əsas üstünlüyü odur ki, əhali ona inanır. Bu məsələ iki nöqteyi-nəzərindən əhəmiyyətlidir. "Ermənistanda hakimiyyət dəyişikliyi şərti baş verib və kriminal oliqarxiya hələ təslim olma bayrağını qaldırmayıb, sadəcə geri çəkilib. Və özündən sonra dövlət sistemində partlamayan minalar qoyub ki, onlar da istənilən vaxt partlaya bilər. Bu sarıdan Paşinyan üçün proseslər elə də asan getməyə bilər. Düzdür, indiki mərhələdə ona qarşı çıxmağa cürət etməyəcəklər. Sadəcə, baş naziri səriştəsiz və işinin öhdəsindən gələ bilməyən biri kimi cəmiyyətə təqdim edəcəklər. Paşinyan bu müddət ərzində effektiv idarəçilik sistemi qurmasa, cəmiyyətin ən müxtəlif təbəqələri arasında olan inamı itirmək təhlükəsini yaşaya bilər. Baş nazir bu təhlükəni anlayaraq ictimai əhval-ruhiyyəyə operativ reaksiya vermək üçün ilk həftə ərzində institusional sahələr yaradıb. İnqilabi rejimin onun antioliqarxik, antikorrupsuoner siyasətini müdafiə edəcəyi də bir qədər inandırıcı görünür. Düzdür, Milli Təhlükəsizlik Xidməti vəd edib ki, bu ayın sonuna kimi, qalmaqallı ifşaedici materiallar dərc edəcək. Başqa bir məsələ, növbədənkənar seçkilər məsələsidir. Qeyd olunur ki, növbədənkənar seçkiləri nə qədər tez keçirsələr yaxşıdır - maksimum 3-4 aya. Bir il problematik müddətdir. Çünki, bu qeyri-müəyyən vəziyyətdə hər hansı bir investisiya, nə də uzunmüddətli proqramlar gözləmək gərək deyil. Əsas məsələ növbədənkənar seçkilərə hazırlıq olmalıdır. Paşinyan ötən həftə bəyan edib ki, seçkilər bu il ərzində keçiriləcək. Məsələ ondadır ki, seçki məsələsində fikirlər fərqlidir. Məsələn, onun komandasının üzvü Alen Simonyan seçkilərin sentyabra kimi keçirilməsini təklif edir. Bu müddət ərzində seçki qanunvericiliyi ilə bağlı islahatlar da başa çatacaq. Bununla yanaşı, sentyabrda ermənilər beynəlxalq sammit keçirmək niyyətindədirlər. Bu səbəbdən də bütün bunları bir yerə reallaşdırmaq bir qədər çətindir. Erməni saytı yazır ki, bu müddət ərzində Paşinyan hökumətinin reytinqinin aşağı düşməsinin qarşısını ala biləcəyi və yaxud seçkiləri inqilabi əhval-ruhiyyənin aşağı düşəcəyi dövründə keçirəcəyi sual doğurur. Bütün bunlar onu deməyə əsas verir ki, Paşinyan üçün ölkənin başının üstünü alan problemləri həll etmək elə də asan olmayacaq. Problemlər isə bütün sahələri əhatə edir. Paşinyançıların zəifləməsi, yaxud baş verənlərə etinasızlığı revanşistlər üçün şərait yarada bilər. İstanbulda yayımlanan "Aqos” qəzetinə müsahibəsində erməni əsilli məşhur türkiyəli iqtisadçı Daron Əcəmoğlu müəyyən mənada bu fikirləri təsdiq edib. O bildirib ki, "Bizim hamımız Ermənistanın yaxşı gələcəyinə ümid edirik, amma qəbul etməliyik ki, korrupsiyaya bulaşmış sistemi daxildən təmizləmək asan olmayacaq. Nikol Paşinyanın ona zəng etdiyini təsdiqləyən iqtisadçı "mən dedim ki, ölkə xaricində yaşayaraq, necə kömək edəcəyimi bilmirəm. Bununla belə, xatırlatdım ki, bütün səylərimi sərf etməyə hazıram. Fürsət yaranacağı halda Ermənistana gedəcəyəm. İndi ailə vəziyyətimə görə bunu edə bilmirəm. Yerevana nə vaxt gedəcəyimi də deyə bilmərəm. Ermənistan iqtisadiyyatı rüşvət və korrupsiyaya görə güclü zədələnib. İctimai dönüş gərəklidir. Bu dönüş daha dinamik iqtisadiyyat və yüksək rəqabətliliyi təmin etməlidir. Bu cür dəyişikliyi yalnız Ermənistan cəmiyyəti edə bilər. Anlamalıyıq ki, korrupsiyaya bulaşmış sistemi daxildən təmizləmək asan olmayacaq. Bunu çoxtərəfli yanaşma və siyasətə yeni, təhsilli, korrupsiyaya bulaşmamış idealistlərin gəlməsi ilə həll etmək olar”, – deyə o bildirib.

Azər NURİYEV

banner

Oxşar Xəbərlər